Buradasınız Əsas » Xəbər » Novruz Bayramınız Mübarək!
  • Bookmark and Share

Novruz Bayramınız Mübarək! 

Novruz Bayrami

Əziz həmvətənlər və ruhu, ürəyi bizimlə döyünənlər!

Bu gün dünyanın bir çox xalqları qədim adət-ənənəyə dayanaraq, özlərinin milli, mənəvi, dini və sair özəllikləri özündə birləşdirən və ən əziz bayramlarından biri olan, Novruz Bayramını qeyd edir. Bu bayram təbiətin və bütün canlıların varlığında xüsusi tibbi, bioloji-kimyəvi  oyanma ilə müşayiət olunur. Şərq xalqlarının çoxunun dilində, Nov-Yeni və Ruz-Gün yəni, Yeni Gün kimi özəllik daşıması da bununla əlaqədardır. Xalqlar, Yeni Günə köhnə ildəki ağrı-acıları unudaraq, yeni nəfəs, yeni ovqat və yeni mübariz ruhla başlamaq niyyətində və əzmində olmaq üçün yeni ilin başlanğıcını, sanki təbiətlə birgə başlamağı qət etmişlər…

Biz,  xalqımızı və ruhu, ürəyi bizimlə döyünən bütün insanları bu əziz bayram münasibəti ilə təbrik edirik. Arzu edirik ki, Allah bütün mərd və namuslu insanları daha sağlam, daha uzun ömürlü, süflərəri bərəkətli, heç kəsin yanında xəcalətli eləməsin! Bu bayram, süfrəsinə əlinin və ağlının zəhməti, alın təri ilə düzə bildikləri bayram ruzilərini bərəkətli eləsin! Allah, dünyasını dəyişmiş bütün əzizlərimizi rəhmət eləsin və bizi onların ruhu qarşısında xəcil eləməsin! Allah, gələn günlərimizi xeyirli eləsin və daha neçə-neçə bayramları alnımızın təri ilə mərdi-mərdanə qeyd etməmizi qismət eləsin!

“Bosman” Fanklubu 20. 03. 2015

İndi də Novruz Bayramı haqqında bəzi bilgiləri diqqətinizə çatdırmaq istəyirik.

Novruz bayramı — Şimal yarımkürəsində astronomik yazın başlandığı, gecə-gündüz bərabərliyi günündə (martın 20-si, 21-i və ya 22-sində) keçirilir. Bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlamış, bu münasibətlə şənliklər keçirmiş, onu yeni ilin başlanğıcı kimi bayram etmişlər. Qədim zamanlardan başlayaraq Azərbaycan, İran, Əfqanıstan, Tacikistan, Özbəkistanda və bir çox şərq ölkələrində baharın – yeni ilin gəlişini şənliklərlə qarşılayırlar. Martın 21-i İran və Əfqanıstanda rəsmi təqvimin ilk günü sayılır.

2009-cu il sentyabrın 30-da Novruz YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş, 23 fevral 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i “Beynəlxalq Novruz Günü” elan edilmişdir.

Novruzun mənşəyi və tarixi

“Novruz” fars sözü olub, “yeni gün” deməkdir. Novruz bayramının mənşəyi qədimdir. İslam dini Yaxın Şərq və Orta Asiya ölkələrində yayıldıqdan sonra Ərəb xilafəti bu ölkələrin və xalqlarının İslama zidd olan adət-ənənələrə, bayramlara müsəlmanlığı qəbul edənlər tərəfindən riayət edilməsinin əleyhinə olmuşdur. Müxtəlif təriqətlərin, xüsusən də şiə təriqətinin nümayəndələri bu bayramı təbii və tarixi köklərindən ayırmağa, ona “islami don” geyindirməyə cəhd göstərmişlər. Hətta bəzi mövhumatçılar belə bir fərziyyə uydurmuşdular ki, Novruz bayramı guya IV xəlifə Əlinin hakimiyyətə (656-661) gəldiyi günlə əlaqədardır. Halbuki Əli ibn əbu-Talib iyul ayında hakimiyyətə gəlmiş, Novruz isə yazda bayram edilir. Xalqın bayramla əlaqədar keçirdiyi mərasimlər İslam dininə aid heç bir ehkamla bağlı deyildir, əksinə İslamda qadağan olunan bir sıra ayinləri – odu müqəddəs saymağı, səməni qoymaqla bolluq olacağına etiqad etməyi, qulaq falı, su falı kimi adətləri, qapı pusmağı və s. ehtiva edir. Novruz bayramanının əsaslarının Zərdüştilik və ya Atəşpərəstliklə bağlı olduğu bu bayramda indiyədək qalmış aiynlərdə, xüsusən də odun müqəddəs sayıldığı əhkamlarda açıq-aydın görünür.

