4 iyul 2010 tarixindən bu məqsədlə axşam saatlarında ilk məşqinə çıxan komandamız, oyun gününə qədər gündə iki dəfə olmaqla məşqlərini davam etdirəcək. Dünən 5 iyul 2010 tarixində, saat 19-da, axşam məşqinə çıxan komandamız demək olar, hazırki bütün heyətlə baş məşqçi, Ağasəlim Mircavadovun sərəncamında idi. Yalnız yeni transfer olan D. İmedaşvili yoldan gəldiyinə görə məşqə 15-20 dəqiqə gecikdi. Avtomobildən düşərək bazaya yollanan D. İmedaşvili düz 10 dəqiqəyə hazırlaşaraq, artıq məşq gedən stadionun ehtiyat meydançasının kənarında göründü. Meydançanın kənarı ilə bir neçə dəfə qaçaraq dövrə vuran futbolçu sonra komanda ilə birgə məşqlərə qatıldı. Buna qədər isinmə hərəkətləri edən komanda həmçinin ayrı ayrılıqda sürətli qaçışlar yerinə yetirmişdilər.
Kristian Kabral yüngül zədəsi ilə bağlı ayrıca məşq edirdi. Qapıçımız K. Ağayev isə məşqi izləməyə gələn 50-70 azarkeşlə zarafatlar etməyindən qalmırdı. Hətta dünən ilk məşqə gələrkən Lənkərana çathaçatda “QAİ” işçisinin onu saxlayaraq yubatması və bunun nəticəsində onunla söhbətdə məşqə gecikə biləcəyindən də danışmağı unutmadı.
Daha sonra topla başlayan məşq prosesi, ikitərəfli oyunla bir neçə hissə olmaqla davam etdi. “Göy” və “Qırmızı”lara ayrılmış komandalarda əzmkarlıq müşahidə olunurdu. “Göy”lərin isə əsas komanda üzvləri olduğundan ustalıq səviyyəsi daha çox göz oxşayırdı. Elə Z. Ramazanovun da “Göy”lərin heyətindəki oyunu və vurduğu qollar məşqi izləməyə gələnlərin alqışını qazanırdı.
Qeyd edək ki, “Xəzər Lənkəran” məşqlər zamanı iki cür toplardan istifadə etdi. Bunlardan biri ikitərəfli oyun zamanı, həmçinin əsas məşq zamanı, “Adidas” firmasının son dünya çempionatı üçün hazırladığı toplar olan “Jabulani”lərdən ibarət idisə, ikincilər ölçücə çox kiçik olan toplardan ibarət idi.
Sonda yenə topsuz məşqlər zamanı baş məşqçi Ağasəlim Mircavadovun Mario Souzadan, hələ də Braziliyada olan Dieqo Qusmao ilə danışıb danışmadığını öyrənmək istəməsi də diqqətimizdən yayınmadı.
Məşqi izlədi və fotoşəkilləri çəkdi. Mirhafiz M. Babayev 05.07.2010.
Arxiv: Bosman.at.ua