“Mübariz Mənsimov Mustafa Dənizli ilə görüşdü”-Açıqlama

Premyer Liqanın XIV turunda səfərdə “Bakı”ya 3:0 hesabı ilə məğlub olan “Xəzər Lənkəran”ın baş məşqçisi Con Toşak oyun sonrası keçirilən mətbuat konfransına qatılmayıb.
Bundan sonra məşqçinin istefa verdiyi bildirilib.
Hazırda yerli mətbuatda Toşakı əvəzləmək üçün cənub klubunun türk məşqçi Mustafa Dənizli ilə danışıqlar aparıldığı yazılır. Biz də bununla bağlı klubdan məsələyə aydınlıq gətirməsini istədik.
Publika.Az-ın məlum durumla bağlı suallarını “Xəzər Lənkəran”ın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu cavblandırdı.
– Deyilənə görə artıq razılaşma olub?
– Mustafa Dənizli ilk öncə Lənkərana gəlib “Xəzər Lənkəran”ın bazası, infrastrukturu ilə tanış olacaq. Bundan sonra müqavilə bağlana bilər. İlkin anlaşma əldə edilib.
– “XL”in başqa məşqçilərlə də adı çəkilirdi. Bunlara misal olaraq Ağasəlim Mircavadov, Oğuz Çətin kimi şəxslərin gəlməsi də deyilirdi. Bəs nəyə görə seçim Mustafa Dənizlidən yana oldu?
– Məncə Mustafa Dənizlinin karyerası hər şeyi deyir. Əlbəttə ki, Toşak da öz sözünü demişdi. Dünyada tanınmış bir məşqçi idi. Amma olur ki, məşqçi hansısa bir yerə gedir orada işi uğurlu alınmır. Düşünürük ki, Mustafa Dənizli “Xəzər Lənkəran”ı vəziyyətdən çıxardacaq.
– Toşakın özü son məğlublubiyyətdən sonra istəyi ilə getdi, ya uğursuzluq dalınca uğursuzluq gəldiyi üçün rəhbərlik yolların ayrılmasını tələb etdi?
– Xeyr, artıq Toşak özü də görürdü ki, komandaya yeni bir nəfəs lazımdır. Əlbəttə onun da yanlışlıqları var idi. Düzdür bunu indi demək düzgün çıxmır, amma onun özü də artıq harada yanlış addımlar atdığını yaxşı bilirdi. Bir sözlə futbolda belə hallar olur.
– Yəqin ki, köməkçi məşqçilər də dəyişiləcək?
– Köməkçi məşqçilərin dəyişməsi ilə bağlı qərarı yeni baş məşqçi verəcək.
– Bəs Toşakın oğlu Aleksis Plaza da köməkçi məşqçilərdən biri idi. Onun aqibəti necə oldu?
– Toşak istefa verdik dən sonra Aleksis Plaza da ayrılmağa qərar verdi.
– Yəqin ki, Mübariz Mənsimov bu ayrılıqlardan xəbəri oldu? Bəs Toşkın getməyi, Mustafa Dənizlinin seçimi ilə bağlı nə münasibət bildirdi?
– Fəxri prezidentimizin özü bir neçə tur öncədən “XL”in bu vəziyyətindən, nəticələrdən narahat idi. Klubun durumu ilə özü şəxsən maraqlanırdı. Hər şey fəxri prezidentimizin nəzarəti altındadır.
Mustafa Dənizlinin seçimi ilə bağlı da özü məşğul olub. Toşak getdikdən sonra M.Dənizli ilə söhbətlərin olması Mübariz müəllimin nəzarəti altında olub. Özü Mustafa Dənizli ilə görüşüb. Mübariz Mənsimov komandanın hazırkı durumunu ona anladıb və ilkin anlaşma əldə olunub.
Aygün İlqarqızı
Publika.az

4 thoughts on ““Mübariz Mənsimov Mustafa Dənizli ilə görüşdü”-Açıqlama”

  1. Saiam, hörmətli DOKTOR! Artıq Toşakın ardıyca səhvlərindən danışmağa başlayıblar. Toşak harda yanlışlığa yol verdi, səhv etdi amma, özlərinin böyüklü-kiçikli xətalarından bir kəlmə belə dilə gətirmirlər və heç vaxt da gətirməzlər. Özlərini təmizə çıxartmaqdan ötrü səhvləri dünya şöhrətli Toşakın ayağına yazmaq artıq gecdir. Buraxılmış səhvlər vardisa, ən geci iki ay əvvəl klubdaxili iclas çağırıb Toşakın üzünə demək lazım idi, dalısıyca yox. Komanda üzvlərinin heç vecinə deyil Bakes getsin Toşak gəlsin, Toşak getsin Mustafa bəy gəlsin. Nə olursa sadə azarkeşə olur. Bu gün ürək ağrısı tapan da, əsəb xəstəsi olan da, sevimli komandası məğlub olanda hirsindən ağlayan da, cürbəcür cirkinliklərəi görüb komandasına nifrət edən də sadə azarkeşdir. İndi də daha bir məşhur çalışdırıcı Mustafa Dənizlinin “Xəzər Lənkəran”ı aı günə çıxarmaq ümidiylə Lənkərana göndərilir. Nə etmək olar? Bir azda səbr edək, türklər demişkən “Səbr edən dərviş, muradına ərmiş”.
    *****
    Deyəsən biz bu misalı bir az dəyişdirməliyik.-“Səbr edən azarkeş, muradıyla ərimiş”.

  2. Əslinə baxanda mən böyük komandalarda işləmiş və böyük-böyük titullar qazanmış məşqçilərin “Xəzər Lənkəran”a baş məşqçi gəlməsini heş vaxt arzulamamışam. Məlum məsələdir ki, böyük klublarda işləmiş, çoxlu titullar qazanmış,yaşı ötmüş, işləmək enerjisi müəyyən qədər tükənmiş peşəkar məşqçilər karyerasının son mərhələsini nisbətən futbolu zəif olan ölkələri pul qazanmaq və istirahət etmək üçün seçirlər. Cavan məşqçilərsə bütün bacarığını, enerjisini hər hansı bir komandaya titullar qazandırmağa sərf edir. Elə bu səbəbdən mən həmişə “Xəzər Lənkəran”ımızda orta yaşlı, cavan baş məşqçilərin işləməsinin tərəfdarı olmuşam.

Comments are closed.