Orta əsr müəllifləri Şərq ölkələrində İslam dini yayıldıqdan sonra da Novruz bayramında yaz ənənələrinin, əkinçilik təqvimi etiqadlarının möhkəm yer tutduğunu göstərirlər. Əbu Reyhan

Biruni Novruz bayramı haqqında müxtəlif rəvayətlərdən, onun yaranması səbəblərindən, bu bayram münasibətilə xalq arasında yayılmış adət-ənənələrdən bəhs etmiş, Novruz bayramının təbiətin oyanması, əkinçilik təsərrüfatının başlanması ilə bağlı əsl dünyəvi bayram olduğunu qeyd etmişdir.

Nizamül Mülk “Siyasətnamə” əsərində Novruz bayramından yazın gəlişi ilə əlaqədar keçirilən kütləvi xalq bayramı kimi bəhs etmişdir. Novruzun gəlişi klassik Şərq, o cümlədən Azərbaycan poeziyasında geniş yayılmış “Bahariyyə” adlı lirik şeirlərdə də təsvir və tərənnüm edilir.

Novruz bayramında çərşənbələr

Bəzi qədim inanclara görə kainat 4 ünsürdən – su, od, torpaq və küləkdən yaranıb. Hər il 4 çərşənbə Novruzdan, günün bərabərləşməsindən əvvəl qeyd olunur. Aşıqlar da “Ab, atəş, xak, badan yarandım” deyiblər vücudnamələrində, yəni su, od, torpaq və yelə bağlıdır insan.

Birinci su çərşənbəsi adlanır. Yəni bahara doğru çayların azacıq buz bağlayan yerləri əriyib çaylara tökülür. Torpaq yavaş-yavaş islanmağa başlayır. Qızlar bulaqlardan sərin, şirin su gətirərdilər, evin ətrafına çiləyərdilər, üzlərini yuyardılar.

İkincisi od çərşənbəsi adlanır. Ona görə ki, bahara doğru günəş yavaş-yavaş torpağı qızdırır, isindirir, onu yaratmaq üçün hazırlayır. Od çərşənbəsində tonqallar qalayardılar. Hər ailə üzvünün adına bir şam yandırardılar. Xonçalar düzəldilərdi.

Üçüncüsü yel çərşənbəsidir. Yəni yel artıq azacıq oyanmış torpağı, təzəcə çıxmış yaza həsrət gülləri tərpədir, tumurcuqlanan ağacları yellədir.

Dördüncüsü torpaq çərşənbəsidir. Torpağı ana təbiət su ilə islatdı, günəşlə isitdi, onu yaratmağa hazırladı. Ona görə də ilk yaz əkinini xışla-kotanla məhz torpaq çərşənbəsi günündə başlayardılar. Yaşlı qadınlar “Səməni, saxla məni, ildə göyərdərəm səni” deyib buğda isladardılar.

Novruz adətləri

Papaq atmaq. Qapıya atılan papağı boş qaytarmazlar.

Qulaq falına çıxmaq. Əgər gizlin dinlənən evdən xoş söhbət eşidilərsə, bu arzunun yerinə yetəcəyinə işarədir.

Tonqaldan tullanmaq. Tonqaldan tullarkən bu ifadə deyilir: “Ağırlığım – uğurluğum odda yansın”.

Səməni yetişdirmək. Bu yazın gəlişinə və bitkilərin oyanmasına işarədir.Səməni xonçaları bəzəmək.

