«Xəzər Lənkəran»da bir çoxları qısa müddətdə çalışıb getsə də, bir nəfər dəyişmir. O, komandada görülməyəcək qədər önəmli və məsuliyyətli iş görür. Söhbət Elvar Quliyevdən gedir. Belə bir klubda, dünya şöhrətli Con Toşakın tərcüməçisi kimi çalışmaq sizə asan görünməsin. Elvarla söhbətimiz onun doğum günü ərəfəsində oldu.
– Elvar, «Xəzər Lənkəran»da xeyli məşqçiylə çalışmısan…
– Orda birinci dəfə qeyri-rəsmi olaraq çalışmışam. Həmin vaxt “Space”də işləyirdim. Klubun vitse-prezidenti Tuyqun Nadirovu tanıyırdım. Klubdan heç bir maaş almamışam. Həftədə bir-iki dəfə Ağasəlim Mircavadovun dövründə komandaya kömək edirdim. Həmin vaxtı komandada bir neçə braziliyalı futbolçu vardı. Beləcə ilk çalışdığım məşqçi Ağasəlim müəllim olub. Rəsmi olaraq çalışdığım məşqçi isə Rasim Karadı. Onun kluba ikinci qayıdışı idi. Sonra İqor Ponomaryov, yenidən Mircavadov, Mirça Rednik, Cüneyt Biçər, Yunis Hüseynov, Karles Bakes və hazırda Con Toşak.
– Lənkəran azarkeşləri Redniki niyə belə çox sevirlər?
– O, Şərqi Avropa ölkəsindən gəlmişdi. Sosialist ölkəsidi. Müəyyən bağlılıqlar var idi. Azarkeşlərin könlünü almağı bacarmışdı. İstər göstərdiyi nəticələrlə, istərsə də məşqlərdə azarkeşlərin ürəyinə yol tapmışdı. Lənkəranda bizim adi məşqlərə iki min azarkeş gəlir. Bəzi klubların oyunlarına bu qədər azarkeş gəlmirdi. Onlarla ünsiyyətdə olurdu. Şəkil çəkdirirdi, oyunlarla bağlı fikir mübadiləsi aparırdı. Bəzi məşqçilər azarkeşlərlə ünsiyyətdən yayınsalar da, o, yayınmırdı. Oyunlardan əvvəl bizdə bir adət var ki, oyunçuların və məşqçilərin adını çəkib, tribunaya tərəf çağırırlar. Rednik də maraqlı jestləriylə yadda qalırdı. Beləcə azarkeşlərin ürəyinə yol tapmışdı. O vaxtlar “Xəzər Lənkəran”ın möhtəşəm heyəti var idi. Xatırlayıram, mən özüm də məşqçilərin yanında oturub oyunlara baxanda özüm-özümə deyirdim ki, bu “Xəzər Lənkəran”dı belə? Həmin vaxt rəqiblər mərkəz xəttini keçməkdə əziyyət çəkirdilər. Hücum arxasınca hücumlar olurdu. Azarkeşlər komandanın elə oyununa öyrəşmişdilər. Ona görə də darıxırlar onun üçün.
– Sən də Rednik üçün darıxırsan?
– Əlbəttə. O, komandadan ayrılandan sonra da münasibətimiz qalıb. Doğum günündə mesaj yazıb, təbrik etdim. Amma həmişə o zəng edir mənə.
– Zəng edəndə kluba aid nə soruşur səndən?
– Necə olduğumuzu və komandadakı vəziyyəti soruşur. Məğlubiyyət olanda səbəblərini soruşur. «Makkabi»yə uduzanda (0:8) səhərisi gün mənə zəng etdi. «Komandaya nə olub? Niyə belə nəticə oldu?» deyə soruşdu. Həmişə komanda ilə maraqlanır. Hətta «Standard»da çalışdığı vaxtlarda da komanda ilə maraqlanırdı. Mən də deyirəm ki, uğursuz oyunlarda azarkeşlər sənin adını qışqırırlar. Təbii ki, onun xoşuna gəlir.
– Rednikdə xüsusi nəsə varmı? Onu «Xəzər Lənkəran» fanatları üçün özəl edən əsas səbəb nədi?
