Fizuli Məmmədov-38! (Geniş müsahibə)

Hər bir komandada yadda qalan hadisə, məşqçi, futbolçu eləcə də digər komanda və klub nümayəndələri olur ki, bunu hansısa xüsusiyyət reallaşdırır və beləcə tarixə çevrilmiş olur. “Xəzər Lənkəran” klubunda da belə simalar az olmayıb. Bunlardan bir nümunə də bu gün 38 yaşını qeyd edən, demək olar ki, komandanın bərpa olunduğu gündən bizimlə çiyin-çiyinə, biz tribunalarda, o isə meydanın müdafiə xəttinin sağ kənarında can qoyan dünən futbolçumuz, bu gün isə əfsanəmiz olan Fizuli Məmmədovdur.
Fizuli Məmmədov doğrudan da bir çox futbolçularımız kimi meydanda ürəyini qoyurdu. Amma onu əfsanəyə çevirən daha başqa bir insani məqam var idi. İkinci dəfə komandada qalması təklif olunanda müqavilə sənədinə qol çəkən zaman, hansı məbləğlə oynamaq istəyirsən? –sualına bu cavan futbolçunun cavabı belə olmuşdu: “Mən bu komanda və azarkeşlərinə artıq elə bağlanmışam ki, istəyirsiniz orda “sıfır” göstərin, mən boş blanka da imza atıram!” Bu məşhur müqavilə məsələsi “Xəzər Lənkəran” camiəsində illərdir danışılır, xatırlanır. Bax, Fizuli Məmmədovu əfsanə edən cəhətlərdən biri də bu oldu. Bu əfsanə futbolçu bu gün ad gününü qeyd edir. Təbii ki, biz azarkeşlərlə birlikdə…
Salam, Fizuli müəllim! Bu gün ad gününüzü qeyd edirsiniz. İlk olaraq, sizi təbrik edirəm!
Fizuli Məmmədov: -(Gülür) Çox sağ olun, təşəkkür edirəm.
Zəfər Xəlilov: -Müəllim, vaxtiniz olsa, bir az danişa bilərikmi?
F. M: -Buyurun.
Z. X: -İcazəniz olsa, ad gününüzlə bağli bir yazı hazırlamışam.
Bir  futbolçu kimi karyeranız zəngin olsa da şəxsi məlumatlarınızı toplamaqda çətinlik çəkirəm. Yəni, futbola gəlişiniz və sairə. Oynadığınız klublar barədə məlumat əldə etmişəm, amma yenə dəqiqlik üçün sizə müraciət etməyi üstün tutdum. Vaxtınız varsa və mənə köməklik etsəniz çox şad olardim. Yəqin mənimlə yanaşı sizi sevənlər də şad olardı.
Fizuli müəllim, sizinlə bu müsahibəni “Bosman.az” saytı üçün götürürəm və təbii ki, oradan da mətbuata açıq olacaq.
F. M: -Hec bir problem yoxdur!
Z. X: -Onda ilk sualım. Biz bilirik, Fizuli Məmmədov kimdir. Amma, lap uşaqlıq və məktəb illərindən danışsaydınız bu, azarkeşlərə çox maraqli olardi…
F. M: -Mən Ermənistanda anadan olmusam. 5 yaşıma kimi orada yaşamışıq. Sonra isə ailəmlə bərabər köçmüşük Bakıya. Uşaqlıqlda həyətdə çox futbol oynayırdıq. Bir nəfər Mahir adında şəxsin diqqətini cəlb etmiş olmuşam və o da məni götürüb, apardı yazdırdı futbola. O zaman Nikiforov vardi məşqçi, o da məni.Kazbek Tuayevin məktəbinə məsləhət gördü.
Orta məktəbdə isə pis oxumamışam. Dərslərdə hər zaman aktiv olmuşam. Dərslər səbəbindən çox zaman məşqlərə çatdırmırdım. Dərslərdə tam ciddi idim. Lakin getdikcə, məşqlər də çətinləşir və yorğun olurdum. Artıq futbolçu olmağı deyəsən, qət etmişdim. Sonra isə hazırlıqlar, oyunlara hazırlıq, toplantılar istər, istəməz dərslərdən uzaqlaşdırırdı deyə, çox zaman dərslərdən geri qalmağa başladım. Bununla bərabər məktəbdə yaxşı dost olmusam. Çox zaman elə məktəbdə də futbol oynamışıq, başqa pis işlərdən uzaq olmuşam.
Z. X: -Bu gün 38 yaşınız tamam olur. Sizi təbrik edirik.Yadda qalan ad günü xatırlayırsınızm?
F. M: -Heç zaman xoşlamamışam təmtəraqlı ad günü keçirdim. İstəmişəm belə ad
Günlərini yaxınlarımla ailə üzvlərimlə birlikdə kecirdim və təbii ki, sevgili azarkeşlər də təbrikə qoşulubsa, bu mənim üçün əsl bayramdı. Çox sağ olsun “Xəzər Lənkəran” azarkeşləri ki, məni heç vaxt yaddan çıxarmırlar.
