Buradasınız Əsas » Azarkeşlər » Etibar Cəbrayıloğlu: O xal nə xaldı, belə düzdürmüsən?..
  • Bookmark and Share

Etibar Cəbrayıloğlu: O xal nə xaldı, belə düzdürmüsən?.. 

Əlimizdən, hətta ayağımızdan gələni beş qaba çəkdik. Amma yenə alınmadı. Rusiyanı, Portuqaliyanı, İrlandiyanın Şimal hissəsini, İsraili gəzib-dolandıq, hələ yolüstü Lüksemburqa da baş çəkdik. Lakin cəmi-cümlətani 9 xal topladıq. 9 xala görə isə Braziliyaya getməyə heç kimə vəsiqə vermirlər. Foqts olmur istəyir lap Platini özü olsun. 9 xal yığan milli komandaların futbolçuları Braziliyada keçiriləcək dünya çempionatına yalnız televizordan baxa bilərlər. Ah, gözəlim Braziliya. Edson Arantes du Nasimentonun- və ya sadəcə Pelenin vətəni. Qarrinçanı, Karlos Alberto Torresi, Sokratesi, Artur Zikonu yetişdirən ölkə. Braziliyanın istənilən şəhərində hansısa bir küçəyə futbol topu atsan, ən azından 30-40 uşağın həmin torun arxasınca qaçdığının şahidi olacaqsan. Ah, gözəlim Braziliya... Karnavallar ölkəsi. Rəqs edən qızlara görə bu məmləkətin büdcəsinə milyonlar axır. Onlara baxmamaq sadəcə, mümkün deyil. Braziliyalı futbolçular və rəqqasə qızlardan söhbət düşmüşkən, uzun fasilədən sonra mudiala vəsiqə qazanan Rusiya millisinin üzvləri Bakıdan Moskvaya dönəndə şoka düşdülər. Moskvadakı hava limanında braziliyalı rəqqasələr kimi ekzotik geyinən qızları görüncə milli üzvləri çaş-baş qaldılar. ORT kanalı da bu qəribə mənzərəni bütün dünyaya göstərdi. Bir anlığa təsəvvür elədim ki... Üsamə bin Ladenin qarışdırıb getdiyi bu dünyada möcüzə baş verir. Berti Foqtsun rəhbərliyi altında millimiz Braziliyada keçiriləcək mundiala vəsiqə qazanır. Futbolçularımız gedib düşürlər karnavallar ölkəsinə. Elnur Allahverdiyev, Mahir Şükürov nə oyunlar çıxarırlar. Stadionda yox e, rəqs meydançasında... Yaxşı ki, möcüzə-filan baş vermədi və bu bəladan qurtulduq. Amma indi də Braziliyaya gedə bilməməyimizin bəlasını çəkirik. Millimiz son iki oyunda toparlanıb 4 xal yığdı və necə deyərlər, çulunu sudan çıxartdı. Braziliyada deyə bilmərəm, amma biz tərəflərdə hər kəs müxtəlif cür düşünə bilər. Bəzi azarkeşlər, futbolla yaxından-uzaqdan bağlılığı olanlar deyir ki, son seçmə mərhələdə 9 xal toplamağımız əla göstəricidi, Braziliyaya getmişkən varıq. Bəziləri isə sevincdən göyə papaq tullamağa, alman Foqtsa heykəl qoymağa heç bir əsas görmür. Şəxsən mən ikincilərin komandasındayam. Düzdü, millimiz bu seçmə mərhələdə 9 xal yığdı, Şimali İrlandiyanı evə əliboş yola saldı, son günlər azərbaycanlıları adamyeyən gözündə görən rusların qanını az da olsa qaraltdı. FİFA reytinqində bir xeyli irəlilədi. Amma əvəzində Lüksemburqu nə Bakıda, nə səfərdə məğlub edə bildi. Futbol meydançasının hansı tərəfindən baxsan, millimizin seçmə mərhələdəki gördüyü iş bayram keçirməyə əsas vermir. Sevinmək istəyəndə bu son illər alman baş məşqçiyə verdiyimiz bir ton pul gəlib durur adamın gözünün qabağında. Foqtsa xərclədiyimiz paraları almanın topladığı 9 xalla tərəzinin eyni gözünə qoymağa adamın insafı yol vermir. Tərəzinin ayrı-ayrı gözə qoyanda da pul tərəfi ağır gəlir. Yaman ağır gəlir. Aradabir Azərbaycana gələn, bu əziyyətinə görə də bir ton maaş alan Berti Foqtsun çalışdırdığı milli Braziliyaya vəsiqə qazana bilmədi. Az qala atdıqları hər aut üçün babat mükafat alan futbolçularımız mundialı televizordan izləyəcəklər. Özü də Braziliya qəhvəsi içə-içə. Onun-bunun hesabına dolanan Ermənistanın yığma komandası isə artıq başa çatan seçmə mərhələdə 13 xal topladı. Bunu elə-belə yazdım, sözgəlişi... “Ədalət” qəzeti

