Birinci dövrə yekunlaşarkən…

Azərbaycan premyer liqası bildiyimiz kimi bu mövsümdən formatını dəyişib. Buna səbəb isə ölkədə iddialı klubların az olmasıdır. Ötən bir neçə ildə premyer liqada 12 komanda iştirak edirdisə və təsnifat mərhələsindən sonra komandalar “6-lıq” sistemi üzrə mübarizə aparırdılar. İlk “6-lıq”da komandalar yenidən iki dövrəli sistem üzrə çempionluq üçün yarışırdısa, ikinci “6-lıq”da aşağı diviziona düşməmək üçün yarışırdılar.
Ötən mövsüm “Turan” ilə “Kəpəz” premyer liqanı tərk etdilər və birinci diviziondan onların yerinə heç bir komanda yüksək liqaya gəlmədiyindən, bu mövsüm 10 komandanın iştirakı ilə keçirilməyə məcbur olan premyer liqa formatını dəyişməli oldu. Belə ki, 10 komandanın iştirakı ilə keçiriləcək yarışlarda, iki dövrəli sistem cəmi 18 turda yekunlaşır deyə, bu da heç cür avropa ölkələrində keçirilən yarışlarla uyğunluq təşkil etmir və çox tez yekunlaşmaqla naqislik əmələ gətirirdi. Ona görə də bu naqisliyi aradan qaldırmaq üçün 4 dövrəli sistem tətbiq olunması  vacib oldu.
Komandamız bu mövsümə heç də uğurlu başlamadı. Avropa Liqasında “Makkabi” Hayfa fəlakətindən sonra komandamız sanki tufanlarda və iri dalğaların təsiri altında çalxalandıqca sarsıldı. Bu sarsılma nəticəsində bir xeyli müddət özünü toparlamaqda çətinlik çəkən “Xəzər Lənkəran” ölkə çempionatına da sarsılmış vəziyyətdə başladı. Yalnız son anda üç normal transfer həyata keçirən komanda nəyəsə ümid edə bilərdi.
10 komandanın iştirak etdiyi 4 dövrəli çempionat başladı və nəhayət 9 tur oynanılınca birinci dövrə yekunlaşmış oldu. Bu 9 turun nəticələrinə baxdıqda, “Xəzər Lənkəran” 9 oyundan cəmi ikisində qələbə qazanıb ki, bunun da biri “Bakı” üzərində olmaqla ev, biri isə səfərdə AZAL üzərində qazanılıb. 4 oyunda bərabərə qalan komandamız, 3 oyunu da meydanda məğlub bitirib. Deməli, 27 mümkün xaldan cəmi 10 xal qazanan komandamız 17 xalı da havaya sovurub. Heç də qənaətbəxş olmayan bu nəticə ilə birinci dövrədən sonra komandamız turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.
Əslində turnir cədvəli bir az sürüşkən sayılmalıdır ki, bu da komandamıza sərf edən bir haldır. Belə ki, digər komandaların da nəticələri ürəkaçan deyil. İlk pilləyə “Qarabağ” və “Neftçi” şərik olmaqla 27 mümkün xaldan hərəyə cəmi 18 xal toplayıblar. Bu da o deməkdir ki, onlar da 9 xalı havaya sovurublar. Üçüncü yerdə qərarlaşan “Qəbələ” isə 27 mümkün xaldan cəmi 16-nı öz hesabına yazdıra bilib. Sonra AZAL 14, “Bakı” ilə “Simurq” isə hərəyə 13 xal toplaya biliblər. Daha sonrakı yerləri 10 xalla “İnter” və “Xəzər Lənkəran” tutur. Beləliklə, liderlər qrupundan 8 xal geridəyik.
N  Klublar                 O  Q  H  M   T-F    X
1  Qarabağ                 9   5   3   1   14-4   18
2  Neftçi                     9   5   3   1   12-6   18
3  Qəbələ                    9   5   1   3   14-9   16
4  AZAL                     9   4   2   3   9-11   14
5  Bakı                        9   4   1   4  16-10  13
6  Simurq                    9   3   4   2    8-7    13
7  İnter                        9   3   1   5   16-15  10
8  Xəzər Lənkəran      9   2   4   3   7-9     10
9  Rəvan                      9   1   3   5   4-19    6
10  Sumqayıt               9   1   2   6   5-15    5
10 komandanın iştirak etdiyi 4 dövrəli sistemdə yekunda turların sayı 36 olmaqla, çempionat bitəcək. Deməli hələ qarşıda üç dövrə və yaxud, 27 oyun var. Bu da 81 mümkün xal edir ki, 9 turda itirilmiş və nəticədə 8 xal geri düşmüş komandamız daha yaxşı nəticələrlə üstün durum əldə etsin. Qarşıdakı oyunları daha yaxşı keçirməklə və qış transfer pəncərəsindən maksimum keyfiyyətdə yararlanmaqla buna nail olmaq mümkündür. Çempionatın  startına çox uğursuz və bərbad oyunla başlamış “Xəzər Lənkəran” sonrakı oyunlarda oyun keyfiyyətini qaldıraraq daha yaxşı təsir bağışlamağa başlayıb. Düzdür son oyunlarda xeyli sayda yaratmış olduqları qol vəziyyətlərini reallaşdırmaqda əziyyət çəkən komanda bunun üzərində xüsusi işləməlidir. Məşqçilər korpusunda keyfiyyətli genişlənmə və son üç transferin komandanın gücləndirilməsinə səbəb olduğu kimi, lazımi qış transferlərindən sonra da güclü bir heyət qurulması gözlədiyimiz nəticələri əldə etməyə bizə imkan verəcəyini düşünmək olar. Hər halda reallıqda bunların baş verəcəyi təqdirdə çempionluq heç də mümkünsüz görünməyə bilər. 10 illik yubileyində qarşısına çempionluq məqsədi qoymuş klub rəhbərliyi bunu mütləq azarkeşlərinə hədiyyə etməlidir.

