"Qarabağ" 2-1 "Xəzər Lənkəran" ¼ final, ilk oyun (YENİLƏNİB)

kubok

“Qarabağ” – “Xəzər Lənkəran” 2:1 (0:1)

 

Qollar: O.Emeka – 20
R.Sadıqov – 59
A.Teli – 90+3
 
Bu oyun haqda nə demək olar?
Onu deyə bilərik ki, birinci hissədə “Xəzər Lənkəran” meydanın pis vəziyyətdə olması ilə əlaqədar çox gözəl oyun göstərə bilməsə də, rəqibindən aşkar üstün oynadı. Bu üstün oyunun nəticəsi olaraq 20-ci dəqiqədə düşünülmüş kombinasiyanın nəticəsi olaraq Emeka Opara  “Xəzər Lənkəran”ı 0:1 önə keçirdi. Daha bir neçə vəziyyət yaransa da, komandamız bundan istifadə edə bilmədi.
Matç keçirilən saatlarda meydanda da güclü külək əsirdi. Birinci hissədə bizim hücum istiqamətimizdə əsən güclü küləkdən yararlanmaq çox yaxşı nəticə verə bilərdi. Lakin komandamız bundan bir dəfə də yararlanmadı. Vurduğumuz qol da düşünülmüş kombinasiya nəticəsində oldu.
Lakin cərimə zərbələrindən və s uzaqdan zərbə şanslarından istifadə edə bilməməyimiz, küləkdən yararlanmadıqca ikinci hissə narahatçılığın olacağından xəbər verirdi.
Çünki ikinci hissə güclü külək “Qarabağ”ın xeyrinə işləyəcəkdi, qalırdı onların bundan necə istifadə etməsinə, bunu da bacardılar.
Onların vurduğu hər iki qolda küləyin rolunun olduğunu deyə bilərik. 59-cu dəqiqədə qapımıza vurulan qol düz qapıya ünvanlanmışdı, lakin topun canlı səddi rahat keçərək istiqamətinin aşağı əyilməsində həqiqətən küləyin rolu oldu.
Özü də cərimə zərbəsi yerinə yetirilən anda fikir verdinizsə, top əvvəlcə küləyin təsiri ilə hərəkətə gəldi və başlanğıc sürət almış topa R.Sadıqovun da zərbəsi dəyincə top maraqlı trayektoriya cızaraq canlı səddi aşıb xeyli aşağı istiqamət alaraq qapıya daxil oldu. (17 qayda tətbiq olunan futbolda həmin bu məqam 13-cü qayda kimi göstərilir, 13-cü maddədə istər cərimə zərbəsi, istər sərbəst zərbə, istər künc zərbəsi, istərsə də penalti zərbəsi yerinə yetirilən anda topun tam sükunətdə olması tələb olunur.)
Burda Kromarenkonun topu seyr etməsini bəlkə də başa düşmək olar. Artıq oyunun bu hesabla bitəcəyini zənn edərkən, ikinci hissənin də əsas vaxtının arxada qaldığı bir dəqiqədə, yəni artırılmış 3-cü dəqiqənin də lap sonunda qapımıza tərəf uzaqdan təyin olunan cərimə zərbəsi xeyli narahatçılıq yaratdı ki, buna da əsas var idi.
Sonuncu saniyələr… Qapıya tərəf güclü küləyin qucağında gələn topun E.Beqiri tərəfindən azca uzaqlaşdırılması… Lakin qarışıqlıqda topun E.Beqirinin həmvətəni olan, rəqib A.Telinin önünə düşüncə… hesab 2:1 oldu.
Hava şəraitindən yaxşı yararlana bilməyən  “Xəzər Lənkəran”, bu şəraitdən lazımınca yararlanan “Qarabağ”a yenildi.
Düzdür, bununla məğlubiyyətimizə haqq qazandırmaq fikrində deyilik, biz bu oyunu uda da bilərdik. Bu ilk dəqiqələrdən də belə görünürdü.
Lakin bu kubok oyunudur, daha bir cavab oyunumuz evdə bizi gözləyir və heç bir şəraitə baxmayaraq sonda ¼ finaldan biz qalib ayrılmalıyıq. Buna bizim gücümüz yetər!
 
 
Ağasəlim Mircavadov, “Xəzər Lənkəran”ın baş məşqçisi:
“Kubok oyunları iki qarşılaşmadan ibarət olduğundan, bizim üçün hələ heç nə bitməyib”. Mircavadov meydançanın ot örtüyünün və güclü küləyin istədikləri oyunu nümayiş etdirməyə mane olduğunu bildirib: “Biz indi növbəti oyun barədə fikirləşirik. Təbii ki, bizə ancaq qələbə sərf edir. Hər iki komandanın mübariz oyunundan isə razı qaldım
 
Rauf Əliyev, ”Qarabağ”ın hücumçusu:
“Külək qol vurmağımıza kömək etdi”.
Bu sözləri “Xəzər Lənkəran”la oyundan sonra “Imaretfc.com” saytına “Qarabağ”ın hücumçusu Rauf Əliyev deyib.O, həmçinin bildirib ki,-“Külək oyunumuzu oynamağa imkan vermədi. Amma digər tərəfdən də qol vurmağımıza kömək etdi”.
Arxiv: Bosman.at.ua

 

1 thought on “"Qarabağ" 2-1 "Xəzər Lənkəran" ¼ final, ilk oyun (YENİLƏNİB)”

Comments are closed.