Yeni Saytımız, Qara Zolaqdan Çıxmaqda Düşərli Oldu

Bilirsiniz ki, “Bosman” fanklubunun yeni saytı “Bosman.az” Sentyabrın 5-dən fəaliyyətə başlayıb.Ürəyi “Xəzər Lənkəran”la döyünən hər kəsə bu sayt vasitəsi ilə ilk öncə komandamız haqqında xoş xəbərlər çatdırmağı həm biz, həm də sayt izləyiciləri qarşılıqlı olaraq arzulamışdı. Budur çoxdan gözlədiyimiz xoş xəbər!
Mövzuya keçməzdən əvvəl ilk olaraq “Xəzər Lənkəran” sevgisi olanların hər birini VI turda qazanılan qələbə münasibəti ilə təbrik edirik. Sual oluna bilər ki, bu nə qələbədir ki, bunun haqqında belə böyük girişə ehtiyac duyulub. VI turda komandamız doğma şəhərdə paytaxtın “Bakı” klubuna 2:1 hesabı ilə qalib gəlib.
Əslində biz “Bakı”nı dəfələrlə məğlub etməyi bacarmışıq. Hətta səfərdə belə 0:3 hesablı məğlubiyyətə uğratmışıq, kubok yarışlarından kənarda qoymuşuq. Onların da bizə qalib gəldiyi matçlar az olmayıb. Bəs elə isə nədir bu qələbənin dəyəri? Heç burda “Bakı” da söhbətin mövzusu deyil. Söhbət yalnız qələbədən gedir.
Bir müddət əvvəl böyük bir səhv edərək Mirça Redniklə yollarını ayıran klub rəhbərliyi, ardınca klubu uçuruma yuvarlandırdı. Sonrakı dalbadal baş məşqçi dəyişikliyi və heç birinin nəticə göstərə bilməməsi bunu daha da dərinləşdirdi və komanda o kökə qaldı ki, rəhbərliklə, azarkeşlər arasında dərin uçurum əmələ gəldi. Hər şeydən əlləri üzülmüş çoxminli “Xəzər Lənkəran” azarkeşləri ümidsiz və nifrət qarışıq hisslərlə yaşayırdı. Həmişə sivil davranış göstərən bu camiə sanki komanda artıq olmayacaqmış kimi davranırdı. Kiminlə könə ədavəti var idisə, onları buna sövq edənlərlə sanki haqq hesab çəkmək istəyirdi. Bu faciəyə aparırdı. Başa düşən qüvvələr nə qədər müxtəlif yollarla bu halların baş verməməsi üçün çalışıb, iş aparırdısa, əks marağı olanlar da yox deyildi və vəziyyətdən istifadə etməyə çalışırdılar.
Dünya futbol nəhənglərində nəticələri ilə tanınmış olan Con Benjamin Toşak komandaya gətiriləndə, həmişə çempionluq və kubok üçün mübarizə aparan iddialı “Xəzər Lənkəran” ikinci altılıqda mübarizə aparırdı.Ötən mövsüm də son pilləyə yuvarlanan komanda Toşakın gəlişindən sonra da ikinci altılıq komandaları arasında bunca oyuna rəğmən nə nəticə və nə də məntiqli oyun göstərə bilmədi. Ümid qarşıdakı transfer dövrünə qalmalı olmuşdu. Səviyyəli transferlər gözləyən hər kəs daxili çempionatda çıxış edən tör töküntülərə lap üzüldü. Bundan sonra avroliqa fiaskosu, daha sonralar çempionatın 5 turunda cəmi 3 heç-heçə edib, 2-də məğlub olan və bunun nəticəsi kimi 3-xalla turnir cədvəlinin zirzəmisində məskunlaşan komanda bütün inamları sarsıtmışdı. Sonralar elə bunun ucbatından Artıq Toşaka olan ümidlər də puça çıxır, mütəxəssis tənqid atəşinə tutulur və hətta planlarda yumurta atəşinə tutulmaq kimi ayıb, çox ayıb! planlardan söhbət gedirdi. Camiəmiz adına bu ləkə gətirəcək əməl baş tutmasın deyə fəaliyyət göstərdik və məcbur qalıb açıq yazı ilə çıxış edib bu fikirdə olanları, bu yoldan döndərdik. Çox sağ olsun bu işdə bizə yardımçı olanlar və bu əməlin camiəmiz üçün böyük biabırçılıq kimi tarixdə qalacağını anlayıb bu əməldən çəkinənlər.
Ardınca komandaya qoşulan son 3 transferin əhəmiyyətindən danışdıq. Onların gətirdiyi yeni ruh üzərində komandanın köhnə, qara zolaqda ölmüş ruhunun köklənməsinin əhəmiyyətini ortaya qoyduq. Misal üçün “Qarabağ”la oyunda onun ölkəmizə cəmi iki üç gün öncə gəlməsinə baxmayaraq ikinci hissədə meydana daxil olmaqla yarada bildiyi dönüşdən danışdıq. Onunla bərabər komandaya yeni qoşulan iki səviyyəli hesab etdiyimiz futbolçuların, Duqlas Leyte də daxil, əsas heyətin 30% dən çox bir hissəsi olmaqla komandaya yeni ruh gətirməklə artıq müsbətə doğru dəyişikliyin olacağından söz açmışdıq.
