Laboratoriyada yetişdirilən viruslar

Dünən baş tutan “”Neftçi” və “Xəzər Lənkəran” arasında “Böyük Oyun”a heç də təsadüfən əvvəlki yazımızda “Özəl oyun” adı ilə müraciət etməmişdik. Bu “Özəl oyun”un starta qədərki çalarlarından həmin yazıda danışsaq da, startdan sonrakı özəlliklərinə də təbii ki, hadisələri bilərəkdən qabaqlamamaq üçün bu gün toxunmalıyıq. “Özəl oyun” baş tutdu və “Neftçi”nin 4:1-lik qələbəsi ilə başa çatdı. Bir az əvvəl Superkubokda azlıqda qalmasına rəğmən rəqibini keçən “Xəzər Lənkəran” niyə bəs böyük hesabla uduzdu. Superkuboka azlıqda qalmaqla yiyələnməyi bacaran komandanı hamı əzmkarlığına görə tərif edib, alqışlayıb, şəninə təriflər yağdırırdısa, bu gün eyni adamlar günahkar axtarışındadır. Budurmu bizim futbolumuz, budurmu bizim azarkeşliyimiz.
“Xəzər Lənkəran”ın sadiq azarkeşi olduğumuzdan onun hər bir anı bizimdir. Komandanın uğurlarına həmişə ac olmaqla iş bitmir. Gərək uğursuzluqda da dözümlü olasan. Dözümlü olmağa da insanı vadar edən mahiyyət məsələsidir. Hadisələrin mahiyyətini düzgün analiz edib, düzgün qiymətini vermək. Hər hansı bizdən asılı olan və olmayan səhvlərin olduğunu da inkar etmirik. Ucdantutma komandanı pisləmək və boykot etmək haqqında çağırışlar sevgidən və əsəb gərginliyindən qaynaqlanırsa, əsəbi pozulmuş toplumun bu halından istifadə edib, arada öz işini görmək istəyənlərə bəhanə vermək, bununla da komandanın vəziyyətini kritik həddə çatdırmaq, öz-özümüzü qayadan atmaq deməkdir.
İndiki halda belə bir yazını yazmaq heç də asan məsələ deyil. Çünki əsəbləri pozulmuş çoxsaylı azarkeşlər artıq başqa cür fikirləşməyə başlayıb. Onu da deyim ki, bu vəziyyətin yaradılmasında məqsədli olanlar da var. Əgər  belə davam edəcəksə, “Xəzər Lənkəran”ın halı betər olacaq?
Keçən yazılarımızın birində “Qarabağ”a məğlubiyyətdən sonra baş məşqçimiz Con Toşak oyun sonrası mətbuat konfransında belə bir məntiqi yanaşma göstərmişdi. Demişdi ki, “Çox güclü komandaya məğlub olduğumuzu düşünürəm. Oyuna görə müqayisə edəndə “Qarabağ” bizdən çox güclüdür”.  Bu nə deməkdir? Yəni mənim komandam çox zəifdir.
Amma səhəri günü klubun rəsmi saytına başqa bir məntiq ifadə edən açıqlama vermişdi: – “Hamımız qələbəni düşündüyümüz anda məğlub olduq. Məncə hesab oyunu əks etdirmədi. Bununla belə deyim ki, rəqib də layiqli qələbə qazandı. Amma hücum edən, ardıcıl həmlələr edən tərəf biz idik. Şanslarımız çox olsa da yararlana bilmədik. İkinci hissəyə də pis başlamadıq və artıq 47-ci dəqiqədə real qol şansını boşa verdik. Oyun planında xeyli artırsaq da, hələ də epizodlardan yararlana bilməmək problemini həll edə biıməmişik. Hamı Nildonu günahkar sayırdı və qol şanslarını boşa verdiyi üçün onu ittiham edirdi. Amma gördüyünüz kimi günahkar tək Nildo deyil. Bu oyunda Nildo oynamadı, amma biz yenə çoxlu qol şansını boşa verdik. Düşünürəm ki, ikinci qol komandanı “sındırdı” və bu qolu adi səhvdən rəqibə hədiyyə etdik. Üstəlik, yorğunluq da öz sözünü dedi. Artıq itiriləsi xallarımız yoxdur. Evdə cəmi bir qələbəmizin olması məni həddən artıq məyus edir. Çalışıb səhvlərimizi tez bir vaxtda düzəltməliyik.”
