Buradasınız Əsas » Rəylər » “Olimpiya”nın baş məşqçisi “Xəzər Lənkəran”dan çəkinmir-MÜSAHİBƏ
  • Bookmark and Share

“Olimpiya”nın baş məşqçisi “Xəzər Lənkəran”dan çəkinmir-MÜSAHİBƏ 

Nicolai_Bunya_olimpiya_me.qci

Avropa səhnəsində ölkəmizi təmsil edəcək digər klublarımız kimi “Xəzər Lənkəran”ın da rəqibinin kimliyinə aydınlıq gəldi. Moldova “Olimpiya”sıyla üz-üzə gələcək  “ağ-yaşıllar”ın qismətinə düşən komandadan şikayət etməyə haqqı yoxdu. Axı avrokuboklarda bugünə qədər debüt etməyən moldovalılar maddi dayaqlarına və heyətinə görə cənub təmsilçisindən doğurdan da geri qalır. Ağasəlim Mircavadovun komandasının üzərinə düşən minimum vəzifəni necə yerinə yetirəcəyini zaman göstərəcək. Biz isə püşkatmadan dərhal sonra Beltsı şəhərindən olan “ağ-qırmızılar”ın baş məşqçisi Nikolay Bunyanı arayıb söhbətləşməyi lazım bildik. 46 yaşlı çalışdırıcının bizə soylədikləriylə siz də tanış olun.

-Püşk “Xəzər Lənkəran”ı sizə rəqib etdi. Bu xəbəri necə qarşıladız?

-Bilirsiz, əslində püşkün nəticəsini çox müzakirə etmək yersizdi. Rəqibə hörmətlə yanaşmaq isə borcumuzdu. Bilirik ki, “Xəzər Lənkəran” Azərbaycanın iddialı klublarındandı. Əlbəttə, başqa komandalarla da düşə bilərdik. Lakin bunun elə də böyük önəmi yoxdu. İstənilən halda, yaxşı hazırlaşmalıyıq.

-“Olimpiya” avrokuboklarda ilk dəfə çıxış edəcək…

-Əlbəttə, komanda kimi beynəlxalq təcrübəmizlə öyünə bilmərik. Bununla belə, uğurlu mövsüm keçirmişik. Heyətimiz böyük dəyişikliyə uğramayıb. Yetirmələrim ciddi sınaq qarşısında olduğunu dərk edir və debütdəcə uğur qazanmaq istəyir. İndidən nəticənin necə olacağını və növbəti mərhələyə tərəflərdən hansının adlayacağını söyləmək qeyri ciddi səslənər. Futbolun nəticəsi meydanda gedən mübarizədən sonra müəyyənləşir. Avrokubok oyunları isə iki matçdan ibarət olur.

-“Xəzər Lənkəran”ın indiyə qədər qitəmiqyaslı turnirlərdə mərhələ adlamaması faktı sizi çox sevindirir?

-Statistika çox şey deyə bilər. Desəm ki, bu məqama diqqət yetirmirik, inandırıcı olmaz. Əlbəttə, hardasa xeyrimizə olan faktdı. Amma arxayınlaşmağa da haqqımız yoxdu. “Xəzər Lənkəran” olduqca ciddi rəqibdi.

-O zaman növbəti mərhələyə adlamaq şanslarını faizlə necə dəyərləndirərsiz?

-50-nin 50-yə. Çalışacağıq ki, uğurlu oyunlar keçirib azarkeşlərimizi sevindirək. Yəqin sizinkilər də eyni şey haqda düşünür.

-Komandanızın illik büdcəsi nə qədərdi?

– Bu suala cavab verməyəcəyəm. Düzdü, baş məşqçiyəm və illik büdcədən xəbərim var. Ancaq belə şeyləri klub prezidentindən soruşsaz, daha yaxşı olar. Axı baş məşqçinin işi maliyyə hesabatı aparmaq və bu haqda informasiya vermək deyil.

-Heyətdə milli üzvləri də var…

-Bəli, iki nəfər. Avstriyada milli komandalarımız üz-üzə gələndə heç-heçə qeydə alındı. Həmin fakt Moldova və Azərbaycan futbolunun hazırki durumda hardasa bərabər səviyyədə olduğunu bir daha göstərdi. Düzdür, xatırlatmam köklü yanaşma deyil. Amma ümumi mənzərə məlumdu.

-Rəqibiniz haqda informasiya əldə etmək planında bəxtiniz gətirib. Premyer-liqamızda bir neçə moldovalı futbolçu top qovur. Onlarla yəqin ki, söhbətiniz olacaq.

-Yığmamızın hücumçusu Denis Kalinkov son mövsümü məhz “Xəzər Lənkəran”da keçirib. Söylədiyiniz kimi, başqaları da var. Şübhəsiz ki, sizinkilər də “Olimpiya”yla bağlı daha çox bilgi toplamağa çalışacaq. Bu, normal haldır. İnformasiya əldə etmək görüşlərə hazırlaşmağın bir hissəsidir.

 -“Olimpiya”nın ev oyunlarını keçirdiyi stadion 5 min tamaşaçı tutumuna malikdir. Bəs ev oyunlarında orta hesabla nə qədər tamaşaçı gəlir?

-Azarkeş sarıdan Moldovada korluq çəkməyən klublardan biriyik. Demək olar ki, azarkeşlərimiz ev oyunlarında tribunaları doldurur. Olar, mən sizdən bir söz soruşum?

-Buyurun.

-Lənkəran şəhərində hava limanı var?

-Bəli.

-Bu çox gözəl oldu. Deməli, paytaxtdan birbaşa həmin bölgəyə uça biləcəyik. Bildiyimizə görə, “Xəzər Lənkəran”ın da tərəfdarları seçilir. Doğurdan belədir?

-Bəli, “Xəzər Lənkəran” Azərbaycanın ən çox tərəfdar dəstəyinə sahib klubudur. Bu sizi qorxutmur?

-Qətiyyən. Əksinə, güclü tərəfdar dəstəyi altında keçirilən oyunlarda əsl futbol atmosferi yaranır. Çempionatlarımız arasında da ciddi fərq olduğunu düşünmürəm. Bir onu bilirəm ki, Azərbaycanda klubların maliyyə imkanı ümumilikdə daha yüksəkdir. Kim güclüdürsə, o da növbəti mərhələyə adlayan tərəf olacaq.

 Mənbə: “Futbol+” qəzeti.

 

Arxiv: Bosman.at.ua

Şərh əlavə et


− 4 = üç