“Xəzər Lənkəran”ın qayıdışı

Bəlkə də tələskənlik edirəm. Amma “Qarabağ” üzərindəki qələbə “Xəzər Lənkəran”ın qayıdışının xəbərçisi idi. Qurban Qurbanovun oyunsonrası mətbuat konfransında dediyi “rəqibimiz qələbə üçün hər şey etdi” sözlərində böyük həqiqət payı var. Şaxtalı fevral axşamında “Tofiq Bəhramov”un buzlu qazonuna ayaq basan “ağ-yaşıllar” Premyer-Liqanın “qış çempionu”nu məğlub etmək üçün dişləriylə-dırnaqlarıyla savaşdılar. Hələ birinci hissənin əvvəlində stadionda olduğumu bilən lerikli tanışlardan biri zəng edib, oyunun gedişatını soruşanda “sizinkilər üstün oynayır, deyəsən qol vuracaqlar” dedim. Həmsöhbətim sözlərimi zarafat kimi qəbul etdi. “Xəzər Lənkəran” elə bir klubdu ki, onun güclü olmasına bütün Azərbaycan futbolunun ehtiyacı var. Hər nə qədər klub qeyri-sabitlikdən əziyyət çəksə də, mövcud olduğu 10 il ərzində öz yetirməsi olan bircə istedadlı futbolçuyla öyünə bilməsə də, əcnəbi məşqçilərin və legionerlərin sınaq meydanına çevrilsə də, bu dəyərin üstündən xətt çəkmək mümkün deyil. Cənub klubuna könül verən azarkeşlər hazırda Azərbaycanın ən sadiq və əzabkeş futbol fanatlarıdı. Onların arasında hazırda günahsız yerə işıqlı dünyaya dəmir barmaqlıqlar arxasında baxanlar da var. Aylardı məhkəmə yollarında süründürülən həmin azarkeşlər indiyə kimi öz sevgilərindən imtina etdikərini dillərinə belə gətirməyiblər. Deməli, ən azından həmin o azarkeşlərə görə “Xəzər Lənkəran” var olmağa, güclü olmağa borcludu…
…Etiraf etmək lazımdı ki, “gəmiçilər” son qarşılaşmanı o qədər də yüksək səviyyədə keçirmədilər. Xüsusən, 30-cu dəqiqədən başlayaraq fasiləyə qədər “köhlən atlar” meydanda ağalıq edir, Orxan Sadıqlının qoruduğu qapı qarşısında qol vəziyyətləri bir-birini əvəz edirdi. Həmin 15 dəqiqəlik period “gəmiçilər” üçün ciddi sınağa çevrilmişdi. Hər bir çalışdırıcının böyüklüyü məhz komandasının nöqsanlarını vaxtında görüb, aradan qaldırmağı bacarmasındadı. Mustafa hoca “Qarabağ”ın azı üç dəfə real qol şansı yaxaladığı həmin bölümü düzgün analiz edə bilsə, bu “Xəzər Lənkəran” hələ çoxlarının başını ağrıdacaq. Söhbət təkcə yeni transferlərin komandanın gücünə güc qatmasından getmir. “Qarabağ” önündə izlədiyimiz “Xəzər Lənkəran”ın “köhnələr”i də meydanda can qoyur, sanki buraxacaqları səhv sayəsində heyətdəki yerlərini itirəcəklərindən ehtiyat edirlərmiş kimi “vuruşur”dular. Çoxdandı ki, “Xəzər Lənkəran”da məhz bu döyüşkənlik çatışmırdı. Düzdü, cənub təmsilçisinin çempionluq şansları o qədər də böyük deyil. Amma digər yandan Dənizlinin komandası bilavasitə qızıl medalların taleyinin müəyyənləşdirilməsində iştirak edə bilər. Təqvim də məhz bu məqamın xəbərçisidi. 19-cu turda “Qarabağ”ı büdrədərək, “Neftçi”ylə “Qəbələ”ni sevindirən “ağ-yaşıllar” növbəti iki həftədə məhz medallara iddialı bu komandalarla qarşılaşacaq. Deməli, eyni aqibəti onlar da yaşaya bilərlər. Bir sözlə liderlik arzusunda olan komandalar üçün “Xəzər Lənkəran” adlı kabus yetişib. Nahaq yerə yazımın əvvəlində “Xəzər Lənkəran”a futbolumuzun hədsiz ehtiyac duyduğunu vurğulamadım ki. Güclü “Xəzər Lənkəran” elə maraqlı və çəkişməli Azərbaycan çempionatı deməkdi. 2-3 ay bundan əvvəlki komandayla “Qarabağ”ı məğlub edən “Xəzər Lənkəran”ı müqayisə edəndə məşqçi amilinin nə qədər vacib olduğunu bir daha görürük. “Ağ-yaşıllar” güclü rəqibinə qarşı taktiki cəhətdən çox savadlı və cəsarətli oynadılar. Rəşad Sadıqovun yoxluğunda “köhlən atlar”ın hücum qurmağa çətinlik çəkdiyini yaxşı bilən “gəmiçilər” ilk dəqiqələrdən qol axtarışına başlamaqla hər kəsi təəccübləndirməklə elə ən doğru yolu seçmişdilər. Birinci hissənin sonlarında təşəbbüsün əldən getməsi isə fiziki hazırlığın qaydasında olmamasının göstəricisi idi. Ümid edək ki, Mustafa hoca tezliklə xəstəxananı tərk edib, komandasının problemlərini həll etməyə başlayacaq. Qayıdışın mübarək, “Xəzər Lənkəran”!
Mənbə: Rekord.az
 

