LFT: "Dəmir Vaqif"

Kiçik adanın yetişdirdiyi böyük istedad.
Istər Lənkəran “Xəzər”inin heyətində, istərsə də 1969-cu ildə “Qızıl Sünbül” turnirində öz mübariz oyunu ilə seçilən Vaqif Abı oglu Əliyev 1941-ci ildə Lənkəran rayonunda yerləşən yarımadada –Nərimanabad qəsəbəsində anadan olub.

Xəzər dənizi ilə əhatə olunan qəsəbədə yerli əhali əsasən balıqçılıqla məşğul olur. Amma 1950-ci illərdən sonra futbol bu adada sürətlə inkişaf edir.  “Leninçi”qəzetinin 1957-ci il 100-cü sayında qəsəbə futbolçularının Astara, Alxovka, Masallı, Prishib, Port-Iiliç, Boradigah və Lənkəran futbolçuları ilə keçirdiyi görüşlərdə Lənkəran komandası istisna olmaqla digər komandaları məğlub etməsi barədə məqalə dərc olunub. Məqalədə qəsəbə futbolçularından Ə.Sadıqov, A.Səlimov,Y.Rəhimov , Q.Farkov, Q.Mikayılovun gözəl oyun nümayış etdirdiyindən də söhbət açılır. Futbol ənənələrini davam etrdirən qəsəbə, sonralar Vaqif Əliyev kimi ıstedad da yetişdirir. Yaşıdlarından birbaş üstün oynayan Əliyev Lənkəran U.G.I.M-nə dəvət olunur. Lənkarənda uşaq futbolunun inkişafında misilsiz xidmətlər göstərən Ramiz Kərimov və vaxti ilə Lənkəran yığmasında “9″ nömrəli formanı geyən, müəyyən zaman kəsiyində ”Neftiçi”nin də heyətində çıxış etmiş Oruc Baxşiyev (Oruc müəllim ailəsi ilə artıq uzun müddətdir Lənkəranda yaşamadığından onun haqda daha ətraflı məlumat ala bilmədik ) ona futbolun sirlərini daha dərindən öyrədir. 1966-cı ildə Lənkəran yığmasına dəvət olunur. Qəhrəmanımız həmin illəri belə xatırlayır:

“U.G.I.M-dən sonra yenidən qəsəbəyə qayıtdım. Qəsəbəmizin komandasında çıxış edirdim. Müxtəlif yaşlarda, rayon birinciliyində iştirak edirdik. 25 yaşıma yeni qədəm qoymuşdum ki, Lənkəranın əsas komandasına dəvət olundum. 1972-ilə kimi “Xəzər”in formasını qürurla daşıdım. Məglubiyyəti sevməzdim elə yəqin ona görə sonadək o qədər mübarizə aparırdım ki,mənə “Motor” və ”Dəmir” ləqəbi vermişdilər”.
Tanınmış futbol mütəxəsislərindən biri isə Vaqif Əliyev haqda maraqlı məlumat verdi :
“Yadıma gəlmir ki,Vaqifin nə vaxtsa oyundan sonra ayaqlarından qan axmasın, yaxud forması toza, palçıga bürünmüsh olmasın. 90- dəqiqə yorulmaq nədir bilməzdi sonədək mübarizə aparardı.”
MƏNBƏ: “Cənub Bolgəsində Futbolun İnkişaf  Tarixi” kitabı.
Kitabın müəllifləri: Sakin Məmmədzadə, Hüseyn Cəbrayıloğlu.