Əcəb də baş qatırlar, azarkeşə atırlar!

“Xəzər Lənkəran”la, “Neftçi”nin eyni gündə Türkiyədə yoxlama oyunları keçirildi. Biz, “Gençlerbirliyi”nə uduzduq 0:2, “Neftçi” isə Türkiyə nəhənglərindən “Fenerbahçe” ilə qolsuz bərabərə qaldı. Düzdü bunlar rəsmi matçlar olmadığından, heç bir komanda nə xal qazandı, nə də xal itirdi. Amma burda “qazananlar” da oldu, “itirənlər” də. Bəs bu “qazanc” nə idi, “itki” nə idi ki, klub rəsmiləri bir yandan, azarkeşlər də o biri yandan hücuma keçiblər. Bir yandan azarkeşlərin mühakiməsi gedir, digər yandan da klub rəsmiləri yeni mövzu “yaradaraq”, azarkeşləri yenə təxribata çəkmək istəyirlər. Ara qarışdırıb, yenə də azarkeşləri günahkar çıxaracaqlar.
Düzdü, “Xəzər Lənkəran” da yayda həmin Türkiyə nəhəngi “Fenerbahçe” ilə dostluq matçı oynadı. Doğma meydanda 10 illik yubileyində 0:4 hesabıyla məğlub oldu. Belə demək mümkünsə, dörd, dost şilləsi yedi. “Dost əlindən zəhər alsam içərəm” deyib, içdik və zəhərlənmədik. Amma zəhər deyəsən gec təsir edən imiş. Bu gec təsir “Neftçi”nin heç-heçəsi ilə öz təsirini yavaş-yavaş göstərməkdədir. Daha doğrusu bu təsir süni surətdə yaradılır və üzdən iraq mətbuat da bu zəhərin təsir etməsi üçün ya bilərəkdən, bəziləri də bilməyərəkdən öz “töhfəsini” verir.
Bilirsiniz ki, son zamanlar nə “Neftçi”nin, nə də “Xəzər Lənkəran”ın işi yaxşı getmir. “Neftçi” Böyükağa Hacıyevin baş məşqçilikdən məlum istefasından sonra  komandasına müşavir qayıtması ilə, özündən sonrakı baş məşqçilərin gününü qara etmişdi və onların istefasına nail olandan sonra, yenə baş məşqçi postuna qayıtmağa müvəffəq oldu. Özü də bu hadisələr kifayət qədər qalmaqallarla keçdi. Hər halda bunlar ölkənin kifayət qədər nüfuzlu mediasında geniş müzakirələrə və komandaya təzyiqlərə yol açdı.
“Xəzər Lənkəran” isə 10 illiyində adlı-sanlı məşqçilər gətirib, onları “silahsız” qoymaqla, bir türlü vəziyyətdən çıxa bilməyincə, o da həm azarkeşlərin, həm də mətbuatın təzyiqləri ilə üzləşir. Üç ildir ki, lazımi transferləri gerçəkləşdirə bilmir. Bu çox üzüntülü bir hal olub, komandanın səkkizinci pillədən dəbərməsinə imkan vermir. Üstəlik ilk üçlüyə düşmə uğrunda sərsəmləmələr getdikcə sönməklə də olsa davam edir. Mario Souzanı bir ətək pul verib, “transferizmin” başında oturdaraq, heç bir şeyə nail olunmama, baş məşqçinin özünün azı yaşı qədər futbolçu tanımasına baxmayaraq, bir neçə transfer edə bilməməsi və ya buna yol açılmaması, Avropada bir vaqon menecerin xidmətindən “yararlanmama” azarkeş qəzəbinə səbəb olur.
Bəs nə etməli? Hər iki kluba bu biabırçılıqları və bundan yaranan azarkeş və mətbuat təzyiqlərindən qurtulmaq vacibdir. Bunun üçün ələ düşən fürsəti boşa verməkmi olar? Volkan nəsə dedi, “mətbuat” Volkana nəsə məcburi dedirtdi, sonra onları bəzəyərək səhifələrə və saytlara daşıdılar. Klub rəsmiləri “dözə bilməyərək” işə qarışdı. digər klub rəsmiləri onların cavabını verdi və nəhayət “görüşərik” və kimin güclü olduğu onda bilinər!”-kimi gərginlik yaradan söz-söhbətlərin toxumu tez bir zamanda münbit azarkeşlər arasına səpildi və cücərməkdədir. Beləliklə, bu mövzu ilə bu söz-söhbətləri yaradaraq, hər iki klub yarıtmaz işini kölgədə saxlamış oldu. Allah saxlamış azarkeş də düşünmədən bu hiylələrin arxasınca gedir və klubdan istəkləri artıq yaddan çıxır, ümumi düşmən obrazı yaradılır və klublu-azarkeşli hərə öz “cəbhəsinə” çəkilməklə narazı olduqları işləri yaddan çıxarırlar. Burda klub rəsmilərindən ilk olaraq, bizim mətbuat katibi komandasını müdafiə tipli çıxış etməklə, özü də bilmədənmi, ya istəmədənmi bu oyuna salındı və ardı da adekvat olaraq, gəldi. Mətbuat katibimizi kim qıcıqlandırdı ki, sən buna cavab verməlisən, ya görürsən onlar nə deyir?-lə kim istiqamət verdisə, bu oyunu da elə onun əli ilə qurublar.
Amma sonda əziyyət çəkən, əsəbləri tarıma çəkilmiş azarkeş olacaq. Ortada yeyib qıraqda gəzənlər isə yenə təzyiqlərdən qurtulacaq və asta-asta öz işini görəcək. Mirzə Ələkbər Sabir demişkən:
Asta-asta, ey hacı izhar olur xəlvətdəki,
Get-gedə lap şöreyi-bazar olur xəlvətdəki;
Pərdə çəkdin, yorğan altında yatırdın, işləri,
Bilmədinmi, bir zaman bidar olur xəlvətdəki!?

