"Bosman" fanklubunun üzvü, Belçikada Mirça Redniklə görüşdü

Bir müddət öncə “Futbol+” qəzetində dərc edilən müsahibəsində “Xəzər Lənkəran”ın keçmiş baş məşqçisi Mirça Rednik bir azarkeşimizin onunla Belçikada görüşdüyünü və ona hədiyyə verdiyini bildirmişdi. 12cioyuncu.info azarkeş saytı olaraq həmin azarkeşi axtarıb tapmağı qərar aldıq və tapdıq da. Bu şəxs “Bosman” fan klubunun yaradıcılarından və təsisçilərindən biri, hazırda Polşada təhsil alan və eyni zamanda həmin ali təhsil ocağında çalışan həmyerlimiz İdrak Muradovdur. İlk növbədə qeyd etmək lazımdır ki, xaraktercə sadə, təvazökar olan və özünüreklamdan uzaq qaçan İdrak bəylə söhbətləşmək, ondan həmin görüş barədə məlumat əldə etmək heç də asan olmadı. Ədalət naminə bildirmək lazımdır ki, “Bosman” fan klubunun rəhbərliyi, idarə heyətinin üzvləri eləcə də fan klubun sadə üzvləri də gördükləri gözəl işləri həmişə nümayişkanlikdən uzaq tutublar. Ümumiyyətlə ““Xəzər Lənkəran” ailəsinə sadəliklə və səmimiyyətlə qulluq etmək bu fan klubun fəaliyyətinin ana xəttidir” – desək yəqin ki, yanılmarıq.