Bu yanaşmaya görə bizi qınayanlar da oldu. Hətta bu vəziyyətdəykən belə sakitləşdirici yazıları kiminsə sifarişi ilə yazdığımızı və kimlərə isə işləməkdə suçlayanlar da oldu. Məntiqli izahatdan sonra başa düşüb sonra üzr istəyənlər də oldu. Azarkeşləri də qınamaq olmur. Ümid kəsilə-kəsildə əsəb yorğunluğundan yanaşma tərzində yanlışlığa yol vermə halları olur. Biz bunları bu qəbildən sayırıq. Lakin özümüz yorulmadıq daim komandanın yanında olduq və bu yanında olma həm də obyektiv tənqidlə müşayiət olunmalı idi ki, elə də etdik.
Bizi yalançı inandırıcılıqda suçlayanlara dünənki oyunla daha əvvəlki oyunların fərqini izah etməliyik. Əvvəlki oyunlarda ölmüş komanda ruhu və bunun nəticəsində başıpozuq oyun. Yada salın bu böyüklükdə “Xəzər Lənkəran” azarkeşi Tounkaranın özünəməxsus reydlərinə və alınanda dribliqlərinə ümid bəsləyirdi. Bir oyunda 10-15 belə reydlərdən heç biri nəticə verməyincə, komanda qol vura bilmir və azarkeşlərin də inamı itirdi. Əlbəttə itməli idi də. Reyd və driblinqlərin başlama anı olduğu kimi boğulma anı da var. Ətrafına yığdığın 2-3 oyunçudan sıyrıla bilmirsənsə, sənin bu cəhdin onların arasındaca boğulur. Pele, Maradona və Messidən başqa çox az istedada nəsib olub ki, həmin boğulma anını müvəffəqiyyətlə keçsin. Bəs əvvəllər analizlərimizin birində demişdik ki, Toşak anlamır ki, Tounkaradan Pele olmayacaq? Beləcə demək olar ki, bütün hücumları aparıb rəqib müdafiəçilər arasında boğmaq komandanı və ona olan ümidi daha da öldürür. Boğulma anına qədər gedib rəqib ounçuların bir neçəsini ətrafına yığa bilirsənsə, bu çox yaxşı. Amma oradan onların boşaltdığı, zəifləmiş mövqeyə ya çıxmağı bacarmalısan, ya da komanda yoldaşını həmin mövqeyə çıxarmalısan. 15 min Tounkara ümidi ilə yaşayarsa, bəs necə olmalı idi?
Komandaya yeni gələnlərdən Mbilla Etame fürsət var ikən hücum xəttinin liderinə çevrilmək hissi ilə alışıb yanırsa və buna uyğun istedadı varsa, hücumların təşkilində rol oynayırsa və qol vurmaq üçün lazımi mövqeyə çıxmağı bacarırsa, türk demişkən karabol anında mövqeyi seçib qolunu ata bilirsə, bunun nəyi və harası pisdir? Ya Deyvid Sacconi hücumu gözəl ötürmələri ilə önə daşıya bilirsə, sürətli ağlının hesabına iti hücumların təşkilində tərəfə çevrilirsə, haradan və hansı məsafədən asılı olmayaraq qapıya hiyləgər və sərrast zərbələr endirə bilirsə, Edunun da səviyyəsinə görə oynayacağına ümid varsa, bu uyğunlaşma prosesində daha da canlanacaqsa, ölmüş köhnə ruhlar da diriləcəksə… Bu komandaya inamı bərpa edir. Beləcə formalaşaraq oyununu tapan komandaya növbəti transfer dönəmində də uyğun bir neçə futbolçu da qoşularsa,… Biz bunları analiz edib bu nəticəyə gəlmişdik. Burda Melkiore və Souza faktoru da var.
Bu bir qələbə ilə işlərin tam düzəldiyini demək istəməzdik. Amma iş düşündüyümüz kimi aparılsa komanda daha güclü və əvvəlkitək iddialı olmalıdır. Hər halda mövsümün əvvəlindən qələbə qazana bilməyən komandanın bu qələbəsi nəyinsə başlanğıcı ola bilər və buna ümid böyükdür. Qara zolaqdan komandanın çıxmasına deyəsən çoxlarında ümid az idi. Bunu stadiona oyuna baxmağa gələn azarkeşlərin də sayından hiss etmək olurdu. Komandaya, göstərdiyimiz keyfiyyət dəyişiklikləri fonunda inam onsuz da yaranacaq və artacaq. Çünki bundan sonra azarkeşlərin dəstəyi yeni ruha köklənmiş komanda üçün olduqca vacibdir. Bu vacib amili nəzərə alaraq klub və stadion rəhbərliyindən də tələbimiz odur ki, biletlərin qiymətini əvvəlki standartda aşağı salsınlar.
Axırda hamınıza belə bir sual vermək istəyirəm. Reydləri və “driblinqləri” ilə hücumlarımızı və özünü rəqib müdafiəçilər arasında “boğan” Tounkara gördünüzmü?
Mirhafiz Babayev