Tanrı daha bir dünya çempionatını görməyi bizlərə nəsib elədi. Braziliyada keçirilən mundialı da tarixə əmanət verdik. Top, kofe və karnavallar ölkəsində indi tam sakitlikdi. Elə bil bir-iki həftə öncə ən güclü futbolçular buralarda tər tökməyib, qələbə qazananda sevinməyib, meydanı məğlub tərk edəndə ağlamayıb…

İndi bizim azarkeşlər bütün diqqətlərini yavaş-yavaş milli çempionatımıza yönəldə bilərlər. Üzünüzdəki ifadəni uzaqdan da olsa həmən oxuya bildim. Anlayıram, sizdən çox çətin bir işi xahiş edirəm. Braziliyadakı möhtəşəm futbol həyəcanından sonra qurd ulayan stadionlarımızda baş verənləri izləmək adama lap cəza kimi görünür. Amma nə etməli, şairin sözü olmasın, əvvəlindən belə gəlib bizimki…

Çempionatımızın başlanmasına sayılı günlər qalıb. Klublarımız necə deyərlər, yay bazarlıqlarını yekunlaşdırmaq üzrədilər. Aleksandr Şemonyayevi heyətinə qatan kim, Fərid Quliyevə elçi düşüb klubunun formasını geyindirən kim… Əsl hay-küy çempionatın start anından başlayacaq. Hamı düşəcək hakimlərin üstünə. Biri deyəcək ki, filan hakim fitini gec çaldı, o biri deyinəcək ki, Hakimlər Komitəsi bizdən nə istəyir? Dostumuz Xaqani Məmmədov da işçilərini müdafiə etmək üçün sinəsini yenə qabağa verməli olacaq. Lap sonda deyəcək ki, hakim də insandı, heç kim səhvdən sığortalanmayıb. Yəni köhnə bayatılar

Bu dağlar, ulu dağlar,

Çeşməli, sulu dağlar.

Burda bir qərib ölüb,

Göy kişnər, bulud ağlar.

İlin-günün bu vədəsində, hələ milli və güllü çempionatımız başlamamış bu hakimlik söhbətini niyə qabardıram? Təbii ki, bir səbəb var. Səbəbi söyləməzdən öncə bir anlıq da olsa, yenə sizləri Braziliya sahillərinə qaytarmaq istəyirəm. Pelenin vətənindəki yarışa hamımız baxdıq. Elə mən özüm də yalançının sözü olmasın, çempionat oyunlarının 78 faizini izlədim və tamaşa etdiyim qarşılaşmaların heç birində hakimin qərarına etiraza görə, nə bilim fitdən sonra topa zərbə vurduğu üçün sarı vərəqə alan futbolçu görmədim. Yəni hakimlər belə hallarda zəhmət çəkib əllərini ciblərinə salmadılar.

Sovet dövründə 10 illik orta təhsili 14 ilə başa vursam da, bilirəm ki, FİFA Braziliyadakı sonuncu dünya çempionatında hakimlərlə bağlı qərarlarında böyük bir dəyişiklik etməmişdi. Yəni sarı və qırmızı vərəqələr əvvəlki qaydalar əsasında verilməli idi. Çempionatın gedişində bütün dünyanın gördüyü kimi, topa fitdən sonra zərbə vuran da olurdu, hakimlə mübahisə edən də. Xorvatlar hakimin üstünə hücum çəkəndə təbii ki, ondan o boyda Yuqoslaviyanın niyə 4-5 yerə bölünməsinin səbəbini soruşmurdular. İranlı futbolçular baş hakimə “İran təranələri”nin ritmini izah etmirdilər. Əlcəzair millisinin üzvləri hakimi qonaq sifətində öz vətənlərinə çağırmırdılar. Hələ mən Hollandiyadan gələn futbolçuları demirəm. Guya onlar baş hakimə etiraz edəndə “Qırmızı fənərlər” küçəsinin qayda-qanunlarını öyrədirdilər?

İndi yenə qayıdaq bizim doğma məmləkətə. Bizim hakimlər FİFA-nı az qala özlərindən də çox istəyirlər. Bu lap Roma Papasından da böyük katolik kimi görünməyə oxşayır. Milli və güllü çempionatımızda dostumuz Xaqani müəllimin işçiləri fitdən sonra topa zərbə vurmaq, referiyə etiraz etmək bir yana dursun, futbolçulara az qala üzündəki xalına görə də sarı vərəqə verirlər. Hələ üstəlik, qədim mahnılarımızdan birini də zümzümə edib qulaqcıqla bir-birinə ötürürlər: Bu xal nə xaldı, belə düzdürmüsən…

Hər halda əvvəlki illərdə belə olub, belə hadisələrin yeni mövsümdə də təkrarlanmayacağına kim zəmanət verə bilər ki?

