Lənkəran futbolunun ən stajlı azarkeşi dünyasını dəyişib.
Sovetlər dönəminin ikinci dünya müharibəsindən sonrakı illərində Lənkəranda nə vaxt futbol olubsa Musarıza dayı seyr etmişdi, izləmişdi. Azərbaycanın müstəqilik qazandığı illərin ilk dövrlərində Lənkəranda futbol həvəskarlar səviyyəsinə enəndə də o hamıdan öncə azarkeş kimi öz yerini tuturdu. “Xəzər Lənkəran”ın da bütün oyunlarını hətta bütün məşqlərini onun qədər izləyən olmamışdı. O bir nümunə idi, azarkeşlik simvolu idi.
Sakin Məmmədzadə və Hüseyn Cəbrayıloğlunun həmmüəllifi olduqları “Cənub Bölgəsində Futbolun İnkişaf Tarixi” kitabından oxuyuruq:
“Pinəçi Musa”
Yaxşı xatırlayırıq, ”Xəzər”in ev oyunlarından biri idi. Vaxta az qaldığından azarkeşlər tarixi Sutəmurdov körpusu ilə tələskənliklə addimlayırdılar. Bir azarkeşin ”Pah atonnan, mənim 70 yaşım var, amma bu Musanı elə uşaqlıqdan futbola gedən görürəm” kəlməsi futbola tələsən digər azarkeşlərin də diqqətini cəlb etdi. Onu tanımamaqmı olar? Bu Musarıza dayı idi.
Musarıza dayı da Arif kişi kimi Lənkəran futbolunun ən yaşlı və ən sadiq azarkeşlərindəndir. Lənkəran futbolunun 50 illik tarixinin canlı şahidi olan qəhrəmanımız danışmağı sevmir. “Təki, bu şəhərdə daim futbol yaşasın”, bir az duruxsunub ”yoxsa mən ölərəm də” deyib mismarları ayaqqabıya döyəcləyir.
Elədir, Musarza dayı, sənin arzunla yaşayan o qədər insan var ki, bu şəhərdə …
***********
“Təki, bu şəhərdə daim futbol yaşasın yoxsa, mən ölərəm də” deyən Musa dayı bu şəhərdə futbolun tam ölməyini gözləmədi. Son zamanlar düçar olduğu ağır xəstəlik üzündən “Xəzər Lənkəran”ın ev oyunlarına gedə bilmirdi. Belə alındı ki, “Xəzər Lənkəran”ın gəncləşmə siyasəti ilə zəifləməsi və iddiasını itirməsi, çempionatda medallar uğrunda mübarizədən kənarda qalması onun xəstələnməsi ilə üst-üstə düşdü.
Martın 10-da Musa dayının 80-yaşı tamam olacaqdı, amma yenə gözləmədi və beləcə azarkeş ordumuzun qoca sərkərdəsi martın 5-də dünyasını dəyişdi.
Biz ondan yurduna, elinə, obasına son nəfəsə qədər sadə və səmimi sevgi ilə bağlanmağı öyrəndik. Biz ondan sədaqətli yoldaşlığı, vəfalı dostluğu öyrəndik. Biz ondan əsl azarkeşliyi öyrəndik…
Qəbrin nurla dolsun, Musa dayı.
Allah, Rəhmət eləsin!