Penalti seriyası olmayan və heç-heçə bitən final matçı və ya "Fair Play Bakı" (Video)

Penalti seriyası olmayan və heç-heçə bitən final matçı və ya “Fair Play Bakı” 
18-ci Azərbaycan kubokunun finalı, 23 may 2010-cu il saat 20:00, Bakı şəhəri T. Bəhramov adına stadion, “Bakı” – “Xəzər Lənkəran”.
 
T.Bəhramov adına stadiona çoxdan idi ki, sayı iyirmi mindən artıq azarkeş toplanmırdı. Bu qədər azarkeş bu final matçını canlı olaraq izləməyə, bir final zövqü yaşamağa toplaşmışdılar. Hər iki klubun azarkeşləri həm futbol, həm şou konsert, həm uduşlu lotoreya keçiriləcək bir gündə daha başqa bir şeyin antifutbol qaydasının şahidi oldular ki, bu barədə bir qədər sonra…
Matçın başlama saatına iki saatdan da çox qalmasına baxmayaraq azarkeşlər tribunalarda öz yerlərini tutmağa başlamışdı. Müxtəlif şou proqramları izlədikcə matçın başlama saatı yaxınlaşır və azarkeşlərimizdə həyəcan getdikcə artırdı . Bunu hər hansı azarkeş reaksiyalarından hiss etmək o qədər də çətin deyildi.
Nəhayət, futbolçular isinmə hərəkətləri edib, yenidən meydana matça başlamaq üçün çıxdılar və həyəcanla gözlədiyimiz start fiti səsləndi. İnsafən, hər iki komanda oyuna ciddi hazırlaşdıqlarını ilk dəqiqələrdən hiss etdirməyə başladı. Qarşılıqlı hücumlar təşkil olunur, erkən qol vurmaq istəyi hər iki komandada hiss olunurdu. “Xəzər Lənkəran” son 32-ci turda evdə “Bakı”ya 0:1 hesabıyla məğlub olaraq çempionluğun əldən verləsinin əvəzini çıxmaq üçün özünü sübut etmək istəyirdisə, “Bakı” həmin qələbənin təsadüfi olmadığının sübutuna çalışırdı. Matç çox gərginliklə davam edirdi. Nəhayət komandamız kubok oyununa məxsus həyəcanı üzərindən atdıqca, oyunda təşəbbüsü ələ almağı bacardı. Hərdən gözəl kombinasiyalar qurub, lakin bunu qolla tamamlaya bilmirdi. Bu dəqiqələrdə azarkeşlərimiz daha da canlanıb komandamızı ruhlandıraraq, qol vurmağa səsləyirdi. Hamı belə davam edəcəksə, “Xəzər Lənkəran”ın tezliklə qol vurub sonda qalib gələcəyinə inanırdı. Lakin, “Xəzər Lənkəran” lazım olan qolu vura bilmirdi. Komandamızın əksər hücumları tək Emeka Opara üzərində qurması yanlış idi. Çünki ona gələn toplar birbaşa rəqib müdafiəçilərlə mübarizə anları kimi yadda qaldı. Əlbəttə belə olduğu halda bir neçə rəqib əhatəsindən sıyrılıb qol vurmaq heç də asan məsələ deyil. Futbolçularımızın boş zonalar üzrə açılmaması təəssüfdoğurucu hal olsa da, bəzən Allan Lalinin sağ cinahda boş zona seçərək digər oyunçular tərəfindən ötürmə ilə təmin edilməməsi, deməli onun boş mövqedə olmasını digər oyunçuların görməməsi daha çox təəssüf doğurmaya bilməz.
Ümumiyyətlə yerlə qısa ötürmələr zamanı effektli oyunun alınmasına baxmayaraq bundan çox az hallarda istifadə olunması və hücumların sonluğunu rəqib əhatəsində olan E.Opara üzərində qurulması məntiqi sonluğa çata bilməməyimizə səbəb olurdu. Halbuki, yerlə qısa ötürmə ilə oyun praktikasına və bunu yaxşı bacaran futbolçulara malk “Xəzər Lənkəran” belə oyunla dəfələrə rəqiblərinii məğlub etməyi bacarıb.
Hər iki hissədə əzmkarlıq nümayiş etdirən tərəflər heç biri hesabı aça bilməyincə, qalibin məlum olması üçün növbəti mərhələ olan uzatma dəqiqələrinə keçid aldıq. Elə nə oldusa bu uzatma dəqiqələri başladıqdan sonra baş verdi. Hər iki hissə ərzində bir neçə dəfə oyunçu zədələnmələri zamanı qarşı tərəflər bir birinə “Fair Play” qaydalarına uyğun davrranmışdılarsa, bu dəfə “Bakı” bu qaydanı pozaraq hesabı açdı.
Rəqib oyuinçunun zədələndiyini görən futbolçularımız topu saxladı. Sonra həmin oyun dayanan nöqtədə hakim mübahisəli top kimi oyunu davam etdirincə, “Fair Play” qaydalarına əsasən mübahisəli topa toxunan “Bakı”nın futbolçusu müxtəlif formada yəni topu auta çıxarmaaqla və ya biz tərəfə boş zonaya atmaqla, öz centlmenliyini göstərməli olduğu halda topu boş qalmış qapıya göndərdi.
Bütün düyada qəbul olunan,stadionları bəzəyən “Fair Play” plakatları olduğu halda, “Bakı”nın futbolçuları bu şüarı tanımadıqlarını bir daha  bu oyunu centlmencə oynaya bilmədiklərini bir daha sübut etdilər. Bir daha ona görə deyirik ki, onlar elə “Xəzər Lənkəran”la oyunda dəfələrlə heç heçəyə nail olmaq üçün dəqiqələrlə heç bir səbəb olmadan yerə uzanmaları çoxlarının yadından yəqin ki, çımayıb. Bir müddət əvvəl İmanxan Sultaninin idarə etdiyi Lənkərandakı oyunda təkcə belə səbəbsiz yerə uzanmalarla matçın 18 dəqiqəsini “yediklərini” və hakimin bu itirilmiş dəqiqələri nəzərə almayıb, oyuna vaxt əlavə etmədən matçı bitirməsini yaddaşlardan yəqin ki, silinməyib. Hələ buraya “Məşhur Sissoko Oyunbazlıqlarını” əlavə etmirik.
Bu oyundakı epizodla bağlı isə bir maraqlı məqamı qeyd etməliyik. Bir sıra rəsmilər burda heç bir, hətta “Fair Play” qayda pozuntusunun olmadığını demişlər və hakimin qolu düzgün olaraq qeydə aldığını bildirmişlər.
Biz də öz növbəmizdə hakimin qolu qeydə almasına etiraz etmirik. Burda əlbəttə hakimlik bir şey yoxdur. Hakimlər komitəsinin sədri Xaqani Məmmədovun burda hakimin səhvi olmadığını sübut etmək üçün oyundan sonra “Azerisport.com” saytına verdiyi qısa açıqlamasndan epizod daha aydın sezilir.
 