– O, həddindən artıq pozitiv insandı. Nəticələrdən asılı olmayaraq daim gülərüz idi. Məsələn, günorta yeməyindən sonra oyunçuların yanına qalxar, hamı ilə zarafat edərdi. Bayramlarda mənimlə birgə banka gedib pul çıxarırdı. Stadionda çalışan işçilərə pul paylayardı. Analar günündə deyirdi ki, mənim anam Rumıniyadadı, onu təbrik edə bilmirəm, burda olan qadınları təbrik edim.
– Hədiyyə alırdı, yoxsa pul verirdi?
– Pul verirdi.
– Məbləğ nə qədər olurdu?
– Hardasa hər adama 100 dollar verirdi. Ümumiyyətlə, adi günlərdə belə, işçilər də daxil olmaqla hamıyla isti münasibət saxlayırdı. Hətta işçilərimizdən birinin atasının gözündə problem var idi. Əməliyyat olunmalı idi. Biz oyunçularla birgə pul yığırdıq öz aramızda. Elə oldu ki, Rednik də öyrəndi və pul köməkliyi etdi. Özü də xeyli məbləğ idi. O, hamı ilə xoş münasibətdə idi.
– Rednikin əsəbi vaxtı olmurdu?
– Olurdu. Adi vaxtlarda şən olsa da, məşq, oyun, fasilə zamanı tamam başqa insan olurdu. Ruslar demişkən, «Slujba slujba, drujba drujba». Adi vaxtlarda kimləsə zarafat edirdisə, məşqlər zamanı çox ciddi adam olurdu. Zarafat qəbul etmirdi. Ona görə də onun dövründə məşqlər yüksək səviyyədə keçirdi. Bu da oyuna öz təsirini göstərirdi. Bir dəfə baxmayaraq ki, komanda 1:0 öndə idi, fasilə zamanı otaqda mən nəyəsə güldüm. O da əsəbi şəkildə «nəyə gülürsən, Elvar? Nəyə gülürsən?» deyərək, ciddi danışdı mənimlə. Təbii ki, ona heç nə demədim. Oyundan sonra yanıma gəlib, qucaqladı məni. Dedi ki, oyun zamanı olan gərginliyə görə adam özünü idarə edə bilmir. O, belə insan idi.
– Futbolçuların hamısı onu sevirdi?
– Hamısı yox. Təbii ki, tənbəl oyunçular hər komandada var. Onlar tələbkar məşqçini sevmirlər.
– Onunla Adrian Pit arasında problem var idi. Səbəb nə idi? Pitin sonra Toşakla da problemi oldu.
– Təbii, Rednik mələk deyil. Onun da günahları oldu. Onunla münasibətim çox istidi. Gələcəkdə nə vaxtsa “Xəzər Lənkəran”a geri qayıdarsa, səhvlərini özünə deyəcəm.
– Belə başa düşdüm ki, Pitlə Rednik arasındakı münaqişədə günahkar tərəf Rednik olub…
– Hər iki tərəfdə günah var. Çox nadir hallarda günah bir tərəfdə olur. Pitin də günahı var idi. Futbolçunun işi məşqçiylə prinsip aparmaq yox, öz işini göstərməkdi. Hər iki tərəfdə günah var idi.
– Bəs Toşakla Pitin münasibəti niyə pozuldu?
– Toşakla bağlı heç bir problem olmayıb. Toşak elə insandı ki, heç kimlə prinsip aparmağı sevmir. Deyək ki, futbolçunun Toşakla böyük konflikti ola bilər. Amma iki gün sonra həmin adam məşqdə özünü yaxşı tərəfdən göstərərsə, həmin futbolçu növbəti oyunda əsas heyətdə yer alacaq. Sadəcə, həmin vaxtlar Pitin faydalı iş əmsalı çox az idi. O, özünə bənzəmirdi.
– Pitə nə olmuşdu belə? Hazırlıq düzgün keçilməmişdi?
– Hər şey ola bilər.
– Bəlkə ulduz xəstəliyinə tutulmuşdu?
