Mirça Rednik: “Futbolun inkişafında pul vacib şərtdir”

Mirça Rednik: “Futbolun inkişafında pul vacib şərtdir”
 DİABATENİN LƏNKƏRANA GƏLİŞİ BAŞ TUTMADI
“Xəzər Lənkəran” klubunun rumuniyalı baş məşqçisi Mirça Rednik ölkəsindən olan jurnalistlərə müsahibə verib. Dediyinə görə, təcrübəli mütəxəssis, Lənkərana yalnız çempion olmaq üçün gəlib. Onun sözlərinə görə, “Xəzər Lənkəran”ın ilk rumuniyalı baş məşqçisi kimi tarixə düşmək istəyir: “Bunu həyata keçirmək üçün isə artıq 6 rumuniyalı futbolçunu Lənkərana gətirmişəm. Bu futbolçular mənə çox tanış olduqları üçün məhz onların transferini daha məqbul saymışam. Transfer olunan futbolçulardan Konstantin Arbanas, Dieqo Ruis, Stelian Stanku, Denis Romanov və Adrian Yordaşe Lənkərana 1 milyon avroya gəlməyə razılıq veriblər. Həmin futbolçulardan yalnız Rumuniyanın “Arceş” klubundan transfer olunan Katalin Doman 200.000 dollar müqabilində klubla müqavilə imzalayıb. Lakin Zie Diabatenin “Xəzər Lənkəran”a keçidi baş tutmayacaq. Buna “Dinamo” klubunun rəhbərliyi mane oldu. Bolqarıstanlı Venkov və uruqvaylı Leytesin “Dinamo”nu tərk etməsindən sonra komandada sol cinah müdafiəçisi kimi oynaya bilən bir futbolçu – Bazzi qalırdı. Bunu nəzərə alan rəhbərlik Diabateni saxlamağı lazım bilib”.
Bununla belə, Rednikin komandası Azərbaycan Premyer Liqasının ilk turunda ingilis mütəxəsis Toni Adamsın komandası olan “Qəbələ”ni 1-0 hesabı ilə məğlub etməklə öz iddiasını ortaya qoymuş oldu. Necə deyərlər, Rednikin rəsmi debütü onun üçün uğurlu oldu. Qeyd edək ki, bu oyunda rumun futbolçulardan yalnız Stelian Stanku və Dieqo Ruis iştirak edib. Rednik “Xəzər Lənkəran” klubunun 15.000 tamaşaçı tutumuna malik olan stadionunun UEFA tərəfindən tanınmasını da komanda üçün müsbət hal sayıb: “Gələcəkdə Avropa turnirlərindəki oyunları Lənkəranda qəbul etməyimiz bizim xeyrimizə işləyəcək. Azarkeşlərin də çılğın olması məni heyran edir. Bildiyimiz kimi, futbolun inkişafında pul vacib şərtdir. Dünya ölkələrində iqtisadi böhran olmasına baxmayaraq, bir neçə tanınmış futbolçu öz karyerasını Azərbaycanda davam etdirmək istəyir. Bu isə ölkədə futbolun inkişaf etdiyini göstərir.                 Kamerunlu Joel Epalle və toqolu Dare Nibombenin “Bakı”da, latviyalı Andrey Rubinsin “Qarabağ”da, belçikalı Emil Mpenza və makedoniyalı İqor Mitreskinin “Neftçi”də və yamaykalı Deon Bartonun “Qəbələ”də çıxış etmələri buna əyani sübutdur. Bundan əlavə Toni Adams, Vinfred Şefer, Berti Foqs kimi tanınmış futbol mütəxəsislərinin də Azərbaycanda çalışması bu ölkənin futbolunun yaxın gələcəkdə yüksək inkişafa nail olacağını göstərir”.
 Mənbə: Qol.az
 
Arxiv: Bosman.at.ua