Buradasınız Əsas » Xəbər » Zaman isə gözləmir!
  • Bookmark and Share

Zaman isə gözləmir! 

Mustafa Denizli-9

2013/14 mövsümü üçün Azərbaycan Kuboku uğrunda yarışların 1/4 final mərhələsinin ilk oyunları arxada qaldı. Bu mərhələdə əvvəlcədən bildiyimiz cütlər qaşılaşdı ki, hesablar da aşağıdakı kimi oldu:

I. “İnter” 1 – 1 “Neftçi” 

II. “Rəvan” 0 – 1 “Bakı” 

III. “Qəbələ” 0 – 0 “Qarabağ” 

IV. “Araz-Naxçıvan” 1 – 1 “Xəzər Lənkəran” 

Bunlar 1/4 final mərhələsinin ilk oyunları idi. Martın 19-da isə bu mərhələnin cavab görüşlərindən sonra növbəti mərhələyə adlarıını yazdıracaq komandaların kimliyi bilinəcək və 1/2 final mərhələsində I cütün qalibi, II cütün qalibi ilə və III cütün qalibi IV cütün qalibi ilə finala vəsiqə uğrunda yarışacaqlar. Yəni cavab görüşündə biz, iki oyunun nəticəsinə görə, “Araz-Naxçıvan”ı üstələyə bilsək, o zaman “Qarabağ” – “Qəbələ” cütünün  qalibi ilə görüşəcəyik.

Əslində “Araz-Naxçıvan” I divizion təmsilçisi kimi “Xəzər Lənkəran” üçün o qədər də ciddi rəqib olmamalıydı. Lakin Naxçıvan komandasının bu mövsüm qarşısına çox ciddi məqsədlər qoyması və ona görə də xeyli güclənməsi həmçinin yaxşı nəticələr əldə etməsi, rəqibin çox ciddiliyindən xəbər verir.

Adətən belə hallarda daha güclü divizion təmsilçisi, aşağı diviziondan olan rəqibinə peşəkarcasına yanaşmır və nəticədə bu məsuliyyətsizlikdən özünü “yandırır”. Elə qonşu Türkiyədə “Fenerbahçe” və “Galatasaray” kimi nəhənglər bir necə mövsüm ardıcıl, aşağı divizion təmsilçisi ilə kubok yarışlarında bunun qurbanı olublar və kubok yarışlarına çox erkən vida ediblər. Belə faktlar digər ölkələrdə də qeydə alınıb ki, onlarla işimiz yoxdur. Bizim “Xəzər Lənkəran” da Naxçıvanda bu simptomun qurbanımı oldu? Burda bir az da vəziyyət başqadır deyə bilərik. Dediyimiz bu simptom da dünənki oyunda özünü göstərməklə bərabər başqa səbəblər də var idi ki, bunun üçün həm bu 1/4 oyununu müzakirə etməliyik və həm də ümumiyyətlə “Xəzər Lənkəran”ın son çempionat oyunlarına da nəzər salmalıyıq. Bunlara nəzər saldıqda isə vəziyyətin elə də ürək açan olmadığını görəcəyik.

“Fenerbahçe” və “Qalatasaray” misalında onlar aşağı divizion təmsilçisinə məğlub olub, kuboka erkən vida etsələr də ölkə çempionatında həmin vaxtlar işlərinin heç də pis getmədiyinin şahidi oluruq. Deməli, onların kuboka erkən vida deməsi, yalnız rəqibi saymamaq, ona ciddi yanaşmamağın aqibəti kimi dəyərləndirmək olar.  “Xəzər Lənkəran”ın dünənki oyununda bundan başqa çeşidli səbəblərin də olduğunu görmək olar. Məsələn, Mustafa Denizlinin kubok yarışlarında da məğlub olsaq, onda mən gedərəm, deməsinin arxasında hansısa gizli fikirlərin olduğunu da iddia etmək olar. Yox, bu ancaq sırf idman baxımından nəticə ala və yaxud da verə bilməmənin anlamını daşıyırsa, bunu normal qarşılamaq olar.

