Mustafa Denizli "Xəzər Lənkəran"ın baş məşqçisi kimi ictimaiyyətə təqdim olundu

“Xəzər Lənkəran” yeni baş məşqçisi Mustafa Dənizlini ictimaiyyətə təqdim edib. Cənub təmsilçisinin vitse-prezidenti Tuyqun Nadirov, klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu və türkiyəli mütəxəssis “Fairmont Hotel”də jurnalistlərin suallarını cavablandırıb.
– Komandanı kubok oyununa çıxardınız. Necə təsir bağışladı?
– Azərbaycan və Türkiyə mətbuatını burda görməkdən şadam. Mənim üçün yeni bir həyəcandır. Bura gəlməyimin əsas məqsədi klub prezidentini tanımağımdır. Sadəcə, “Xəzər Lənkəran”la yox, digər qurumlarla da təcrübəmi paylaşmaqdır. “Xəzər Lənkəran”ın uşaq futbolunu yüksəltmək lazımdır. Mübariz Mənsimovla İstanbulda 3 il əvvəl “Beşiktaş”da bir yerdə olmuşuq. “Xəzər Lənkəran”ı imkan olduqca avrokuboklarda təmsil etmək, ölkə kubokunda irəli getmək istəyirik. Gələcək üçün çalışmalar edəcəyik. Gələcəkdə 4 oyunçudan ikisinin 21 yaşadək olması bizim çalışmalarımıza təsir edəcək. Azərbaycan xalqının həzz alacağı bir komanda qurmaq istəyirik. Komandanı tanıyıram. Amma daha da tanımağım lazımdır. Burda olmaqdan son dərəcədə məmnunam. Bura mənim öz ölkəm kimidir. Burda çətinlik, uyğunlaşma çəkməyəcəm. Uzun müddətdən sonra Bakıya gəlirəm. Sanki burda çoxdandır ki, oluram.
 – I dəstə təmsilçisi olan “Neftçala”nı keçəcəyinizi gözləyirdinizmi və heyətə Türkiyədən futbolçu cəlb ediləcəkmi?
– Dünənki rəqibimiz 1-ci liqada mübarizə aparırdı. Hər komanda kimi, dəyərli rəqib idi. İlk oyunumuzdakı nəticə bizə yaxşı təsir etdi. Dövrələrarası fasilədə transfer ehtiyac olarsa, ediləcək. Bu xaricdən də, Türkiyədən də ola bilər. Türkiyədə oynamaq şansı əldə etməyənlər varsa və burda adaptasiya prosesi olmayacaqsa, ilk transferlərimiz Türkiyədən olacaq. Burda U-21 və 4 azərbaycanlı futbolçunun oynamasını fikirləşməliyik. İlk mərhələdə ilk 3 çempionat oyununda yaxşı nəticə qazanmaqdır.
– Yaxın keçmişdə “Xəzər Lənkəran”a Türkiyədən artıq üçüncü baş məşqçi gətirilir. Bu amil sizi narahat etmir ki?
– Türkiyədə də çox sayda məşqçi dəyişikliyi olur. Mən öz işimə fikir verirəm. Ən azından 2 il işləmişəm. Çoxusu ilə ortaq şəkildə yollarımızı ayırmışam. Burda ortaya qoyulan hədəflərimə çatacam. İnşallah, mən müqaviləmi daha uzun müddətə uzadaram.
– Türkiyə kubokunun dünən keçirilən görüşlərində fərqli nəticələr qeydə alındı. Bu haqda fikirləriniz…
– Kubok matçlarında sürprizlər olur. Bu, Azərbaycanda da belədir. Rəqibimizin 1-ci liqadan olması heç nəyi ifadə etmir. Kubok oyunlarında səhvə yol vermək olmaz. Çempionatda bunun əvəzini çıxmaq olar. “Trabzonspor”, “Fənərbaxça”nın mərhələ adlamamağı motivasiyanın azlığındandır. Bundan əvvəl “Qalatasaray” da mübarizəni dayandıra bilərdi. Mən həmin görüşə canlı baxırdım. “Qalatasaray” 2 top fərqilə öndə idi. Oyundan tez çıxdım, evə çatanda artıq hesab 2:2 idi. Rəqiblərimizin ona görə də kim olmasının fərqi yoxdur. Kubok oyunları bir matçdan ibarət olur. Sadəcə, “Araz” növbəti mərhələyə çıxsa da, aşağı dəstə komandalarının burda sürpriz etmək imkanı böyükdür.
 – Çempion olmaq üçün sizə nə qədər vaxt lazımdır?
– Çempionluğu qazanmaq asan deyil. Bu, ilk mövsümdə də ola bilər, sonrakı mövsümdə də. Mən işə mövsümün gedişində başladım. Bizi qabaqlayan komandalarla “Xəzər Lənkəran” arasında xeyli fərq var. Biz fərqi aradan qaldırmaq üçün yalnız qalib gəlməliyik. Qarşıdakı oyunlarda fərqi azaltsaq, qış fasiləsində daha güclü olmaq üçün planlar quracağıq. Çalışdığım dövrlərdə favorit olmadığımız görüşlərdə qalib də gəlmişik, favorit olduğumuz oyunlarda uduzmuşuq da. Ümidvaram ki, yuxarı pillələrə çatacağıq. Biz yalnız öz strategiyamızı müəyyənləşdirəcəyik. Bu, bir həqiqətdir ki, hədəfim ilk “üçlüy”ə düşməkdir.
– “Çaykur Rizəspor”un qazaxıstanlı futbolçuları Samad Smakov və David Loriyanı heyətə gətirmək istədiyiniz deyilir…
– Mən bunu ilk dəfə eşidirəm. Belə bir şey yoxdur. Türkiyə mətbuatında 6 milyon avro alacağım barədə yazılan xəbərlər də yalandır.
– Bu il klubun 10 illiyidir. Sizin üçün cari mövsümün əsas hədəfi kimi ölkə kubokunu qazanmaq saya bilərikmi?
– İnşallah, bu il muzeyimizə bu kuboku aapara bilərik. Hər şey düşündüyümüz kimi olar. İlk ildə Azərbaycanda hamıdan çox mən istəyirəm ki, kubok qazanaq. Azarkeşlər də buna dəstək verəcəklər. 10-a yaxın kubok qazanmışam. Bunlardan ikisi ölkə kubokdur.
– Hansı mövqeləri gücləndirmək istəyirsiniz?
– Hamı bəzi qərarları tez verməklə, səhvə yol verə bilər. Qarşıda 3 oyunumuz var. Bu görüşlərdən sonra dəqiq qərarımı verəcəm. İndiki halda, bunu açıqlamaq tezdir.
– Con Toşakın burda niyə uğursuzluqla üzləşdiyinin səbəbini öyrənmisizmi?
– Niyə bacara bilmədi? Mən bir türkəm, öz dilini bildiyimiz yerə gəldim. Azərbaycan Con üçün yad ola bilər. Amma mənim üçün belə deyil. Ancaq bu, Toşakın uğurlu olub-olmaması ilə bağlı olmaya da bilər. O, İngiltərə, İspaniyada da uğursuz ola bilərdi.
– Burda olduğunuz müddətdə Lənkəran mətbəxinin xörəyi olan ləvənginin dadına baxa bilmisiz?
– Baxmışam, yaxşıdır (gülür).
– “Neftçi” ilə bağlı fikirlərinizi də bilmək istərdik...
– Bilirəm ki, burda bu oyun derbi sayılır. Ancaq Türkiyədə belə derbiləri çöx görmüşəm. Ona görə də heç bir problem yoxdur.
– 1,5 il müddətinə müqavilə bağlamısız. Müqavilənizin müddəti bitdikdən sonra artıracaqsınız?
– Futboldakı fəaliyyətim dövründə ən qısa iş yerim ötən mövsüm “Rizəspor”da olub. O klubda işimi davam etdirmək istəyirdim. Amma anlaşa bilmədiyimiz üçün alınmadı. Qalan müqavilələrim ən azı 2 il davam edib. Mən qısamüddətli çalışmağı sevmirəm.
 
