Bu gün fanklubumuz üçün ən əlamətdar gündür. Belə ki, 2009-cu ilin Fevral ayının 9-da on üç “Xəzər Lənkəran” azarkeşi tərəfindən “Bosman” fan klubunun təsis edilməsi haqqında qərar qəbul olundu. “Xəzər Lənkəran”ın ətrafında sayca dördüncü olaraq təsis edilmiş “Bosman” fanklubu, niyə yarandı?-kimi sual da səsləndirmək olar. Belə ki, fanat hərəkatında müəyyən yeri olan məsələlər də var idi ki, bu boşluğu doldurmaq, komandamızın bəzi məsələlərdə daha başqa prizmalardan yanaşdıqda, daha rəngarəng dəstəyə ehtiyacının olduğu duyulurdu. Ən birinci vəzifəsi “Xəzər Lənkəran”ı fanat hərəkatının edə biləcəyi bütün sivil imkanlardan istifadə edərək dəstəkləməyi qarşısına məqsəd qoyan “Bosman” fanklubu bacardığı qədər nəzərdə tutduğu işləri layiqincə yerinə yetirir, deyə bilərik. Stadionlardakı tribunalardan tutmuş, məşq və yoxlama oyunlarından belə komandamıza daim dəstək olan “Bosman” fanklubu bunlarla da kifayətlənməyərək yoxlama oyunları və ya rəsmi matç olsun, ekranlarda reportaj olmadığı zamanlarda “12ci oyunçu” azarkeş qrupunun vasitəsi ilə onlayn reportajlar təşkil etməklə, “Xəzər Lənkəran” azarkeşlərini belə lazımi məqamlarda intizardan azad edə bilmişdir.
Bunlardan başqa “Bosman” fanklubu özünəməxsus layihələr həyata keçirməklə, ölkə futbolunun fanat hərəkatında bir sıra ilklərə də imza atmışdır. “Bosman” Azərbaycan fanat hərəkatına barışla gəldi. İlk olaraq iki aya yaxın bir müddətdə təsis olunmasına baxmayaraq, rəqib “İnter” fanatları ilə Martın 21-ə təsadüf edən bayram günündə keçirilən səfər oyunu zamanı “Şəfa” stadionunda belə bir dostluq ənənəsinin əsasını qoymuş olduq. Daha sonra belə dostluq xəttində daha bir nəticə olaraq, “Simurq” azarkeşləri ilə əsasən üç il öncədən başlayaraq, ötən il tam qarşılıqlı dəstək formasına gətirib çıxaran, Zaqatalada böyük coşqu ilə qarşılanan “Xəzər Lənkəran” azarkeşləri misalını da göstərə bilərik.
Daha başqa bir misal, əzəli rəqib “Neftçi” fanatları ilə münasibətlərin son dərəcə gərgin olduğu vaxtlarda Azərbaycan futbolunun əfsanələrindən biri olan Anatoliy Banişevskinin 65-illik yubileyi qeyd olunan gün, “Bosman” fanklubunun rəhbəri, “Neftçi” fanatları ilə görüşmüş və onların vasitəsi ilə klub rəhbərliyi səviyyəsində qəbul olunmuşdur. “12ci oyunçu” azarkeş qrupunun rəhbərinin də imzaladığı təbrik məktubunu rəqib düşərgəyə çatdırmışdır. Qarşılıq olaraq, kiçik xalça üzərində toxunmuş “Neftçi” loqosu ilə hədiyyə almışdır. Bu hadisə Azərbaycanın demək olar bütün idman və qeyri-idman informasiya vasitələrində işıqlandırılmışdı.
Daha sonra digər klubların azarkeş və fanat qurumları ilə sivil münasibətlər qurulmuşdur. Bu sivil münasibətlərin qurulması, doğrudan da çox vaxtlar dünya futbol azarkeşləri arasında yaşanan və hətta kütləvi ölümlə belə nəticələnən xoşagəlməz halların bizdə, qarşısının alınması baxımından nə qədər lazımlı olduğunu bir daha sübut edir.
Bundan başqa klub və stadion rəhbərliyi ilə danışıqlardan sonra “Bosman” fanklubu ölkədə daha bir yeniliyin banisi olmuşdur. Belə ki, “Xəzər Lənkəran”ın Avrokuboklardakı Təl-Əviv “Makkabi”si ilə səfər oyununun, komandamızın azarkeşlərinin bu matçı canlı teletranslyasiyasının birbaşa “Fırtınalar Meydanı”ndakı monitor vasitəsi ilə izlənməsini təklif və təşkil etmiş və bu layihə ilə səfərdə oyuna çıxacaq komanda üzvlərini məlumatlandırmış, onları oyuna böyük motivə etmiş və dəstək hiss edərək çıxmasını səciyyələndirmişdir. Beləliklə, ölkə miqyasında tayı olmayan layihələrin həyata keçirilməsi “Bosman” fanklubunun işinin bir hissəsidir. Həm də “Bosman” fanklubu azarkeşliyin təkcə tribunalardan olmadığını sübut edə bilib. Müəyyən məqamlarda “Xəzər Lənkəran” əleyhinə yönəlmiş mətbuata və ayrı-ayrı klub və şəxslərə öz saytı vasitəsi ilə tutarlı cavablar vermiş və bu cavablar, hətta ölkənin aparıcı idman nəşrlərinin vasitəsi ilə daha geniş ictimaiyyətə çatdırılmış və komandamızın xeyrinə real nəticələr əldə olunmuşdur.
Bütün bunları həyata keçirmək üçün isə “Bosman” fanklubu öz daxili imkanlarından istifadə etmişdir. Həmçinin ötən il, 5-illik yubileyimiz ərəfəsində fanklubumuzun yeni versiyada olan “Bosman.az” saytı hazırlanaraq azarkeşlərin öhtəsinə verilmişdir. Ümumiyyətlə “Bosman” fanklubu müstəqil düşüncə və müstəqil maliyyə üzrə fəaliyyətin nümunəsini göstərə bilmişdir. Təsis xərclərindən bu günə qədər bu müstəqilliyini daim qoruyub saxlamış və bundan sonra da bu yoldan dönməyəcəyini, bu 6 yaşını qeyd etdiyi ərəfədə bir daha bəyan edir.
“Bosman” fanklubunun mərkəzi ofisi Bakı şəhərində yerləşməklə, doğma Lənkəran şəhərində də bölməsi fəaliyyət göstərir. Sıralarını günbəgün genişləndirməkdə olan bir fanklub olmaqla, bundan sonrakı fəaliyyətimizi də uğurla davam etdirməyə çalışacaq və bu yolda müstəqilliyimizi, azad düşüncəmizi əldə rəhbər tutacağıq.
“Bosman” fanklubunun idarə heyəti 09. 02. 2015
2 thoughts on “"Bosman", 6 yaşın Mübarək!”
Comments are closed.
Təbrik edirəm.
Bir daha təbrik edirik.