Birinci açıqlamada da, oyunda döyüşən, canını, ürəyini qoyan futbolçunu sındırmaq deməkdir ki, Toşak təcrübəli biri olmasına rəğmən bu səhvi buraxmışdı deyə, ikinci açıqlamaya ehtiyac duymuşdu.
“Neftçi” ilə oyundan sonra da yenə bu səhvi təkrarlamış olan Toşak görün nələr deyib: “Kişilər yeniyetmələrə qarşı oynayıb, qalib gəldilər”.
O,  mətbuat konfransında futbolcularını belə günahlandırıb: “Çox bərbad çıxış etdik. Məndə olan məlumata görə, birinci qol ofsayddan vuruldu. Benouahi təkbətək çıxdığı epizodda ötürmə yox, topu qapıya vurmalı idi. Onun nə üçün ötürmə verdiyini anlamıram. Qapıçı ilə təkbətək çıxırsa, özü qol vurmalıdır Bu cür nəticələrlə I diviziona düşməsək yaxşıdır. Belə oynamağımızın səbəbini yeniyetmə futbolçularımızdan soruşmaq lazımdır. Komanda çox bərbad oynadı. Qapıçı ilə təkbətək epizodda qol vura bilmiriksə, nə deyim? Rasim Ramaldanov millinin üzvü olsa da, uşaq səhvləri edir. 11 metrlik cərimə zərbəsi epizodunda uşaq səhvi etdi. Milli komandanın oyunçusu gülməli vəziyyətdə qayda pozuntusuna yol verdi.”
Bu açıqlamalar komandaya ziyan gətirir. Halbuki əslində uşaqlar normal oyun göstərib, əzmlə mübarizə apardılar. Oyunun yönünə bir çox amillər təsir etdi ki, əvvəllər bu haqda danışan Toşak indi başqa fikirlər səsləndirir. Bir də onu demək lazımdır ki, Nildo, Zohair və Ramaldanov sənin Supermarketdən yox, yerli bazardan ucuz qiymətə aldığın oyunçulardır. Ramaldanovu çıxmaq şərti ilə “Xəzər Lənkəran”a nə Nildonun nə də Zohairin boy vermədiyini indi sən də anlamısan.
Superkubokun son məşq günü, HK-nin sədri Xaqani Məmmədovu komandasının məşq keçdiyi yerdən uzaqlaşdıran Toşak hakimbaşıdan zərbə almalıydı. Bu gözlənilən idi. Nələr baş verdi. Bəzən təbabətdə inkişafa nail olmaq üçün yeni viruslar, bakteriyalar süni şəkildə labaratoriyalarda yetişdirilir və onlara qarşı hansı preparatların lazım olacağı öyrənilir ki, bu törədicilər təbiətdə əmələ gələrsə və epidemiya yayılarsa, onun qarşısını almağa indidən təbabət hazır olsun. Bəzən də hər hansı səbəbdən hələ dərmanı tapılmamış bu viruslar yetişdiriliərkən, ehtiyatsızlıq üzündən insanlara yoluxur və qarşısını almaq mümkünsüz olur. Belə halda bəşəriyyət böyük təhlükəyə məruz qalır, eyni zamanda böyük itkilər verir.
Gəlin birlikdə analiz edək. Oyunda “Neftçin”in vurduğu ilk qolun, hətta deyilənə görə hakimbaşı da oyundankənar olduğunu deyib. Deməli, 4:1 yox, 3:1 olmalıydı.
