Kubokun finalına yaxınlaşırıq . . .

kubok
“Xəzər Lənkəran” Azərbaycan Kuboku uğrunda turnirin 1/2 final mərhələsinin “Olimpik-Şüvəlan”a qarşı ilk oyununda yarı əsas heyətlə sərfəli səfər heç-heçəsinə nail oldu. Komandamızın moldovalı legioneri Denis Kalinkovun müdhiş qolu bir həftə sonra Lənkəranda keçiriləcək cavab qarşılaşmasından öncə komandamızın finala yüksəlmək şansını xeyli artırır.
Uzun fasilədən sonra start heyətində meydana çıxan Denis həmin gün qarşısıalınmaz idi. Təsadüfi deyil ki, oyundan sonra meydan sahiblərinin baş məşqçisi Nazim Süleymanov futbolçumuz haqda xüsusi danışdı: “Dönə-dönə futbolçularıma tapşırmışdım ki, kalinkova qarşı çox ehtiyatlı oynasınlar. Amma Denis səviyyəsini göstərdi və qolunu vurdu…” Doğrudan da, ilk yarıda Cahangir Həsənzadənin qoruduğu qapını sanki yaylım atəşinə tutmuş moldovalı futbolçumuzun oyunu azarkeşlərin təbəssümünü doğururdu. Hamı görürdü ki, “Olimpik-Şüvəlan”lılar bütün səylərə baxmayaraq onu tuta, saxlaya, bağlaya bilmirlər. Kalinkov ard-arda zərbələr vurur və nəhayət, üçüncü cəhddə təxminən 30 metrdən “mərmi”ni uzaq “doqquzluğ”a sancaraq istəyinə çatır. Bununla iş bitmir və futbolçumuzun yaylım atəşi davam edir. Daha 2-3 “atəş” açan Kalinkov epizodların birində qola çox yaxınlaşır. Lakin yenə kifayət qədər uzaq məsafədən vurulmuş top dirəyi yalayaraq auta yollanır. Denisin zərbələrindən başqa ilk yarıda mərkəz hücumçusu mövqeyində oynayan İvan Svetkovun topu saxlamadan güclü zərbə vurmasını və rəqibin müdafiəçisi Usim Ndukanın baş zərbəsinin dirəkdən dönməsini də qeyd etmək olar.
Ikinci yarının ən yaddaqalan epizodunda isə qapıçımız Kamran Ağayev fərqləndi; özü də milli komandamızın baş məşqçisi Berti foqtsun gözləri önündə. Sabiq “Xəzər Lənkəran”lı İlqar Qurbanovun cərimə zərbəsi elə də yaxşı alınmasa da, Kamran üstünə gələn topu əlləriylə tora saldı. Bu kuryoz qol oyunun nəticəsini müəyyənləşdirdi – 1:1. Hətta hesab bərabərləşdikdən sonra, meydan sahibləri daha üstün oynadılar və sonadək qələbə qazanmaq istəyindən əl çəkmədilər. Meydana məşqçilərdən dincəlmək imkanı almış Emeka Opara, Mario Souza, Devran Ayhan, cəzaları olan İvan Pexayla Kristian Kabralsız çıxan “Xəzər Lənkəran” ikinci hissədə yeganə təhlükəli epizodu hakimin əlavə etdiyi vaxtda yaratdı. Alim Qurbanovun ifa etdiyi “standart”dan sonra top uzun fasilədən sonra oynamaq şansını qazanan Nizami Hacıyevə düşdü. Lakin çox iti küncdə olan gənc futbolçu elə qərar verdi ki, yəqin yenidən özünü əvəzedicilər skamyasının daimi sakininə çevirdi. Ümumilikdə isə, hiss olun ur ki, komandamız cütün taleyinin həll olunmasını Lənkərandakı oyuna saxlamağa etiraz etmir. Çünki hətta həmin gün əsas məqsəd qarşıdakı şənbə günü “Böyük oyun”da “Neftçi”ni məğlub etməkdən ibarətdi.
“Olimpik-Şüvəlan”a qarşı cavab oyunu isə bir həftə sonra – mayın 5-də Lənkəranda keçiriləcək.
 
Mənbə: “Lankaranfc.com”
 
Arxiv: Bosman.at.ua