Etibar Cəbrayıloğlu: Çörəyi çörəkçiyə, pulu Dənizliyə; Qafiyə həvəskarlarına yeni mövzu

Çörəyi çörəkçiyə, pulu Dənizliyə; Qafiyə həvəskarlarına yeni mövzu
 
Bir həftəlik bayram tətilinin necə gəlib keçdiyindən xəbərim olmadı. Az qala Novruzun yanında xəcalətli qalacaqdım. Hamısı da bizim “Xəzər Lənkəran”ın üzündən… Bu kluba könül verən mənim kimi minlərlə azarkeşin günü belədi, nə gecəmiz var, nə gündüzümüz. İllərdi göz dolusu bayram sevinci yaşaya bilmirik.
El-oba bayram tonqalından hoppananda klubun formasını geyinən futbolçular topun üstündən ora-bura o qədər tullandılar ki, “ağ-yaşıl gəmi” irəli üzmək əvəzinə geri getməyə başladı. Neft hasilatından, qızıl istehsalından və satışından ətraflı anlayışım olmasa da, futbolu az-maz bilən adamam. Zarafat deyil, Maradonanı taxtda görmüşəm, Messini qundaxtda. Amma və lakin “Xəzər Lənkəran”da nələrin baş verdiyini başa düşə bilmirəm. Vallah-billah başa düşməyə çalışıram, hər dəfə də görürəm ki, günah məndə deyil.
Az qala Everestlə bir olan Con Benjamin Toşak klubun baş məşqçisi gətirildi, azarkeşlərə Toşak boyda dağ çəkdirib getdi. Okean boyda Dənizli gətirildi, o da belə. Cənublu fanatlar hələ ki, Dənizlidən Viləşçay qədər də xeyir görməyiblər. Türkiyədə ad-san qazanan Mustafa hoca biz tərəflərdə əl-qolunu sallayıb gəzir. Üstəlik buna görə dəstə-dəstə para da alır. Dənizli ilə dənizlər fəth etmək istəyən “Xəzər Lənkəran” meydançada gün keçirməklə məşğuldu. Klubun formasını geyinənlər stadiona futbol oynamağa deyil, sanki domino vurmağa çıxırlar. Son qarşılaşmalarda bu komandanın futbol oynadığını görməmişəm. Azarkeşlərin bu yanaşmada mənimlə həmfikir olduqlarına tam əminəm. “Xəzər Lənkəran” öz meydanında-Mübariz Mənsimovun inşa etdirdiyi “Fırtınalar meydanı”nda xalları ehsan paylayırmış kimi sağa-sola xərcləyir. Rəqiblərin xalları artdıqca “Fırtınalar meydanı”nda tamaşaçıların sayı azalır. Hamı da klub rəhbərliyindən gileylənir. Bu yanaşmada fanatlarla həmfikirəm. Bildiyim qədəri ilə elə bütün dünyada belədi, stadionda baxımlı futbol görməyən azarkeşlərin gözü tribunda klubun başbilənlərini axtarır.
“Xəzər Lənkəran”ın kursunu müəyyən edənlər azarkeşlərin tənqidi ilə razılaşmayıb bir gəmi arqument gətirə bilərlər. Deyə bilərlər ki, bizdən daha nə istəyirsiz, çörəyi çörəkçiyə vermişik. Düz də deyirlər, indi komandanı oyunlara nə Biçər, nə də Bakes çıxarır. Bir müddət əvvəl futbolçulara göstərişi Toşak verirdisə, indi bu işi Dənizli görür. İlk baxışda hər şey əladı- çörək çörəkçiyə, pul Dənizliyə verilib. Pulu kisə ilə Dənizliyə verənlər Mustafa hocanın işlərinə qarışmır, start heyət yazılan hazır siyahını baş məşqçiyə göndərmir, ona “filankəsi oyundan al, bəhmənkəsi meydana burax” mesajı yollamır. İlin-günün bu zamanında klub para sıxıntısı keçirmir, futbolçular “qa” deyəndə meyvə şirəsi alırlar, “qu” deyəndə təzə mal əti. Amma…
Lakin “Xəzər Lənkəran” bunca miskin duruma düşübsə, mübarizə əzmi dənizlərdə düşüb itibsə hər tərəfdən baxanda klub rəhbərliyi günahkar görünür. Tutaq ki, biz azarkeşlərin keçirdiyi stress, qazandığı əsəb xəstəliyi klub rəhbərliyinin heç umurunda deyil. Bəs paralar? Dənizliyə verilən, xərclənən paralar onları heçmi maraqlandırmır?
Niyə baş məşqçidən bunun hesabatı sorulmur? Bu qədər geniş heyəti olan komandada meydançaya çıxmağa 11 oyunçu tapmaq olmur. Futbolçuların yarıdan çoxu iynə vurur. Pardon, başqa şey başa düşməyin, oyunçular zədədən əziyyət çəkdiklərindən müalicə olunurlar. Axı klubun sahibi futbolçuların başına görə olmada da, ayaqlarına görə kisə-kisə pul xərcləyir. Mustafa hocadan bunun səbəbini niyə soruşan yoxdu? Dənizli ki dənizlərin o tayında, uzaqlarda deyil…
Klub rəhbərliyi Dənizlidən nə qədər tez hesab sorsa o qədər yaxşıdı. Mənim fikrimcə, bu işi azarkeşlərə buraxmaq daha böyük problemlər yarada bilər. Bu gün hər oyundan öncə tribunalarda “Mustafa!”, “Mustafa!” çağıran fanatlar nə vaxtsa “İstefa!”, “İstefa!” hayqıra bilərlər. Xalqımız onsuz da hər sözə qafiyə tapmağı çox sevir və bunun üçün bəhanə axtarır. Bunu klubun sahibləri yəqin ki, bilməmiş deyillər…
“Ədalət” qəzeti, 29 mart 2014-cü il