Sözümün sonunda sıravi azarkeşlərə yox, klub rəhbərlərinə səslənirəm, futbolçularınızın üzünə dik və diqqətlə baxın. Üzlərindəki xallar sizi çox vacib xallardan, pul-paradan məhrum edə bilər. Nə qədər yeni mövsümün fiti çalınmayıb indidən soruşun: Bu xal nə xaldı, belə düzdürmüsən…

Sonra gec ola bilər, çox gec.

Mənbə: Avrofutbol.com

2 Şərh yazıya: Etibar Cəbrayıloğlu: O xal nə xaldı, belə düzdürmüsən?..

  1. Azərbaycanlı

    Allah cəbhədə şəhid olanlarımıza rəhmət eyləsin. Mənfur düşmənlərin ucbatından yeni futbol mövsümümüzün startı ərəfəsində ovqatımız kifayət qədər kökdən düşüb. Allah lənət eyləsin səbəbkarlara.
    Bu həftə sonu startı veriləcək çempionatımızın arxada qalmış mundial ilinə təsadüf etməsi istər-istəməz müqayisəolunmazların müqayisəsi halına salır bizi. Kifayət qədər maraqlı yazı futbolun ayrılmaz hissəsi olan hakimliyin bizim reallıqda təzahürləri üstündə köklənmiş təsvirdir. Bütün bunları ilbəil dönə-dönə görüb həzm edə bilmədiyimizdən yana-yana inkar etməkdə fayda tapmayıb sönə-sönə qalmışıq. Bütün bunları bir yana qoyuram, yazının təsiri olmasın, bizim topazlı-qotazlı turnirimizin oyunlarını yada salanda belə bir qənaətə gəldim ki, bizə məlum olan – hakimin öz işinə, azarkeşin hakimə, rəqiblərin bir birinə, klubların hakimə va hakimliyə münasibətləri kimi qarşılıqlar demək olar ki, bütövlükdə mənfi işarə altında olub il boyu dedi-qoduların və çəkişmələrin əsasını təşkil edir. Diqqəti çəkən az əhımiyyət kəsb etməyən məqamlardan biri isə meydanda oyunçu-hakim münasibətlərinin sivil formasının olmamasıdır. Xatırlamıram ki, nə vaxt bizim oyunçularımızdan (ələlxüsus milli) kimsə meydanda hakimin qarşısında dayanıb düz gözünün içinə baxıb əl çalaraq, verdiyi düzgün qərarı, özünün xeyrinə və əksinə olmasından asılı olmayaraq alqışlamışdır. Hakim də idman yarışının hər bir iştirakçısı kimi emosiyaları olan və onların təsirinə məruz qalan bir şəxsdir. Bu amili peşəkar oyunçu nəzərə almalı və oyunun gedişində konkret situasiyalara uyğun olaraq hakim simpatiyasını qazanmağa yönəldilmiş jestlərdən istifadə etməli, konkret mübahisəli vəziyyətlərdə bəzən emosional və çılğın, bəzən isə “passiv” emosinal davranışla bəhsin komandası üçün sərfəli sonluqla ötüşməsinə nail olmalıdır. Müşahidələr göstərir ki, məhz psixoloji tarazlığını qoruya bilən tərəfin mübahisəli vəziyyətlərdən ardıcıl olaraq “salamat” çıxması (çirkin provakasiyalardan söz getmir) bir çox hallarda rəqibin tarazlıqdan çıxmasına və daha ağır hakim “qəzəbinə” tuş gəlməsinə gətirir. Ümid edək ki, yeni “sostavımız” start götürən ən yeni çempionATımızda fiziki, taktiki ustalığı ilə yanaşı psixoloji dayanıqlılığı ilə yenilməzliyini təmin edəcəkdir.
    *****
    Natiq Muxtarlının palitrası

    Tanınmış yazar Natiq Muxtarlı son yazılarının birində yaman rənglərə yer verib. Tablodakı əsas istifadə olunan rənglər isə fırçanın palitradakı qırmızı və qara çalarlara toxundurulduqdan sonra yaranan bir əsərə çevrilməsi ilə alınan mənzərədir. Çox sağ olsun ki, belə bir mənzərə təsvir olunan əsər ortaya qoyub. Amma əsəri daha rəngarəng edə bilən, palitradakı çalarlara fırçanı az toxundurub. Bu da bir müəllif kimi onun oz taktikasıdır.

    Muxtarlının rənglərdən bəhs edən bu əsərinə diqqətlə tamaşa edəndə istər-istəməz dahi satirik, Mirzə Ələkbər Sabirin bir şeirindəki misralar yada düşür.

