Stadionlara azarkeşlərimiz niyə gəlmir?
Bu sual düşündürücüdür və məncə araşdırmalara ehtiyacı olan mövzudur.Bu baxımdan “Fanat.az” saytı çox yerində olan bir mövzu açmışdır.
Araşdırmalar saytda davam edir,mən də öz fikirlərimi bölüşmək istəyirəm:
1. Klublarımızın əksəriyyətinin göz oxşayan,səviyyəli oyun göstərə bilməməsi.Axı azarkeş baxımlı, prinsipial oyun izləməyi sevir.
Burada stadionların ot örtüyünün qənaətbəxş olmaması, bəzən isə bərbad halda olması öz sözünü deyir. Guya ən yaxşı meydanı olan T.Bəhramov adına stadionun ot örtüyü idealdır. Amma bura oynamağa gələn müxtəlif yığma komandalar və Avropa klubları demək olar həmişə ot örtüyündən şikayət etmişlər və oyunlarının yaxşı alınmamasını həmçinin bununla əlaqələndirmişlər.
O cümlədən Azərbaycanın klublarında zaman-zaman çıxış etmiş məşhur legioner futbolçular da olmuşdur və onların meydanda bu səbəbdən zədə almamaq üçün çox ehtiyyatla oynaması, bunun da onların oyun keyfiyyətinə necə mənfi təsir etdiyinin hamımız şahidi olmuşuq.
2. İkinci səbəb məncə hakimliklə bağlıdır. Hakimlərimiz ya qərəzli və ya da işlərini yaxşı bilməmələrindən oyunu idarə edərkən yol verdikləri səhvlər, oyunları bərbad hala salır.
Yeri gəldi gəlmədi tez-tez fit çalmaq oyunun sürətinə necə pis təsir edirsə, lazımsız kart göstərmələr də oyunçunun 2ci kartı almasın deyə, matçın qalan dəqiqələərindən çox ehtiyatla və ölgün bir tərzdə keçirir. Bu da baxımsız oyuna gətirib çıxarır ki, azarkeş belə oyunu heç sevmir.
3. Matça təsir edən digər amillərdən “meydandan kənar amillərin” oyunların nəticəsinə təsir etməsi və ya nəticənin əvvəlcədən həll olunması kimi düşüncələri də (hərçənd buna əsas da var) azarkeşlərin stadiona gəlməməsinə təsir edən amillərdir.
4. Subyektiv amillər də var ki, Məs: Oyunların iş günlərinə təsadüf etməsi, erkən saatlarda matçların keçirilməsi, azarkeşlərlə klub arasında lazımi əlaqələrin olmaması, dolanışıq ucbatından oyunlara gələ bilməmə və s. kimi hallardır ki, bu amillər az da olsa tamaşaçı sayına təsir edə bilir.
Yuxarıda sadaladığım obyektiv və subyektiv amillər həmçinin gülcü klubların yaranmamasına və onların Avropada məlumdur ki, uğursuzluğuna gətirib çıxarınca, bizdə futbol yoxdur və olmayacaq kimi fikirlərin formalaşmasına gətirib çıxarır. Lakin məncə bu və bunun kimi səbəblər aradan qalxdıqca azarkeş marağı onu stadiona gəlməyə sövq edəcək.
Obyektiv keçiriləcəyinə inanılan matçlara, Məs: Milli komandamızın beynəlxalq matçlarına, klublarımızın Avropa miqyaslı turnirlərdəki matçlarında kifayət qədər azarkeş sayı qeydə alınıb. Hətta T.Bəhramov adına stadionun dəfələrlə “ağzına kimi” dolduğunun şahidi olmuşuq.
Daha bir misal da çəkmək olar və ya bu sualı bir az başqa cür qoymaq olar: Kinoteatrlara niyə tamaşaçı gəlmir? Çünki əvvəllər yeni, maraqlı filmlərə yalnız kinoteatrlarda baxmaq mümkün idi, sonralar video aparatlar, DVD-lər və s. hər evdə olandan sonra hamı öz evində istədiyi filmə baxmağa imkan tapdıqca kinoteatrlar “əziyyət çəkməyə” başladı. İndi gəlin görək yeni və maraqlı filmin əvvəlcə kaset və disklərdə satışa çıxması deyil, premyerası kinoteatrlarda olarsa onda əlbəttə ki, tamaşaçı marağı yenə də kinoteatrları doldurmağa başlayacaq.
Futbol da belədir. Yuxarıda göstərdiyim obyektiv və subyektiv səbəblərdən “meydanlarımızda” zəif oyuna baxmaqdansa, əlbəttə, evdə müxtəlif kanallar vasitəsilə daha maraqlı matçları izləmək daha yaxşı hesab olunur.
Ona görə də bu kimi səbəblər futbolumuzdan kənarlaşdıra bilsək, öz klublarımızın oyunları da səviyyə etibarı ilə yüksələcək və azarkeş sayı artmış olacaq. Çünki hər birimizi bir çox səbəblər bir kluba bağlayır, klub güclüdürsə, oyun göstərə bilirsə, əlbəttə onu bilavasitə meydanda izləmək və qələbəyə həvəsləndirmək hər birimizin arzusudur. Ondan sonra isə gedib evdə televizorda digər matçları izləyib öz klubumuzla müqayisə etmək nə qədər xoş bir arzu olar.
Onu da bildirim ki, “Xəzər Lənkəran” bu sarıdan öyünməyə layiq olan bir klubdur.
Müəllif: Dr. Mirhafiz M. Babayev
Arxiv: Bosman.at.ua