Hər həftəsonu ölkə futbolunu zorlamaqdan həzz alan AFFA, onun ərköyün övladı PFL və fiziki qüsurlu uşağı…
Premyer-liqamızın builki mövsümünün başa çatmasını necə də səbirsizliklə gözləyirdim. Qazaxıstanın Taldıkurqan çöllərindən əsgər forması ilə evimizə dönəcəyim günü gözləyəndə heç belə hisslər keçirməmişdim…
Pulsuz-parasız, intriqasız və maraqsız çempionat oyunlarını izləməkdən darıxdırıcı nə ola bilərdi ki? Bir yandan da “Xəzər Lənkəran”ın xəstəliyi… Ağır xəstəliyə tutulan klub gözümüzün önündə günü-gündən məhv olub gedirdi. “Ağ-yaşıl” formaya könül verən ən nikbin azarkeşlərin təsəlli dolu sözləri, duaları belə köməksiz kimi görünürdü.
Hər həftəsonu ölkə futbolunu zorlamaqdan həzz alan AFFA, onun ərköyün övladı PFL və fiziki qüsurlu uşağı- Hakimlər Komitəsi, sağ olsunlar, “Xəzər Lənkəran”ı elə-belə ölməyə qoymadılar. Yıxılana elə bir balta vurdular ki, gəl görəsən. İndi dəqiq diaqnoz qoymaq olar- “Xəzər Lənkəran” xərçəngin yox, həm də namərd zərbəsinin qurbanı oldu!
Təkcə “Ağ-yaşıl” forma ilə nəfəs alanların deyil, klubun bu cür aqibətə düşməsinə sevinənlərin də deməyə sözü çoxdu.
Yarandığı gündən Azərbaycan çempionatını hörmətə mindirən, özünəməxsus rəng qatan “Xəzər Lənkəran” belə miskin duruma düşməməli, mövsüm boyu qələbəyə həsrət qalmamalı idi. Nə AFFA-da, nə PFL-də, nə də Hakimlər Komitəsində maaş alanlar Tural Qürbətovun, Zaman Mirzəzadənin, Mahsun Qəmbərlinin, Bayram Budaqovun, Vüqar Bəybalayevin, Orxan Səfiyaroğlunun… yerinə qol vurası deyildilər ki… “Xəzər Lənkəran” premyer-liqada qalıb-qalmamaq məsələsini “Rəvan”la oyuna saxlamamalı idi. Klub Bayıla çatanda artıq körpü selə verilmişdi…
Cənub klubu bu üzücü duruma bir ilə, bir aya, bir həftəyə, bir günə və bir saata düşməmişdi. Klubun idarəçiliyində zaman-zaman yol verilən kobud səhvlər Mübariz Mənsimovun ən yaxşı gəmilərindən birinin-“Xəzər Lənkəran”ın nə vaxtsa batacağından xəbər verirdi. Bu klubla nəfəs alan minlərlə azarkeşin əli onsuz da Qiyamətə qədər “Xəzər Lənkəran”ı bu duruma salanların yaxasında olacaq…
Amma və lakin bütün bunlar ölkə çempionatında baş verənlərə, eləcə də son turda “Bayıl Arena”da yaşanan rəzalətə haqq qazandıra bilməz. Bu şərəfsizliyin peşəkar sifarişçiləri də, həvəskar icraçıları da nə vaxtsa cavab verəcəklər.
Xəstəhal “Xəzər Lənkəran”ı I diviziona yola salmaq üçün şeytanla azmış kimi, “Qarabağ”la da saziş bağlayanlar, Qurban Qurbanov kimi əxlaqlı bir kişini bu çirkin oyuna girməyə məcbur edənlər, Qarabağın müqəddəs adından yararlananlar indi əllərinə xına yaxıb rahat gəzə bilələr. Belələrinin səhər-axşam tumanlarını başına çəkib bütün dünyada “Qarabağ, Qarabağ” qışqıraraq haray-həşir salan ermənilərdən çoxmu fərqi var? Allah ermənilərin də bəlasını versin, sizin də!
Qayıdaq “Bayıl Arena”da baş verənlərə. Hətta ildə bir dəfə futbola gözucu baxan evdar qadın da bu gözəl oyunda hakim xətasının olmasından xəbərdardı. Amma və lakin sonuncu turda Ramil Diniyev adlı birisinin ən sonuncu yola düşməsinin hakim xətası ilə nə əlaqəsi?