Mənbə: Apasport.az

5 thoughts on “Mustafa Denizli "Xəzər Lənkəran"ın baş məşqçisi kimi ictimaiyyətə təqdim olundu”

  1. Axşamınız xeyir, Mirhafiz müəllim! Mustafa Dənizlinin müsahibəsi mükəmməldir. Mustafa bəy jurnalistlər və oxucular üçün qaranlıq bir məqam saxlamadı. Verilən suallara olduqca nikbin cavablar verməsi məndə bir ümid hissi oyatdı. Müstafa bəyə yeni komandasında zəfərlər arzulayıram. Komandasıyla birgə səsi Avropa arenalarından gəlsin.
    *****
    Hər vaxtınız xeyir Qabil bəy və sayt izləyiciləri. Biz də Mustafa bəyin işinə nikbin yanaşırıq.

  2. Mustafa Dənizli peşəkar məşqcidir ,dunyagöruşu ve işlədiyi kamandaya urəkdən bağli olan futbol adamidir.Verdiyi aciqlamalar bunun bariz subutudur.Toşakla bağli suala cox mudrikcəsinə cavab verib və elə bilirsən ki bu kamandada coxdan işləmiş biridir.Buda onun həyat məktəbinin təcrubələrindən irəli gəlir ki ,derbilərdən cəkinmədiyini söyləyib.Nə deyirik ki…..Mustafa bəy!.Sizin uğurunuz elə bizim sevincimizdir.Bu umidlə elə biz gələcəyə baxmişiq ki, guclu kamandamizla fəxr edək.Həmişə yaninizdayiq və həmişə sizləri izləyirik!

  3. admin xezer inter oyununu interin sayti ve ya internetde gosterecekler?
    *****
    Adətən “İnter” öz oyunlarını rəsmi saytları vasitəsilə translyasiya edir.

Comments are closed.