Mirça Rednik – "Ürəkli oğlan!"

“Xəzər-Lənkəran”da baş verən baş məşqçi dəyişikliyi, Mirça Rednikin bu posta gətirilməsi ilə nəticələndi. Bu xəbərin çıxmasının ardından həm “Xəzər Lənkəran” azarkeşləri, futbol ictimaiyyəti və həm də media bu mütəxəssislə daha yaxından maraqlanmağa və onun “Xəzər Lənkəran”a nə dərəcədə xeyir verəcəyi ilə bağlı müzakirələrə başladı. Artıq maraqlananlar Mirça Rednikin həm futbolçu həm də məşqçilik karyerası ilə kifayət qədər tanışdı
İndi qalır ikinci bir məsələ, yəni onun  “Xəzər-Lənkəran”a nə dərəcədə xeyir verə biləcəyi ilə bağlı məsələ. Özü də çempionluğun son anda əldən verilməsi, kubokun finalındakı məlum uğursuzluq və Avropa liqasındakı “Olimpiya” Beltsı klubu ilə ilkin təsnifat mərhələsinin daha bir uğursuz nəticə ilə bitməsindən sonra. Bütün bunlarla bərabər ölkə çempionatının başlamasına çox az bir zaman qaldığı ərəfədə. O ərəfədə ki, klubun bir çox əsas fiqurları sayılan futbolçularla yollar ayrılmışdı. Nə isə vəziyyəti çətinləşdirən, azarkeşlərin müəyyən qisminin klubdan küsdüyü bir zamanda və bir sıra irili-xırdalı başqa problemləri də buraya əlavə etsək vəziyyətin nə qədər ciddi olduğu aydınlaşır. Həmçinin premyer liqamızın bəzi klubları həmişəkindən fərqli olaraq bu il məşqçi və futbolçu heyətlərini xeyli gücləndirdiyi bir məqamda, daim iddialı olması ilə seçilən klubumuzun bu ərəfədə çətin durumda olduğu gün kimi aydın görünür.
Problemlərin müəyyən hissəsini sadaladığımız bu çətin məqamda, bir mütəxəssis kimi Mirça Rednikin nəyə qadir olduğu ortaya çıxacaq. Məhz klub rəhbərliyinin nəyə görə ona üstünlük verməsi aydınlaşacaq. Yəqin ki, bütün bunları Mirça Rednik özü də dərk etməmiş deyil. Onun komandamızla müqavilə bağladığı andan çox keçməsə də, iki gün yarm ərzində yəni Bakı şəhərində beş məşq keçməsi prosesi və ardınca Lənkəran şəhərində klubun bazasında gündə iki dəfə olmaqla məşqlərin ciddi şəkildə davam etməsi, bununla yanaşı daha bir neçə əsas heyətə daxil olan futbolçunun göndərilməsi Mirça Rednikin nə dərəcədə “ürəkli oğlan” olmasına aydınlıq gətirir. Həmçinin özü ilə gətirdiyi fiziki hazırlıq üzrə mütəxəssis olan Mixay Kejanın nə qədər professional və tələbkar olduğunu da bura əlavə etsək, demək olar ki, hər iki mütəxəssisin “qollarını çırmalayıb” çox ciddi bir işə girişməkdə olduqlarını aydın görə bilirik.
O cümlədən Mirça Rednikin vətəni olan Rumıniya mətbuatının ona ayırdığı gündəlik diqqəti də bura əlavə etsək, bu mütəxəssis haqqında bizim yüksək fikirə gəlməyimizə gətirib çıxarır. Mirça Rednikin “Xəzər-Lənkəran”dan bəzi əsas heyət oyunçularını kənarlaşdırması, (hansı ki, onların arasında həqiqətən güclü, hər kəs tərəfindən bəyənilən və öz ustalığı ilə seçilən futbolçular da var idi) onu göstərir ki, o, komandada köklü, yəni sistem dəyişikliyi etmək niyyətindədir.
“Xəzər-Lənkəran”da Rednikdən əvvəl də güclü futbolçuların olduğunu inkar etmək mümkün deyil. Sadəcə onların hərəsinin ayrı-ayrılıqda başqa-başqa sistem oyunçuları olduğunu demək mümkündür. Elə ona görə də bəzən oyunun alınmaması buna sübut kimi göstərilə bilər. Yəqin bu məqsədlə də Rednikin qurmaq istədiyi yeni oyun sisteminə uyğun gəlmədiyi üçün göstərdiyimiz bəzi futbolçular komandadan kənarlaşdırıldı. Rednikin komandaya cəlb etdikləri futbolçular da onu deməyə əsas verir ki,  “Xəzər-Lənkəran”da bundan sonra sürətli, qısa ötürməli çoxgedişli ağıllı.kombinasiyalı hücum futbolunun şahidi olacağıq. Həmçinin belə futbol, müasir Avropada oynanılan futbolun eyni olacaq.
Mirça Rednikin daha bir üstünlüyü də onun komandamıza gəlməzdən əvvəl də beynindəki hazır planın olması ilə əlaqədardır. Çünki, təəccüblü bir qısa zaman kəsiyində onun hansı futbolçuları “Xəzər-Lənkəran”a gətirmək istədiyi və bir neçəsinin də qış transfer dövründə komandaya cəlb etməsini açıqlaması bunu deməyə əsas verir. Onun nəzərdə tutduğu futbolçuların isə sıradan bir futbolçu olmadıqlarını nəzərə alsaq və aldığımız məlumatlarda həmin futbolçuların Avropa təcrübəsi olmasına baxmayaraq sanki Rednikin təklifini həvəslə  gözləyirmişlər kimi xəbərlər də onun əvvəllər işlədiyi klublarda futbolçular arasında olan nüfuzunu göstərən bir amildir. Məhz bu amilə görə onlar Azərbaycanda oynamağa həvəslə razı olurlar desək bəlkə də yanılmarıq.
Rednikin komandamıza gətirdiyi və gətirmək istədiyi futbolçular haqda bəzi məlumatları da bura əlavə etsək komandamızın gələcəkdə çox yaxşı təsir bağışlayacağına əminlik artır.
Məlum olduğu kimi, Mirça Rednik, Stanku Stelian, Dieqo Ruiz və Katalin Domanın transferinin ardınca tanınmış hücumçu Marius Nikulaeyə diqqət ayırıb.
Marius Nikulae vətənində yalnız Buxarest “Dinamo”sunda oynayıb. Hücumçu Portuqaliyada “Sportinq”, Belçikada “Standard”, Almaniyada “Mayntz”, Şotlandiyada “İverness”də oynayıb. Maruis 2000-ci ildə “Dinamo” ilə “qızıl dubl”a imza atıb. O, 2002-ci ildə “Sportinq”in heyətində Portuqaliya çempionluğu, kuboku və Superkobukunun qalibi olub. Marius Nikulae 2000-ci ildən əsas yığmaya cəlb olunur və 29 oyuna 13 qol vurub.

Bunlardan əlavə də bir neçə tanınmış və istedadlı futbolçuların komandaya keçidinin planda olduğunu nəzərə alsaq, belə çətin vəziyyətdə Rednikin nələr etmək istəyinə və dediyimiz kimi onun “ürəkli oğlan” olduğuna bir daha əmin olmaq istəyərdik.
Uğurlar sənə “Xəzər Lənkəran”!
 
Arxiv: Bosman.at.ua