Siyasi düşüncələrini heç zaman bölüşmədiyim Nemət Pənahlı sonuncu məhkəmə prosesində onu mühakimə edən və sifarişli hökm verməyə hazırlaşan hakimə üz tutaraq belə bir söz işlətmişdi: “Ailəniz, övladlarınız üçün bu cür çörək qazanmaqdansa gecələr Tbilisi prospektində dayanıb əxlaqsızlıq edin…” Sitatın sonu…
Bayıldakı rəzalət yaxın-uzaq ellərdə müzakirə olunarkən, Azərbaycan futbolu lağ obyektinə çevrilərkən meydana Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov çıxdı.
Böyük şairin cılız adaşı elə bir açıqlama verdi ki, toyuq dönərinin də gülməyi tutdu. Hakimlərin başında duran bu adam Ramil Diniyevin böyük bir səhvinə haqq qazandırdı. Qızıl-qırmızı dedi ki, Ramil Diniyev penalti nöqtəsini göstərməkdə haqlı imiş. Yalnız AFFA-nın çətiri altında oturan belə açıqlama verə bilərdi və verdi də. Dünya ədəbiyyatına ölməz əsərlər bəxş edən alman Bertol Brext necə da haqlıdı-“Axmaqlıq böyük miqyas alanda hiss edilməz olur”. Sitatın sonu…
Lütfən, yenə qayıdaq Bayıla. Maraqlı, ölkə futbolunda nadir hallarda rast gəlinən mənzərə yaranmışdı. Ağır xəstəlikdən və namərd zərbəsindən I diviziona düşən “Xəzər Lənkəran”ı azarkeşlər sonuncu “oyundan” sonra qəhrəman kimi yola saldı. 100 yaxın azarkeş klubun avtobusunun qarşısını kəsərək futbolçuları alqışlayır, onlarla şəkil çəkdirirdi. Fanatların səs-küyü, səsləndirdiyi şüarlar Bayılı başına götürmüşdü. Bu mənzərə “Ağ-yaşılların” qətlinə fərman imzalayan, “Xəzər Lənkəran”ı bir klub kimi deyil, sanki xalalarının-bibilərinin oynaşı kimi görən futbol funksionerlərinə tutarlı bir cavab oldu. “Nəsimi” filmindəki məşhur epizod yadınızdamı? “Böyük bəyin ölüsü də gözəldi!” Sitatın sonu…
Cənublu azarkeşlərdən, bu fədakar insanlardan söhbət düşmüşkən… Sonuncu mövsümün ağrı-acısını çıxarmaq üçün yaxşı fürsət var. Yeni doğulan körpələrə Ramil adı qoymaqdan imtina etmək pis olmaz. Düzdü, bu adı körpəyə qoymaq kiminsə arzusu ola bilər. Amma və lakin bir məsələ də var, onsuz da Azərbaycan insanının ürəyi dəfn olunmuş arzuların qəbiristanlığıdı. Bir arzunun da ora gömülməsi problem olmaz yəqin. Bir də ki, sizə Ramil adlı oğul lazımdımı?
Nə isə qayıdaq Bayıla. Yox, bu dəfə Tofiq Bəhramov adına stadiona qayıtmağınızı rica edirəm. 2013-cü il mayın 28-də bu arenada yaşananlar nə tez yaddan çıxdı? Həmin gün əzəli rəqiblər- “Neftçi” və “Xəzər Lənkəran” Azərbaycan Kubokunun finalında üz-üzə gəlirdilər. İndi özünü ədalət carçısı, mərdlik simvolu kimi sırımaq istəyən Tahir Süleymanovun da təmsil olunduğu “Neftçi” klubu AFFA, PFL və Hakimlər Komitəsi ilə əlbir olub təkcə “Xəzər Lənkəran” oyunçularını yox, həm də ölkə futbolunu sillə-təpik altına saldı. Həmin gün meydanda baş verən bu rəzaləti Türkiyədən dəvət etdiyi qonaqları Rüştü Rəncbər və Rıdvan Dilmənlə birgə izləyən Mübariz Mənsimov tarixi bir ifadə işlətdi. “Xəzər Lənkəran”ın yaradıcısı, Azərbaycan və onun futbolu üçün böyük işlər görən Mübariz bəy şərəf tribunasında yanaşı oturduğu AFFA rəhbərliyinə üzünü tutaraq bu cinayətə əsl qiymətini belə verdi: “Tüpürüm sizin futbolunuza!”
Sitatın sonu…
Mənbə: AzToday.az