Hacı Mirsalam axund Məşədi Mircavad oğlu Babayev (Müasir)

Fanklubumuzun rəhbəri Mirhafiz Mirsalam oğlu Babayevə ağır itki üz verib. Atası tanınmış həkim-cərrah, şair, el ağsaqqalı Hacı Mirsalam axund Məşədi Mircavad oğlu Babayev-(Müasir) 2013-cü il dekabr ayının 29-da dünyasını dəyişmişdir. Bu məqsədlə Mirhafiz Mirsalam oğlu Babayevə və yaxınlarına baş sağlığı veririk. Allah rəhmət eləsin! 
Hacı Mirsalam axund Məşədi Mircavad oğlu Babayev-(Müasir) kim idi? Gəlin bunu ziyalı alimlərin dilindən bir daha eşidək. Hacı Mirsalam Müasirin yaradıcılığını əks etdirən dörd kitabı da müxtəlif illərdə çapdan çıxıb. Bunlar “Ürək Təranələri”, “Qəzəllər”, “Dürdanələr” və “Deyilən söz yadigardır” adlı kitablardır ki, bunlara verilmiş bəzi rəyləri nəzərinizə çatdırırıq. Bunlardan qısa da olsa Hacı Mirsalam Müasirin kimliyini bir daha yada salaq.
MİRSALAM MÜASİR
Həkim-şair Mirsalam Müasirin oxuculara təqdim olunan bu şeirlər toplusu müəllifin ilk kitabıdır. Mirsalam Müasir Lənkəranda və onun ətraf rayonlarında qırx ildən artıqdır ki, mahir bir cərrah-həkim kimi məşhurdur. O, eyni zamanda klassik şeirimizin gözəl bilicilərindəndir, əruz və heca vəznində yazılmış duzlu qəzəllər, Füzuli şeirlərinə nəzirə və təxmislər, M. P. Vaqif səpkili qoşmalar, M. Ə. Sabir üslubunda satirik şeirlər müəllifi kimi tanınır. Onun şeirləri getdikcə ətraf rayonlarda sənət xiridarları arasında geniş yayılmaqdadır. Bir sıra yerli xanəndələr toylarda    Müasirin qəzəllərini, mərsiyəxanlar məhərrəmlik mərasimlərində növhə və sinəzənlərini oxuyurlar.
Mirsalam Müasirin şeirlərində sağlam məhəbbətin doğma Vətənimizin azğın düşmənlərdən qorunması yolunda rəşadət göstərən igidlərimizin, halal zəhmət adamlarının əməyinin tərənnümü, hər cür yaramazlıqlara qarşı kəskin gülüş başlıca yer tutur. O həm də dini-əxlaqi mövzuda gözəl növhə və mərsiyələr müəllifi kimi çıxış edir.
Mirsalam Müasir Lənkəranda fəaliyyət göstərən “Fövcül-füsəha” (“Natiqlər məclisi”) adlı şairlər məclisinin yaradıcılarından biri və fəal üzvüdür.
Məlum olduğu üzrə “Fövcül füsəha” ədəbi məclisi XIX əsrdə Lənkəranda yaradılmışdı. Uzun fasilədən sonra məclis öz keçmiş adı ilə 1990-cı ildən yenidən fəaliyyətə başlayıb, Bakıda təsis edilən yeni “Məcmə-üş-şüəra” adlı şairlər məclisi ilə möhkəm və mehriban əlaqə yaratmaqdadır. Hazırda bu şairlər məclisinin ayda bir dəfə “Şəm” adlı dörd səhifəlik bülleten hüquqlu qəzetində Mirsalam Müasirin şeirləri dərc edilir. Mirsalam Müasir ara-sıra mərkəzi və yerli mətbuat orqanlarında da bir şair kimi çıxış edir.
Qırx ildən artıq bir dövrdə sənətkarlıqla yazıb-yaradan, lakin şeirlərini dərc etdirmək üçün ciddi-cəhd göstərməyən müəllif əslində qüvvətli qələm sahibidir.
Bizcə, əruz və heca vəznində gözəl sənət nümunələrinə xiridar olan oxucular müəllifin bu müxtəsər şeirləri ilə tanış olduqca özləri əsl qənaətə gələcəklər.
Füzulişünas ədəbiyyatçı Mirhaşım Müsafir     ( Hacı Mirsalam Müasirin 1998-ci ildə çap olunan “Ürək Təranələri” adlı kitabına verilmiş rəylərdən)
 