Z. X: -Ad gününüz ərəfəsində könlunuzdən keçən bir arzu varmı?
F. M: -Arzular… Çoxdur. Arzusuz insan ola bilməz. Bəli, çox arzularım var. İnşallah Allah catdıracaq arzularıma. Çunki Allah hər zaman mənimlədir.
Z. X: -Fizuli muəllim, futbolumuzun ümumi vəziyyəti barədə necə düşünürsüz?
Və son. Boş vaxtlarinizi necə keçirirsiz? Mütaliə ilə məşğul olursunuzmu? Ən çox hansı kitabları oxuyursunuz? Təşəkkur edirəm.
F. M: -Son sualınızın birinci hissəsinə gəldikdə, vəziyyət əlbəttə ürəyim istədiyi kimi deyil. Ama görünür ki, yavaş-yavaş düzələr. İnşallah ki, lap yaxşı olacaq. Bunlara göstərici kimi millimizin oyunundakı irəliləyişi, klublarımızdan isə “Qəbələ” və “Qarabağ”ın Avroliqanın qrup mərhələsinə düşməsi deyə bilərəm. Düşünürəm ki, lap yaxşı olacaq.
Sualınızın ikinci hissəsisinə gəlincə, boş vaxtlarımı calışıram ki, ailəmlə birlikdə olum. Çünki qrafik sıxlığı üzündən sərbəst vaxtım çox məhdud olur. Məşqlərlə bağlı onu demək olar ki, vaxtımın çox hissəsini buna ayırmalıyam. Bəzən bir şey lazım olanda atama tapşırıram. Özüm isə hər zaman məşqdə oluram. Futbol oynadığım dönəmdə də belə idi. Xoşlamamışam ki, məşqi buraxım. İstər oynadığım dönəmdə və istərsə, məşqçilik dönəmində də məşq buraxmıram. Hətta, xəstə-xəstə belə məşqlərdə oluram.
Son sualınızın axırını isə belə cavablandırardım ki, hal hazırda Rinus Mixelsin “Postrayenyie komandı, put k uspexu” kitabını oxuyuram. Əlbəttəki, boş vaxt tapan kimi. Çünki indi hazırlıq dönəmi gedir. Yeni komandadır və çalışıram beynimi ürəyimi fikirlərimi komandaya aşılayım.
Z. X: -Fizuli müəllim, sizi çox narahat etmək istəmirəm. Hacısınız, Həcc ziyarəti barədə fikir və düşüncələriniz barədə qisa da olsa, bir az danışaydınız. Axı, indi sizi nəinki futbol azarkeşləri, həmçinin bu sahədən kənar insanlar da bir Hacı kimi tanıyırlar. Özü də növbəti həcc ziyarəti ərəfəsindəyik. Minnətdaram.
F. M: -Bəli, mən Həcc ziyarətində olmuşam, 2007-ci ilde. Arzulayanlara da Allahdan istəyirəm ki, bu ziyarət qismət olsun. Çox gözəl ziyarətdir və çalışıram indiyə kimi həmçinin ömrümün sonuna kimi hacılığımı qoruyam. Müsəlmançılıqdan həzz alıram və xoşbəxtəm ki, müsəlmanam.
Z. X: -Yeni kamandanızda sizə uğurlar arzu edirəm. Uşaq futboluna aid dedikləriniz çox qiymətli sözlər idi. İnşAllah bacararsınız.
F. M: -Siz sağolun Zəfər bəy. Sizə sonsuz təşəkkür edirəm ki, bu mənim üçün xüsusi gündə diqqət ayırmısız. Bayaqkı sualınıza indi cavab verirəm ki, bu mənim üçün ən yaddaqalan ad günü oldu (gülür). Təbii ki, “Xəzər Lənkəran” azarkeşlərinə bolluca salamlarımı çatdırıram. Deyirəm ki, onlar hər zaman qəlbimdədirlər. Mən onların alqışları altında oynamağın nə demək olduğunu çox yaxşı bilirəm, çünki bunu dəfələrlə yaşamışam. Allah sizdən razı olsun və hər zaman köməyinizdə olsun!
Z. X: -Minnətdaram.Vaxtınızı ayırdınız. Halal edin. Allah amanında…
F. M: -Halal olsun sizlərə. Siz hər zaman məni diqqətdə saxlayırsınız.
Z. X: -Buyurun… “Xəzər Lənkəran” azarkeşi heç vaxt əfsanələrini unutmur.
F. M: -Sağ olsunlar. Mən də onları unutmuram. Çünki “Xəzər Lənkəran”lılar ürəyimdədirlər. Onlar ucaldıblar məni, deyə bilərəm. “Xəzər Lənkəran”lılarla fəxr edirəm.
Müsahibəni, xüsusi olaraq, “Bosman.az” saytı üçün fəal azarkeşimiz Zəfər Lerikli kimi tanınan, Zəfər Xəlilov hazırlayıb.