Amma son çempionat matçlarında komandanın oyununu incələsək, artıq narahatçılığa əsas olduğunu görərik. III dövrəyə, ilk üçlük komandaları ilə oyunlarda hən oyun planı, həm də nəticə baxımından əvvəlkilərə nisbətən komandada böyük yüksəlişin olduğunu qətiyyətlə demək olar və demişik də. Amma bundan sonrakı turlar, nə oldusa, komanda turdan-tura yeni əldə etmiş olduğu oyun və təbii ki, nəticə baxımından da geriləməyə başladı. Bu geriləmə dünənki kubok oyununda da davam etdi və nəticədə gördüyümüz kimi bərbad oyun və 1:1-lik bərabərlik.

Dünənki kubok oyununda komanda sanki çalışırdı, amma nəticədə caz musiqisi kimi hərə öz ritmində oyun oynayırdı. 90 dəqiqə ərzində bir-iki sonu “kor” hücum və ya kombinasiya yaratmaq cəhdi gördüksə, qalan dəqiqələrdə heç o da yox idi. Nə qədər qapı tərəfə aidiyyəti olmayan zərbələr və “rəqibə ötürmə” deyilən pas xətaları olar? Güclülər dəstəsini təmsil edən bir komanda üçün bu nə dərəcədə məqbuldur? Oyunçularda sanki ruh deyilən şey yoxdur və XXI turdan sonra bu ölüb, də demək olar. Mustafa Denizlidən asılı olmayan səbəblər ola bilər. Amma bu oyunda ondan asılı olan səbəbləri də göstərə bilərik ki, bunlardan biri psixoloji baxımdan əskiklik idisə, digəri də taktiki baxımdan olan əskiklik idi.

Bilirik ki, güclülər dəstəsi hər ölkədə bir cür adlanır və elit olan bu dəstə klubları ölkələrinin ən ən yaxşı futbol oynayan komandaları və futbol biliklərinin digər aşağı dəstə təmsilçilərinə görə daha yaxşı olmaları ilə seçilirlər. Üzü aşağı divizionlara getdikcə, burda mükəmməllik azalmağa doğru koordinatla zəifləyir. Yəni, elit liqada əsasən komanda oyunu bir ansambl təşkil edirsə, aşağı divizionlarda daha çox fərdi planda oynayırlar. Bu da onların oyun tərzinə çevrilmiş olur. Aşağı divizion futbolu elitaya nisbətən daha çox fərdi oyun göstərir. Mustafa Denizlinin və məşqçilər heyətinin bunu bilmələri və diqqət yetirmələri çox vacib məsələdir. Ona görə də onlara qarşı öyrəşdikləri oyun üslubunda yəni fərdi yox, komanda oyunu oynamaq lazım gəlir ki, bu halda onlar çatdıra bilməyib “iflic olurlar”. Qısa, lakin dəqiq ötürmələrlə  müəyyən taktiki plan belə rəqibləri tam oyundan qoparıb, zərərsizləşdirir və oyuna nəzarət tam sənin əlinə keçmiş olur ki, bu da artıq meydan sənindir deməkdir. Dünən “Xəzər Lənkəran”, daha çox “Araz-Naxçıvan”ın istəyinə görə oynadı. Belədə demək olar ki, oyun və qol epizodları baxımından bərabərlik yarandı. Elə hesab da oyuna görə 1:1-lik bərabərliklə nəticələndi. Heyətə və taktikaya fikir verdikdə daha çox “Xəzər Lənkəran” fərdi oyunla oynadı ki, bu da başda Tounkara olmaqla, Elnur Abdullayev və sair futbolçuların “ucu kor” fərdi oyunu və nəticədə top itkiləri ilə yadda qalırdı. Bu baxımdan Nildonu da qeyd etmək olardı, lakin əgər ona futbolçu demək mümkün olsaydı. Elə Mbilla Etameni də qeyd etmək olar ki, o hər iki oyun üslubunu oynaya bilən universal və universallığı ilə çox gözəl futbolçudur. Lakin onun oyununu da bədbəxt edən elə Tounkara, Nildo kimi oyunçulardır. Mustafa Denizli Nildoya sahib çıxın, o, qollarını atacaq dedi. Amma onun harasına sahib çıxasan ki, bu adam oyun ərzində 1 kilometr qaçmır. Zohair Benouahi də həmçinin ya foula səbəb olur, ya Tounkara və Nildo kimi topu rəqibə ötürür, ya da iki metrdən qapının yolunu tanımır. Futbolçu ola bilər məşqlərdə özünü yaxşı göstərsin. Amma meydan həyəcanının qurbanı olsun. Necə ki, il boyu yaxşı oxuyan, bilən tələbə imtahan həyəcanından qurtula bilmir və hətta qeyri-kafi qiymət alır. Bir məşqçi və psixoloq kimi Mustafa Denizli bunları bilməmiş deyil, bizcə. Mustafa bəyin dediyi kimi biz onlara sahib çıxsaq, nəticədə onların bərbad oyunu nəticəsində “Xəzər Lənkəran”  geriləyincə, sonda Denizlinin özünə sahib çıxa bilməyəcəyik. Tounkara Naxçıvanda oynaya bilmirsə, Fransada necə oynayacaq ki, ağlında Fransa sərsəmləmələrini gəzdirir. Ancaq ayaqları işləyib, başı işləməyən futbolçunu isə nəinki Fransada, heç Vyetnamda da istəmirlər. Mustafa bəy bunlara əncam çəkməsə, onda adlarını çəkdiyimiz futbolçular, bağışlayın oyunçular, yəqin bu oyunları ilə Mustafa bəyə bir əncam çəkəcəklər. Zaman isə gözləmir!