BİR KÖNÜLDƏN AXAN ÇEŞMƏ
Günlərin bir günündə şəxsiyyətinə və istedadına dərin hörmət bəslədiyim rejissor dostum Ağalar Mehdiyev mənə bir əlyazması təqdim etdi. Özünəməxsus səmimiyyətlə “Zəlimxan müəllim, bu yazılara baxmağınızı xahiş edirəm, əgər ürəyinizcə olsa, qayğınızı əsirgəməyin”. “Baş üstə!”-deyib qovluğu götürdüm.
Açığını deyim ki, adını eşitmədiyim, mətbuatda imzasına rast gəlmədiyim yaşlı bir müəllifdən elə ciddi bir yaradıcılıq məhsulu gözləmirdim.
Qəzəllər, qoşmalar, təxmislər, satirik şeirlər, müxtəlif səpkili əsərlər məni özünə çəkdi, sonuncu sətirlərinə qədər əlyazmasından ayrıla bilmədim. Təsəvvürüm tamam dəyişdi, əlbəttə, yaxşılığa doğru.
Şair-Həkim Mirsalam Müasirin əsərlərində mənə xoş gələn birinci cəhət onun rəvan dili, təmiz nəfəsi, isti ürəyi oldu. Kim olur olsun, istedadının dərəcəsindən asılı olmayaraq dili gözəl deyilsə, heç bir kəsin qəlbinə yol tapa bilməz. Dilin təmizliyi duru könüldən, aydın təfəkkürdən, təmiz niyyətdən, sağlam kökdən, sarsılmaz dayaqlardan, pak qaynaqlardan mayalanır. Bu şeirləri oxuduqca istər-istəməz gözlərimin qarşısında Nizaminin, Füzulinin, Sabirin, Şəhriyarın, Səməd Vurğunun, Hüseyn Cavidin ölməz əsərləri gəlir, qulaqlarımda onlaraın şah deyimləri səslənirdi. Mirsalam Müasirin bir şair kimi xoşbəxtliyi orasındadır ki, klassik poeziyamızı, divan ədəbiyyatımızı gözəl bilir, əruzun bəhrlərinə, hecanın tələblərinə dərin bələddir. Ancaq nisbi mənada götürsən, əruz vəznində yazılan şeirlər daha qüvvətlidir, təbii ilhamın, halal nəfəsin bəhrələridir. Qəzəl janrında gözəl əsərlər, hətta dahi Füzuliyə təxmislər yazmaq yaradıcı adamdan böyük cəsarət və şairlik tələb edir. Bunu çox yaxşı dərk edən müəllif yazır:
Böyük ustad Füzuli bu yola dürr səpib,
Tacdar oldu bütün dövrdə əş’arə qəzəl. 
Bütün dövrlərdə şeirin tacı kimi yaşayan qəzəl janrı müasir dövrümüzdə Əliağa Vahidin yaradıcılığı ilə ən uca zirvəyə qalxdı. Bu gün öz rəvan təbi, axıcı və şirin dili ilə zirvənin ucalığını poetik çəkən şairlərdən biri də, sözsüz ki, Mirsalam Müasirdir. Onun şeirlərində klassik üslub ancaq gül-bülbül kimi qafiyələrə xidmət etmir. Müasir dövrümüzün ağrı-acıları qələmə, şairə, sözə müraciətdə açılır, oxucuya təqdim olunur.
Əyri yoldan düz yola-insafa, rəhmə, mürvətə,
Düzlüyə-insanlığa səslər bizi Qur’anımız,
Ey, Müasir, səbr elə, hər pis günün var xoş günü,
Müşkülü asan edər, əlbəttə ki, sübhanımız.
İnanıram ki,insanı haqqa-həqiqətə çağıran, düzlüyə, təmizliyə, halallığa səsləyən Qur’anımıza, bütün müşkülləri səbr ilə asan eyləyən sübhanımıza arxalanan müəllifin əsərləri oxucu ürəyinə yol tapacaq, şair dostumuza yaradıcılıq sevinci bəxş edəcəkdir.
Xalq şairi Zəlimxan Yaqub  ( Hacı Mirsalam Müasirin 1998-ci ildə çap olunan “Ürək Təranələri” adlı kitabına verilmiş rəylərdən)
 
