Əvvəlcədən də xəbər verdiyimiz kimi bu gün, “Xəzər Lənkəran”ın heyətinin yeni baş məşqçi Mirça Redniklə, klubun baş ofisində tanışlıq xarakterli görüşü planlaşdırılmışdı. Planauyğun şəkildə futbolçularımız tibbi müayinədən keçdikdən sonra T. Bəhramov adına stadionda ilk məşqinə çıxacaqdı. Məşq prosesi saat 18:00-a təyin edilmişdi, amma bundan bir saat əvvəl isə yəni saat 17:00-da Mirça Rednikin elə həmin stadionun mətbuat zalında ilk dəfə olaraq jurnalistlər önünə çıxacağı da məlum idi.
Mətbuat konfransı başa çatdıqdan sonra, klubun avtobusu stadionun ərazisinə daxil oldu. Avtobusdan düşən futbolçularımız bir yandan, mətbuat konfransından çıxan M. Rednik və köməkçiləri isə digər yandan yaşıl meydana tərəf gələrək birləşdilər. Uzaqdan Rus dilində verdiyi tapşırıqların bəzilərini eşitmək olurdu. Əvvəlcə yüngül isinmə hərəkətləri edən futbolçularımızı daha sonra “Fişka”lar arasında müxtəlif formada qaçıran, baş məşqçi daha sonra toplu çalışmalarla oyunçuları “yüklədi” və onları üç müxtəlif komandaya böldü. Bu komandalardan biri yarıya bölünmüş meydanın bir tərəfində, fiziki hazırlıq üzrə məşqçinin sərəncamında idisə, yerdə qalan iki komanda ikitərəfli oyun keçirməklə M. Rednikin sərəncamında idi.
Sonra uduzan komanda fiziki hazırlıq üzrə məşqçinin sərəncamına keçərək, oradan gələn komanda udan komanda ilə ikitərəfli oyun keçirdilər. Beləcə hər üç komanda bir-birləri ilə ikitərəfli oyun keçirdilər.
Qeyd edək ki, K. Kabral, K. Ağayev və E. Opara fərdi məşqlə kifayətlənməli oldular. Ümumiyyətlə, məşqdə yeniliklər müşahidə olunurdu. Daha sonra bütün komanda medanı yüngül qaçışla dövrə vurub, yerdə uzanmaqla kiçik məşq hərək\tləri edərək tərlərini soyutdular və beləliklə, iki saata yaxın davam edən məşq prosesi başa çatmış oldu.
Onu da deyək ki, futbolçularımız çox səylə və həvəslə bütün məşq prosesində iştirak edirdilər, əhval ruhiyyə də çox yüksək səviyyədə idi. Bunu məşqdən ayrılan zaman Mirça Rednikin də simasıdan aydın oxumaq olurdu.
Məşq bitənə yaxın, Avroliqada cavab oyununa hazırlaşan “Qarabağ” klubu da stadionda göründü və “Xəzər Lənkəran”ın futbolçuları ilə mehriban görüş və qarşılıqlı təbrikləşmədən sonra komandamız stadionu tərk etdi.
P.S. Məşqi izləməyə az sayda olsa da komandamızın azarkeşləri gəlmişdi.
Arxiv: Bosman.at.ua