9 thoughts on “Yeni Saytımız, Qara Zolaqdan Çıxmaqda Düşərli Oldu”

  1. Hər vaxtınız xeyir! Birinci növbədə qələbəyə görə şəxsən Mirhafiz bəyi və “Xəzər Lənkəran”lıları təbrik edirəm. Bu qələbənin qazanılmasında “Bosman” və “12-ci oyunçu”nun apardığı düzgün təblığatın və maarifləndirmənin rolu danılmazdır. Aparılan düzgün maarifləndirmə və təbliğatın nəticəsində dünənki oyun çox sakit məcrada keçdi. Qaldı analitik yazılar məsələsinə, öncədən verdiyiniz praqnozlar, analizlər günü-gündən özünü doğruldmaqdadır. Hər yeni bir araşdırmanın, yazının “Xəzər Lənkəran”a yalnız xeyri var.
    ******
    Biz də sizin təbriklərə qoşuluruq və bütün “Xəzər Lənkran” sevərlərə daha layiqli komanda , həmçinin böyük qələbələr arzulayırıq. Apardığımız işə böyük dəyər verdiyinizə görə təşəkkür edirik. Biz sizinlə, yəni birlikdə daha güclüyük deyirik!

  2. tomkara topu ozunde coxsaxlayir heqiqetende reqib mudafiesinde boganaga dusur.. Birde mene ele gelirki ELNUR qovulandan sonra hamiya ders oldu.. Allah oninda komeyi olsun.. basqa oyuncularda baxdiki transvar penceresi baglanandan sonra futbolsuz qalacaqlar..
    *****
    Düzgün fikirlərdir. Nizam-intizam qazanılacaq qələbələrin açərıdər.

  3. Mirhafiz bey!-Melkiore ve Souza bu driblinqleri meslehet bilmeyibse niye Toşak Tonkaraya bir soz demirdi!?.Dunya şohretli meşqci yeqin bu driblinqlere vurulmuşdu axi!?.İNDEN BELE TOŞAK TONKARANİN DRİBLİNQLERİ UCUN DARİXMAZMİ!?.Con nese komedik senarini yarimciq qoymali olacaq.Baki ile qelebede Melkiore ve Souzanin işi gorundu.Toşakliq men hecne gormedim.
    *****
    Deməzdim ki, Toşak Tounkaranın driblinqlərinə vurulmuşdu. Hər belə top itirmədən sonra Toşakın ayağa qalxaraq təəssüfləndiyinin neçə dəfə şahidi olmuşuq. Sadəcə kadr çatmamazlığı vəziyyəti dəyişməyə ona imkan vermirdi. Ona yalnız təəssüflənmək qalırdı. Elə bizə də.