Hacı Mirsalam Müasir
Azərbaycanın hər mahalının, hər rayonunun, hər şəhərinin, hətta hər bir kiçik kəndinin belə, özünə məxsus abi-havası, təbiəti, adət-ənənəsi olduğu kimi, ədəbi mühiti də var. Bu baxımdan Lənkəran şəhəri də özünün abi-havası, təbii nemətləriylə, böyük ruhani alimləriylə və digər xüsusiyyətləri ilə başqa bölgələrimizdən həmişə seçilmişdir. Lənkəranın bu xüsusiyyətlərindən biri də ədəbi mühitidir.
Bu şəhərdə istər din elmlərini, istərsə də müxtəlif elmləri bilən bir çox ziyalılar keçmişdə də olub, bu gün də var. Ədəbi mühitinə nəzər saldıqda isə əlimizdə olan mənbələrə əsasən onu deyə bilərəm ki, on doqquzuncu əsrin ikinci yarısından bu yana Lənkəranda bir çox şair yaşayıb, yazıb-yaratmışdır ki, onlardan “Fövcül-füsəha” ədəbi məclisinin rəhbəri Mirzə İsmayıl Qasir, məclisin üzvlərindən Mirzə İsa Xəyali, Mirzə Fəttah Sübhan, Molla Ələkbər Aciz, Molla Məhəmməd Mücrüm, Mirzə Ələkbər Mühəqqir, usta Hüseynqulu Şuri, Məhəmmədhəsən Nəccar, Mirzə Ələkbər Səburini və başqalarını misal göstərmək olar. Məqsədimiz Lənkəranın tarixini araşdırmaq olmadığı üçün bundan qədimə səyahət etmək fikrimiz yoxdur, maraqlananlar “Lənkəran” adlı tarixi kitaba müraciət edə bilərlər. İstəyimiz bu ədəbi mühiti, müəyyən çətinliklərə baxmayaraq qoruyub saxlayan, keçmiş şairlərin yolunu iyirminci əsrdə böyük zəhmət bahasına davam etdirən şairlərdən biri olan hacı Mirsalam Müasir haqqında söz açmaqdır. Kimdir hacı Mirsalam Müasir?
Hacı Mirsalam məşədi Mircavad oğlu Babayev (Müasir) 1932-ci il fevral ayının 7-sində Lənkəranın Sütəmurdov kəndində ruhani ailəsində anadan olmuşdur. Orta təhsilini Lənkəranda bitirən gənc Mirsalam 1951-ci ildə sənədlərini Azərbaycan Dövlət Tibb İnstitutuna verir və uğurla bitirir. 1957-ci ildən tanınmış bir cərrah kimi xalqına xidmət etmiş və bir şair kimi klassik ədəbiyyatda öz yerini tutmuşdur.
İyirmi ildir ki, Mirsalam Müasirin istər bir insan kimi şəxsiyyətinə, istər bir müsəlman kimi əqidəsinə, imanına, istər bir peyğəmbər övladı kimi paklığına, nəcibliyinə, istərsə də bir şair kimi yaradıcılığına yaxından bələdəm. Elə ona görə də söhbətimi bu istiqamətdə aparmaq istəyirəm.
Hacı Mirsalam Müasir bir insan kimi çox mülayim, çox alicənab, qonaqpərvər, dostun şad gününə ürəkdən sevinən, pis günündə qəlbən kədərlənən, xalqına qarşı olduqca səmimi, ilk baxışdan qeyd etdiyimiz sifətləri ilə insanı özünə çəkən, sözün həqiqi mənasında əsl azərbaycanlı kişisi və hörmət olunmalı bir şəxsiyyətdir.
Bir müsəlman kimi əməli sözündə və sözü əməlində görünən, başqa sözlə desək sözü ilə əməli bir olan, inandıqlarına itaət edən, itaət etdiklərinə inanan, böyük Yaradan qarşısında öz kiçikliyini dərk edən və bunu boynuna alan, Allah dərgahında kiçilməyi ilə fəxr edən və nəhayət, imanında sabitqədəm olan bir müsəlmandır. Mən onu həmişə ibadət edən, təharətli gəzən görmüşəm.
Bir seyid-peyğəmbər övladı kimi paklığından mənə elə gəlir ki, heç danışmağına dəyməz. Ona görə dəyməz deyirəm ki, bir dəfə üzünə baxmaqla necə pak olduğunu görmək olur. Mən heç vaxt inanmaram ki, hacı Mirsalam kimi bir insan haçansa harama əl uzadıb. Ailəsindəki ədəb-ərkan, gözəl əxlaqi keyfiyyətlər bir daha onun halal zəhmətlə qazandığı ruzi ilə övlad böyütməsinə dəlalət edir. Çünki haram tikə ilə yetişdirilən ailədə heç vaxt belə ədəb-ərkan ola bilməz. Məqsədim bu insanın şəxsiyyəti, imanı və paklığı haqqında yox, şairliyi haqqında söz açmaq olduğuna görə bu haqda uzun-uzadı danışmaq istəmirəm. Hələ mən onun həkimliyindən, tibb sahəsindəki işindən danışmadım və elə bir fikrim də yoxdur, çünki bu onun peşəsi haqqında haçansa yazılacaq ayrıca bir mövzudur.
Yaradıcılığına gəldikdə isə aşağıdakıları deyə bilərəm. Bədii yaradıcılığına 1947-ci ildən, yəni 15 yaşından başlayan şair klassik ədəbiyyatın əruz vəzninin inkişafında özünəməxsus rol oynaması ilə yanaşı, heca vəznində də qələmini məharətlə sınamışdır. Onun1998-ci ildə “Ürək təranələri” adlı müxtəlif səpkili, əruz və heca vəznində olan şeirlər kitabı və 2006-cı ildə isə “Qəzəllər” kitabı çapdan çıxmışdır. Əlimizdə olan bu kitabda isə hacı Mirsalamın əruz vəznində yazdığı dini şeirləri, o cümlədən mərsiyələri, ibrətnamələri, əfradları, qəzəlləri, heca vəznində yazdığı lirik şeirləri, qoşmaları, rübailəri, gəraylıları, təkbeytləri və sair şeirləri toplanmışdır. Ümumiyyətlə dünyəvi hissiyatı, dünya malına hərisliyi, aqillərin bəyənmədiyi, cahillərə yaraşan fikirləri əsla yaxına buraxmayan, əksinə, insanlıq aləminə öz çəkisi qədər xeyir verə bilən, insanları halallığa, düzgünlüyə çağıran sözlərdən sənət inciləri yaratmağa can atan şair şeirlərinin birində belə deyir:
Atım dilimdəki küfrü həyat məşəlinə,
Nə cahilanə fikir varsa etiraz qılım.
 