Daha sonra penalti epizoduna gəlincə, Nfor, Ramaldanov mübarizəsinin nəticəsi olaraq meydana gəldi. Görüntüləri təqdim edirik. İkili mübarizədə birlikdə cərimə meydançasına girən Nfor əvvəlcə Ramaldanovun sol çiynindən çəkərək onun müvazinətini pozub, önünə keçməklə topu mənimsəmək və əlbəttə nail olmadığı təqdirdə özünü yıxıb penalti qazanmaq istəyi. Belə də edir, Ramaldanovu sol çiynindən çəkərək müvazinətini pozur, müvazinəti pozulmuş Ramaldanova isə yıxılmamaq üçün dayaq lazım idi ki, bu halda Nfordan başqa yanında dayaq yox idi. O heç Nforun köynəyini də dartmadı, əlinin çölü ilə müvazinətini düzəldərkən Nforun qarın nahiyyəsinə azca dayaq etdi ki, elə bu kimi bir şeyə nail olmaq istəyən Nfor haqq-nahaqq özünü yerə atdı. Çox iyrənc bir penalti qərarı. Burda Ramaldanovun penaltiyə səbəb olacaq heç bir hərəkəti yox idi. Mən qapıçımızın yerində olsaydım, penalti vurulan zaman etiraz əlaməti olaraq heç qapıda durmazdım. Əksinə Nfor simulyasiyaya görə meydandan qovulmalı idi. Azlıqda qalan komanda heyəti heç onunla üçüncü qolu da vura bilməzdi. Çünki üçüncü qolun müəllifi Nfor artıq meydanda olmamalı idi. Beləliklə olmayan penaltidən vurulan qolu da hesablamasaq 2:1, meydandan qovulan Nforun üçüncü qol vurması da absurddur. 1:1.

Tounkaranın rəqibin cərimə meydanında kobudluqla saxlanılması bir penalti epizodu idi ki, rəqibin xeyrinə, simulyasiya əvəzinə penalti qərarı verən Xaqani Məmmədovun Labaratoriyasının yeni virusu olan baş hakim burda susmağı boynuna götürdü. Əgər penalti verilsəydi artıq hesab 1:2 bizim xeyrimizə ola bilərdi.
Bir də ki, Zohairin təkbətək epizodundakı ötürmə verərək komanda yoldaşının vurduğu qol dünya praktikasında hesaba alınır. Artıq rəqib oyunçuları çoxdan arxada qoymuş iki komanda yoldaşının paslaşaraq qol vurmasının dəfələrlə şahidi olmuşuq. Belədə isə hesab1:3 komandamızın xeyrinə olmalı idi. Bəs, Toşak bunları bilə-bilə, niyə Zohairi tənqid edir? Ona görə etmir ki, bu ofsaytdır. Ona görə edir ki, ay Zohair sən bu Laboratoriya və onun yetişdirdiyi virusları tanıya-tanıya onlara niyə ofsayd bəhanəsi verirsən? Özün vur ki, belə viruslara bəhanə olmasın. Sən burda dünyada qəbul olunmuş qaydada ötürmə edəndə bilmirsən ki, bu viruslar beynəlxalq qaydaları tanımır? Qolu özün vuraydın və belə olan halda isə bu gün kim “Xəzər Lənkəran”ın zəifliyindən və “biabırçı hesabla məğlubiyyətindən” danışardı. Hamı səfərdə azarkeşsiz qalan komandamızın zəfərindən danışar, şəninə təriflər yağdırardı.
ofsayt
Bunlarla, bu fikirlərlə kimlər isə razılaşmaya da bilər. Amma o razılaşmayanlar bilməlidirlər ki, Laboratoriya müdiri ilə onun yetişdirdiyi yeni viruslar bu eybəcərlikləri futbolumuza yoluxdurublar. İndiki virusun əvvəlkilərdən keyfiyyət fərqini də deməliyik. Bundan əvvəl yanından yel ötəndə belə yerdə qalıb, cərimə zərbələri, penaltilər qazanan Flavinyonun, bu səfər ondan da betər simulyasiyalarına hakim sanki kor olmuşdu. Əvəzində Nfor meydana çıxmışdı ki, yanından hər yel ötəndə özünü yıxır və istəyinə çatırdı.
Artıq Flavinyo kartının bayağılaşdığını və ona görə verilən penaltilərin açıq etiraz doğurduğunu başa düşən laboratoriya müdiri, yeni virusunu Nfor keyfiyyət dəyişikliyində “yaratmışdı”. Virus da laboratoriyada ona verilən xassələrlə meydanda tam özünü “doğrultdu” və Laboratoriya müdirinin Toşakdan tam əvəzini çıxdı.
Amma heç də mürəkkəb texnologiyalarla hazırlanan bir avtoklav yox, adicə sterilizatorda bir neçə dəqiqə sterilizasiya apardıqda belə, futbolumuz asanlıqla belə viruslardan təmizlənə bilər. Yetər ki, istəyən olsun.

Mirhafiz Babayev

Comments are closed.