Klub, Apasport.az-ın və "Futbol Dünyası" qəzetinin dili ilə məsələyə aydınlıq gətirdi

“Xəzər Lənkəran” klubunun baş məşqçisi Mustafa Dənizlinin  müsahibəsi
–  Premyer Liqanın son iki turunda keçirdiyiniz görüşləri necə dəyərləndirərdiniz?
– Ümumi götürdükdə, normal oyunlar oldu. 2 qarşılaşmadan 4 xal topladıq. Təbii ki, 6 xal qazansaydıq, daha yaxşı olardı. Ancaq “Qarabağ” və “Neftçi” kimi rəqiblərlə qarşılaşırsansa, qazanılan 4 xalı normal qəbul etmək olar.
– Xal baxımından yaxşı göstəricidir. Bəs oyun planında necə; komanda siz istəyəni ortaya qoya bildimi?
– Həm “Qarabağ”la, həm də “Neftçi” ilə qarşılaşmaların ilk yarısında heç də yaxşı təsir bağışlamadıq. İlk yarım saatda xeyli səhvlər etdik. Ancaq ikinci hissədə hər şey normal idi. Bizim üçün vacib olan oyunu xeyrimizə çevirdiyimiz anda sürəti artırmaqdır. Hər iki qarşılaşmada bunu bacardığımızı deyə bilərəm.
– “Neftçi” ilə matçda ardıcıl 2 qol buraxdıqdan sonra oyunu bərabərləşdirə bildiniz…
– “Neftçi” ilə qarşılaşmanın birinci hissəsində düşündüklərimizi icra edə bilmədik. Çox gərgin idik. Görünür, bu da hər iki komanda arasında olan rəqabətin gərginliyindən irəli gəlirdi. Ancaq maraqlı oyun alındığını düşünürəm. Yenə deyirəm, liderlə səfərdə, ikinci pillədə qərarlaşan komanda ilə doğma meydandakı oyunlardan 4 xal qazanmaq yaxşı nəticədir.
– Həftəsonu komandanızı daha bir çətin sınaq gözləyir. Bu dəfəki rəqibiniz  “Qəbələ” də ilk “üçlük”də qərarlaşıb. Hifayət qədər güclü rəqibdir. Komandanız ardıcıl 3 gərgin oyun keçirməyə nə dərəcədə hazırdır?
– Doğru qeyd etdiniz. Üst sıralardakı komandalarla ard-arda qarşılaşırıq. Vacib olan bu çətin, gərgin oyunlardan uğurlu nəticə ilə ayrılmaqdır. Bunu bacara bilsək, qarşıdakı həftələrdə daha yaxşı yerlərə yüksəlmək üçün imkanımız olacaq. Ona görə də Qəbələdən 3 xalla qayıtmalıyıq.
– Bir müddət əvvəl səhhətinizdə problem yaranmışdı. Özünüzü indi necə hiss edirsiniz?
– (gülür) Çox yaxşıyam. Narahat olmağa ehtiyac yoxdur.
– Son günlərdə adınız “Trabzonspor”la birgə hallandırılır. Bu xəbər nə dərəcədə həqiqətə uyğundur?
– Bu nə xəbərdir? Anlaya bilmirəm, hardan çıxır bu cür xəbərlər…
– Deməli, belə bir təklif almamısınız?
– Təklif olub-olmadığını bilmirəm, amma burda çox xoşbəxtəm. İşimi davam etdirirəm.
Mənbə: Apasport.az və “Futbol Dünyası” qəzeti

4 thoughts on “Klub, Apasport.az-ın və "Futbol Dünyası" qəzetinin dili ilə məsələyə aydınlıq gətirdi”

  1. Axşamınız xeyir Müəllim! M.Dənizlinin bu müsahibəsində də qaranlıq məqamlar var. Yenə Mustafa bəy gedib-getməyəcəyini tam aydınlığı ilə açıqlamır. Konkret müqaviləm bitənədək komandamın başında olacağam demir.
    *****
    Əslində müəmmalar davam edəcək. Zatən klub cavab versə idi də belə mücərrəd bir cavab verəcəkdi. Ona görə də başqa saytın dili ilə cavab verib. Bu da onu göstərir ki, məsələ qaranlıq qalmaqda davam edir. Biz azarkeş kimi borcumuzu yerinə yetiririk və komandanın təşəkkül tapdığı bir dövrdə, yenidən qeyri müəyyənliyə yuvarlanmasını istəmirik.

  2. mustafa denizli hec vaxt bele bir zamanda xezeri buraxib getmez
    *****
    Bizdə hər şey, anidən baş verir, hörmətli, “van persi”.

  3. Salam. Bu müsahibəni dünən keçirilmiş görüşdən əvvəl Mustafa Dənizlidən AFFA-nın inzibati binasında “Futbol Dünya”sının müxbiri öz qəzeti üçün və apasport.az saytı üçün alıb.
    *****
    Doğrusu, bu müsahibə müxtəlif saytlarda dərc olunmuşdu və mənbə göstərilməmişdi. Çox sağ olun ki, bu barədə köməyinizi etdiniz. Mənbə göstərilmədiyi üçün zatən biz çox narahat idik və xəbərin önəmliyini nəzərə alıb vermişdik. Dərhal düzəliş ediləcək. Təşəkkür edirik!

Comments are closed.