7 Şərh yazıya: Zaman isə gözləmir!

  1. Qabil

    Salam, Müəllim! Doğrudan da zaman “Xəzər Lənkəran”ı gözləmir və qalıb gözləyən də deyil. Dünənki oyun üslubu komandamız üçün bir siqnal olmalıdır. Əgər məqsəd kuboka sahib olmaqdırsa belə bərbad oyunla “Qarabağ” bizi bağıçlamaz. Artıq klub rəhbərliyi, baş məşqçi həyacan təbilini çalmalıdır. Məncə hər oyunda oynamaq şansı əldə edən futbolçular özlərini doğrultmursa ehtiyat skamyada oturmalıdır.
    *****
    Salam, Qabil bəy! Bildiyimiz kimi oyunu və son dövrü analiz etdik. Bu bizim fikirlərdir, başqa fikirlər də ola bilər.

     
  2. MALIK

    Zaman gozlemir gozel sozdur ve heqiqetdir.. Mene ele gelir ki yene nese var komandanin icinde… Kimin kiminle prinsipi var zerer XL-tarixine yazilir..

     
  3. Zəfər Lerikli

    Hörmətli Mirhafiz muəllim!.Bu gözəl yaziniza görə sadə bir “Xəzər Lənkəran” azarkeşi olaraq sizə təşəkkur edirəm.Siz bu yazinizla cox mətləblərdən xəbər vermisiniz.Belə ki, kamandamizin birinci divizyon təmsilcisi “Araz” Naxçıvanla goruşundən sərgilədiyi oyundan tutmuş, qalib gəldiyimiz halda növbəti rəqibin daha səviyyəli və ciddi olacağina kimi yazinizla azarkeşlərin göruşunə gəlmisiniz.Siz narahatçıliqla kamandamizin son oynunu analiz edərək bəzi oyuncularimizin fərdi oyunla top itkilərini və kamandada psixoloji və taktiki problemlərinin olduğunuda toxunmusunuz.Ayri-ayri oyuncularin meydanda özunu görsədə bilməyib lakin məşqlərdə fəal calişmasinin izahinida vermisiniz.

