Zəfər Leriklinin Babək Quliyevlə müsahibəsi

Onbir illik fəaliyyətində “Xəzər Lənkəran”da bir neçə məşhur sima çalışıb.
Aralarında azarkeşlərin rəğbətini qazanan məşqçi, sevilən futbolçu eləcə də digər futbol mütəxəssisləri olub ki, onlar camiəmizdə nəinki heç vaxt unudulmur, hətta daim xoş sözlərlə xatırlanırlar. Belə simalardan biri də obyektiv hakimliyi ilə tanınan, qısa bir müddət ərzində “Xəzər Lənkəran” klubunun idman direktoru vəzifəsində çalışaraq ədalətsevərliyi, həmçinin zəhmətkeşliyi ilə özündən ən yüksək səviyyədə söz etdirə bilən, azarkeşlərimizin əksərinin sevimlisinə çevrilmiş futbol hakimi Babək Quliyevdir.
Babək Quliyev doğrudan da Lənkəranda çalışdığı qısa müddət ərzində bütün bacarığını kluba sərf etmiş, necə deyərlər ürəyini “Xəzər Lənkəran”a vermiş mutəxəssislərdəndir. Onu azarkeşlərə sevdirən isə dürüstlüyü, mərdliyi, çəkinmədən həqiqəti deyə bilməsi, eyni zamanda da öz işinə olan mə`suliyyətli yanaşması idi. Babək müəllim barədə azarkeşlərimiz arasında söhbət duşəndə həmişə hörmətlə xatırlanır və beləliklə də zaman keçdikcə ona qarşı rəğbət əvvəlkindən bir qədər də artır.
Biz “Xəzər Lənkəran”nın  futbol tarixində iz qoyan əfsanələri heç vaxt  unutmur, mütəmadi olaraq onları yada salırıq. Mən də bu minvalla qərara gəldim ki, azarkeş saytımız olan “12cioyuncu.info” və çoxlu sayda əsasən ziyalı təbəqəsinin toplaşdığı  “Bosman.az” saytının istifadəçiləri üçün Babək müəllimdən müsahibə almaqla onu bir daha sizinlə görüşdürüm. İlk sualımı da  səmimiyyət xatirinə zarafat üzərində quraraq verdim. Beləliklə maraqlı söhbətimizi ixtiyarınıza buraxıram.
-Salam Babək muəllim. Yəqin ki, siz “Xəzər Lənkəran” azarkeşlərindən də küsmüsünüz…
– Allah eləməsin. Mən “Xəzər” azarkeşlərindən niyə küsməliyəm? O azarkeşlərlə yalniz fəxr etmək olar.
-Elədirsə onda azarkeş saytımıza müsahibə verərsinizmi?
-Problem yoxdur. Nə vaxt istəsəniz müsahibə verərəm. Sizin sayta mənim böyük hörmətim var. Günü bu gün, elə indi, mən hazır.
Çox gözəl. Xoş sözlərə görə saytın bütün istifadəçiləri və hətta sayt idarəçiləri adından sizə təşəkkür edirəm.
Beləliklə, Babək müəllim, ölkənin futbol ictimaiyyəti sizi peşəkar bir hakim kimi tanıyır. Yaxşı olardı ki, siz özünüz hakimlik karyeranız barədə mə`lumat verəydiniz. Necə oldu ki, siz idmanı, futbol hakimliyini seçdiniz? Keçmişə baxanda o arxada qalan illəri, ilk hakimliyinizi necə xatırlayırsız? Və ümumiyyətlə bu mövzu ətrafında mümkünsə bir az geniş danışardız…
-Mən 1974-cü ildə Baki şəhəri, Keşlə kəndində fəhlə ailəsində anadan olmuşam. 1983-cü ildə ilk dəfə olaraq futbol oynamağa başlamışam. Ancaq top qovan kimi güclü futbolçu olmadım. Hakimliyə maraq göstərməyimə gəlincə, Keşlədə 201-nömrəli  məktəbin həyətində kənd arası çempionat keçirilirdi, mən də ozümü hakim olaraq sınamaq istədim. Çempionatdan sonra  dostlarım dedilər ki, niyə də özünü daha böyük arenada, yəni peşəkar fəaliyyətdə hakim kimi sınamaq istəməyəsən, yoxlamağa dəyər…  Artıq həvəslənmişdim. Bundan sonra mən 2000-ci ildə AFFA-ya müraciət edərək hakim olmaq istəyimi bildirdim. Artıq 2 ildən sonra futzal uzrə FIFA referisi adına layiq görüldüm.
-İlk dəfə hansı oyunu idarə etmisiniz? Hansı komandalar arasında keçirilən qarşılaşma yaddaşınızdan hələ də silinmir?
-Ümumiyyətlə götürəndə peşəkar karyeramda ilk dəfə olaraq futzal üzrə Azərbaycan çempionatında “Tribut” – “Turan” oyununu idarə etmişəm. Ancaq belə demək mümkünsə “böyük futbolda” ilk olaraq “Şəfa” – “Bakı” oyununudur, ilkim. Sualınızın ikinsi hissəsinə gəldikdə qeyd etməliyəm ki, mənim üçün idarə etdiyim bütün oyunlar yadda qalan olub.