6 thoughts on ““Xəzər Lənkəran”ın qayıdışı”

  1. Axşamınız xeyir, Müəllim! Doğurdan da ikinci dövrənin ilk üç oyunu “Xəzər Lənkəran”ın yenidən dönüşündən xəbər verir. Bu dönüş komandada özünəinamı qaytardığı kimi həm də gdöyüşkən oyunuyla azarkeşlərinin qirişlarını xeyli azaltmış olub. Əminliklə deyə bilərəm ki, “Bakı” üzərində qazanacağımız qələbə, artıq medallar uğrunda mübarizəmizin təsdiqi olacaq.
    *****
    İnşallah!

  2. Mirhafiz bəy sizn bir yazı var idi. Onun indi yeri var. Başlıq yadımdan çıxıb. Nöqtə vergülünə qədər indi yaşanır.
    *****
    İp ucu zəhmət deyilsə.

  3. Xəzərin liderlərin xal itkisinə məruz qoyacağı və üçlüyə düşəcəyi barədə .Xəzər hər belə möhtəşəm oynayanda o yazı yadıma düşür.
    *****
    Təşəkkür edirəm. Belə bir yazının davamı “Bakı” ilə ev qələbəsindən sonra olacaq, İnşallah!

  4. Axtarıb tapdım .Mirhafiz bəy
    “Siz necə düşünürsünüz əziz Xəzər Lənkaran azarkeşləri?”
    *****
    Yəqin ki, artıq komanda əzmkarlığı, yaxşı oyunu və gözəl nəticələri ilə azarkeşlərimizə nikbin düşünməyə əsas vermiş olub.

  5. Neçə vax idi ki futbol icmalı praqramına bamırdım ki Xəzər haqda pis eşitməyim .Bu ürək ağrısına səbəb olurdu .İndi bir saatd əvvəldən gözləyimək ki komandamız haqda xoş söz eşidib
    Pantiç 19 -da pis Xəzər görmək istəyir .İnşallah arzusu gözündə qalar .Bakının zövq alacaq oyunu yoxdu .amma çox çətindir onlarla oynamaq .Bidə istəməzdim Xəzərimiz dəstəksiz qalsın .Neftçi ilə oyundki kimi dolu stadion isdərdim.

Comments are closed.