Milli Mətbuat Günü

“Bosman” fanklubu, ölkəmizin layiqli mətbuat işçilərini, Milli Mətbuat Günü münasibəti ilə ürəkdən təbrik edir, onlara can sağlığı və işlərində yeni-yeni uğurlar arzulayır.
Ölkə insanının təfəkkürünün inkişafında və çağdaş dünya birliyində öz layiq olduğu yeri almasında əvəzsiz rolu olan mətbuatın nümayəndəsi olmağın, nə qədər şərəfli bir vəzifə olduğunu və bunun bütün sahələrdə o cümlədən, idman sahəsində ölkəmizin inkişafının əsas meyarı olduğunu dilə gətirərək bir daha, Bayramınız Mübarək olsun deyirik!
“Bosman” fanklubunun idarə heyəti       22 iyul 2015

_________________________________________________________________________________________________________________________
Milli Mətbuat Günü
Bu gün Azərbaycan jurnalistlərinin bayramıdır.
Ötən əsrin 80-ci illərindən milli mətbuat azad və demokratik mətbuat missiyasının, insanların düşüncə və sözlərinə hörmətin, yeniləşən informasiya vasitəsilə operativ məlumatlandırmanın, plüralizm və tolerantlıq ideyalarının daşıyıcısı olub. Bu gün tez-tez dördüncü hakimiyyət adlandırılan mətbuat Azərbaycanda bir çox proseslərin şəffaflığına və hakimiyyətin üç “klassik” qolunun (icra, qanunverici, məhkəmə) fəaliyyətinin yaxşılaşdırılmasına səbəb olur.
Maarifçilik hərəkatının görkəmli xadimlərindən olan Həsən bəy Zərdabi 1875-ci ilin 22 iyulunda Bakıda qubernator mətbəəsində Azərbaycan dilində “Əkinçi” qəzetinin nəşrinə nail olub. Bununla da milli mətbuatın əsası qoyulub. 1877-ci ilin 29 sentyabrına qədər çapını davam etdirən qəzet ayda iki dəfə 300-400 tirajla nəşr olunub. Bu illər ərzində qəzetin 56 nömrəsi çıxıb.
1991-ci ildə Azərbaycanın müstəqillik əldə etməsi mətbuatın inkişafına da təsir etdi. Əsası Nəcəf Nəcəfov tərəfindən qoyulan “Azadlıq”, eyni zamanda “Azərbaycan”, “Odlar Yurdu” və s. kimi qəzetlər ictimai fikrin formalaşmasına ciddi təsir göstərdi. Hazırda ölkədə çoxlu sayda qəzet və jurnal nəşr olunur.
Bir çox demokratik ölkələrdə olduğu kimi, Azərbaycanda da Mətbuat Şurası yaradılıb və “Mətbuat Haqqında Qanun” qəbul edilib. Azərbaycan Respublikasının 1995-ci ilin noyabrında ümumxalq səsverməsi ilə qəbul edilən Konstitusiyasının 50-ci maddəsində söz, azad məlumat toplamaq azadlıqları, öz baxışlarının azad ifadə edilməsi və digər azadlıqlar möhkəmləndirilib. Digər Qanunverici Aktlarında da möhkəmləndirilmiş azadlıqlar – vətəndaşların qanuni yolla informasiya tapmaq, almaq, hazırlamaq, ötürmək və yaymaq hüquqları dövlət təminatına əsaslanır. Azərbaycan Respublikası insan hüquq və azadlıqlarının təmin olunması üzrə bir sıra Beynəlxalq Konvensiya və Sazişlərə qoşulub.
Təəssüf ki, bir sıra hallarda bu qanun və sazişlərdən gələn tələblər bəzi qurumlar tərəfindən pozulsa da hələ ki, əsasən riayət olunur. Dövr və zamanın “tələblərinin” formalaşdırdığı bəzi üzdəniraq kadrlar olsa da bu gün əsl mətbuat işçiləri günüdür. Əsl mətbuat işçilərini təbrik edirik!
.22 iyul Milli Mətbuat Günü 1991-ci ildən Azərbaycan jurnalistlərinin peşə bayramı kimi qeyd edilir.

2 thoughts on “Milli Mətbuat Günü”

  1. Axşamınız xeyir, Müəllim. Milli Mətbuat Günü münasibətiylə yurnalistlərimizin peşə bayramı təbriklərinə mən də qoşuluram.
    Onu da qeyd edim ki, hər iki övladım televiziya yurnalistidir. Onlara həmişə dönə-dönə xatırladıram ki, jurnalistin operativ,vicdanlı, dəqiq,cəsarətli və qərəzsiz keyfiyyətlərə malik olması onun peşəkarlığının təsdiqidir.
    *****
    Sizin də axşamınız xeyirli olsun, Qabil bəy! Hər iki gənc jurnalist balanı da Milli Mətbuat Günü münasibəti ilə burdan təbrik edirik.

Comments are closed.