-İcazənizlə keçək “Xəzər Lənkəran”la bağlı məqamlara… Siz qısa bir müddət ərzində “Xəzər Lənkəran” klubunda idman direktoru oldunuz. Bu muddət ərzində “Xəzər Lənkəran” azarkeşlərinin sevimlisinə çevrildiniz. Özünüz də bilirsiniz ki, cənublu azarkeşlərin sevimlisinə çevrilmək və onların rəğbətini qazanmaq heç də asan deyil və buna heç də hər idman mutəxəssisi nail ola bilmir. Necə ki, dünya şöhrətli Mustafa Dənizli və Con Toşak bunu bacara bilməmişdi. Bəs siz buna necə nail oldunuz, nədir bunun sirri?
-Ümumiyyətlə “Xəzər Lənkəran” azarkesləri möhtəşəmdir.  Onlar cox səmimidirlər. Mən də işlədiyim dövrdə hansısa qondarma işlərlə məşğul olmadım, vicdanla çalışdım və onlarla da ancaq səmimi olmağa can atırdım, vəssalam. Bəlkə də buna görədir. Hər hansı sirrdən söhbət gedə bilməz. Sadəcə insanlarla sadə və təmiz münasibət qurmaq lazımdır.
-Bayaq da bildirdiyim kimi “Xəzər Lənkəran” komandasının əfsanələri heç vaxt azarkeşlər tərəfindən unudulmur. Siz də heç özünüz düşünmədən, bilmədən azarkeşlərimizin qəlbində özünəməxsus yeri olan əfsanələrindən birinə çevrilmisiniz…
-Xahiş edirəm mənə əfsanə deməyəsiniz…
-Babək müəllim, futbolsevərlərimiz klubun  tarixi  səlnaməsini ürəklərində varaqlayanda və sizin adınız gələndə  həmişə belə deyirlər: -“Babək Quliyevi  kimlərləsə muqayisə etmək düzgün deyil. O, klubda canla-başla işləyən peşəkarlardan idi. O, mərd  və dürüst insan idi. Lakin onu işləməyə qoymadılar” və s. Axı bunu sadə azarkeşlər deyirlər. Azarkeşləri susdurmaq isə mümkün deyil. Bunu söhbətimizin maraqlı olması üçün demirəm, bu faktdır.
-Çox sağ olsunlar. Əslində “Xəzər Lənkəran” azarkeşləri ən böyuk tərifə layiqdirlər. Əsl əfsanə onlardırlar.
-Lənkəranda çalışdığınız vaxt  azarkeşlərimiz rahat idilər. Müəmmalı bir şəkildə gözlənilmədən klubdan tez ayrıldınız. Gedişiniz azarkeşlərin üzüntüsünə səbəb oldu. Yenidən klubdan sizə təklif gəlsə, qayıdarsınızmı?
-Mən bu haqda danışmaq istəmirəm. Qaldi ki, “Xəzər”də işləməyimə məncə bu mümkün deyil.
–  Bildiyiniz kimi hazırda Azərbaycan  futbolunun vəziyyəti heç də qənaətbəxş deyil. Komandaların arasında uçurum var, iki klub Avroliqada ölkəni təmsil etdiyi halda, o biri klubların maddi problemləri qabarıqdır, hətta futbolçulara aylarla maaşlar da verilmir. Elə götürək bizim klubu. Məcburi transfer qadağası ucbatından komanda əziyyət çəkir, elə maliyyə sıxıntısı da bir yandan…
–  Azərbaycanda futbolun vəziyyəti göz qabağındadır. Qaldı ki, “Xəzər Lənkəran”a, rəhbərlik mütləq bu yaranmış vəziyyətdən cıxış yolu tapmalıdır. Ona görə ki, bu komanda Mübariz Mənsimovun adıyla bağlıdır. Bu komandanın yaxşısı da pisi də Mübariz müəllimindir. Siz azarkeşlər də mövcud vəziyyətdə komandanın ətrafında sıx birləşməlisiz. Ona görə ki, sizi istəməyənlərin sayı istəyənlərdən çoxdur!
– Vaxtilə çalışdiğınız “Xəzər Lənkəran”ın çətin durumunda bu klubun azarkeşləri üçün sizin tövsiyyə və məsləhətləriniz lazımlıdır…
– Bilirsiz, hər bir komanda çətin duruma düşə bilər. Düzünü deyim ki, bu durum “Xəzər Lənkəran”da çox çəkdi. Bu qədər uzanmamalı idi.  O biri yandan mən azarkeslərə nə deyə bilərəm ki? Azarkeş fikri azad və futbola yanaşmada tam sərbəstdir. Yalnız dostcasına deyə bilərəm ki, bu ağır günündə mütləq komandanın yanında olmalarını və dəstək vermələrini arzulayıram.
 -Sonda sizə təşəkkür edirik. Çox istəyərdik ki, problemlər aradan qalxaydi və sizi yenə də futbolumuzda iş başında görəydik. Təşəkkür edirik.
– Mən də öz növbəmdə sizə minnətdarlığımı bildirirəm və “Xəzər Lənkəran”a uğurlar arzulayıram.
Söhbəti apardı: Zəfər Lerikli.

1 thought on “Zəfər Leriklinin Babək Quliyevlə müsahibəsi”

  1. Mene ele gelir ki bundan sonra biz azerkeslere Komandamizin kecmis gunlerini xatirlamaq qalacaq..
    *****
    Hələ ki, belədir, Malik qardaş.

Comments are closed.