“Azerisport.com” 24 may 2010 saat 00:23 də həmin məlumat belədir:
Xaqani Məmmədov: “Xəzər Lənkəran”ın öz oyunçuları xahiş etdi ki, Sofroni topu qapıçıya versin.” “Bakı” – “Xəzər Lənkəran” arasında keçirilən Azərbaycan kubokunun final matçındakı vurulan 1-ci qol haqqında Hakimlər komitəsinin sədri X.Məmmədov təəssüratlarını belə bölüşdü: “Mən oyunun hakimi Elçin Məmmədovla danışdım. O da öz növbəsində mənə bunları dedi:” Mən mübahisəli topu oyuna daxil edərkən “Xəzər Lənkəran”ın futbolçuları özləri Vyaçeslav Sofronidən topu Kamran Ağayevə ötürməsini xahiş etdilər, baxmayaraq ki, başqa variantlar da mövcud idi.”    Mən hesab edirəm ki, hakim qolu qeydə almaqla tamamilə haqlı qərar çıxarıb. Qapıya daxil olan topu niyə də hesaba almamalısan deyə o “Azerisport.com” saytına fikirlərini bildirib.
Deməli, “Fair Play” qaydalarını nəzərə alan “Xəzər Lənkəran” futbolçuları vaxt itməsin deyə V.Sofronidən topu auta deyil məhz bizim qapıçıya atmasını xahiş etmişlər. Əlbəttə meydanda olan və bunu duyan Kamran Ağayev bir az da irəli gələrək topu tez götürmək istəmiş, lakin vəziyyətdən sui istifadə edən V.Sofroni K.Ağayevin bir az da önə çıxdığını görərək topu onun başı üzərindən tora atmışdır. Sui istifadənin sübutu üçün bunları deyə bilərik. Top qapıya göndərildikdən sonra “Bakı”nın oyunçuları tora daxil olana qədər topun trayektoriyasını izləyir və top tora daxil olduqdan sonra bir birinin üzərinə atılaraq qol sevincini yaşamağa başladılar. Hətta hakimin bu qolu birdən hesaba almaz deyə yaranmış anlaşılmaz bir neçə dəqiqədə hakimə müqavimət göstərməyə və qolun hesaba alınması üçün çabalar göstərməyə başladılar. Bu qol sevincinə ehtiyat skamya, məşqçilər və bəzi klub rəsmiləri də qoşulunca işin nə yerdə olduğu aydın olur (Təkcə Zeynal Məmmədovun bu qola sevinmədim deməsini qiymətləndiririk).
Əgər belə hərəkətdən sonra “Bakı” futbolçuları yerə oturub başlarını tutsaydılar bu qolun istəmədən vurulduğuna işarə olardı və bunu hamı qiymətləndirərdi. Qələbələrinin də üzərinə kölgə salmazdı.
İngiltərədə, Hollandiyada (Bu yazıya videogörüntü kimi əlavə olunmuşdur)  belə bir haldan sonra, komanda çıxış yolunu oyuna mərkəzdən başlayan rəqibə mane olmamaqla onların da hesabı bərabərləşdirməsinə şərait yaratmaqla, öz centlmenliklərini göstərmişlər. Sonra yenə əsl mübarizəyə başlamışlar.
Nə isə sonra daha iki qol vuruldu. Bunlardan birini yenə “Bakı” birini isə “Xəzər Lənkəran” reallaşdırdı və hesab 2:1 yekunlaşdı.”Bakı” beləcə kuboka sahib çıxdı. Bu qol olmasaydı yəqin penaltilər seriyasına da ehtiyac qalacaqdı Çünki əlavə vaxt 1:1 qurtarmış olacaqdı. Kamran Ağayev isə rəqibi centlmen zənn edərək kobud səhvə yol verdi. “Xəzər Lənkəran” bundan sonra nəinki rəqibə inanmamalı, hətta gələcək üçün çox ciddi işlər görməlidir.

 
Arxiv: Bosman.at.ua