Etibar Cəbrayıloğlu: Amerikalılara bu da azdı…

“Xəzər Lənkəran”dan yazmağı dondururam. Milli çempionatımızda yaranan fasilədən istifadə edib bu mövzunu hələlik dincə qoyuram. Bunun da bir neçə səbəbi var. Birincisi, cənubluların mövsüm boyu ayağını sürüyən futbolçuları gedib dincələ bilirsə, mən niyə istirahət etməyim? İkincisi də, onsuz da bu klubda işlər yazmaqla düzələnə oxşamır, köşə qoşmaqla iş irəli getsəydi, indi “Xəzər Lənkəran” gərək Çempionlar Liqasının finalında oynanaydı…
Hanı, oynadı? Başqa səbəblər də var, amma yazmaq istəmirəm, çünki bayaq dediyim kimi, mövzunu hələlik dondururam. Qismət olsa, bu qərara arada bir də yenidən baxarıq. Mövzu Amerikaya qaçmayıb ki, əlimiz çatmaya.
Amerika demişkən, ştatlar birləşib bütün dünyaya meydan oxuyur, yetənə yetir, yetməyənə də bir bəyanatdan-filandan tolazdıyırlar. Öz aramızdı, bəyanatla yaxşı qurtarırıq, bir vaxtlar lap top atırdılar, indi deyəsən bir az düzəliblər.
Bütün idman yazarları birləşib Berti Foqtsun üstünə düşəndə, mən Almaniyadan gələn qəribi müdafiə etməyə çalışırdım. Deyirdim, qardaşlar, siz hələ Berti müəllimi yaxşı tanımırsız. Vaxtı gələndə görəcəksiniz ki, analar necə alman doğub. Gördünüz, mən haqlı çıxdım. Berti Foqts Azərbaycan futbolunun qaymaqlarını bir təyyarəyə yığıb uçdu Amerikaya. Bu balacaboy, qərib almanda ürəyə bax e…
Bir neçə il öncə oralarda olmuşam, bu amerikalılar özlərini elə aparırlar ki, elə bil Sakit Okeanı onlar yaradıb. Berti Foqtsun cəsarət yağan hərəkəti ürəyimdən lap tikan çıxardı. And içmirəm, amma onu bilirəm ki, Çinlə Malta birləşsə də Amerikaya bu pisliyi edə bilməzdi. Qoy bizim millinin futbolçuları ABŞ yığması ilə yoxlama oyununda tam 90  dəqiqə ora-bura qaçıb amerikalı azarkeşlərin zövqünü korlasınlar. Dünyanın hər yerindən okeanın o tayına gedib özünü amerikalı sayanlar anlasınlar ki, biz illərdi Foqtsun oyunçularından nələr çəkmişik…
Birləşmiş Millətlər Təşkilatına ofis üçün Nyu-Yorkda yer verib dünyanı barmağına dolamaqla deyil. Amerikanın belə hünəri varsa, alman Berti Foqtsun baş məşqçi olduğu Azərbaycan millisinin oyunundan baş çıxarsın. Onda deyərəm ki, 50 ştatı birləşdirmək sizə halal olsun. Amerikalılar Əfqanıstana, İraqa gedib top atmağı igidlik sayır, hər gün bununla qürrələnirlər. Belə hünərləri varsa bizim futbolçuların 10-15 saat uçub San-Fransiskoda topu ora-bura atmalarına cavab versinlər. Alman Berti Foqts amerikalıları yaman yerdə yaxalayıb.
Amerika Birləşmiş Ştatları Ayda kivi, yerdə repçi yetişdirir, okeanın o tayında daş atanda da gedib repçiyə dəyir. Onlar hələ bilmirlər ki, Foqtsun San-Fransiskoya apardığı Kamran Ağayev necə meyxana düzüb-qoşur. Kamran təkliyinə onların bütün repçilərini Atlantik Okeana susuz aparıb, susuz gətirər. Futbolçu-meyxanaçımız bir neçə ay “Bakı”da oynadı, nələr elədisə o boyda klub hələ də özünə gələ bilmir. Hələ mən “Xəzər Lənkəran”a, konkret Mirça Rednikə qarşı elədiklərini yazmıram. Bir vaxtlar deyirdi ki, Rednik kimdi, kuboku “Xəzər Lənkəran”a mən qazandırmışam. Amma zaman elə gətirdi ki, “Bakı”da da, “Qəbələ”də də qapını qorudu, lakin kuboka heç barmağını da toxundura bilmədi.
İsti hava fikrimi çaş-baş saldı, az qala tamam yadımdan çıxmışdı. Axı “Xəzər Lənkəran”dan yazmağı dondurmuşam. İndi əsas məsələ Berti Foqtsun okeanın o tayına apardığı futbolçularımızın Amerikanı necə cəzalandıracağını görməkdi. Özü də millimiz ABŞ futbolçuları ilə axşam meydana çıxanda buralarda səhər tezdən olacaq.
Gecənin xeyrindənsə gündüzün şəri yaxşıdı…
(“Het-trik news”)
 
 
 

1 thought on “Etibar Cəbrayıloğlu: Amerikalılara bu da azdı…”

  1. Axşamınız xeyir, Doktor! Etibar bəyin qələmindən çıxan bu yazıya söhbət ola bilməz. Hər şey yerli-yerindədir. Amma, Etibar bəyin bir sözünə inanmağım gəlmir. Deyir ki, indi futbolçularımız hamısı istirahətdədir, mən də “Xəzər Lənkəran”dan yazmağı dondurub istirahət edəcəyəm. Doktor, mən demirəm, Siz deyin. Təpədən dərnağa qədər “Xəzər Lənkəran”lı olan Etibar bəy, 60-70 gün fasilə verib “Xəzər Lənkəran”dan yazmaya bilərmi?
    *****
    Salam, Qabil bəy! Etibar bəyin “Xəzər Lənkəran” haqqında bəlkə də ən çox yazı yazması gələcəyə, elə deyilən yaxın dövrə təsadüf edəcək.

Comments are closed.