Maddi itki lakin mənəvi qazanc

AFFA
Bu dəfə, 27 Mart 2010-cu il  tarixinə təsadüf edən və ümumilikdə “Böyük oyun”  adı qazanmış,  “Xəzər Lənkəran” – “Neftçi” komandaları arasında keçirilən matç sözün əsl mənasında Böyük oyun kimi tarixə qovuşdu. Əslində, hakimin final fiti ilə tarixə qovuşmalı olan bütün matçlardan bu matç nə ilə fərqlənirdi ki, 27 mart tarixində deyil, bundan üç gün sonra yəni 30 mart tarixində AFFA-nın qərarlı ilə birlikdə tarixə qovuşmalı oldu. Artıq çoxlarımızın canlı şahidi olduğu və buna imkanı olmayanların hadisələri televiziya, qəzetlər, elektron media, bir sözlə KİV vasitəsilə izləyib burda kifayət qədər hakim qərəzinin ,səhvinin və xeyli mübahisəli məqamların olduğunu bilirdi. Bunlardan xəbəriniz olduğu üçün  keçək matç sonrasından ta AFFA-nın qərarlarına qədər olan dövrə, hansı ki, matçda baş vermiş olan hadisələrin niyə baş verdiyinə kifayət qədər aydınlıq gətirməsi ilə yadda qaldı.
 
Oyun gününün sabahısı yəni 28.03.2010 tarixində “Bosman” fanklubu, “12-ci oyunçu” azarkeş klubu ilə birlikdə məsləhətləşmələrdən sonra, matçın gedişində qeydə alınan əsasən dörd məqamı göstərərək, hakim qərəzləri ilə yadda qalan, belə qərəzlərin arxasında Hakimlər Komitəsinin, Hakim İnspektorlar Komitəsinin, Peşəkar Futbol Liqasının rəhbərliyinin əməllərinin olduğunu göstərən müraciətlə, AFFA prezidenti Rövnəq Abdullayevə müraciət ünvanladı. Ardinca Lənkəran ziyalılarının və iş adamlarının ölkə Prezidentinə bu məsələ ilə bağlı müraciəti, onun da ardınca fəal azarkeşlərin yüz min imza toplamaqla bu işə başlaması baş verdi. Bütün bunlar KİV-lərdə işıqlandırılıb.
 
Daha sonra məsələnin ciddiliyini başa düşən əks tərəf yəni oyunu idarə edən baş hakim  Ə.Həmzəyev tam səhvsiz oldugunu, PFL prezidenti R.Musayev isə videogörüntülərə baxmaqla hakimin tam səhvsiz olmasına “başımla cavabdehəm” deməklə, əslində günahkar olduğunu sığortalamaq cəhdləri göstərdi. Maraqlıdır, başqa belə hallarda, bu mənim işim deyil bu işlərə Hakimlər Komitəsi baxır, hakim səhvlərini onlar araşdırır, lazım gəldikdə özləri də cəza verirlər deyən R.Musayevi nə vadar edirdi ki,  Ə.Həmzəyevin “işinə” başı ilə cavabdeh olsun. Daha bir maraqlı məsələ, Hakimlər Komitəsinin və Hakim İnspektorlar Komitəsinin bu olaylarda nisbətən sakit dayanmasıdır. Görünür onlar hər şeyi öncədən bildikləri üçün ehtiyatlı davranmağı əsas götürüblər.
 
Daha sonra “Neftçi” rəsmiləri olan E.Əşrəfoğlu və T.Süleymanov ekranlarda epizodlara futbol biliklərinə yad formada şərhlər verməklə, həmçinin anormal tələblərlə yəni “Xəzər Lənkəran”a texniki məğlubiyyət verilməsini istəklərinin olduğunu bildirməklə, bu işdə onların da paylarının olduğunu göstərmiş oldular. Bu ölkədə qanunların da olduğunu yaddan çıxaran bu insanlar indiyə qədər özlərini sərhədsiz səlahiyyət sahibləri kimi aparmalarının qarşısını nəhayət AFFA prezidenti R.Abdullayev almış oldu. “Xəzər Lənkəran” azarkeşinin haqqını qoruyan AFFA prezidenti onun dələduz olmadığını sübut etmiş oldu.Təşəkkür edirik!
 
Hələ ölkə tarixində eyni vaxtda oyunu idarə edən hakimin, PFL, HK, HİK rəhbərlərinin töhmət vəs. verilməklə cəzalandırılması rast gəlinməmişdi. Burda “Xəzər Lənkəran” stadionunun cəzalı duruma düşməməsi xüsusi qeyd olunmalıdır.Bu da onu göstərir ki, yuxarıda göstərilən hallar azarkeşlərin səbrini daşırmış, onlar özlərini ələ ala bilməmişlər. Belə, haqq olaraq çıxarılmış qərarı alqışlayır və bir fanklub kimi müraciət ünvanını düzgün seçdiyimizə peşman deyilik.
 
Təəssüf doğuran məqamlar isə baş məşqçimizin timsalında bir neçə klub işçilərinin də pul və bir neçə oyunluq cəzalanmasıdır. Ümumilikdə “Xəzər Lənkəran” klubu 35 min manat cərimələnib ki, bu da ölkə futbolunda həcminə görə ən böyük maddi cəza kimi tarixə düşmüş oldu.
Müəllif:  Mirhafiz M. Babayev  “Bosman” fanklubundan                 31.03.2010
Arxiv: bosman.at.ua