Milli Mətbuat Günü

Bosman loqo XL loqolu
“Xəzər Lənkəran” futbol klubunun “Bosman” fanklubu, ölkəmizin bütün mətbuat işçilərini, Milli Mətbuat Günü münasibəti ilə ürəkdən təbrik edir, onlara can sağlığı və işlərində yeni-yeni uğurlar arzulayır.
Ölkə insanının təfəkkürünün inkişafında və çağdaş dünya birliyində öz layiq olduğu yeri almasında əvəzsiz rolu olan mətbuatın nümayəndəsi olmağın, nə qədər şərəfli bir vəzifə olduğunu və bunun bütün sahələrdə o cümlədən, idman sahəsində ölkəmizin inkişafının əsas meyarı olduğunu dilə gətirərək bir daha,Bayramınız Mübarək Olsun ! deyirik
“Bosman” fanklubunun idarə heyəti       22 iyul 2010

_________________________________________________________________________________________________________________________
Milli Mətbuat Günü
Bu gün Azərbaycan jurnalistlərinin bayramıdır
Fanat: Bu gün Azərbaycan mətbuatının bayramıdır. Belə ki, ölkəmizdə ilk mətbuat orqanının – Həsən bəy Zərdabi tərəfindən nəşr edilən “Əkinçi” qəzetinin yaranmasından 135 il ötür.
Ötən əsrin 80-ci illərindən milli mətbuat azad və demokratik mətbuat missiyasının, insanların düşüncə və sözlərinə hörmətin, yeniləşən informasiya vasitəsilə operativ məlumatlandırmanın, plüralizm və tolerantlıq ideyalarının daşıyıcısı olub. Bu gün tez-tez dördüncü hakimiyyət adlandırılan mətbuat Azərbaycanda bir çox proseslərin şəffaflığına və hakimiyyətin üç “klassik” qolunun (icra, qanunverici, məhkəmə) fəaliyyətinin yaxşılaşdırılmasına səbəb olur.
Maarifçilik hərəkatının görkəmli xadimlərindən olan Həsən bəy Zərdabi 1875-ci ilin 22 iyulunda Bakıda qubernator mətbəəsində Azərbaycan dilində “Əkinçi” qəzetinin nəşrinə nail olub. Bununla da milli mətbuatın əsası qoyulub. 1877-ci ilin 29 sentyabrına qədər çapını davam etdirən qəzet ayda iki dəfə 300-400 tirajla nəşr olunub. Bu illər ərzində qəzetin 56 nömrəsi çıxıb.
1991-ci ildə Azərbaycanın müstəqillik əldə etməsi mətbuatın inkişafına da təsir etdi. Əsası Nəcəf Nəcəfov tərəfindən qoyulan “Azadlıq”, eyni zamanda “Azərbaycan”, “Odlar Yurdu” və s. kimi qəzetlər ictimai fikrin formalaşmasına ciddi təsir göstərdi. Hazırda ölkədə çoxlu sayda qəzet və jurnal nəşr olunur.
Bir çox demokratik ölkələrdə olduğu kimi, Azərbaycanda da Mətbuat Şurası yaradılıb və “Mətbuat haqqında” Qanun qəbul edilib. Azərbaycan Respublikasının 1995-ci ilin noyabrında ümumxalq səsverməsi ilə qəbul edilən Konstitusiyasının 50-ci maddəsində söz, azad məlumat toplamaq azadlıqları, öz baxışlarının azad ifadə edilməsi və digər azadlıqlar möhkəmləndirilib. Digər Qanunverici Aktlarında da möhkəmləndirilmiş azadlıqlar – vətəndaşların qanuni yolla informasiya tapmaq, almaq, hazırlamaq, ötürmək və yaymaq hüquqları dövlət təminatına əsaslanır. Azərbaycan Respublikası insan hüquq və azadlıqlarının təmin olunması üzrə sıra Beynəlxalq Konvensiya və Sazişlərə qoşulub.
Azərbaycan prezidenti Heydər Əliyevin 1998-ci il 16 avqust tarixli “Azərbaycan Respublikasında söz, düşüncə və informasiya azadlığının təmin edilməsi tədbirləri haqqında” fərmanı ilə ölkədə kütləvi informasiya vasitələri üzərində senzura ləğv edilib. Bu fərman kütləvi infromasiya vasitələrinin sürətli inkişafına ciddi təkan verməklə yanaşı, onların rasionallığının artırılması sahəsində geniş Dövlət Proqramının əsas istiqamətlərini müəyyən edib. Azərbaycanda mətbuatın inkişafına töhfə verən digər vacib amil ölkənin nüfuzlu beynəlxalq təşkilata – Avropa Şurasına daxil olmasıdır. Təşkilata daxil olduqdan sonra ölkədə aparılan demokratik islahatlar söz və mətbuat azadlığının daha geniş təşəkkülünə şərait yaradıb.
22 iyul Milli Mətbuat Günü 1991-ci ildən Azərbaycan jurnalistlərinin peşə bayramı kimi qeyd edilir. Fanat İdman Agentliyinin kollektivi Azərbaycan jurnalistlərini Milli Mətbuat Günü münasibəti ilə təbrik edir.
Bayramınız mübarək!!!
 Fanat İdman Agentliyi
Mənbə: Fanat.az
 
Arxiv: Bosman.at.ua