Beləliklə Mirça Redniklə Belçikada görüşən “Xəzər Lənkəran” azarkeşi İdrak Muradovla müsahibəni təqim edirik:
-Özünüz haqqında…
-Özüm haqqında çox danışmağı xoşlamıram. Polşada Universitetdə təhsil alıram elə burada da işləyirəm. Vətənimzi bu ölkədə layiqli təmsil etməyə çalışıram. Hara gedirəmsə üç rəngli bayrağı və “Xəzər Lənkəran” şərfini özümlə aparıram və  açıq deyim ki, bunu etməkdən xüsusi zövq alıram. Bu qədər, daha nə deyim.
-Redniklə görüşmək fikri necə yarandı?
-İcazə verin əvvəldən başlayım. Hələ Mirça Rednik Belcikanın “Standard” Liege komandasında çalışanda onu ziyarət etmək istəyirdim. Bildiyiniz kimi Aprelin 9-da onun doğum günüdür və mən 9-aprel 2013 tarixində onu təbrik etmək istəyimə nail oldum.
-Polşada yaşayıb Beliçikada çalışan Redniklə görüşmək elə də asan olmayacaqdı hər halda…
– Mən işimi öncədən planlı  şəkildə qurmağa başlamışdım özü də bu dəfə ancaq telefonda təbrik edə bildim. “Standard” Liege klubunun saytını diqqətlə izləyirdim. İlk olaraq onların menecerinin nomrəsini öyrənib zəng etdim. Menecer soruşdu ki, siz kimsiniz, mən də ona qürurla “Xəzər Lənkəran” komandasının azarkeşi olduğumu , cənab Redniki doğum gününü təbrik etmək üçün zəng etdiyimi dedim. O heyrətləndiyini bildirdi  ve  Lənkəranı eləcə də klubumuzu tanıdığını söylədi. Həmin vaxtda komanda məşqdə idi,menecerlə razılaşdıq ki, məşq bitdikdən sonra yenidən əlaqə saxlayım. Belə də etdim və menecerin yardımı ilə Redniklə danışa bildim. Onu doğum günü münasibəti ilə təbrik etdim.
-Bəs konkret olaraq kimin zəng etdiyini bildimi?
-Düzü mən heç buna çalışmıdrım da. Yəni şəxsən tanınmağımı istəmirdim, həm də ki mən “Xəzər Lənkəran” azarkeşləri adından zəng edib doğum gününü təbrik edirdim. Qısa sürən söhbət əsnasında İngilis dilində danışarkən aksentimdən hiss etdi deyəsən və məni tanıdı. Amma yenə də dəqiqləşdirmək üçün “Bosman” fan klubunun üzvü olub olmadığımı soruşdu. Axı biz bir neçə dəfə Azərbaycanda fan klubumuzun rəhbəri Dr.Mirhafiz bəylə birgə Redniklə görüşmüşdük. O vaxtlar məşqlərdə də həmişə məni görəndə salamlaşıb görüşərdü. Təbrikə görə təşəkkürünü ifadə etdi . Hiss olunurdu ki, kövrəlmişdi. Bütün “Xəzər Lənkəran” camiəsinə, xüsusi ilə azarkeşlərimizə onun sevgi dolu  salamını çatdırmağımı xahiş etdi. Sonda isə Polşada yaşadığımı öyrənib məni Belçikaya dəvət etdi. Mən ona əgər alınarsa may ayında gedəcəyimi bildirdim. Amma bu qismət olmadı. Tərslikdən oyun günləri Universitetdə dərslərimlə üst-üstə düşürdü ki, buna görə də Belçika səfəri alınmırdı.
-Sizin səfəriniz gecikdikcə Rednik əvvəlcə vətəninə qayıdıb “Kluj” klubunda çalışmış lakin “Gent” klubundan gələn təklifə görə yenidən Belçikaya qayıtmışdı.
-Bəli, Rednik də iş yerini dəyişib “Gent” klubuna keçmişdi ki,bu da mənim planlarıma təsir edirdi. Amma artıq bu il 2013-2014 mövsümündə onu ziyarət edəcəyimə niyyət  etmişdim.
-Görüşmək üçün Belçikaya getmək kifayət edirdi, yoxsa öncədən xəbər etmək lazım idi?
-Mədəniyyət naminə xəbərdarlıq etməyi düşündüm. Yenə də klubun internet səhifəsini izləməyə başladım. Sayt çalışdırıcıları ilə  əlaqə yaradıb “Xəzər Lənkəran” azarkeşi olduğumu və Redniklə görüşmək fikrində olduğumu bidirdim. Saytın Sebastien adlı inzibatçısı kömək edəcəyini dedi. Ondan xahiş etdim ki, bu barədə Mirçanı məlumatlandırsınlar. İndi təkcə gedib görüşmək qalırdı.
-Orada sizdən savayı olan digər azərbaycanlılar  arasında Redniklə görüşməyi istəyən var idimi? Bəlkə heç tanımırdılar?
-Niyə ki, tanıyırdılar. Buradakı Azərbaycanlı tələbələrdən bir neçəsi bu xəbəri eşidərkən mənə qoşuldular. Bir dostumuz da Belçikanın Brüqqe şəhərində təhsil alır. Öncədən planlaşdırdığımız kimi əvvəlcə Bryuqqe şəhərinə oradan da dostumuzu götürüb 30-dəqiqəlik yolu qət edib Gent şəhərinə yollandıq. Gedərkən 2012-ci il iyul ayında hələ Lənkəranın “Qələ” məhəlləsindəki bir mağazadan aldığım hədiyyəni özümlə apardım. Hədiyyə – üzərində Mirça Rednikin şəkili həkk olunmuş fincan idi.