    Sizin bu fikriniz məni cox duşundurdu. “Mustafa bəyin dediyi kimi biz onlara sahib çıxsaq, nəticədə onların bərbad oyunu nəticəsində “Xəzər Lənkəran” geriləyincə, sonda Denizlinin özünə sahib çıxa bilməyəcəyik. ”
    Elə məndə bu cumlədə ilişib qalmaq və fikirlərimi demək istəyirəm.Onuda qeyd edim ki, bu mənim şəxsi mulahizələrimdir.Hər halda özumu bir anliq Mustafa bəyin yerində hiss edərək bu qənaətə gəlirəm.
    Görurəm ki, bu uşaqlar məşqlərdə calişir amma meydanda faydali iş əmsali görsənmir.Əlimin altindaki oyunculara baxiram və məcbur olaraq bunlarla uğur qazanmağa calişiram.Stabil heyəti qura bilmirəm ,cunki bir zədə oyun planimi pozur və digər bir oyuncumun zəif cixişi bu problemi dahada artirir.Bir oyuncunun zəif cixişi umuni “ansambl”a təsir edir və oyunun ritmi pozulur.
    Muəllim! Siz qeyd etdiyiniz kimi məsələnin kökunu burda axtarmaq lazimdir.İndi isə subyektiv fikirlərə yer qalir ki ,onlari deməli olursan.Buda fakta əsaslanmadiğindan yersiz görunur.İnşallah klub bu məsələylə ciddi məşğul olar.Gunahkarlar uzə cixar , meydanda can qoymayan oyuncular kamandadan qovular.” Əgər bu hallar davam etsə dunyanin bir nömrəli məşqcisidə bu oyuncularla uğur qazana bilməz.Belədə isə, Dənizliyədə sahib cixan tapilmaz.Allah axirini xeyir eləsin.
    *****
    Dünyanın bir nömrəli məşqçisi deyəndə, elə Toşakı və Denizlini göz önünə gətirdikdə görürsən ki, bu eynən belədir. Bir də Zəfər bəy, bu nə sirrdir ki, Todorovu göndərən Toşak ya Denizli, Nildonu niyə saxlamalıdır. Bu mənə qaranlıq qalır. Əslində peşəkarlığa qalanda Todorov nəinki Nildodan yazıda adları çəkilən oyunçuların hamısından yaxşı futbolçu idi axı…

     
    • Zəfər Lerikli

      Muəllim salam!Ağasəlim muəllim Todorovu mudafiənin cani adlandirirdi.Sonradan məşqci dəyişilikləri və qeyri-peşəkar transferlərin olunmasi səviyyəli oyuncularin oyun uslubuna təsir etdi.Onlar yeni gələn Nildokimilərin oyun prinsiplərinə heç cur alişa bilmədilər.Nəticədə kamandadan getməli oldular.Toni Doblasda elə o qurbanlardan idi.Hal-hazirda səviyyəcə cox ustun olan Mbilla ,İlyas ,Blajevskidə zaman kecdikcə Nildo səviyyəsinə enərlər.Klub rəsmiləri aciqlama vermədikcə azarkeşlərin təfəkkurundə neqativ hallar baş qaldirir ki, bir tərəfdən başa duşuləndir.Susqunluq klub tərəfindən davam etdikcə “XL” kamanda olaraq nufuzdan duşur.
      İndi azarkeş bunu gözləyir.Kimsə cixib yazi yazsin klubu səriştəsizlikdə gunahlandirib və ittiham etsin.Bu ittham ucundə fakt yoxdur və ehtimal var.Ehtimallada yazi yazmaq qeyri -peşəkarliqdir.Təssuf ki, bunu hələ azarkeşlərimizin bəziləri anlamaq istəmir.

