“Futbol +” qəzetinin məlumatı (11 iyun 2010 N: 107 (2040)):
Denis Silva “Xəzər Lənkəran”la anlaşdı
Ötən saylarımızdan birində eksklüziv olaraq “Xəzər Lənkəran”ın sabiq braziliyalı futbolçusu Denis Silvanın yenidən ölkəmizə qayıdacağını və sabiq klubunda çıxış edəcəyini bildirmişdik. Həmin vaxt Lənkəran təmsilçisinin vitse-prezidenti Tuyqun Nadirov xəbəri təsdiqləməsə də təkzib də etməmişdi. Ancaq dünən Braziliya KİV-i bizim əldə etdiyimiz informasiyanı qismən də olsa təsdiqləyib. Bu ölkə mətbuatının yaydığı xəbərdə 25-yaşlı müdafiəçinin karyerasını ölkəmizdə davam etdirəcəyi bildirilib. Lakin Denisin Lənkəranda yox, Bakıda çıxış edəcəyi yazılıb. Silvanın ölkəmizdən təklif aldığını yazan həmkarlarımız idda edirlər ki, Azərbaycandan Braziliyaya gəlmiş nümayəndələrin Denisin transferi ilə bağlı danışıqları olub. Bu zaman Denisin ölkəmizdə karyerasını davam etdirəcəyi klub kimi ağıla öncə flaqman gəlir. Məlum olduğu kimi, “Neftçi”nin məşqçisi Bəxtiyar Musayev və klubun vitse-prezidenti Tahir Süleymanov Braziliyaya biraylıq seleksiya xarakterli səfərə yollanmışdı. Üstəlik, Denisin Musayevə yaxşı tanış olduğunu vurğulayaq. Belə ki, Silvanı 2008-ci ilin qışında “Xəzər Lənkəran”a məhz Musayev gətirib. Qeyd edək ki, o həmin vaxt cənub təmsilçisinin seleksiyaçı-məşqçisi kimi Braziliyaya getmişdi.
Maraqlıdı ki, “Neftçi” rəsmisi Silva ilə bağlı suallara cavab vermək istəmədiyini bildirdi: “Bu haqda danışmaq istəmirəm. Xahiş edirəm bununla bağlı sualları mənə ünvanlamayın. Bir həftədən sonra hər şeyi deyəcəyəm. Braziliyada bəyəndiyimiz futbolçuların adını sizə bildirəcəyəm. Dəqiqləşməmiş bir şey deyə bilmərəm. Mən çalışdığım “Neftçi”yə xəyanət etmərəm”. Gördüyünüz kimi Bəxtiyar bəy nədənsə Denislə əlaqədə olduqlarını gizlətməyə çalışır. Son sözləri isə onu ifadə edir ki, Musayev “Neftçi”də işləyə-işləyə sabiq klubu “Xəzər Lənkəran”a heç vaxt gizlincə futbolçu gətirməyə çalışmaz Hər halda dünən qəzetimizə də açıqlama verən “Xəzər Lənkəran”ın çalışdırıcısı Ağasəlim Mircavadov Denisin cənublularda oynayacağını bildirdi. O artıq bir neçə günə müdafiəçinin sənədlərinin Brazikiya Futbol Federasiyasından göndəriləcəyini dedi. Mircavadov Denisin menecerinin türk olduğunu və o vaxt “Xəzər Lənkəran”a transfer olunarkən Türkiyədə komandaya qoşulduğunu da nəzərimizə çatdırdı.
Gördüyünüz kimi, qəzetimizin əldə etdiyi informasiya tam etibarlı çıxdı və Silvanın “Xəzər Lənkəran”a qayıdışı təsdiqləndi. Bununla belə braziliyalı həmkarlarımızın yaydığı xəbərlərin də səhv olduğunu deməyə çalışmırıq. Çünki tam təbii olaraq “Neftçi” tərəfi də bu futbolçunun özü və ya meneceri ilə danışıq apara bilərdi. Sonda bir daha onu da xatırladaq ki, “Xəzər Lənkəran” la qışda müqaviləsinin müddəti bitəndən sonra Braziliyaya qayıdan Denis “Qremio Prudente” klubuna keçib və 12 görüşdə (671 dəqiqə, 2 sarı) forma geyib. 7 matçda start heyətində meydana çıxıb və bunun beşinin əvəzedilmədən keçirib. Həmin 12-görüşdən beşi Braziliya çempionatinin A seriyasına təsədüf edir. Hələlik 7 tur keçirilən çempionatda Silvanın komandası 15-ci yerdədi. Denisin əvəzedilmədən keçirdiyi oyunlardan biri çempionatın lideri “Korintians”a qarşı olub. O həmin görüşdə dünya şöhrətli həmyerlisi Roberto Karlosla qarşılaşıb. Qeyd edək ki, Denis “Xəzər Lənkəran”ın heyətində (53 oyun, 3 qol, 6 sarı) Azərbaycan kuboku və “Birlik kuboku”nu qazanıb.
Arxiv: Bosman.at.ua