-Yaxşı, siz elə ayaqüstü görüşüb qayıtmağı düşünürdüz? Bir ölkədən o biri ölkəyə bircə ona görə ki, Mirça Redniklə görüşəcəksiniz?
-Açığı hələ Varsavada olarkən “Gent” – “Anderlext” oyununa bilet almaq istədik (internet vasitəsi ilə). Amma sonra başımız elə qarışdı ki, bilet almağı unutduq. Yəqin bu da köhnə vərdişdəndir. Axı vətənimizdə olanda bileti son anda almağa öyrəşmişik.
-Son anda da bilet olmur tərslikdən…
– Bəli, eynən belə. Gent şəhərində xeyli gəzişib stadiona yaxınlaşdıq ki, bilet alaq. Bilet isə artıq qurtarmışdı. Kassadan azca aralanmışdıq ki, stadionun qarşısında səlahiyyət sahibi kimi gözə dəyən bir nəfərlə rastlaşdıq. Başımıza gələnləri ona danışıb yardım istədik. O dərhal məni tanıdı. Boynumdan asdığım möhtəşəm “Xəzər Lənkəran” şərfi məni hamıdan, hər kəsdən fərqləndirirdi. Bilsəydiniz bu nə qədər qürur verici hiss idi.
-Bu yüz faiz Rednik deyildi…
-Yox əlbəttə yox. Sən demə bu həmin o Sebastien idi. “Gent” klubunun rəsmi internet saytının inzibatçısı Sebastien. Bizi böyük hörmətlə qarşılayıb stadionun digər, komandalar və məşqçilər üçün olan qapısı istiqamətində apardı. Dedi ki, indi futbolçular və Mirça Rednik də buradan keçəcəklər. Sebastienə təşəkkür edib ondan ayrıldıq. (Yeri gəlmişkən Sebastienin söz verdiyi kimi Redniklə görüşməyim üçün yardım etdiyini diqqətə çatdırım)
-Və beləliklə…
-Beləliklə ilk olaraq “Anderlext” komandası ardıyca isə “Gent” komandasının futbolçuları avtobusdan enib içəri keçdilər. Ətrafda xeyli sayda azarkeş toplanmışdı, aralarında çoxlu xanım azarkeş də var idi. Fanatlar futbolçuları alqışlayırdılar. Redniki görcək iki dəfə “Mr. Rednik” deyərək çağırdım. Boynumdan “Xəzər Lənkəran” şərfini çıxarıb əllərimdə yuxarı qaldırdım. Rednik o səs-küyün içərisində səsimi eşitdi. Hamıdan aralanıb mənə tərəf gəldi. Bu mənzərə ətrafda dayanmış “Eurosport” kanalının çəkiliş aparan əməkdaşlarının diqqətini çəkdi. Çəkiliş qrupu bizim başımıza toplandı və çəkilişə başladılar. Sonra ətrafdakılar da hamılıqla bizim başımıza yığışdılar.
-Yəqin ki, Rednik təəccüblənmişdi.
-Özü də necə. Mənə tərəf addımlayan Rednik  “Lankaran, Lankaran” deyərək yerişini sürətləndirdi, mənə yetişəndə isə böyük sevinclə əl verib görüşdü. Rednik məni görcək necə təəccüblənmişdisə, onun ucadan “Lankaran, Lankaran”deməsi də hamını təəccübləndirmişdi. Amma bu onun vercinə də deyildi. Avtobusdan düşəndə fikirli görünən Mirça Rednik indi səmimi gülüşü ilə sevincdən alışıb yanırdı. Sanki uzun illər görmədiyi doğmalarından biri ilə qarşılaşırdı.“Eurosport” kanalının əməkdaşları Redniklə görüşməyimi, əlimdə saxladığım “Xəzər Lənkəran” şərfini çəkdilər. Bütün bunlar bir neçə saniyyə davam etdi.
-Belə qısa?
-Bəli, “Gent” klubunun əməkdaşları Rednikə yaxınlaşıb mətbuat konfransının başlanacağını dedilər və o “Təşəkkür edirəm sizə bu qədər yolu gəldiniz, əziyyət çəkdiniz. Əzəmətli və möhtəşəm  “Xəzər Lənkəran” azarkeşlərinə salamımı yetirin.”deyərək getdi.
-Bəs hədiyyə, axı Rednikə fincan verməli idiniz?
-Rednik stadionun içəridəki qapısından keçənə qədər arxaya elə hey boylanırdı. Mən də onu izləyir və sanki özümü itirmişdim. O biri əlimdəki fincanı ona şəxsən təqdim etməyi də unutmuşdum. Bir neçə addım irəliləyib qapının girişində dayanıb bizi bayaqdan bəri seyr edən “Gent” klubunun əməkdaşına yaxınlaşdım, Rednikə hədiyyəni çatdırmağı xahiş etdim. O da vəzifəcə özündən böyük olan əməkdaşa yaxınlaşıb mənim istəyimi çatdırdı. Ardıyca klubun səlahiyyətli nümayəndəsi Rednikin getdiyi qapıdan gəlib üzərində Mirça Rednikin şəkili həkk olunmuş fincanı məndən qəbul edərək ona şəxsən çatdırılacağını bildirdi.Təşəkkür edib oradan ayrıldım.
– Hədiyyənin Rednikə çatıb çatmadığından necə xəbər tutdunuz ?
– Bir müddət sonra bu saytın şərh bölməsində oxudum ki, Mirça Rednik “Futbol+” qəzetinə verdiyi müsahibəsində mənimlə görüşməyi və ona verdiyim hədiyyə barədə  danışıb. Qəzetdə hər şey – 90-faiz düz yazılmışdı, bircə yanlışlıq onda idi ki, mən Almaniyada deyil, Polşada yaşayıram.