      Bəzi azarkeşlərimiz cənab Toşakin dövrundə vitse -prezidenti ruşvətxor kimi şərhlərində qeyd edirdilər.Duzdur,bu fakta söykənməyən adi bir şərh ola bilər.Bu aqresivlikdən və əsəbdəndə işlənə bilər.Amma mənim bir şərhimdə “”azarkeş bilir ruşvətxor kimdir və kimlər necə klubda işə duzəliblər””-fikrim cox böyuk hörmət etdiyim İslam muəllimin sərt və haqli təpkisinə səbəb oldu.İslam muəllimidə salamlayir və ona can-sağliği arzu edirəm.Sözumun məğzi yenə həmin qaranliq nöqtəyə gəlib catir ki,bizdə bundan xəbərsizik.Biz bu gun klubun Nildokimilərinə sahib cixdiğini görur və bunu heç cur anlaya bilmirik.Təşəkkur edirəm.
      *****
      Zəfər bəy, fikirləriniz düşündürücüdür. İslam müəllimlə şərhdəki dialoqunuzla da tanışam, çünki həmişə izləyirəm. Bizim klubda rüşvət məsələsindən söhbət belə gedə bilməz. Maliyyə əməliyyatlarının başqa forması isə söhbət mövzusu ola bilər.

       
  4. Azərbaycanlı

    Bu gün komandanın idmançı potensialının, dayanıqsızlıqla səciyyəvi psixoloji durumunun, ortabab avropa əyyarlı məşqçi fiqurunun və iztirablı azarkeş intizarının nisbi vəziyyəti yaxın dövranda nailiyyət ümidləri istiqamətində avantürizm boyda gözəlliyə yol açır. O da məlumdur ki, avantürizm üstündəki nikbinliklə qaçılmaz məyusluq arasında məsafənin gözlə qaş arasındakı məsafədən fərqi böyük olmur.

    Bütün bunlar öz yerində. Xəzər Lənkəranı azarkeş etimadı qaldıra bilər. Komandaya inanmaq gərək.

     
  5. R.S.

    Məncə transfer məsələsi Dənizlilik deyil .Mən Xəzərin oyunlarını ancaq Rednikin vaxtından izləməyə başlamışdım .Doğrusu ölkə çempinatına baxmırdım .Bir dəfə oyunu izlədikdən sonra marqlanmağa başladım .Təbii ki komandam Xəzər olmalı idi.Xəzərin timsalında Avropa futbolu gördüm .Rednik Rednik .sən nə olarmışsan .Rednikdən sonra Xəzərin halına acıyıram .Artıq məndə belə bir fikir formalaşıb ,Xəzər heç kim,Rednik kimi idarə edə bilməyəcək ,nə transfer nə, oyun üslubunda ,nədəki onun kim sevilən olmayacaq .
    Artıq komanda ortabablar səviyyəsindədir .Heç bir nüfuz ,heç bir titul bu komndada rol oynaya bilməyəcək.
    Yeri gəlmişkə Mirhafiz bəy sizə təşəkkür edirəm ,kitab İsalm bəydədir .İnşallah ki qovuşaram kitabıma .Allah razı olsun .Onu oxuyandan sonra ,Burda şərhlərin sayı artacaq.
    *****
    Fikirlərinizlə razıyam. Hələ ki, Rednik kimi az da olsa komandanı qura bilən olmayıb. Niyə az da olsa deyirəm, çünki Rednikə də tam öz istədiyi komandasını qurmağa imkan verməmişdilər. Yoxsa, “Xəzər Lənkəran” indi Avropada da tanınardı nəinki, ölkədə nüfuzunu itirməyə doğru gedərdi. Kitabın sizə yadigar olması barədə də iç qabığında müəllif əvəzi mən özüm qeyd eləmişəm. Heyif ki, bu belə alındı.

     
    • R.S.

      Bəli çox təssüf ki belə alndı .Sadəcə 3-4 ay gecikdik ki Böyüuk İnsanın ( Allah rəhmət etsin ,yeri behştlik olsun )imzasına.Nə etməli BU həyatdır .və onun da dəyişməyi mümükün olmayan qanunları var .
      Allah köməyiniz olsun.
      *****
      Allah, ölənlərizə min rəhmət eləsin, qalanlarınızı da sizə və sizi isə onlara çox görməsin!

       

Şərh əlavə et


6 + beş =