Bu dövləti, bu quru şöhrəti, bu dünyanı,
Bu mülkü, malı salım altıma, palaz qılım.
İslam deyəndə bütün müsəlmanları nəzərdə tutan hacı Mirsalam, onları artıq qəflət yuxusundan oyanmağa, dünya xalqları arasında ön cərgədə durmağa ləyaqəti çatan bir millət kimi olmağa səsləyir. Tarix boyu dünyanın yarısına hakimlik edən bir millətin bu gün başqa bir millətin müstəmləkəsi altında yaşaması dərdi hacı Mirsalam yaradıcılığında qırmızı xətlə keçən mövzulardandır. Şair İslam, müsəlman deyəndə əlbəttə dar mənada yox, geniş mənada, bu gün bir çox çətinliklərlə üz-üzə duran bütün dünya müsəlmanlarını nəzərdə tutur:
Bəsdir bu qədər yatdığın, artıq oyan İslam,
Güc topla, gəl ön cərgədə möhkəm dayan İslam.
Hacı Mirsalam, özünü zahirdə müsəlman kimi aparan, yalnız adı müsəlman olan, batində isə əcnəbilərdən, yəni qeyri-müsəlmanlardan nə süfrəsi ilə, nə geyimi ilə, nə əqidəsi ilə, nə də adətləri ilə seçilməyənlərə, süfrəsi şərablı, imanı zəif, bir sözlə şeytanın əmrlərinə tabe olanlara üzünü tutaraq onları ikiüzlü olmamağa, həyatda əsl insan kimi yaşamağa səsləyir:
Din əhlinə mey məclisi, meyxanə yaraşmaz,
Şeytan ilə dostluq bu müsəlmanə yaraşmaz.
 
