Dördüncü dünya çempionatı, 1950-ci il. Braziliya (VİDEO və Sxematik)

1946-cı ildə FİFA-nın konqresi keçirildi və dünya çempionatlarını bərpa etmək qərara alındı. 1946-cı ildə SSRİ Futbol Federasiyası da FİFA-ya qəbul olundu. Braziliyalılar çempionatın final mərhələsini yeni qaydalar üzrə keçirmək təklifini irəli sürdülər. Bu təklifə görə ilk mərhələdə 16 finalçı, hərəsində dörd komanda olmaqla, dörd qrupa bölünməli, dairəvi sistem üzrə oyunlar keçirilməli idi. Qrup qaliblərindən ibarət yeni qrup yaradılmalı və burada da dörd komandanın hamısı bir-biri ilə görüşməli idi. Ən çox xal toplayan komanda çempion olmalı, qalan yerlər də xalların sayına görə müəyyən edilməli idi. Müəlliflər bu sxemi ən ədalətli hesab edirdilər. Çünki təsadüflərin qarşısı alınır, cəmi bir oyunu uduzan güclü komandanın yarışlardan çıxmasına imkan verilmirdi.
FİFA-nın konqresində bu təklif qəbul olunmadı. Lakin çempionat ərəfəsində yarış təşkilatçıları öz sözlərini yeridə bildilər. Bu qaydaların tətbiq olunması çempionatda hamıdan güclü sayılan Braziliya komandasının birinci yeri tuta bilməməsinə səbəb oldu.33 ölkə çempionatda iştirak etmək arzusunu bildirmişdi. Əvvəlki çempionatları boykot edən ölkələr,  Britaniya ölkələri və Uruqvay da onların arasında idi. 16 finalçını müəyyən etmək üçün seçmə oyunlar keçirmək lazım gəldi.
Şimali, Mərkəzi Amerika və Karib dənizi hövzəsi regionundan finala ABŞ vəMeksika çıxdılar. Cənubi Amerikada argentinalılar oynamaq istəmədiklərinə görə finala vəsiqələr  Çili və Boliviya komandalarına qismət oldu. Peru və Ekvador da mübarizəyə qoşulmadılar və Uruqvay ilə Paraqvay seçmə oyunları keçirmədən Braziliyaya getmək hüququ qazandılar. Asiyadan hər iştirakçı – Hindistan, Birma və Tailand sifarişlərini geri götürdü. Nəticədə Braziliyaya 16 komanda əvəzinə, 13 komanda toplaşdı. İlk mərhələdə qruplardan ikisi dörd, biri üç, axırıncısı isə iki komandadan ibarət oldu. Qrupların tərkibi püşk yolu ilə müəyyən olundu. Uruqvaylıların cəmi bir rəqibi var idi. Keçmiş dünya çempionları Boliviya komandasına 8-0 qalib gələrək final qrupuna ilk vəsiqəni qazandılar. Braziliyalılar isə ən çətin qrupa düşdülər. Burada onlardan başqa Yuqoslaviya, İsveçrə və Meksika komandaları da çıxış edirdilər. Meydan sahiblərinin imkanları çox yüksək qiymətləndirilirdi. Komanda yarışlara gizlincə, bir monastrın yataqxanasında hazırlaşdı. Futbolçulara vitaminli içkilər verilirdi, arvadları ilə görüşmək qadağan edilmişdi.
Birinci qrupda çıxış edən Braziliya və Meksika komandalarının oyunu çempionat ərəfəsində tikilmiş, 200 min nəfərlik nəhəng “Marakana” stadionunda keçirildi. Braziliyalılar 4-0 hesabı ilə qalib gəldilər. Lakin İsveçrə komandasının müqavimətini qırmaq mümkün olmadı, 2-2. Yuqoslavlar isə dalbadal iki qələbə qazanmışdılar- isveçrəliləri 3-0, meksikalıları 4-1 hesabı ilə udmuşdular. Final turnirində oynamaq üçün braziliyalılar son oyunda Yuqoslaviya komandasını mütləq məğlubiyyətə uğratmalı idilər. Onlar çətinliklə də olsa 2-0 hesabı ilə qalib gəldilər və qrupda birinci yer tutdular.
İkinci qrupda ( İspaniya, İngiltərə, Çili, ABŞ ) ingilislərə üstünlük verənlərin sayı çox idi. Bu komandanın  tərkibində çoxlu məşhur futbplçu çıxış edirdi. İngilislər Çili komandasını 2-0 hesabı ilə məğlub etsə də, növbəti oyunda ABŞ futbolçularına 0-1 hesabı ilə uduzmaları böyük rezonansa səbəb oldu. Bütün oyun boyu  ingilislər hücum etsə də amerikalıların vurduğu bir top oyunun taleyini həll etdi. Bu nəticənin təsadüfi olduğu növbəti oyunda məlum oldu. ABŞ komandası Çili futbolçularına 2-5 hesabı ilə uduzdular. Bu qrupda ispanlar hər üç oyunu ( ABŞ-ı 3-1; Çilini 2-0; İngiltərəni 1-0 hesabı ilə ) udaraq maksimum xal topladı və birinci yer tutdu.
Üçüncü qrupda ( İsveç, İtaliya, Paraqvay ) mübarizə apardı. İsveç dünya çempionlarını 3-2 hesabı ilə məğlub etdi. Sonrakı oyunda italyanların Paraqvay üzərində qələbəsi 2-0, heç nəyi dəyişmədi. İsveçin Paraqvayla oyunda qazandığı 1 xal ( 2-2 ), onları növbəti mərhələyə çıxardı. Braziliya, Uruqvay, İsveç, İspaniya “Qızıl ilahə” uğrunda mübarizəni qrupda davam etdirdilər. Yerli futbolçular isveçliləri 7-1, sonra isə ispanları 6-1 ağır məğlubiyyətə uğratdılar. Uruqvaylılar həmin rəqiblərlə oyunlarda, bundan fərqlənən nəticələr göstərdilər. İspaniyadan cəmi bir xal ala bildilər 2-2, isveçlilərə çətinliklə qalib gəldilər 3-2.
Bu çempionatda final oyunu olmadı, lakin iyunun 16-da Rio-de-Janeyroda, “Marakana” stadionunda yenə də 200 minə yaxın tamaşaçının iştirakı ilə Braziliya və Uruqvay komandaları arasında keçirilən oyun sanki, finalı əvəz edirdi. Bu oyunda meydan sahiblərinə heç-heçə də bəs edirdi. Lakin uruqvaylılar müdafiədə yaxşı oynadılar və Braziliya komandasının bütün planlarını pozdular. İkinci hissənin əvvəlində Braziliyalılar hesabı açsalar da itirməyə bir şeyi qalmayan uruqvaylılar hücuma atldılar və tezliklə hesabı bərabərləşdirdilər. Lakin məsələ bununla da bitmədi. Uruqvay komandası qələbə qolunu da vurdu və ikinci dəfə dünya çempionu adını qazandı. Tribunalarda minlərlə tamaşaçı şoka düşmüşdü. Baş tutmasını səbirsizliklə gözlədikləri arzu bir andaca puç olmuşdu.
Üçüncü yer uğrunda oyunda isə isveçlilər 3-1 hesabı ilə ispanlara qalib gəldilər.
********************************
Daha sxematik olaraq bax
********************************

 
Arxiv: Bosman.at.ua