    Zahida, gəl soyunaq bir kərə paltarımızı,

    Çıxaraq zahirə batindəki əfkarımızı,

    Pişgahi-nəzəri-xəlqə dutaq varımızı,

    Görüb onlar dəxi təhqiq eləsin karımızı,

    Hər kimin ağı qara isə utansın, a balam!

    Bəlkə illərcə yatanlar bir oyansın, a balam! …

    Dahi Sabir demişkən, tablodakı göstərilən rənglərlə boyanmış surətlərin üst rənglərini götürsək, altda daha hansı rənglərin olduğu da hamıya görsənər. Nələr görsənər? Olar görsənər ki, futbolumuzda sən demə nə qədər rəng və onların kombinasiyasından alınan nə qədər çalarlar var. Məsələn, filan ildə çempionat hansı rəngdə keçirilib və ya kubok əvvəlcədən hansı rəngə boyanıb. Hələ onu demirəm ki, Hakimlər komitəsi hansı rəngi daha çox sevir. Əvvəllər hakimlər qara geyirdisə və çaldıqları fit də qara rəngdə idisə, indi rəngarəng geyir, hətta müxtəlif rəngli fitlər çalırlar. Nəinki fitin rəngi dəyişib hətta onun səsi də avazı da başqalaşıb. Hakimlərimizin saniyəölçəninin (sekundomer) sferblatının hətta, əqrəblərinin belə rəngi dəyişib. Dəyişib deyəndə ki, rəngarəng olub. Məsələn, bəzi hakimlərin saniyəölçəninin sferblatında artıq neçə illərdir ki, 80-ci dəqiqələri göstərən hissənin rəngi ayrıca seçilən çalarlarla boyanıb. Fitin səsi isə gah qəzəbli, gah da mülayim çıxır. Əslində bu səsin özündə bir ahəng və rəngarənglik var ki, o da, adamı valeh edir.

    Ümumiyyətlə futbolda aydın və təmiz rənglər də mövcuddur. Məsələn, ot örtüyü aydın yaşıl, üzərindəki cizgilər isə ağ rəngdədir. Bütün dünya da bu rənglərin olduğu meydanlarda mübarizə aparır. Hətta mübarizə aparan komandaların da aydın rəngləri var. Kimisi ağ-qara, kimisi narıncı, kimisi sarı-qırmızi, kimisi mavi-çəhrayı, kimlərsə də daha başqa aydın rənglərlə mübarizə aparır. Nə çox rəng. Amma rəngləri bir-birinə qatanlar da var. Nə qədər ki, futbolumuzda rənglər aydın və təmiz deyil, onda yenə dahi Sabirin başqa bir şeirindəki hökmran ərbab və zavallı əkinçinin döyülməsi ilə əlaqədar olan mənzərədəki sözlər yada düşür. Çünki, əsl futbol görmək istəyənlər daha bu “rəngarəngliyə” dözə bilmir.

    Ərbab:-Vur, vur ki, gətirməyibdir arpa!

    Əkinçi:-İnsan dözəməz bu şarpaşarpa!

    Cürət edib dahi Sabirin bu deyiminə rəğmən, mən də Natiq Muxtarlı kimi yazarların qələminə qüvvət deyərək, üz tuturam:

    Yaz, yaz ki, durulmayıbdır orta,

    Az qaldı bular, futbolu yorta.

    Mirhafiz Babayev
    (http://bosman.at.ua/news/natiq_muxtarlinin_palitrasi/2012-04-28-623)

     
  2. Qabil

    Salam, Mirhafiz müəllim! Salam, Etibar bəy! Ölkə çempionatı oyunlarının başlamasına bir neçə gün qalmasına baxmayaraq bizim fit sahiblərini gündəmə gətirmək ən aktual mövzulardan biridir. Çünki,çempionat ərzində başda hakimbaşı Xaqani müəllim olmaqla sıravi fit sahibləri görün nə hoqqalardan çıxacaq. Yeri gəldi-gəlmədi o qədər hədərəm-pədərəm fit çalacaqlar ki,axırda azarkeşlər onların özlərini fitə basacaq. Bunu deməkdə məqsədim odur ki,heç olmazsa bu yeni çempionat ərəfəsində hakimbaşı Xaqani müəllim bu barədə fit sahibi olan yetirmələrini xəbərdar etsin.Çünki, qarşıda onları minlərlə azarkeşin “fit qonaqlığı” gözləyir.
    *****
    Salam, Qabil bəy! Həm Etibar bəy, həm də sizinlə razıyam ki, hakimlər çox hoqqalardan çıxırlar. Sonu təbii ki, özlərinin fitə basılmasıdır…

     

Reply to Qabil


+ 5 = ondörd