– Bilirsiz, o, peşəkar oyunçudu. Məşqçi dəyişikliyi oyunçulara pis təsir etmişdi. Məşqçilər arasında da fərq olur. Elə məşqçi var ki, yüksək səviyyədə məşq keçir, eləsi də var məşqləri yola verir. Bu da oyunçularda səviyyənin düşməsinə səbəb olur. Ciddi məşqçi gələndə toparlanmaq çətin olur. Məncə, Pit belə şeylərin qurbanı oldu. O, keçən mövsümün sonlarından Toşakı razı salmırdı.
– Toşak Azərbaycana gəlmiş ən məşhur məşqçilərdəndi. Onun yanında olanda bunu hiss edirsənmi? Toşak necə biridi?
– Məncə, Toşak Azərbaycana gələn yaxşı məşqçilərdən elə ən birincisidi. O, 2004-cü ildən bəri klublarda yox, milli komandalarda çalışır. Bu müddət ərzində klub futbolunda həddindən çox dəyişikliklər olub. Məşqlər daha dinamik keçir. Toşak köhnə üsluba üstünlük verən məşqçidi, fərq hiss olunur. Kompyüterlə heç bir əlaqəsi yoxdu, mobil telefondan son bir neçə ildə istifadə edir. Belə desək, köhnə kişilərdəndi. Bizdə fiziki məşqçi var idi – Erik Raketa. Toşak onun məşqlərdə etdiklərinə baxıb deyirdi ki, futbolçu onun elədiklərini anlamaq üçün gərək iki universitet qurtarsın. Futbol sadə oyundu. Məşqlər də sadə olmalıdı. Ona görə də çox fərqlilik etmir. Sadə məşqlər keçir. Məncə, bizim oyunçulara görə monotonluq yaxşı deyil və yorğunluğa gətirib çıxarır. Rednikdə hər dəfə fərqlilik olurdu. Demək istəmirəm ki, Rednik Toşakdan yaxşıdı və ya əksinə. Hərəsi özünə görə yaxşı məşqçidi. Toşak titullu məşqçidi. Rednikin titulları az olsa da, bizim futbol üçün top-məşqçi idi. Rednikin məşqləri bir-birindən fərqlənirdi. Amma monoton məşqlər bizim futbolçulara görə deyil.
– Hansı güclü psixoloq idi? Rednik yoxsa, Toşak?
– Bizim mentaliteti daha yaxşı başa düşən, daha yaxın olan Rednik idi. Toşak isə top futbolçularla işləyib. Zarafat deyil, Uqo Sançez, Rivaldo, Bebeto, Raul və başqa oyunçularla işləyib. Həmin oyunçulara əlavə nəsə deməyə ehtiyac yoxdu. Toşakın elə mühitdən belə yerə gəlməsi ona çətinlik yaradır. Gərək bizim oyunçuya bir sözü on dəfə deyəsən. Birini deyirsən, bir az keçir yadından çıxır. Uçurlar xəyallarda. Deyirsən ki, bu söz sənə deyilmişdi axı. Cavab verir ki, fikrim başqa yerdə idi. Yəqin Rumıniya ilə fərqlənmirik ki, bizim oyunçularla işləmək Rednikə çətinlik yaratmırdı. Toşak deyir ki, mən artıq üçüncü dəfədi deyirəm, amma oyunçular əməl etmir. Yəqin bizim «qaydalar»a görə üç azdı.
– Toşak Franko Nildo və Benouahini transfer etməyinə peşman deyil? Deyilənlərə görə, özü bu futbolçuların transferini istəyib.
– Bəli, onları özü transfer etmək istəmişdi. Mən sizə bir şey deyim, heç kimdən çəkinən yerim yoxdu. Rəhbərlik transfer pəncərəsi dönəmində məşqçinin qarşısında «yaşıl işıq» yandırmışdı ki, hansı futbolçunu istəyirsən al. Belə vəziyyətdə gedib 1-2 milyonluq oyunçulardan yapışmaq da düz olmazdı. İngiltərədə, İspaniya Sequndasında iştirak edən oyunçularla əlaqə saxladıq. Həddindən artıq pul istədilər.
– Məşhur futbolçular idi?
