Noyabrın 27-də Hüseyn Cəbrayıloğlu 40-cı doğum gününü qeyd edir.
Hələ “Futbol +” qəzetinin cənub bölgəsi üzrə müxbiri kimi çalışarkən Cəbrayıloğlu cənublu azarkeşlərin rəğbətini qazana bilmişdi. Köşə yazılarında ölkə futbolunun problemlərini aşkar şəkildə göstərir, “Xəzər Lənkəran” klubunu axsadan məqamları analiz edib konkret mövqe nümayiş etdirir, futbolumuzda baş verən hadisələrə özünəməxsus yanaşma tərzi ilə və qeyri adi, lakin yerində bildirilən fikirlərlərlə azarkeşlərin belə demək mümkünsə, ürəyindən xəbər verirdi. “Dostuma məktub” silsilə köşə yazılarında isə incə satirası ilə Hüseyn bəy hadisələrə baxış nöqtəsini dəyişsə də son nəticədə verilən qiymətin mahiyyətini dəyişmir, ədalətli mövqeyini qoruyurdu. Ölkənin futbol qurumlarının rəhbərlərindən tamamilə uzaqda duraraq haqlı tənqidlərini səngitməyirdi ki, bu da futbol baş bilənlərinin heç də xoşuna gəlmirdi və beləcə əks tərəfdən ona qarşı müxtəlif yollara əl atılırdı. Amma bütün cəhdlər boşuna idi, çünki Hüseyn bəy əqidəni hər şeydən uca tuturdu. O bir çox həmkarlarından fərqli olaraq futbol qurumlarının qonaqlıqlarından və xərcliklərindən imtina edirdi. Həmçinin “Xəzər Lənkəran” klubu ilə də münasibətləri rəsmiçilik çərçivəsindən kənara çıxmağa imkan vermirdi. Elinə obasına bağlılığı və cənub futbolunun tarixinin ortaya çıxarılması həvəsiylə Hüseyn Cəbrayıloğlu CRFF-nın prezidenti Sakin Məmmədzadə ilə birlikdə “Cənub bölgəsində futbolun inkişaf tarixi” adlı kitabı yazaraq dərc etdirmişdir. Uzun əziyyətlərdən sonra nəhayət ki, işıq üzü görən bu kitabda cənub futbolunun tarixi bütün incəlikləri ilə göstərilmişdir. Qeyd edək ki, “Futbol +” qəzetindəki bir neçə illik fəaliyyətini sona verən Hüseyn Cəbrayıloğlu hazırda “Xəzər Lənkəran” klubunun mətbuat xidmətinə rəhbərlik edir. O klubakı fəaliyyətində də yenə ali prinsipləri əsas götürür, ədalətli mövqeyi heç nəyə dəyişmir. Cəbrayıloğlu klub rəhbərliyi qarşısında azarkeş istəklərinə uyğun bir çox prinsipial məsələləri qaldırmaqla hətta işini itirmək riskini də göz özünə almaqdan çəkinmir. Məhz ədalətin müdafiəsində qətiyyəti və ciddi cəhdləri ucbatından bəzən özünə problemlər yaratsa da o getdiyi yoldan heç vaxt dönmür, vəziyyətə uyğunlaşmır, əskinə mübarizəni daha da kəskinləşdirib vəziyyətin özünü dəyişməyə çalışır, sözünü ən yuxarı instasniyalarda deməkdən, sadə azarkeşlərin haqqını tələb etməkdən yorulmur. Bəli, Hüseyn Cəbrayıloğlu həmişə mənəviyyatı qorudu, paklığı və təmizliyi tərs tərəfə heç vaxt dəyişmədi. Dəyişən isə illərdir, sadəcə illər. Ömür üstə gələn yeni illərdir ki, yaşı da artırır, yaşlandırır.
Beləliklə, noyabrın 27-də Hüseyn Cəbrayıloğlunun 40-yaşı tamam oldu.
“Bosman” fanklubu və “bosman.az” saytı adından doğum günündə Hüseyn Cəbrayıloğlunu təbrik edir, ona can sağlığı və uğurlu ömür yolu arzulayırıq.