Birüzlü görünməklə cəlalə yetər insan,
Çoxüzlülük, əlbəttə ki, insanə yaraşmaz.
Şərq ədəbiyyatında, on doqquzuncu əsrdə daha da inkişaf edən, S. Ə. Şirvani, Raci, Dəxil, Qumri, Sərraf və başqa qüdrətli şairlərin böyük həvəslə qələmə aldıqları və gözəl sənət nümunələri yaratdıqları mərsiyə ədəbiyyatı ta bugünə qədər davam etməkdədir. Şeiriyyatın bu sahəsini bu gün də qoruyub saxlayanlardan biri yenə də hacı Mirsalam Müasirdir. Onun bu sahədə də yaratdığı sənət nümunələri diqqətə layiqdir. Bu da onun, əlbəttə ki, İslama və əhli-beytə olan məhəbbətindən irəli gəlir.
Yaxşı təmir eylədin eşqin binasın, ya Hüseyn,
Xalqa göstərdin sən, haqqın rəhnümasın, ya Hüseyn.
 
Eşq məfhumuyla gördün Xaliqi-Yektanı sən,
Eşq ilə etdin sübut həm aləmi-mənanı sən,
Eşq ilə batin edibsən yüz şəbi-yeldanı sən,
Xəstəyə gördün rəva eşqin dəvasın, ya Hüseyn.
Nəsihətnamələrinə nəzər salanda, ağsaqqal bir müdrikin, mütəfəkkir bir şairin, gənc nəslin əsl azərbaycanlı, əsl müsəlman kimi inkişaf etməsinə, onların əxlaqlı, ədəbli olmasına, ümumiyyətlə vətən övladlarının vətənpərvər olaraq saf  və təmiz amal uğrunda çalışmasına sövq edən nəsihətlərini görürük. Bu baxımdan hacı Mirsalamın aşağıdakı nəsihətnamə şeirindən bəzi beytlərə diqqət edək:
Dolduraq badələri şərbət ilə, 
Söz deyək, söz eşidək ləzzət ilə.
 
Məst olan başla dili salma işə,
Sənə aləm güləcək lənət ilə.
 
Demə ALLAH ilə qəlbim düzdür,
İnanar kim sənə bu halət ilə.
 
Keçdi ömrün çoxu dərk eyləmədin,
Keyf ilə, mütrüb ilə, işrət ilə.
 
Axı biz Azəri övladlarıyıq,
Yaşarıq ismət ilə, qeyrət ilə.
 
Gəl zibillikdə bitən gül dərmə,
Keçər ömrün qəm ilə, xiffət ilə.
 
Birləşib yumruğa çevrilsək əgər,
Əzərik düşməni biz vəhdət ilə…və s.
Hacı Mirsalam heca şeirlərində də özünə məxsus deyim tərzi ilə diqqət çəkəndir. Maraqlıdır ki, şair əruzda dediyi şeirləri bu vəznin bütün qayda-qanununa riayət edərək dediyi kimi, hecada da ahəngdən kənara çıxmamışdır. Bəzi şairlərimiz var ki, həm əruz, həm də heca şeirləri yazmağına baxmayaraq, əruzunda heca, hecasında əruz abi-havası hiss olunur. Amma hacı Mirsalam şeirlərində bu nöqsanı görmürük. Məs:
Yenə dərd yağışı yağdı üstümə,
Kəsilmək bilmədən yağmaq istəyir.
Bu necə ağrıdır durub qəsdimə,
Qəlbimi köksümdə boğmaq istəyir…
 
Müasir, aldanma dünya varına,
Çalış gəl hər kəsin sən də karına,
Lənət bu dünyanın etibarına,
Səni də sapanda qoymaq istəyir.
Əlbəttə, həyatda heç bir günahı olmayan insan (on dörd məsumdan savayı), nöqsanı olmayan şair tapmaq mümkün deyil. Hacı Mirsalam Müasirin istər həyatda, istərsə də sənətdə xətası olmamış deyil. Elə bu xətalarını nəzərə alaraq münacatlarının birində şair özü belə yazır:
İlahi, xətmi-peyəmbər zəkası hörmətinə,
Onun məhəbbəti-biintəhası hörmətinə.
 