– Yox. Heç adları da yadımda qalmayıb. Toşak deyirdi ki, «mən Nildonun oyunlarını izləmişəm. Onun digər oyunçulardan fərqi yoxdu. Nəyə görə həmin oyunçulara Azərbaycan ölçülərinə görə artıq pul verək? Elə Nildonu uyğun qiymətə almaq yaxşıdı». Toşak bəzən tez-tez qeyd edir ki, rəhbərlik sənə transferlərdə böyük pullar ayıra bilər, amma sən o pulu öz cibinin pulu kimi xərcləməlisən. Nildo ilə Benouahinin transferi məhz bu səbəbdən oldu. Nildo hələ ki, «qara zolaq»dadı. Məşqlərdə çox çalışır. Ona görə də əsas heyətdə yer alır. Zohair ona görə alındı ki, komandamızda hücumçunun arxasında oynayacaq oyunçu yox idi. Toşak bir çox eksperimentlər etdi, amma həmin mövqedə oynayan oyunçunu tapa bilmədi. Benouahiylə Nildo bir yerdə oynayıblar və yetərincə çox qol vurublar. Elə ona görə hər iki oyunçu transfer edildi.
– Heç olubmu ki, işlədiyin məşqçilər oyunların gedişində səninlə məsləhətləşsinlər?
– Təbii ki, oyunun gedişində olur. Rednikin dövründə bir az olurdu, elə də çox yox. Toşak da arada məsləhətləşir. Təkcə mənimlə yox, Emin Quliyevlə də.
– Heç Toşakın bura gəldiyi üçün peşman olduğunu hiss etmisən?
– Yox. olmayıb. Toşak deyir ki, bura gələndə Azərbaycanı belə təsəvvür etmirdim. Yaxşı mənada təəccübləndiyini söyləyir. Bakının İstanbuldan heç də geri qalmadığını, meqapolis şəhər olduğunu bildirir. Lənkəranı da bəyənir. Jurnalistlərdən, səs-küydən uzaq olmağı sevir. Bu ona daha rahat işləməyə imkan verir. Sadəcə, gənc oyunçuları Lənkərana gətirməyin çətin olduğunu söyləyir.
– Yeri gəlmişkən, Toşakın mətbuatla münasibəti elə də isti deyil…
– O, mətbuatdan uzaq olmağa çalışır. Tək bizim yox, Britaniya, İspaniya mətbuatı da onunla əlaqə saxlamaq istəyir. İstər Beylin “Real”a transferiylə bağlı, istərsə “Xəzər Lənkəran”la bağlı əlaqə saxlamağa çalışırlar. Toşak isə onlardan yayınmağa çalışır. Komanda ilə bağlı lazımlı məlumatları mən və ya klubun mətbuat katibi Hüseyn Cəbrayıloğlu çatdırırıq.
– Olubmu ki, mətbuat konfransında məşqçinin dediyi sözü qalmaqal və ya digər səbəblərə görə bilərəkdən təhrif etmisən?
– (fikirləşir)… Belə ciddi bir şey olmayıb.
– Bəs jurnalistlərin suallarını necə?
– Xeyr, sualı olduğu kimi vermişəm.
– Kubokun finalında baş verənlər barəsində danışaq. Orda nə baş vermişdi? Toşakın Saşa Stamenkoviçə yaxınlaşıb nəsə deməsindən sonra ara qarışdı. Toşakla bu barədə söhbətin olub?
– Penalti seriyaları davam edərkən Saşa yersiz hərəkətlər etməyə başladı. Toşak da əsəbləşdi.
– Toşak əsəbləşib söyüş söyürdü?
– Yox, söymürdü. Deyirdi ki, bu klounluq nəyə lazımdı? Hakimlər orda nəyə baxır? Hakimlərin olanlara reaksiya verməməsi onu qıcıqlandırdı. Sonradan mətbuatda yazıldı ki, aranı Toşak qızışdırıb. Amma belə deyildi. Mən bunları Toşaka dedim. O, dedi ki, «getdim görüşdüm, təbrik etdim. Sonra dedim ki, sənin etdiyin hərəkət idmançıya yaraşmayan hərəkətdi. Mən ona «İt is not correct» dedim».
– Yaşanan olaylarla bağlı nəsə demədi?
– Yox, heç nə demədi. Qısaca bunu biabırçılıq adlandırdı. O, olanları günlərlə oturub müzakirə etməz.
– Hakimlərimiz Toşakı təəccübləndirir?
