İlaxır Çərşənbəniz Mübarək!

Bu gün Novruzun çərşənbələrindən sonuncusu – “İlaxır çərşənbə”dir.
Biz, “Bosman” fanklubu olaraq xalqımızı, elimizi bu münasibətlə təbrik edir, gələn günlərinin xeyirli, bərəkətli olmasını, sağlam cism və ruhun vəhdətini arzulayırıq. Yaşıl fəsil olan baharda, yaşıl rəngə boyanmış “Xəzər Lənkəran”ımızı daim irəlidə görmələrini və azarkeşləri sevindirmələrini arzu edirik. Qoy həmişə bahar olsun!
Aşağıda, “Veteninfo.az” saytında ilaxır çərşənbə haqqında getmiş maraqlı məlumatı da nəzərinizə çatdırırıq:
Novruz ərəfəsində sonuncu çərşənbədə yer oyanır, torpaq nəfəs alır. Bu çərşənbə xalq arasında “Yer çərşənbəsi”, “İlaxır Çərşənbə” və ya “Torpaq çərşənbəsi” adlanır. İnama görə Torpaq çərşənbəsi yetişəndə torpaq artıq əkinə hazır olur və ona toxum səpmək olar. Əfsanəyə görə adamların ərzaq qıtlığından əziyyət çəkdikləri bu gündə Su, Od və Yel Torpaq xatununyeraltı məbədinə qonaq gəlir, burada yatmış Torpağı oyadırlar. Sonuncu, həm də “ilaxır çərşənbə”də bağ-bostan, dirrik yerləri əkinə hazırlanır. Evlərdə süfrəyə yaşıllıq nişanəsi, təbiətin canlanmasının rəmzi olan səməni qoyulur.
Axır çərşənbədə yaşından və cinsindən asılı olmayaraq hamı tonqalın üstündən tullanmalıdır, özü də yeddi dəfə, ya bir tonqalın üstündən yeddi dəfə və ya yeddi tonqalın hərəsinin üstündən bir dəfə. Tullanarkən bu sözlər deyilir: “Sarılığım sənə, qırmızılığın mənə”, ya da “Ağırlığım odda yansın”. Tonqal heç vaxt su ilə söndürülməməlidir. Tonqal özü sönəndən sonra cavan oğlan və qızlar həmin tonqalın külünü yığıb, evdən kənar bir yerə, çölə atırlar. Bu o deməkdir ki, tonqalın üstündən tullanan bütün ailə üzvlərinin bədbəxtçiliyi atılan küllə birlikdə ailədən uzaqlaşdırılır.
Bu çərşənbədə bayram süfrəsi açılır, şirniyyat bişirilir, məcməyi və ya sinilərdə xonça hazırlanır. Bayram xonçasının ortasına səməni qoyulur, ətrafı isə boyanmış yumurta, qoz, fındıq, badam və şirniyyatlarla bəzədilir. Deyilənə görə, ilin axır çərşənbə gecəsini öz evində qeyd etməlisən. Əks halda Novruzu yeddi il dalbadal başqa yerdə qarşılayacaqsan. İlaxır çərşənbədə bütün günü davam edən mərasim axşam şənlikləri ilə daha da gurlaşır. Axşam qulaq falları qurulur. Subaylar qonşu evlərin qapısının arxasında gizlənərək ilk eşitdikləri sözə uyğun təzə ildə onları gözləyən hadisələri öncədən bilməyə çalışırlar. Bu səbəbdəndir ki, axırıncı çərşənbə axşamı yalnız yaxşı sözlər danışılması adət hesab olunur.
Axır çərşənbə axşamı duzlu kökə yeyib yatır, su içmirlər. Gecə yuxuda içməyə kimsə su verirsə, o, yuxu görənin qismətidir. Cavan qızlar bir yerə yığışıb bir qaba su tökürlər. Əllərindəki üzükləri çıxarıb saçlarına salırlar. Niyyət tutub üzüyü suyun üstündən keçirirlər. Üzük fırlanmağa başlayır və qabın divarlarına dəyir. Üzük neçə dəfə qaba dəyirsə, sayılır. Yekun rəqəm qızın həmin yaşda gəlin gedəcəyi anlamına gəlir. Axır çərşənbə gecəsi ürəyində niyyət tutub yatırlar. Gecə yarısı yuxudan durur və şam yandırırlar. İnama görə, şamı götürüb güzgüyə yaxınlaşan zaman insan gələcək qismətini görür. Niyyət tutan bu zaman qorxsa niyyətin baş tutmur.
Qeyd edək ki, Azərbaycanda Novruz Bayramında 7 gün qeyri-iş günü olacaq. Bahar Azərbaycana  martın 20-də Bakı vaxtı ilə təxminən 20.57 radələrində qədəm qoyacaq.
 

4 thoughts on “İlaxır Çərşənbəniz Mübarək!”

  1. HÖRMƏTLİ MUƏLLİM!
    Qoy həmişə sağlamliğiniz möhkəm ,arzulariniz sonsuz, umidləriniz gerçək olsun.Sevimli kamandamizda uğurlari ilə qəlbinizi xoş hisslərlə fərəhləndirsin.Bayraminiz mubarək!
    *****
    Bahəm, Zəfər bəy!

  2. Çox nörmətli DOKTOR! İlaxır çərşənbəniz mübarək! Sizə bütün arzularınıza uğurlu imzalar atmağınızı arzulayıram!
    *****
    Hörmətli, Qabil bəy! Mən də bahəm, deyirəm!

  3. BAYRAMINIZ MÜBARƏK ! Müsalman təvqimi ilə bu Yenil ildir ,qarşıdan Gələn iliniz xeyirli ,ruzili -bərəkətli olsun və sizlərə ,saf can və xoş günlər ,daha çox sevinc arzulayıram .

Comments are closed.