Avropa liqası 2010/2011 mövsümünə vəsiqə qazanan “Xəzər Lənkəran” futbol klubunun ilkin təsnifat mərhələsindəki rəqibi Moldovanın Beltsı şəhərini təmsil edən “Olimpiya” klubu idi. Nyonda təşkil olunan püşkatmanın nəticəsindən məlum olmuşdu ki, “Xəzər Lənkəran” futbol klubu “Olimpiya” səddini keçdiyi halda, ikinci təsnifat mərhələsində bizi daha səviyyəli və güclü klub olan, Buxarest “Dinamo”su gözləyir.
“Xəzər Lənkəran” futbol klubunun son dövrdə heyət baxımından zəifləməsi, “Olimpiya” səddini keçdiyimiz halda belə, ikinci təsnifat mərhələsində, Buxarest “Dinamo”su ilə oyunun taleyi klubun azarkeşlərini çox narahat edirdi. Alına biləcək acınacaqlı nəticə psixoloji baxımdan həm klubu, həm də azarkeşləri çox çətin bir duruma sala bilərdi. Hər halda builki püşkün diqtəsi ilə, “Xəzər Lənkəran”ın yolları “Dinamo” Buxarestlə kəsişirdi.
Beləliklə, birinci təsnifat mərhələsinin Moldovada keçirilən ilk qarşılaşması 0:0, Lənkəranda keçirilən cavab qarşılaşması isə 1:1 bitincə, növbəti mərhələyə “Xəzər Lənkəran” yox, “Olimpiya” Beltsı klubu vəsiqə qazandı. “Xəzər Lənkəran” iki oyunun heç birində “Olimpiya” Beltsı klubuna məğlub olmadı. Futboldakı mövcud qaydalara görə, rəqib meydanında vurulan bir top (bərabərlik topu olsa belə), onları ikinci mərhələdə, “Dinamo” Buxarestlə üz-üzə gətirməli oldu. Bu halda, “Xəzər Lənkəran”ın yolu “Dinamo” Buxarestlə kəsişməsə də, sonradan klubumuzda baş verən baş məşqçi istefası, təxminən bir həhtə sonra başqa bir formada “Xəzər Lənkəran”la “Dinamo” Buxarestin yollarını kəsişdirməli oldu.
Baş verən baş məşqçi istefasından sonra, təxminən bir həftə boş qalan bu posta klub rəhbərliyi, əvvəllər həmin Buxarest “Dinamo”sunun seçilən bir futbolçusu olmuş, sonradan baş məşqçi kimi bu komandaya çempionluq, kubok və superkubok qazandırmış bir mütəxəssisi dəvət etməsi və onunla ikiillik müqavilə bağlaması, bu illər ərzində onun komandamızı çalışdıracağı ilə dediyimiz kimi “Xəzər Lənkəran”la “Dinamo” Buxarestin yollarını kəsişdirməli oldu. Əslində, Mirça Rednikin uğurları bununla bitmir. Onun “Rapid”lə də eyni uğurlara imza atmasını, “Alaniya” klubunu Rusiya Premyer Liqasına çıxarması və bir çox uğurları da vardır. Bunlardan mətbuat vasitəsilə yəqin ki, oxucularımız tanışdırlar və bu başqa bir yazının mövzusudur. Lakin biz ancaq bu ilki püşkün, komandamızı qarşılaşdıra biləcəyi Buxarest “Dinamo”su ilə meydanda deyil, yollarının bu formada kəsişdiyinə toxunduq.
Ümumiyyətlə, Rumıniya futbolu Avropa və dünya miqyasında öz sözünü demişdir. Avropaya Mirça Luçeskuları, Georgi Haciləri, Adrian İlyeləri, Filipeskuları, Popeskuları və çox-çox məşhur isimləri qazandırmış Rumıniya futbolu, Mirça Rednikin “Xəzər Lənkəran”la uğurlar qazanacağına böyük ümidlər vəd edir. Bunu öz təcrübəmizdən də deyə bilərik. “Xəzər Lənkəran”da əvvəllər çıxış etmiş Robert İlyeş, Daniel Muntyanu, Katalin Lita, İonel Savu, Klaudio Radukanu kimi futbolçuların komandamızda uğurlu çıxışları və onların komandaya qazandırdıqları müvəffəqiyyətləri yada salsaq, buna bir daha əmin ola bilərik.
Arxiv: Bosman.at.ua