Mundialda çıxış edəcək futbolçu “Xəzər Lənkəran”a gələ bilər

Honduras KİV-lərinda “Xəzər Lənkəran”la bağlı məlumatlar verilib. Bu ölkənin milli komandasının üzvü bu ay Cənubi Afrika Respublikasında start götürəcək dünya çempionatına gedəcək heyətə daxil edilən, Valter Julian Martinez, Azərbaycandan təklif alıb. Honduras mətbuatının sözlərinə inansaq, konkret olaraq, “Xəzər Lənkəran” Martinezə təklif göndərib və futbolçu özü də Lənkəran klubundan gələn təklifi müsbət qarşılayıb.
Deyilənə görə hətta tərəflər prinsipial razılaşma da əldə ediblər və Mundial başa çatan kimi Martinez CAR-dan birbaşa Azərbaycana gəlib, “Xəzər Lənkəran”la rəsmi müqaviləyə imza atacaq. Martinez haqqında onu deyək ki, 27 yaşlı futbolçunun ampluası hücumçudur. Onu Honduras millisi üçün də aparıcı futbolçulardan saymaq olar. O, öz ölkəsinin milli komandasının heyətində 39 oyun keçirib və 9 qola imza atıb. Son klubu isə vətəninin təmsilçisi “Marafon” olub. Bu klubla müqaviləsi qurtaran Valter, karyerasını ölkə xaricində davam etdirmək niyyətindədir.
Martinez, həmçinin 2007-ci ildə Çinin “Beydjinq Quoan” klubunun da şərəfini qoruyub. 2008/2009 mövsümündə isə İspaniyada çıxış edib və “Alaves”in formasını geyinib. Bu keçid baş tutarsa, həmyerlisi Allan Lalin ilə birlikdə o da “Xəzər Lənkəran”ın şərəfini qoruyacaq və Mundialsonrası klubumuzla müqavilə bağlayan ilk futbolçu olacaq.
 
Arxiv: Bosman.at.ua