Çən-duman çəkilib getdi. Lənkəranda keçirilən növbəti “Böyük oyun”da və onun ətrafında baş verənləri indi daha aydın görmək mümkündü.Ətraf aydınlanınca, ortada yenə birisi görünür. Gündən-günə daha aydın görünən bu kölgəni tanınmamaq mümkünsüz.
Tahir Süleymanovu kim tanımır ki?
Süleymanov yenə öz ampluasındadı. Maaş aldığı klub xal itirincə hay-küy salır, faktları təhrif edir, qərəzini gizlədə bilmir, şantaja belə əl atır. Adamın bu bacarığını hətta futboldan məlumatı olmayanlar da yaxşı bilirlər.
Hər “Böyük oyun”dan öncə, matç zamanı və sonra bir para dadsız olaylar yaşanır. Fərq etməz, derbi istər Lənkəranda olsun, istərsə də Bakıda. Sonuncu da istisna deyildi. Oyundan bir gün əvvəl “Neftçi”nin otelin həyətindəki avtobusuna daş atılır, klubun əmlakına ziyan dəyir. Daş pəncərəyə dəyməmiş Tahir Süleymanov bunu vandalizm kimi qələmə verir, az qala BMT Təhlükəsizlik Şurasının təcili toplanmasını tələb edir.
Tamam, rəqibin avtobusunu daşlayana bəraət ola bilməz. Bəs, Azərbaycan kubokunun finalında “Neftçi”nin rəsmisi Güloğlan Cabbarov rəqib oyunçuları şil-küt edəndə, yumruq və təpiklə böyük bir tərbiyəsizliyə imza atanda həmin bu Tahir Süleymanov niyə yaxasına “Vandalizm rəqabət deyil” şüarı asıb qəzet və sayt redaksiyalarını, telekanalları gəzmirdi? Həqiqət carçısı, vicdan mücəssəməsi kimi özünü təqdim edən Süleymanov təkcə “Neftçi”nin deyil, bütün Azərbaycan futbolunun adına ləkə vuran, barəsində cinayət işi açılan həmin şəxslə Albaniyaya uçmağa niyə razılaşır, beləsinin törətdiyi əmələ etiraz etmirdi? Baş vermiş vandalizmə qarşı sinəsini niyə qabağa vermirdi? Hə, yadıma düşdü, Tahir Süleymanov hakim olduğu illərdə yanlış qərarlar üzündən sinəsindən çox zərbə aldığından indi artıq başqa yerini qabağa verir…
Lənkəran stadionunda qatı duman olsa da, Mahir Şükürovu görən az qala hər bir azarkeş onun ünvanına söyüş səsləndirirdi. Təbii ki, bu heç də alqışlanan hərəkət deyil. Azarkeş arenaya kimisə söyməyə yox, futbola baxmağa gəlir. Amma bir məsələ var. Camaat niyə məhz Mahir Şükürovu söyür? Bir zamanlar “Xəzər Lənkəran” formasını geyinən, lakin indi müxtəlif klublarda top qovan xeyli futbolçu var. Götürək elə həmin gün meydanda olan Denis Silvanı. Braziliyalı da əvvəllər “ağ-yaşıl” forma geyinirdi. Əzəli rəqibin heyətinə keçəndən dəfələrlə “Fırtınalar meydanı”nda oyuna çıxıb. Bəs niyə lənkəranlı azarkeşlər Denisi bir dəfə də söyməyiblər, yoldaş Süleymanov? Cənublu fanatlar “ağ-qaralar”ın heyətindəki Tərlan Quliyevin, Cavid İmamverdiyevin, törətdiyi yol qəzasında insan ölümünə bais olan Araz Abdullayevin ünvanına niyə söyüş yağdırmırlar?
Bu mövsüm əzəli rəqiblərin Bakıda, 8-ci kilometr tərəflərdə keçirilən oyunu yəqin ki, Süleymanovun yadında qalıb. Qarşılaşmanın əvvəlində “Neftçi”nin kapitanı Rəşad Sadiqovun “Xəzər Lənkəran”ın baş məşqçisi, dünya futbolunda ad qoymuş Con Toşaka necə söyüş söydüyünü hamı eşitdi. Hamıya əxlaq dərsi keçən Tahir Süleymanov kapitanın bu tərbiyəsizliyinə niyə etiraz bildirmədi? Deyəsən, əxlaq məsələsi, mentalitet, böyük-kiçik yeri bilmək ancaq Lənkərana gələndə Tahir müəllimin yadına düşür.
