Əlimizdən, hətta ayağımızdan gələni beş qaba çəkdik. Amma yenə alınmadı. Rusiyanı, Portuqaliyanı, İrlandiyanın Şimal hissəsini, İsraili gəzib-dolandıq, hələ yolüstü Lüksemburqa da baş çəkdik. Lakin cəmi-cümlətani 9 xal topladıq. 9 xala görə isə Braziliyaya getməyə heç kimə vəsiqə vermirlər. Foqts olmur istəyir lap Platini özü olsun. 9 xal yığan milli komandaların futbolçuları Braziliyada keçiriləcək dünya çempionatına yalnız televizordan baxa bilərlər.
Ah, gözəlim Braziliya. Edson Arantes du Nasimentonun- və ya sadəcə Pelenin vətəni. Qarrinçanı, Karlos Alberto Torresi, Sokratesi, Artur Zikonu yetişdirən ölkə. Braziliyanın istənilən şəhərində hansısa bir küçəyə futbol topu atsan, ən azından 30-40 uşağın həmin torun arxasınca qaçdığının şahidi olacaqsan.
Ah, gözəlim Braziliya… Karnavallar ölkəsi. Rəqs edən qızlara görə bu məmləkətin büdcəsinə milyonlar axır. Onlara baxmamaq sadəcə, mümkün deyil. Braziliyalı futbolçular və rəqqasə qızlardan söhbət düşmüşkən, uzun fasilədən sonra mudiala vəsiqə qazanan Rusiya millisinin üzvləri Bakıdan Moskvaya dönəndə şoka düşdülər. Moskvadakı hava limanında braziliyalı rəqqasələr kimi ekzotik geyinən qızları görüncə milli üzvləri çaş-baş qaldılar. ORT kanalı da bu qəribə mənzərəni bütün dünyaya göstərdi.
Bir anlığa təsəvvür elədim ki… Üsamə bin Ladenin qarışdırıb getdiyi bu dünyada möcüzə baş verir. Berti Foqtsun rəhbərliyi altında millimiz Braziliyada keçiriləcək mundiala vəsiqə qazanır. Futbolçularımız gedib düşürlər karnavallar ölkəsinə. Elnur Allahverdiyev, Mahir Şükürov nə oyunlar çıxarırlar. Stadionda yox e, rəqs meydançasında…
Yaxşı ki, möcüzə-filan baş vermədi və bu bəladan qurtulduq. Amma indi də Braziliyaya gedə bilməməyimizin bəlasını çəkirik. Millimiz son iki oyunda toparlanıb 4 xal yığdı və necə deyərlər, çulunu sudan çıxartdı. Braziliyada deyə bilmərəm, amma biz tərəflərdə hər kəs müxtəlif cür düşünə bilər. Bəzi azarkeşlər, futbolla yaxından-uzaqdan bağlılığı olanlar deyir ki, son seçmə mərhələdə 9 xal toplamağımız əla göstəricidi, Braziliyaya getmişkən varıq. Bəziləri isə sevincdən göyə papaq tullamağa, alman Foqtsa heykəl qoymağa heç bir əsas görmür. Şəxsən mən ikincilərin komandasındayam.
Düzdü, millimiz bu seçmə mərhələdə 9 xal yığdı, Şimali İrlandiyanı evə əliboş yola saldı, son günlər azərbaycanlıları adamyeyən gözündə görən rusların qanını az da olsa qaraltdı. FİFA reytinqində bir xeyli irəlilədi. Amma əvəzində Lüksemburqu nə Bakıda, nə səfərdə məğlub edə bildi. Futbol meydançasının hansı tərəfindən baxsan, millimizin seçmə mərhələdəki gördüyü iş bayram keçirməyə əsas vermir. Sevinmək istəyəndə bu son illər alman baş məşqçiyə verdiyimiz bir ton pul gəlib durur adamın gözünün qabağında. Foqtsa xərclədiyimiz paraları almanın topladığı 9 xalla tərəzinin eyni gözünə qoymağa adamın insafı yol vermir. Tərəzinin ayrı-ayrı gözə qoyanda da pul tərəfi ağır gəlir. Yaman ağır gəlir.
Aradabir Azərbaycana gələn, bu əziyyətinə görə də bir ton maaş alan Berti Foqtsun çalışdırdığı milli Braziliyaya vəsiqə qazana bilmədi. Az qala atdıqları hər aut üçün babat mükafat alan futbolçularımız mundialı televizordan izləyəcəklər. Özü də Braziliya qəhvəsi içə-içə.
Onun-bunun hesabına dolanan Ermənistanın yığma komandası isə artıq başa çatan seçmə mərhələdə 13 xal topladı. Bunu elə-belə yazdım, sözgəlişi…
“Ədalət” qəzeti
6 thoughts on “Etibar Cəbrayıloğlu: "Braziliyaya getmək də bəla… Getməmək ondan da bəla"”
Comments are closed.
Hörmətli Doktorumuzu və Etibar bəyi Salamlayıram! Etibar bəy ikincilərin tərəfində olmaqla düzgün mövqe tutub. Doqquz xal yığdığına görə Foksa heykəl qoyası deyildik ki. Əgər bu nailiyyətinə görə Bertiyə heykəl qoysaydıq, onda gərək braziliyalılar Etibar bəyin adlarını saydığı və saymadığı beşqat dünya çempionların hamısına heykəl qoyaydılar. Beşqat çempionların hər birinə heykəl qoyulsaydı,indi Braziliya küçələrində heykəl əlindən tərpənmək olmazdı.
O seyler olub,demeli olmaliydi.O seyler ki,olmamaliydi ,yeqinki olmamaliymiş.Millimizde o şeyler ki ,olur-demeli dunyanin hec yerinde olmamaliymiş.Mahir ve Elnur adinda cavanlarimiz Brazilyada olmalidi- amma ikisininde familyasi Allaha yaxindir,demeli Allah biz azarkeşlere yaziqi gelir ki,ona gore olmali idiler amma olmadilar.(gel baş acda bu bu serhden)
xezer uddu
Hörmətli Doktor Mirhafiz bəy! Nəhayət ki, qələbə qazanıldı və Sizləri bu qələbə munasibətiylə təbrik edirəm!
*****
Mən də sizi və bütün azarkeşlərimizi təbrik edirəm. Futboldan indilərdə qayıtmışam və oyun haqqında yazı, yəqin ki, bu gün saytımızda yerləşdiriləcək.
İnşallah
salam Mrhafiz bəy Vaqif Rəşidov yazıb ki İslam Cabbarlının halı yaxşı deyil ,Əgər bu barədə məlumtınız varsa .yazmanızı xahiş edirəm.
*****
Bayaq İslam Cabbarlı ilə əlaqə saxladım. Vaqif müəllimin dediklərində həqiqət var. İslam bəy gecəni rahat yata bilməyib. Səhər də həkiminin məsləhəti ilə bəzi diaqnostik müayinələrdən keçib. Onların dedikləri də lap İslam bəyi qorxuya salıb. Üstəlik bir narahat xəbər də eşidib. Mən ona müəyyən məsləhətlərimi verdim, çox hərəkət etməməyi tapşırdım. Bir də bəzi müayinələrdə deyilən fikirlərin əsassız ola biləcəyini tibbi izahatla anlatmağa çalışdım. Elə bil söhbətimizdən sonra o, xeyli rahatlıq tapdı.