Ağasəlim Mircavadov və "Xəzər Lənkəran"

“Ağasəlim Mircavadovun “dostları” və ya bu torbanın ilmələri iynə ilə deyil “qıyıq”la vurulur.”
“12-ci oyuncu.com” saytında gedən bu başlıqlı yazını mən də elə həmin gün oxudum. Yazıya ilkin olaraq münasibət bildirmək istəsəm də, şəxsi işimlə əlaqədar, bu heç cür mümkün olmadı. Lakin bu gün imkan tapıb (2-gün sonra), öz münasibətimi bildirirəm.
Hörmətli İslam bəy, bu mövzu ətrafında araşdırmalar aparmış və baş məşqçiyə  münasibətdə müəyyən nəticələrə gələrək, həmçinin “Xəzər Lənkəran” tərəfdarlarını bir neçə kateqoriyaya bölmüşdür.
Həmçinin İslam bəy, öz fanat qurumları olan “12-ci oyunçu”nun necə ərsəyə gəldiyi haqda və şəxsən özünün bu işlərdə nələr etdiyinin az bir hissəsini yada salaraq, bəzi məqamlara toxunmuşdur.
Əvvəla, onu deyim ki, hörmətli İslam bəy, şəxsən mənim, kimsəni  üzünə tərif edib mədhiyyəçilik etməklə aram yoxdur. O cümlədən bunun əksi olan, kiminsə arxasınca nələrsə demək, əqidəmə zidd olan şeylərdir. Amma buna baxmayaraq, söhbət bizim qururumuz olan “Xəzər Lənkəran”dan gedirsə, və onun yolunda kimlərsə əziyyət çəkirsə, hamısının qiymətlənririlməsinin tərəfdarıyam. Bu baxımdan həqiqətən də sizin çəkdiyiniz əziyyət və bu əziyyətləri çəkərkən, yalnız elinə, obasına, onun adını daşıyan bir futbol klubu olan, “Xəzər Lənkəran”a bağlılığınız, sizi heç bir maddi olaraq deyil, yalnız mənəvi tərəfdən gələn bir maraq olaraq bu yöndə çalışmalarınıza təkan vermişdir. Bu yöndə çalışanların hamısını mən də alqışlayıram və onların önündə getdiyinizi deyə bilərəm.
Söhbət Ağasəlim Mircavadovun, “Xəzər Lənkəran”a ikinci qayıdışından gedirsə, mən də bu qayıdışın lehinə olmuşam və deməyə sözüm, bu qayıdışı əsaslandırmağa əlbəttə fikirlərim var. O da məlumdur ki,  Ağasəlim Mircavadovun, “Xəzər Lənkəran”a ikinci qayıdışı zamanı klub rəhbərliyinin, şəxsən klub prezidenti Mais Mənsimovun fanatlarla görüşünün nəticəsi olaraq, bu baş vermişdi. Yadındadırsa, Mais Mənsimov həmin görüş zamanı adlı-sanlı məşqçilərlə danışıqlar apardıqlarını, hətta maddi tərəflər razılaşdırılsa belə  onlar biləndə ki, Azərbaycana, onun heç paytaxtına da deyil, başqa bir kiçik şəhərinə gəlib fəaliyyət göstərməlidirlər,  elə o andaca danışıqları yarımçıq saxlayırdılar deməsi, şəxsən mənim, “Əgər belədirsə, onda belə çıxır ki, ümidimiz yerli məşqçiyə qalır. Belədə də bizim bir namizədimiz var” deməyimin ardından,”Doktor hər şey ola bilər” söyləməsi və digər iştirakçıların da etiraz etməməsi, iki gün sonra bu təyinatın rəsmiləşməsi ilə başa çatdı.
Bu namizədliyi irəli sürərkən, biz havadan deyil, faktlara söykənmişdik. Məhz , Ağasəlim Mircavadovun, “Xəzər Lənkəran”da əvvəl də işləməsini, onun komandamıza neçə-neçə titul qazandırması, fərqli və baxımlı oyun üslubu gətirməsi, buna əsasən bütün oyunlar zamanı tribunaların ağzınacan dolmasını və s. kimi müsbət arqumentləri əsas götürmüşdük. Hər bir normal insan bu faktların heç birini inkar edə bilməz.
O cümlədən, Ağasəlim Mircavadovun, “Xəzər Lənkəran”dan əvvəl də digər klublarla da qazandığı uğurları nəzərə aldıqda, onun necə bir mütəxəssis olduğu aydın görünür. Əlbəttə SSRİ dağıldıqdan sonra, hələ müstəqil olaraq təşəkkül tapmayan Azərbaycan futbolundakı uğursuzluqlar bu baxımdan istisnadır.
Yeni dövr üçün isə Ağasəlim Mircavadovun ölkədə birnömrəli mütəxəssislərdən olması danılmazdır. Məhz onun dönəmində “Neftçi” komandası uğurlu çıxışları ilə yadda qalmışdır. Onun “Neftçi”dən gedişinə baxmayaraq, qurduğu heyət dağılana qədər, az çox uğurlu çıxış etmiş, lakin bu heyətdən sonra başqaları tərəfindən qurulan heyətlə hələ ki, bu komanda da titullara həsrətdir desək yanılmarıq.