Müasirə elə məhşər günü şəfaətini,
Bu dini-müstəqimin rəhnüması hörmətinə.
Bax belə, hörmətli oxucu, doğrudur, bir qədər vaxtını aldım, ancaq məqsədim vaxtınızı qəsb etmək yox, mənim ağa deyərək müraciət etdiyim, həqiqətən ehtiramı mənimçün vacib olan, iyirmi illik qələm dostum hacı Mirsalam Müasir ağanın həyat və yaradıcılığı haqqında qısa da olsa məlumat vermək idi. Mən ona həyatda uzun ömür, can sağlığı, sənətdə yeni-yeni uğurlar arzulayır və söhbətimi şairin öz qələmindən çıxan bir beytlə bitirirəm:
Ey Müasir, səni ellər anacaq,
Bilirəm xoş söz ilə, rəhmət ilə.
Şair-tədqiqatçı hacı Ələmdar Mahir (Hacı Mirsalam Müasirin 2010-cu ildə çap olunan “Dürdanələr” adlı kitabına verilmiş rəylərdən)
 

12 thoughts on “Hacı Mirsalam axund Məşədi Mircavad oğlu Babayev (Müasir)”

  1. Allah HACI-ya Rəhmət eləsin…
    Yadımda qalan bir misra var. Əgər səhv olsa, zəhmət olmasa, səhvimi duzəldərsiniz:
    Məhəbbət bütöv bir qarpıza bənzər,
    Onu dilimləyib paylamaq olmaz.
    Məhəbbət ismətli bir qıza bənzər,
    Hər ürəkdə bir od qalamaq olmaz.
    *****
    Allah, ölənlərinizə rəhmət eləsin!

  2. Sözün həqiqi mənasında Lənkəranın ən saf bir ziyalısını itirdik. Allah rəhmət eyləsin, qəbri nurla dolsun!

  3. Salam Mirhafiz muəllim!.-Böyuk insan,ibadət və itaəti ilə tanriya bağli olan,seyid-peyğəmbər övladliği ilə pak olan,xalqinin sağlamliğinda halal payi olan,şe”riyyati ilə səmimi duyğularini insanlarin saflaşmasinda əvəzolunmaz xidmətləri olmuş ataniza ALLAH RƏHMƏT ELESİN!.-Kədərinizin nə qədər ağir olduğunu anlayiram,bununla belə mənəvi irs qoyan ağsaqqalimizin sizin kimi övladlari ilə qurur duyuram.Bu irsi davam eləmək nə qədər böyuk zəhmət tələb etsədə,siz bu yolun davamcisisiniz.Bu yolun şərəflə sizin davam etməyinizə əminəm.Siz böyuk bir camiədə taninmağinizla bu nəsilə layiq bir övlad olmağinizi təsdiq eləmisiniz. Cənabi Haqq atanizi,bizim ziyalimizi,seyid-peyğəmbər övladini rəhmət eləsin.Allah-təala sizə və qohumlariniza səbr versin!.Ataniz nəinki sizin və qohumlarinizin,həmcinin onu taniyanlarin və gənc nəslin urəyində həmişə qalacaqdir. Lənkəranda taninmiş ziyalilarla əlaqə saxlamişam və hamsi sizin atanizin necə böyuk insan olmağindan,vətənpərvər,halal cörək sahibi ,həmcinin böyuk ziyali itirməyimizdən danişirlar.Dərin huznlə başsağliği verirəm və sizə imandan gələn səbr diləyirəm.Allah rəhmət eləsin!

    • Аllаh o kəslərin dostudur ki, imаn gətiriblər» (Bəqərə
      surəsi, 257-ci аyə). «Bilin ki, Аllаhın dostlаrının heç bir
      qorxusu yoxdur və onlаr heç bir qəm-qüssə görməzlər. O
      kəslər ki, imаn gətirmiş və pis əməllərdən çəkinmişlər –
      onlаrа dünyаdа dа, аxirətdə də müjdə vаrdır» («Yunus»
      surəsi, 62-64-cü аyələr).

      • Lerikdən Zəfər Xəlilov Mirhafiz Babayevə,atasi-həkim-cərrah HACİ MİRSALAM BABAYEVİN vəfatindan kədərləndiyini bildirir və dərin huznlə başsağliği verir. “Respublika” qəzeti. 08.yanvar.2014
        *****
        Allah, ölənlərinizə rəhmət eləsin.