3 thoughts on “Birinci dövrə yekunlaşarkən…”

  1. Sizə Lənkərandan Salamlarım var! Yuxarıda qeyd etdiyiniz kimi hələ qarşıda üç dövrə oyunlar qalıb. Turnir cədvəlinə nəzər salanda görürük ki, bizdən yuxarıda olan komandalar da xal itkisinə məruz qalıb.Mən də o fikirdəyəm ki, birinci dövrənin qış fasiləsinə qədər qalan 9-oyundan komandamız maksimum xal toplamalıdır. Qış transferində 2-3 normal oyunçu heyətə qatmaqla, komandaya ikinci nəfəs, yeni güc verilmiş olacaq ki, bu da çempionluğa gedən yolun başlanğıcı sayıla bilər. Çempionluq yolunda şansımız hələ tam itirilməyib.
    *****
    Salam göndərənlər sağ olsun! Mən də hamını hərarətlə salamlayıram! Eyni fikirdə olmaqla komandamıza inamın itməməsinə görə də alqışlayıram! Məhz bu inamla verilən dəstək, sonunda çempionluğu gətirəcək İnşAllah!

  2. Her vaxtiniz xeyirli olsun!.Vallah ,inam yaxşi haldir insanda.Amma duşenende ki ,kamandada catişmayan cehetler coxdur-onda inam azalir.Meselen neleri nezerde tuturam:1)Kamandada umumi ab-hava her şey qaydasindadir-desek yalan olar.Revanla oyunda oyuncularin bir-birile anlaşa bilmemesi buna subutdur.2)Kamandanin hucum xetti dişsiz ve aciz tesiri baqişlayir.Reqib qapilarina teref vurulan zerbeler bexte hesablanir.Son anda hucumcu ne elediyini hec ozude bilmir.Kamandada guclu heyacan var.Bir-birilerin gucune etibar ede bilmirler.Nildo ve Aqabala helede hazir gorunmurler.Bir sozle hucum xettini guclendirmeyen kamanda inam deyilen bir mehfumun puca cixmasina sebeb olmaqdadir.Duzunu demeli olsaq,biz kimi aldadiriq?.Rednik kamandada olsaydi ,hucum xettinde neler baş verdiyini tesevvur etmek hecde cetin deyil.Hormetli Huseyn Cebrayiloqlunun :Lenkeranda yaqişin yaqmaqi ve guneşin cixmaqinida Rednikle elaqelendirirler.-dediyi adamlardan lap cox uzaqam.HORMETLE,

  3. Hörmətli ADMİN! İrəlidə hələ uzun bir marafon var. On komandadan ən azı beşinin çempion olmaq uğrunda şansları qalmaqdadır, o cümlədən bizim komandamızın da. Bizim azarkeşlərin komandanın xal itirməsini qəbul etməsi çox çətindir. Çünki komandamızı demək olar ki, həmişə turnir cədvəlinin yuxarılarında görməyə alışıblar. Odurki, narazı azarkeşlərin sayı oyundan-oyuna artmaqdadır. Bura bir çox başqa amillər də daxildir. Məsələn: Biletin qiymətinin qaldırılması, Lənkərandakı oyunlarin yayımından imtinaya görə rəqib meydanlardakı oyunların da yayımlanmaması. Üst-üstə bunlar da azarkeşin psixikasına təsir edən amillərdəndir. Qorxuram ki,komandamız yaxın gələcəkdə azarkeş sarıdan o biri komandaların aqibətini yaşasın. Odurki, rəhbərlik komandanın sadiq azarkeşlərini nəzərə almalıdır. “Xəzər Lənkəran” azarkeşinin əvvəlki şöhrətini yenidən özünə qaytarmaqdan ötrü bu mütləq vacibdir.

Comments are closed.