– Keçən mövsümün sonunda oyunların birində olmuşdu. Hakimin adını çəkmək istəməzdim. Oyun 5 dəqiqə idi başlamışdı. Dedi ki, hakimdən gözüm su içmir. Hakim səhv qərar verəndə ayağa qalxıb cibini göstərdi. Həmin oyundan sonra böyük qalmaqal yaşandı. Sonradan xəbər yayıldı ki, hakim rəqib komandadan pul alıb.
– Toşak Lənkəranda harda yaşayır?
– «Palmalife» otel kompleksində kateclərin birində yaşayır. Yüksək səviyyəli kotecdi. Kotecə iri zal, üç əlavə otaq, mətbəx və s. daxildi. O da bəyənir oranı. Hər şeydən razıdı. Velosiped də alıb.
– Xanımı da onunla yaşayır?
– Yox. Xanımı bir ay burda olur, bir ay da evinə gedir.
– Toşak üçün Bakıda ev tutulub?
– Xeyr. Komanda istirahətə buraxılanda belə o, Lənkəranda qalır. Oyunçular isə Bakıya gəlirlər.
– Toşakın ən çox üzüldüyü oyun hansı olub?
– «Makkabi»yə 0:8 hesablı məğlubiyyətə çox üzüldü. Onun yanında oturmuşdum. Toşak hər qoldan sonra qızarırdı, tər axıdırdı. Düşünürdüm ki, belə davam etsə, infarkt keçirə bilər.
– Nəsə deyirdi?
– Yox, başını aşağı salırdı.
– İstefa ilə bağlı bir söz demədi?
– Oyundan dərhal sonra dedi ki, bu, biabırçılıqdı, istefa ərizəmi verəcəm. Köməkçisi Aleksis Plaza da dedi ki, bu nəticədən sonra yəqin bu oyun son oyunumuz olar. Rəhbərlik ərizələrini qəbul etmədi.
– Toşak rəqibləri necə öyrənir?
– Toşak oyunları mümkün olduğu qədər stadiondan izləyir. Bu mümkün olmadıqda televiziya vasitəsiylə izləyir. “İnstat football” şirkətiylə əməkdaşlıq edirik. Ordan rəqib oyunçular haqqında dəqiq və ətraflı məlumatlar gəlir. Bu işlərlə Aleksis Plaza məşğul olur.
– Lənkəranlı azarkeşlərin Rednik sevgisi Toşaka necə təsir edir?
– O, belə şeylərə fikir verən adam deyil. Rednikdən sonra komandaya Cüneyt Biçər baş məşqçi təyin olundu. İki gün idi komandada idi. Azarkeşlər məşqə gəlib Redniklə bağlı pankart açdılar. Bu da ona təsir elədi. Növbəti dəfə azarkeşləri məşqə buraxmadı. Fikrimcə, bununla özünü «yandırdı». Toşak isə başqa cür davranır. Mövsümün əvvəlində uğursuz çıxışlar vaxtı idi. Mühafizəçilər Toşakdan «azarkeşlər məşqə buraxılacaqmı» deyə soruşdular. O da gülə-gülə «hə, buraxın, amma ciblərini yoxlayın. Ciblərində daş olar, məni daşlayarlar» dedi. Yəni o, belə şeylərə fikir vermir. Amma onun nəticə verə bilməməsinə hamımız üzülürük. Peşəkarlığı, hər şeyi yerində, sadəcə, nəticə yoxdu hələ ki…
Heybət.
MƏNBƏ: “Komanda” qəzeti
1 thought on “Elvar Quliyevin müsahibəsi”
Comments are closed.
Hörmətli Admin, Sizi və Elvar bəyi salamlayıram! Çox maraqlı, oxuduqca ləzzətli, zor müsahibə alınıb. Elvar bəy az qala “Xəzər Lənkəran”ın bütün baş məşqçiləriylə işləyib. Verdiyi müsahibədə Redniklə Toşakin müqayisəsi olduqca səmimi alınıb. Mən Elvar bəydə ayrı-ayrı şəxslərə, müxtəlif proseslərə, hadisələrə özünəməxsus, mükəmməl bir baxış bücağı olduğunu gördüm.
*****
Elvar bəy az-az rast gəlinən əsl səmimi, təmiz bir insandır. Onun səmimiyyəti və hər şeyə düzgün münasibəti alqışlanasıdır.