Mustafa Denizli "Xəzər Lənkəran"la bağlı danışdı

“Xəzər Lənkəran” klubunun baş məşqçisi olmağa bir nömrəli namizəd Mustafa Dənizlidir. Futbol11.az saytı bunu nəzərə alaraq, Dənizlini tapıb və danışdırıb.
 
– Mustafa bəy, sizi Azərbaycandan narahat edirik. Bir iki məsələni dəqiqləşdirməliyik…
– Buyurun, sizi dinləyirəm.
 
– İşləriniz necədir?
– Qaydasında, normaldır.
 
– Bir neçə gündür ki, Azərbaycan idman mətbuatının gündəmini zəbt edirsiniz. Məlumata görə, Mübariz Mənsimovun sahibi olduğu “Xəzər Lənkəran”a baş məşqçi gəlirsiniz. Bu barədə fikirləriniz necədir?
– Bəli, bu, doğru informasiyadır. Danışıqlar gedir, hələ ki, tam ortaq məxrəcə gəlməmişik.
 
– Azərbaycanda sizi kifayət qədər tanıyırlar, sevirlər. Maraqlıdır,, siz “Xəzər Lənkəran”ın təklifini qəbul edəcəkmisiniz?
– Xoş sözlərə görə sağ olun. Hazırda durum belədir. Biz görüşürük, danışırıq. Müəyyən planlar var. Hər şeyi danışdıqdan sonra bir qərar verəcəyik.
 
– Mübariz Mənsimovla görüşünüz olubmu?
– Bəli, olub, görüşmüşəm.
 
– Bu görüş nə zaman baş tutub?
– 4-5 gün öncə. (Con Toşak cümə günü istefa verib – red).
 
– “Xəzər Lənkəran”ın durumundan xəbərdarsınızmı?
– Bəli, hər şeyi bilirəm. Mənim ölkə xaricində işləmək təcrübəm var. Əgər “Xəzər Lənkəran”la anlaşa bilsək, Azərbaycan futbolunun inkişafı üçün də əlimdən gələni edəcəyəm.
 
– Hazırda nə kimi problemlər var?
– Siz məni 2 gün sonra axtarsanız, bu barədə daha geniş danışa bilərəm.
 
– Lənkərandakı duruma baxmağı düşünürsünüz?
– Əlbəttə. Gəlib vəziyyətlə yerində tanış olmaq istəyirəm.
 
– Nə vaxt gəlməyi düşünürsünüz?
– 2-3 gün sonra Azərbaycanda olacağam.
 
– Azərbaycanda vaxtilə çalışan türkiyəlilərlə söhbətiniz olubmu “Xəzər Lənkəran” barədə?
– Daha öncə olub. Azərbaycanda işləmiş türkiyəli çalışdırıcıları tanıyıram. Lazım gələrsə, onlardan məlumat ala bilərəm.
 
– “Xəzər Lənkəran” həm də azarkeşi ilə seçilən bir komandadır. Onlara nəsə sözünüz varmı?
– Mən həmişə azarkeşi olan komandalarda çalışmışam. Qismət olarsa, “Xəzər Lənkəran” azarkeşi ilə də görüşəcəyəm. Qismət…
 
 

6 thoughts on “Mustafa Denizli "Xəzər Lənkəran"la bağlı danışdı”

  1. Paslanmışın biridə gəldi.Məşqçilik həyatının sonunda bizə nə verəcək görəsən? Cavan iddiası olan bir məşqçi tapmaq belə çətindi? Bu Dənizli azarkəşlərin rəğbətini qazana bilməyəcək məncə.ancaq xeyirli olsun deməkdən başqa əlimizdən nə gəlirki?

  2. İndicə dəqiq mənbədən aldığım məlumata görə Mustafa Dənizli Lənkərana gəlir. Klubun fəxri prezidentinin şəxsi təyyarəsi ilə yaxın bir saat ərzində Lənkəran hava limanında olacaq.

  3. Aydın olur ki, klubun fəxri prezidenti Mübariz bəy, hələ Toşakın istefasından iki gün əvvəl M.Dənizliylə danışıqlar aparıb. Deməli qabaqcadan qurulmuş plana görə “Bakı” ilə bərbad oyun Toşaka torba tikilməsini bir daha sübut edir. İndi kim qaranti verə bilər ki, eyni senarini Mustafa bəyə də tətbiq etməyəcəklər. Ya Allah, bizə səbr ver!

  4. Buna nə yazcqsınız “Qoja Qarğa “?”Qoja Qartal”ımızı hürkütdülər pırr edib uçdu.Qarğanın ömrü isə 300 ildir .Çətin uçsun.
    *****
    “Qoja bağban” haqqında bir yazı planlaşdırıram, amma rəsmiləşməyi gözlədim ki, birdən xəbərlər yalan olar. Boşuna enerji itirərik.

Comments are closed.