  4. Həmişə midrik dahi ,loğman ,ümimiyyətlə seçilmiş insanların həyatı ,mənim üçün maraqlı olub .Muasir həyatda isə .belə birinin yaşamasından xəbərsiz olmuşam .zəngin bir insanı tanımamaq mənim qəbahətimdir , necə deyim daim onlar haqda məlumat almaq istəyirəmbilgini bizə vermməmisiniz .Döğrusu çox təssüf .əlimə düşən .ədəbiyyatlardan istifadə edirəm .Mirhafiz bəy niyə belə bir insan haqda içindəəyəm .Bilirsiniz belə insanlarla bir əsrdə yaşamaq özü xoşbəxtlikdir .Onun oğlu olmaq isə şərəfdir .Onun haqda daha çox məlumatlı olmaq istərdim ,Kitablarını ,yaşadığı ömür haqda ,daha çox bilmək istərdim ,çünki bu insanlr ,həyatda yaşamağa sövq edır .Bilirəm ki bu bir mövzuya sığan ömür deyilmiş ,12co oyunçuda mənim Bu Dünya pəncərədir hər gələn baxar gedər .deyiminə bir şeir yazmışdınız ( çox təssüfki inid axtarsamda saytda tapa bilmirəm ) o Allah rəhmət etsin atanizin idi ?Bəlkə bir bölüm açıb onun haqda yazasınız ,Ya da ki kitab yaza bilərsiniz .Bağışlayın əlbəttdə hüzündən çıxandan sonra .

  5. Yaxın adamını itirmək çox ağır bir yükdür. Atalarımız bizə çox böyük mənəvi irs qoyub gedirlər. O irsi davam etdirmək çox çətin, olduqca məsuliyyətli bir işdir. Çox kədərliyəm və bu irsi davam etdirmək üçün Allah təaladan güc və səbr istəyirəm.
    Allah bütün valideynlərə rəhmət eləsin və qalanlarını ocağının üstündə daim salamat eləsin. Mənə və ailəmizə baş sağlığı verib, toxdaqlıq arzulayan hər birinizə, həmçinin layiqli fikir söyləyənlərin hamısına təşəkkür edirəm. Bu ağır gündə yanımda olduğunuz üçün Allahdan sizə və əzizlərinizə salamatlıq arzu edirəm!

    • Biz də Allahdan sizə səbr ,qüvvət arzu edirik və bumu bilirik ki ,Siz Atanızın layiqli davamçısısınız .dualarımız əskik olmaz ,sizn sağlam olmağınız üçün ,Əsas can sağlğıdır .
      Zaman ən gözəl loğmandır .Hər şey yaxşı olcaq .Allah sizi qorusun .Biz bunu Yaradanımızdan bunu istəyirik .

  6. Salam, Mirhafiz müəllim! 15-20 il bundan qabaq xalq yazıçısı Anarın bir müsahibəsin oxuyurdum və jurnalist ona belə bir sual vermişdi. Siz yazıçı olmaya bilərdinizmi? Anar müəllimin cavabı isə beləydi. Xeyr, mən yazıçı olmaya bilməzdim çünki, atam şair, anam şair və ağlım kəsəni evimizdə həmişə atamın qələm yoldaşları olan şairləri, yazıçıları görmüşəm.
    Müəllim, bunu xatırlatmaqda məqsədim odur ki, həkim-cərrah,şair Hacı Mirsalam ağanın ocağında dünyaya göz açan davamçısı mütləq həm həkim həm də qələm əhli olmalıydı. Allahın köməyiylə Hacı Mirsalam ağanın irsini davam etdirməkdən ötrü Siz də həm tanınmış həkim həm də qələm əhlisiz. Bu biliyi, qabiliyyəti, istedadı Sizə bəxş edən O Böyük Yaradanın əmri belədir. Qoy Allahın nəzəri üstünüzdən əskik olmasın, Amin!
    *****
    Qabil, bəy səmimi fikirlərinizə görə Allah sizdən razı olsun. Onu da deyim ki, məktəb yaşlarından bu yana mənim də şeiriyyətdə cızma-qaralarım var və ara sıra indi də davam edir. “R. S.” nikli qardaşımızın da dediyi şeirlə cavabı özüm yazmışdım.

Comments are closed.