Sözu bura təsadüfən istiqamətləndirmədim. Ölkə mətbuatı da həmişə bu mütəxəssisin oyunçu seçiminə hörmətlə yanaşıb, bu işdə onu həmişə “Oyunçu sərrafı” kimi təqdim edir. Misallar çəkmək bəlkə də yersizdir.
Burdan bir sıra başqa məsələlərə keçid alıram. İslam bəy, sizin göstərdiyiniz kimi, son çempionat və kubok oyunu ərəfəsində hətta bi az da ondan əvvəlki vaxtların bəzi məsələlərinə toxunmamaq mümkün deyil. Mən adlar çəkmədən həmin ərəfədə bəziləri tərəfindən bu oyunlarda nəticədən asılı olmayaraq, Ağasəlim Mircavadovun istefaya səslənməsinin vacibliyinin sadə azarkeşlər arasında təbliğatının aparılmasının şahidi olmuşdum. Amma əlbəttə belə məsul oyunlar ərəfəsində buna mümkün qədər bir fanklub olaraq müqavimət göstərməyə çalışmışdıq.
Bəziləri deyə bilər ki, son matçda qalib gələrək çempion olacaq bir komandanın baş məşqçisini istefaya səsləmək nə qədər məntiqə uyğundur? Belədə yada salmaq lazım gəlir ki, “Xəzər Lənkəran” son bir neçə turda tam çempionluğa yaxın ikən, demək mümkünsə çempionluğun öz əlində olduğu son iki-üç tur ərəfəsində artıq bu üzdəniraq qüvvələr öz fəaliyyətlərinə start vermişdilər və getdikcə komandaya təsir etməyə başlamışdılar. Nəticədə onların istəkləri “Xəzər Lənkəran”a zərbə vurmaqla yekunlaşdı. Amma məşqçinin istefasına hələ ki, nail ola bilmədilər. Deyilənə görə, mayın 15-də son çempionat oyununa fəxri prezidentin gəlişi nəzərdə tutulmamışdı. Bunu stadionda həmişə onun gəlişi ərəfəsində görülən səliqə-səhman işlərinin yetərincə olmaması və xüsusi hazırlığın olmaması da göstərirdi. Bunu klubdakı nümayəndələrin birinin dediyincə, “bizim əsas hazırlığımız kubokun final oyununadır”, deməsi bir daha sübut edir. Lakin fəxri prezident son çempionat oyununa bəlkə də xəbərsiz gəlib olanları özü görmək istədi. Mən yenə o qənaətdəyəm ki, oyundan sonra onun dediyi acı sözlər və “Mircavadov postunda qalır” fikri, az sayda istefa qışqıran azarkeşlərə yox, onları öyrədənlərə qarşı bir mesaj idi.
İndi də seçimdə oyunçu sərrafı olan Ağasəlim Mircavadovun avroliqa öncəsi baxışa gələnlərin heç birini bəyənməməsi sual doğurur. Bəlkə də baxışa zəif oyunçular çağırıb, Ağasəlim Mircavadovu pis vəziyyətdə qoymaq istəyən, elə bununla işlərindən hələ əl çəkmədiklərini və nəyəsə nail olmaq istədiklərinin iddiasını davam etdirirlər.
Sizlərin yadına, artıq komandamızdan getmiş D.Kalinkovun avroliqaöncəsi “Olimpiya” – “Xəzər Lənkəran” matçı ilə bağlı bir fikrini çatdımaq istərdim. Komandalardan hansı şanslıdır sualına D. Kalinkov belə cavab verir: –  “Xəzər Lənkəran”ın güclü heyəti, təcrübəli baş məşqçisi və güclü azarkeş ordusu var. Məncə bunlara görə “Xəzər Lənkəran” daha şanslıdır. Özünüz fikir verin, Ağasəlim Mircavadovun didərgin saldığı deyilən, D. Kalinkov, əgər belə olsaydı yəqin ki, başqa cür danışardı.
Sonda bunu demək istəyirəm. D. Kalinkovun dediyi kimi: –  “Xəzər Lənkəran”ın güclü heyəti, təcrübəli baş məşqçisi və güclü azarkeş ordusu, həmçinin klubuna can yandıran rəhbərliyi var. Bunlar birlikdə – “Xəzər Lənkəran” ailəsini təşkil edir. “Xəzər Lənkəran” ailəsi hər cəhətdən möhkəm bir ailə olmuş və bu gün də belədir. Bunun gələcəkdə də belə olması üçün göstərilən bütün ailə üzvləri daha da bir birinə bağlılığını həmişə nümayiş etdirməlidir ki, İndi bizim üçün, “başqa komanda lazımdır” və ya “Azercell”, “Xəzər Lənkəran”ı alır kimi şayiələr uydurmasınlar.
“Xəzər Lənkəran” bizim qururumuzdur və olaraq da qalacaq! Bilməyənlər, şübhə edənlər, mane olmaq istəyənlər bu izdihamın ayaqları altında qalacaqlar.
Çətin günlərsiz həyat olmur, bunu yalnız yaşamağı bacaranlar dəf edə bilir!
Uğurlar sənə və səni sevənlərə – “Xəzər Lənkəran” !
 
Mirhafiz M. Babayev                                                          27.06.2010
 
Arxiv: Bosman.at.ua