Etibar Cəbrayıloğlu: "Görəsən inqilab beləmi olur?"

Cəmi bir neçə gündən sonra…  
İnqilaba az qalıb, lap az. Bir neçə gündən sonra elə bir həngamə qopacaq ki, bütün dünya Azərbaycandan danışacaq. Rayonları bilmirəm, amma Bakıda camaatın söz-söhbəti elə bu hadisə barədədi. Xanımların Novruz bayramı hazırlıqları, kişilərin Türkiyə-Rusiya münasibətlərinin təp-təzə durumu, nöyütün yeni qiyməti və dolların məzənnəsi ilə bağlı müzakirələri çoxdan arxa plana keçib. Avtobusda, tibb mərkəzlərindəki növbələrdə, xınayaxdıda, şalvarkəsdidə ancaq qarşıdakı inqilabi dəyişikliklərdən danışılır.
Bizim camaat belədi də, səhər-axşam, axşam-səhər elə futbolla nəfəs alır. Qazandığı uğurlarla “Neftçi”nin tarixinə düşən və bu klubun ən güclü tənqidçisi Böyükağa Hacıyev demişkən, futbolu yorğanın altında gizlətmək olmur. Ona görə də paytaxtın hər yerində söhbət  AFFA-nın gözlənilən növbəti Hesabat Seçki Konfransından gedir. Camaat elə şeylər danışır ki, qorxudan və təəccübdən adamın nəfəsi tıncıxır.
Əgər həqiqətən də onlar deyən kimi olsa, inqilabdan qaçmaq mümkün olmayacaq. Camaat deyir ki, guya bu konfrans öz mühüm qərarları ilə təkcə AFFA-nın deyil, ADDF-nın, yəni Asfaltda Dağa Dırmanma Federasiyasının da tarixinə düşəcək. Özü də sözsüz ki, qızıl hərflərlə.
Ağızdan-ağıza eşitdiklərimdən belə başa düşürəm ki, konfransda bir-birindən maraqlı qərarlar qəbul olunacaq. Götürək elə evlilik məsələsini. Dərhal üstümə gəlməyin, evliliyin futbola birbaşa dəxli var. Daha doğrusu, inqilab qoxulu konfransdan sonra olacaq. Guya, qərarda son iki ildə Topaz Premyer Liqasının oyunlarını stadionlardan canlı izləməyən oğlan uşaqlarına qız vermək qadağan olunacaq. Qız evinin elçiliyə gələn oğlan tərəfindən bir ucu kəsilmiş futbol bileti tələb etmək səlahiyyəti olacaq.
Hələ bu harasıdı, qarşıdakı konfrans “Leyli və Məcnun” şadlıq sarayının filialı – Bakı Olimpiya Stadionu barədə də önəmli qərar qəbul edəcək. Stadionda toy eləmək istəyən cütlüklər müqavilə bağlamalı olacaqlar, müqavilə bağlayandan sonra öhdəlik götürəcəklər. Olimpiya Stadionundakı vur-çatlasından, çal-oynasından sonra doğulan uşaqlar 3 yaşından 13 yaşınadək AFFA-nın futbol seksiyalarına yazılmalıdırlar. Bu şərtlə razı olmayan cütlüklərə Olimpiya Stadionunda toy nədi, heç nişan mərasimi də keçirməyə icazə verilməyəcək. Bəs nə bilmişdin, toy edib 1500 adamı stadionda “Barı Naxçıvan”, “Bakılı balasıyam”, “Can Qarabağ”, “Lalədi, reyhandı, güldü Lənkəran” mahnılarının sədaları altında oynada bilirsən, uşağını isə futbol oynamağa qoymursan…
Konfransın hakimlərlə bağlı mühüm qərarı olacaq, vallah camaat belə deyir. Guya AFFA hakimlərlə bağlı gündən-günə artan, Zirədən tutmuş Tovuza qədər eşidilən narazılıqdan cana doyub. Deyilənə görə inqilabi konfransın qərarı ilə növbəti mövsümdən referiləri oyunlara Hakimlər Komitəsi deyil, ASAN Xİdmət təyin edəcək. Hələ bu da son olmayacaq, oyun  bitəndən sonra keçirilən mətbuat konfranslarında hakimdən narazılıq edən baş məşqçilərin qardaşlarına özəl banklardan kredit almaq yasaqlanacaq.
Bizim camaat da birinin üstünə beşini qoymağı qədimi dövrdən, lap PFL yaranan gündən çox xoşlayır. AFFA-nın növbəti Hesabat Seçki Konfransı barədə elə şeylər danışırlar ki… Sözün açığı, bəzilərinə heç inanmağım gəlmir. Amma elin sözü əvvəl-axır düz olsa, həqiqətən də bir neçə gündən sonra inqilab baş verəcək.
Cəmi bir neçə gündən sonra…

Mənbə: “Het-trik news” qəzeti