Keçmiş FİFA referesi elə həmin oyunda “Neftçi”nin oyundankənar vəziyyətdən qol vurduğunu niyə bir dəfə də etiraf etməyib? Söhbəti hakimlik məsələsinə nahaqdan gətirmədim. Klubu xal itirən kimi Tahir əfəndi hakim qərəzindən danışır. Hər dəfə də sözündən belə çıxır ki, Azərbaycanda futboldan sorumlu bəzi şəxslər “Neftçi”nin çempion olmasına mane olurlar. Bunun üçün az qala Nikaraqua Milli Cəbhəsi, Zimbabve Azadlıq Hərəkatı və Cibuti Evsiz Sənayeçilər Dərnəyi ilə əlbir olublar. Tahir müəllim, “Neftçi”nin hansı rəsmilərin və hakimlərin köməyi ilə müxtəlif illərdə necə çempion olduğunu Nikaraquada, Zimbabvedə və Cibutidə yaşayanlar eşitməsə də, bizim azarkeşlər yaxşı bilirlər.
Yenə qayıdaq hakim məsələsinə. Tahir Süleymanovun maaş aldığı klub azarkeşlərə son “Böyük oyun”da hakim səhvlərini guya ifşa edən video-çarx təqdim edib. Materialın əvvəlində kadrda “Fırtınalar meydanı” görünür və titrdə Mahir Şükürovun təhqir olunduğu yazılır. Başa düşmürəm, bu kadrın hakim səhvinə nə dəxli? Süleymanov hakim maaşı aldığı illərdə də stadionlarda söyüşün biri təqribən bir qəpiyə idi. Görəsən, Tahir əfəndi azarkeşlərin söyüş söydüyü neçə matçı yarımçıq saxlayıb və ya neçə azarkeşə qırmızı vərəqə göstərib? Lütfən, statistikanı klubunun saytında yerləşdirə bilərmi?
Tahir müəllim son açıqlamalarında AFFA rəhbərliyini Lənkərandakı “Böyük oyun”a getməməkdə qınayır. Hətta konkret adlar da çəkir. Bəli, “Neftçi” də daxil olmaqla bir neçə kluba eyni cibdən pul ayıran AFFA həmin oyunda rəhbərlik səviyyəsində təmsil olunmalı idi. Amma və lakin Süleymanov niyə AFFA prezidenti Rövnəq Abdullayevin adını çəkmir? Hə, tamam unutmuşdum, xatırladım. Ötənlərdə birisi AFFA başqanının adını lazımsız yerə hallandırmışdı, axırı nə oldu? Müsahibədən sonra aftafanı ona həvalə etmədilər.
Çən-duman çəkilib gedən məmləkətimizin hər bölgəsi, rayonu, kəndi gözəldi. Bütün Azərbaycanda olduğu kimi, Lənkəranda da böyük-kiçiyə hörmət, ehtiram var. Xoş niyyətlə gələn qonağın üzünə hər bir qapı açıqdı. Lənkəranlılarda yaxşı bir ifadə var, aranı qarışdıran, haqsızlıq edən, şər atan adam haqqında deyirlər ki, filankəs özünü lap axırıncı yola qoyub.
Futbol idmanın şahıdı. Sənin çalışdığın klub çempion da ola bilər, axırıncı yerdə də gedə bilər. Əsas odur ki, insan axırıncı yolda olmasın…
Mənbə: “Het-trik news” qəzeti
2 thoughts on “Etibar Cəbrayıloğlu: "Axırıncı yoldakı Tahir Süleymanov"”
Comments are closed.
Etibar qardaşım! Rəhmətlik Cəbrayıl əminin halal çörəyi bir daha halal olsun sənə. Bu yazının bir heçə saytlarda da yerləşdirilməsini Sizdən xahiş edirəm. Fikrim odur ki, qoy “Neftçi” rəhbərlərindən qorxub çəkinən jurnalist həmkarların oxuyub nəticə çıxarsın. Bəlkə bu yazını oxuduqdan sonra özlərindəki qorxu hissini dəf edə bildilər.
Çox sağolun, Etibar bəy! Artıq ölkənin əksər aparıcı idman saytları Sizin yazını öz saytlarında yerləşdirib. Bu tip yazılar nə qədər çox yazılsa, təbliğ olunsa ölkə futbolunun inkişafına xidmət etmiş olar. Qaraguruhla futbolun inkişafına nail olmaq olmaz. Bunu bizi istəməyən bədxahlar nəhayət ki, bilməlidir.