Gözlədiyimiz an yaxınlaşır, "Bosman" xüsusi hazırlaşır!

Nəhayət, Azərbaycanda 2009/2010 futbol mövsümü sona yaxınlaşır.Doğma “Xəzər Lənkəran” doğma divarlar arasında, doğma azarkeşlərinin bir dəqiqə belə sakit durmayacağı son tur matçına sayılı saatlar qalır. Bu tur özünəməxsusluğu ilə seçilir. “Bakı” klubunu qəbul edəcəyimiz bu turda, qalib gələcəyimiz təqdirdə, 2009/2010 Azərbaycan futbol mövsümünün ÇEMPİONU  –  “XƏZƏR LƏNKƏRAN” olacaq !
Belə fürsəti əldən qaçırmaqmı olar? XEYR! “Xəzər Lənkəran” çempion olmaq gücündədir. “Xəzər Lənkəran” Azərbaycan çempionu olmuş bir komandadır, bu il yenə bunu qazanmağa layiqdir.
2006/2007 mövsümünün çempionu olmuş “Xəzər Lənkəran” həmin ildə də, son turda, çempionluğunu rəsmiləşdirmişdi. Lakin həmin il son tur doğma Lənkəranda deyil, Qəbələ şəhərində ovaxtkı “Gilan” klubu üzərində 0:3 qalibiyyəti ilə rəsmiləşmişdi. Qəbələdən Bakıya, oradan da Lənkərana qayıdan biz azarkeşlər, yolboyu qələbə sevinci yaşaya-yaşaya bir-birimizlə müxtəlif söhbətlər edir, sevincimizi paylaşırdıq. Bu söhbətlərin  əsas mövzularından biri də nə vaxtsa, “Xəzər Lənkəran” təqvimə əsasən son oyununu doğma meydanda keçirərək çempionluğunu elə bu oyundaca qeyd etməsi barəsində idi. Çünki, Qəbələdə nisbətən az azarkeş sayı ilə o, anları yaşamaq hara, doğma Lənkəranda belə bir anı yaşayıb bayrama çevirmək hara?
Bu çoxdan bu yana gözlədiyimiz an gəlib yaxınlaşır. Dediyimiz kimi də “Bosman” fanklubu da buna xüsusi hazırlaşır. Həmişəki kimi “R” sektorunda bir neçə saat əvvəldən yerlərini alacaq “Bosman” fanklubunun üzvləri hamı ağ-yaşıl rəngə bürünəcək,müxtəlif şüarlar səsləndirəcək, “12-ci”lərin hədiyyəsi olan Barabanı səsləndirəcək və bununla “R” həmdə yaxın sektorları coşduracaq. Bundan başqa Azərbaycanın,”Xəzər Lənkəran”ın və  “Bosman”ın bayraqları dalğalanacaq. Daha bir əlavəmiz isə, “Xəzər Lənkəran” klubunda oynayan bütün futbolçuların məxsus olduğu ölkələrin bayraqları bir cərgədə əllərdə tutulacaq və hər hansı ölkədən olan oyunçu çağırıldıqca, həmin bayraq yuxarı qaldırılacaq. Bununla da komandamızın hər bir futbolçusu belə məsul oyun öncəsi ruhlandırılacaq və çempionluğa çağırılacaq!
İNŞAALLAH, Mayın 15-i   bax beləcə, “Xəzər Lənkəran”ın çempionluğunun şahidi və bu bayramın iştirakçısı olacağıq!
 
Arxiv: Bosman.at.ua