13 thoughts on “"Bosman" fanklubunun üzvü, Belçikada Mirça Redniklə görüşdü”

  1. Həmişə və her yerdə fəxr edirəm ki, mən talişam.Belə hərəkətlərlə ancaq qurur duyuram.

  2. Çox sagolsun!
    Başı həmişə uca olsun!
    Elədiyi cəsarətə görə ona MİNNƏTDARAM!

  3. Salam Mirhafiz müəllim! Biz belə oğullarımızla yalnız fəxr edə bilərik. Yad bir ölkədə tələbəçilik bir yana, üstəlik Polşadan Belçikaya getmək və Mirça Redniki tapmaq özü bir hünərdir. Üstəlik bu hünərin üstünə bir də əlavə et vətəndən çox-çox uzaqlarda “Xəzər Lənkəran”a olan sevgini. Həmyerlimiz İdrak Muradovu Allah qorusun!

  4. Hörmətli DOKTOR, uzaq Polşadan “Bosman.az”a şərhlər yazan “Dəmir Ağacı” İdrak Muradovdurmu?
    *****
    Bəli, Qabil bəy!

  5. Salam,Əziz XL azərkeşləri.İnanın ki,yazını oxuyub çox təsirləndim.Hətta göz yaşlarıma belə hakim ola bilmədim.Rednik XLdan ayrılanda evdə oturub hönkur-hönkur ağlamağım yadıma düşdü.İdrakı allah qorusun!!!!!!!!!

  6. Haminiza derin tesekkurumu bildirirem, meni cox utandirirsiniz . Bir Lenkeranli olaraq vezife borcumu yerine yetirdim. Inshaallah komandamiz yeni ugurlara imza atsin ve biz daima sevinek. Inshaallah bu hefte qelebe sevincini yasayariq.

  7. Tanınmış “şillaqci” və bu “şillaqla” idman sahəsindəndə artiq taninan Guloğlan Cabbarov Azərbaycan Kubokunun sonuncu finalından sonra yaranmı böyük qalmaqala görə, “Xəzər Lənkəran”dan rəsmən üzr istəyib.Nə deyirik ki…”şillaq var adami adam edir ,şillaqda var adami rəzil eləyir.

  8. bosman fanklubu sizi tebrik edirem. nece bele iller keciresiz amin. bize xezer azerkeslerine xezerin en son xeberlerini catdirdigina gore size twk edirem.
    *****
    Təşəkkür edirik!

  9. Hörmətli Mirhafiz müəllim və “Bosman.az”ın ərsəyə gəlməsində zəhməti olan qardaşlar, beş yaşınız mübarək! Allahdan arzu edirəm gün o gün olsun ki, başda Mirhafiz müəllim olmaqla “Bosman”çılar 50-illk yubileyini qeyd etsinlər. Bu təmənnasız və çətin işinizdə Sizlərə həmişə uğurlar arzulayıram!
    *****
    Çox sağ olun Qabil bəy! Biz sizinlə və bir yerdə daha böyüyük!

Comments are closed.