8 thoughts on “Əcəb də baş qatırlar, azarkeşə atırlar!”

  1. Sağ olun .Necə də uzaqgörənliyiniz var baxışlar daha sərrast və heç bir maneə çaşdıra bilməyən silah (qələm mənasındadı deyirəm birdən gəlib deyərlər ki Mirhfiz bəy təhvil silahı verin).
    *****
    Onsuz da zavallı azarkeşlər, həmişə əziyyət çəkməli olur. Qıcıqlandırılmış azarkeşlər xətalara yol verir və məhkəmə qarşısında dayanmalı olur. İşi quranlar isə öz keyflərindədir. Necə deyərlər, dəyirman öz işindədir.

  2. DOKTOR! Yaziya görə minnətdaram, mətbuatın ortaya atdığı mövzuya baxışınız yerli-yerindədir. Müəllim, amma superkubok oyunundakı biabırçı məğlubiyyətdən sonra yaman səsləri batmışdı, yenə “zəif” gələn kimi başladılar.
    *****
    Bu oyunlarla azarkeşləri güdaza vermələri çox pis haldır.

  3. Hörmətli DOKTOR! Mətbuatda gedən qarşılıqlı yazilarla azarkeşin başını qatıb klub öz yarıtmaz işini ört-basdır etmək istəyirsə, bu onlar üçün çıxış yolu demək deyil. Biz indi əvvəlki sadəlövh azarkeş deyilik, elə deyilmi? İndi azarkeşlərimiz əvvəlkindən daha çox oxuyur və maariflənir. Bütün gedişatları saf-çürük etməyi, nəyin əyri nəyin düz olmasını ayıra bilirlər.
    *****
    Qabil bəy, hardasa düz buyurursunuz. Amma bir məsələ var ki, çox oxumaqla da deyil. Gərək oxuduğunu hadisələri nəzərdən keçirib qiymət verməyi bacarasan. Yazıların əksəriyyəti məqsədyönlü olub oxucunu real istiqamətdən sapdırır. Bu bilərəkdən edilir. Hər halda azarkeşlərin belə yazıların istiqaməti ilə şərh verməsindən bu aydın görünür. Əksəriyyət hoydu-hoyduya gedir. Məqsədli yazılar azarkeşi öz arxasıyca aparır.