7 thoughts on “Etibar Cəbrayıloğlu: Çörəyi çörəkçiyə, pulu Dənizliyə; Qafiyə həvəskarlarına yeni mövzu”

  1. Yaxşı yazıdır. İnanın ki, hesabatı sorsanız, elə siz azarkeşlr sorarsınız. Bəlkə bu yazı elə ilk təkan oldu?

  2. ETİBAR qardaşımı salamlayıram! Qələmin həmişə belə iti olsun. Əksər azarkeşlərin demək istədiyini demisən. Çoxları bilməsə də sadiq azarkeşlər bilir ki, həm də Siz ta qədimdən “Xəzər Lənkəran” aşiqisiz. Öpürəm Sizi!
    *****
    Topal Teymur tamaşasında döyüşçü demişkən, “Nəmə lazım, mən qarışmam!” kim-kimi öpür… (Zarafat da hərdən etməliyik. Yoxsa, bu “Xəzər Lənkəran” azarkeşliyi və iztirabı axırımıza çıxacaq).

  3. Lənət olsun o gunə, haqqi ayaqladilar,
    Dostunu duşmən bilib haqq yolunu azdilar,
    Dağ boyda xalqi qoyub duşmənlə dost oldular.
    Nə deyim sənə dunya!-Vəfasizsan sən yaman.
    Çörəkçiyə çörək ver, birinidə ustəlik
    Dənizliyə pulun ver, qoy olsun birdəfəlik.
    Rednik dedi el-oban, kor oldu niyə gözun?
    Bəlkə yolun azmisan,duşmənlə olub sözun.
    İnan! Bu xalq deyəcək axirda sözun duzun,
    Rednik kimi dahini tanitdiracaq zaman.
    Çörəkçiyə çörək ver, birinidə ustəlik,
    Rednikə pulun vermə, qoy olsun həmişəlik.

  4. Son vaxtlar klub tərəfindən və kluba yaxın olan insanlardan Dənizlini “İstefa” deyib “ğöndərməyi” təklif edirlər.Bu aqitasiyanı 10 gün olaraq mən müşahidə edirəm…Bu hardan gəlir, şüpəsiz məlumdu…
    Yazıqlar olsun!
    *****
    Vaqif bəy, Salam! Verilişdə dediyim fikirlərdən sonra dünən klubdan mənə zəng edib deyirdilər ki, Mustafa bəyin işinə heç kim qarışmır. Həm də dedilər ki, son zamanlarda Lənkəranda da bu söhbətlər gedir. Bir növ dediklərindən belə başa düşülürdü ki, guya biz bu söz-söhbətləri yayırıq. Mən təkcə Mustafanın işinə müdaxilə barədə demişdim, onu da həmin verilişdə.
    Fikrimi də onlar üçün əsaslandırdım və mənim güclü “Xəzər Lənkəran” görməkdən başqa, heç bir marağımın olmadığını bir daha nəzərlərinə çatdırdım. Halbu ki, həm mənim, həm də fanklubun tarixində heç zaman nəsə başqa marağın olması halına rast gəlinməyib. Necə ola bilər ki, Mustafa bəy gəlişindən, ta təlim-məşq toplanışından sonrakı üç oyuna qədər taktika qura bilirdi, indi niyə qura bilmir?

    • Lənkəranda kecirilən “Simurq” la oyunda mən olmamışam,ona görə ki oyunu uduzulacağını mənə səhər saatlarında “dostlar” xəbər verdilər.Bu məni çox qəzəbləndirdi və son illər ilk dəfədir ki oyuna gedməməy qərarını özümə verdim.Ona görəki “mənəbə” son oyunlar oyunun necə bitirəcəyini mənə DÜZƏ-DÜZ xəbər verirdi…Oyunun səhəri veteran futbolçularla söhbət edərkən,onlar hiddətini gizlədə bilməyib dünənki oyunda onlara klub rəsmisi tərəfindən “Niyə istefaya Denizlini çağırmısız?!?” söyləməsini mənə açdılar.Bu təklif onları cox əsəbləşdirmişdir.Sössüz ki bu klub rəsmisinin MÜƏLLİMİN icazəsi olmadan deməyə möcüzə olardı.MÜƏLLİMDƏ icazəsiz bu əmri verə bilməzdi…Deməli…
      Hər şeyi acıb tökkməyə dəyməz,KOMANDA LƏNKƏRANI TƏMSİL ELƏYİR!
      (Bu günkü oyunda proqnoz düz verilmişdi:ev sahibi,alt)
      *****
      Bəs sonra bizi niyə günahkar çıxarırlar?

      • Veteran futbolcular və onların yanında oturan azarkeşlər də sözlərimi təstiq edərlər…
        İNŞALLAH görüşəndə sizə Toşakın torba əməliyyatında söhbət edərəm…
        (Çaşki bunları mən bilməyərdim,hər şeyin dadı bitib,Redniki yayda gətirsələr belə ;-).
        *****
        OOOOO?!…

Comments are closed.