    • Eziz Mirhafiz bey!-Xezerde qol duyumu oyuncu yox olduquna göre Xezer kamanda olaraq qelebe qazana bilmir.Gelin araşdiraq: Nildo hucum xettinde ne qeder qollarimizi puc edib?-Eger Mbilla kimi oyuncumuz olsaydi ,yeqin ki ,indi xalimiz 6-reqemi ile ifade olunmazdi.Axi hucumcunu (Nildonu nezerde tuturam) Toşak getirmişdi.Meni qinasanizda sözumu deyerem:Toşak 21-ci esrin meşqcisi deyil.Onun meşqciliyi “SEHRLİ XALAT”-filmindeki kimi kecmişde qalib.Hal-hazirda bu xalat Rednikin elindedir.Sadece hemin sehri oxuyub Redniki geleceye caqirmaq lazimdir.Tessuf ki,klub rehberliyinin hemin sehrli sözu demeye curetleri catmir.Sizce bu xalat hara gonderilmelidir ki ,evvelki kimi tesirli olsun.Teşekkur edirem!
      *****
      Mənə elə gəlir ki, tələsmək lazım deyil, Zəfər bəy! Zaman-zaman hər şey yerini alacaq. Sehirli xalat səbrli olmağı tövsiyyə edir.

  4. Salam.Mirhafiz doktor bütün məqamları əhatəli təhlil rtdiyinə görə ilk növbədə ona öz minnətdarlığımı bildirirəm.Mən bu qələbənin səbəbini və ya görünməyən tərəfini aydınlaşdırmağa çalışacağam.Qləbənin əsas səbəblərindən biri də fiziki hazırlıq üzrə mütəxəsis və Toşaq tərəfindən yaradılmış ciddi məşq rejimidir.Ömrümün 40 ilini idmana həsr edən bir adam kimi şəxsən sizi əmin etmək istəyirəm ki,bu rejim və məşqin ardıcıllığı stabil təmin olunarsa qələbələrin ardı gələcək və XL əvvəlki şöhrətini qaytara bilər.Oyunçuların səviyəsi buna imkan verir.
    *****
    Rakif müəllim dəyərli fikirlərdir.Yazıda da buna toxunmuşuq. Bir də ki, Rednikin vaxtındakı dediyiniz əlamətlərə indi də başlayıblarsa, gec deyil. Ondan öyrənməli hələ çox şeylər var! Təşəkkür edirəm!

  5. Hörmətli admin şəhər uşaqları fan-klubundan nə xəıbər?
    *****
    Oyuna baxmağa Lənkərana getmişdik. İnanın bütün vaxtımız yollarda keçib. Elə indicə çatmışıq. Yəni təxminən gecə saat 1-də. Heç çörək belə yemədən saytı açıb şərhləri cavablandırmağı vacib saydım.

  6. Qelebe munasibetile her kesi tebrik edirem. Doktor Mirhafiz bey size ve Islam beye de tesekkur edirik. Hem her zamanki kimi gozel yazilar yazirsiniz ve hem de ona gore ki ac-susuz istirahetsiz bu ise oz deyerli vaxtinizi ayirirsiz. Inshaallah Xezer Lenkeran ailesi yene sevimli gunler yasayacaq ve bu saytin ve 12-ci oyuncu saytinin xos xeberlerini ve yazilarini oxuyub sevineceyik. Hormetle…
    *********
    Uzaq Polşadan təbriklərinizi səmimi və sevinclə qəbul edirik. Bu işlərdə sizin də bir “Bosman” üzvü kimi kifayət qədər əməyinizin olduğunu deməliyik.

  7. Hər vaxtınız xeyirli olsun! Bəle, bugün Yeni Saytımızın Qədəmləri Düşərli Oldu. Sabahsa “Xəzər Lənkəran”ımız yüksək yerlər uğrunda mübarizə aparanda biz Mirhafiz bəyin başçılığı ilə “BOSMAN.AZ”ın gördüyü işlərin bəhrəsini birlikdə görəcəyik. İlk gündən istər “12-ci OYUNÇU” olsun,istərsədə “BOSMAN.at.ua” həmişə azarkeşlərə doğma olub. Əminəmki, tutduğunuz bu doğru yol, düzgün məram, məqsəd, həmişə “Xəzər Lənkəran”ımıza öz töhvəsini verəcək. Həm azarkeş, həm də sayt istifadəçisi kimi Mirhafiz müəllimdən bir xahişim var. Özünün analitik yazılarının sayını mümkünsə artırsın. Qabaqcadan minnətdarlığımı bildirirəm.
    *****
    Qabil bəy, dəyər verdiyinizə görə təşəkkür edirik. Bundan sonra da çalışacağıq ki, ümidlərinizi doğruldaq.

Comments are closed.