  4. Bu yazını baş verən hadisələrin davamı kimi də dəyərləndirmək olar.Doktor baş verən hadisələrin mövqeyində boşluqların yaranmasına imkan vermədiyi halda XLninbütün mövqeylərində boşluqlar qalmaqdadır.Bizdə məsəl var deyərlər ki,həmişəsöyüş söyər.XL rəhbərliyi pul xərcləməməyin dərdindən(güclü transferlər)özündən güclü kulublarla söz savaşına çıxır.Boş yerə xərclədikləri enerjini lazımi işə yönəltsələr onda komandanın gücünə güc qatmış olarlar.Bu rəhbərliyin Sabir demişkən bir dərdi var.Onu da bugünkü günə qədər heçkim bilmir.Bu dərdi üzə çıxara bilsək bütün bu olanların kökündə nəyin dayandığını tam çılpağlığı ilə görə bilərik.Bütün bu bəlaların başında XLnın rəhbırliyi durur.Belə getsə Mustafa hocanı da Toşaq kimi yola salarlar.Gör dünyanın hansı yeridir ki,Ayağı top tutmayan Nildo deyir ki,XLnin hucum xətti güclüdür.Bizəhucumçu lazım deyil.Bir qocanın XL haqqında praqnozunu verim siz də yadınızda saxlayın.Əgər lazımı transferlər olmasa XL hətta 7ci yerin üzünə belə həsrət qalacaq.Bir də axırda qeyd edim ki,Rəhbərlik deyəndə ki,bütün transfer səlahiyətləri baş məşqçidədir bunu da deyim ki,inanmayın bu ağ yalandır.
    *****
    Rakif bəy, bir ağsaqqal mövqeyinə görə çox sağ olun!

  5. “Antalya kuboku”nun böyük ağıl sahibi olmayanlar üçün ortaya atıldığını görmək üçün heç o dərəcədə ağıl daşıyıcısı olmaq gərək deyil. Bu gün ortada olan problemlər bu həftə qaydasına qoyulmasa bu ilin qiymətini verməyə yubiley ilinin ərəb rəqəmləri ilə təsvirindəki işarələrdən biri kifayət edər… cənablar, siz bu işarənin “1″ olduğunu düşünmürsünüz ki…

  6. Salam, Mirhafiz müəllim! Rəhbərlik müsahibələrində deyəndə ki, “Biz baş məşqçinin işinə qarışmırıq, transfer məsələsi baş maşqçının səlahiyyətindədir və kimi istəsə onu da alacağıq” sözləri növbəti dəfə özünü doğrultmadı. Məncə M.Dənizlinin istədiyi futbolçuları almaq iqtidarında deyillər. İnanmıram ki, M.Dənizli kimi peşəkar transfer pəncərəsi bağlanma ərəfəsində heç kimə lazım olmayan transferlərlə istədiyi iddealı komandasını qura bilsin. Məlum məsələdir ki, vaxt daraldıqca transfer bazarındakı səviyyəli futbolçular alınır, yerdə qalanlar isə Nildokimilər sinifinə aid olanlardır.
    *****
    Qabil bəy, sözünüzə qüvvət olaraq, demək mümkündür ki, transfer pəncərəsi, bir “fortuçka” (nəfəslik) qədər daralıb. Ordan isə həşəratlar keçə biləcək yer qalıb.

  7. “Xəzər Lənkəran” braziliyalı müdafiəçi Villian Tyeqo ilə anlaşıb.
    Bu barədə Braziliya mətbuatı məlumat yayıb. Məlumatda bildirilir ki, cənub təmsilçisində uğurla baxışdan keçən futbolçu yenidən vətəninə qayıdıb. O, şəxsi problemlərini qaydasına qoyub, Lənkəran klubuna qoşulacaq.
    Qeyd edək ki, 28 yaşlı müdafiəçinin son klubu “Fiqeyrense” olub.
    *****
    Nildo icazə versəydi, heç olmasa bir, iki hücumçu da alardılar. Allah Nildonun ürəyinə rəhm salsın!

    • bir hucumcu lazimdi ondan sonra nildonu gondermey olar helə benuhainidə gondermey olar çünki bizim elnur cəfərov kimi oyuncusu var mencə mustafa hoca onu oyunlara buraxmalidir.
      *****
      Bu təklifiniz lap ürəyimizcədir.

Comments are closed.