Bu gün, Mirça Rednikin “Xəzər Lənkəran”la iknci günün məşqi keçirildi. Axşam məşqi Zabrat qəsəbə stadionunda saat 18:30-a planlaşdırılmışdı. Məşq elə planlaşdırıldığı vaxtda da başladı.
Dünənki məşq kimi futbolçular meydanı dövrə vuraraq, isinmə hərəkətləri etdilər. Sonra “fişka”lar düzüldü və topsuz hərəkətlərlə onların arasında irəli-geri, sağa-sola və s. müxtəlif hərəkətlər edən futbolçulara azacıq dincəlmə imkanı verildi. Ümumiyyətlə hava çox isti olduğundan məşq boyu baş məşqçi futbolçulara tez-tez kiçik dincəlmə imkanı verir və su içib sərinlənmələri üçün şərait yaradırdı.
Sonra məşq, həndbol tipli xarakterdə davam etdi ki, bunun üçün də umumi komanda iki ayrı-ayrı hissəyə bölünmüşdü. Təxminən iyirmi dəqiqə davam edən bu məşqdən sonra, yenə ikitərəfli amma qapısız, futbol oynandı ki, bunda da məqsəd futbolçuların tez və bir-birlərinə dəqiq ötürmə etmələri üçün idi. Bunu qeyri-dəqiq ötürmələr zamanı M. Rednikin bərkdən qışqırmasından da başa düşmək olurdu.
Yenə azacıq fasilədən sonra, təxminən 1/3 qədər “qısaldılmış meydançada” ikiyə ayrılmış komanda üzvləri futbol oynadı, xoş mənada səs-küylü keçən bu futbol oyunu, oyunçuların yüksək əhvalından xəbər verirdi. Məşq prosesi bütün komanda heyətinin birlikdə meydanı yüngül qaçışla dövrə vurması ilə yekunlaşdı ki, finişə çatdıqda bütün komanda əl çalmaqla öz bugünki məşqlərini alqışlamış oldular.
Onu da deyək ki, dünən olduğu kimi K. Kabral, E. Opara meydanboyu qaçışla kifayətlənməli oldular. K. Ağayev isə bu gün qismən məşqlərə qoşulmaqla, deyəsən zədəsinin ciddi olmadığını sübut etməyə çalışdı.
Məşq yekunlaşdıqda “Bosman” fanklubunun üzvləri Mirça Rednikə yaxınlaşdılar. Tərcüməçi vasitəsilə ayaqüstü qısa söhbətləşmə zamanı, tərcüməçi “Bosman” fanklubu haqda məlumat verdi. M.Rednik bundan çox şad olduğunu dilə gətirdi və nə vaxt fanklubun toplantısı olsa onu da dəvət etməyimizi xahiş etdi, həvəslə iştirak edəcəyini vurğuladı. Eyni zamanda fanklubumuz adından və bütün “Xəzər Lənkəran” azarkeşlərinin də ondan çox şey gözlədiyimizi söylədik. Həm baş məşqçi ilə birlikdə şəkil çəkdirib və həm də Mirça Rednikin “Xəzər Lənkəran” formasında ilk fotoşəklini çəkərək saytımızda ilk olaraq təqdim edirik.
Sabah üçün də səhər və axşam olmaqla iki məşq nəzərdə tutulub. Lakin axşam məşqinin yeri və saatı bilinmədiyindən, məlumat əldə edən kimi saytımız vasitəsi ilə sizlərə çatdıracağıq.
Arxiv: Bosman.at.ua