Yumurta döyüşdürmək. Oyunun nəticəsində tərəflərdən biri digərinin tələblərini yerinə yetirir.

Qonaq getmək. Novruzda qohumların və qonşuların evinə qonaq gedərlər, onlara Novruz payı apararlar.

Şam yandırmaq. Novruzda ailənin sayı qədər şam yandırarlar.

Yallı getmək. Azərbaycan xalqının qədim dövrdən bəri ifa etdiyi rəqsdir. Bunun mənası insanların birliyidir.

Novruz oyunları oynamaq. Məsələn, ənzəli.

Novruz dünya xalqlarının bayramı kimi

Novruzu qeyd edən hər bir xalq bu bayramla bağlı etnik, yerli, milli xüsusiyyətlərinə uyğun, özünəməxsus mövsum və mərasim nəğmələri yaratmışdır.

Novruz Azərbaycanla yanaşı İranda, Türkmənistanda, Tacikistanda, Özbəkistanda, Pakistanda, Qazaxıstanda, Qırğızıstanda xüsusi təntənə ilə qeyd edilir.

Adətə görə süfrəyə “s” hərfi ilə başlayan 7 növ ərzaq qoyulur

Novruz dünyanın əksər ölkələrində bu xalqların nümayəndələri tərəfindən geniş şəkildə qeyd edilir. Bu cür məkanlar arasında Los-Anceles, Toronto, Londonu saymaq olar. Los-Anceles şəhərinin ocaq qalamağa dair sərt qərarları var, heç bir kəsə öz mülkündə ocaq qalamağa icazə verilmir. Buna baxmayaraq Cənubi Kaliforniyada yaşayan və Novruzu qeyd etmək istəyən azərbaycanlılar və iranlılar Kaliforniyanın çimərliklərinə gedir və ocaq qalamağa icazə verilmiş yerlərdə bayram ocağı qalayırlar.

Novruz Azərbaycanda

Azərbaycanda adətə görə Novruz bayramında göyərdilən səməni yazın gəlməsinin, təbiətin canlanmasının, əkinçiliyin rəmzidir. Azərbaycan kəndlisi səməni göyərtməklə növbəti təssərrüfat ilinə bərəkət, bolluq arzulamış, bayrama dörd həftə qalmış, hər çərşənbə axşamı və bayram günü tonqal qalamaqla, mahnı (“gün çıx!” nəğməsi və s.) qoşmaqla oda, atəşə, günəşə olan etiqad və inamını ifadə etmişdir. Bütün bu mərasimlər İslamdan çox-çox əvvəl mövcud olmuş qədim şərq ənənələrinin davamıdır.

Novruz İranda

İranda süfrələrdə fərqli bir səməni olur və bu səməni ən çox mərcidən göyərdilir.

Novruz Əfqanıstanda

Əfqanıstanda da yumurta döyüşü olur

Əfqan süfrəsi isə adətən stolun üstündə olmur. Süfrə yerə sərilir və ona dəstərxan deyirlər. Əfqan süfrəsində kompota bənzər bir təam da olur. Həmin təamın adı “həft meyvə”, yəni yeddi meyvədir. Amma quru meyvələrdən hazırlanır. Əfqanlar bunu ilin heç bir ayrı ayında hazırlamırlar, ancaq Novruzda hazırlayırlar. “Həft meyvə” – ərik qurusu, kişmiş, qoz, iydə və sairdən hazırlanır. Əfqanıstanda da Azərbaycandakı kimi yumurta döyüşdürülür.

Novruz Qırğızıstanda

Qırğız süfrəsində məxsusi olaraq Novruzda bişirilən beşbarmaq olur. Bu – quzu ətindən və makarona oxşar un məmulatından bişirilir. Əllə yeyildiyinə görə bu yeməyə beşbarmaq deyilir.

Novruz Tacikistanda

Tacikistanda isə Novruz martın 20-də başlayır, 3-4 gün davam edir. Uşaqlar yaz çiçəklərindən dərib yığır, qapıları döyür – ev sahibinə çiçəklərdən verir, ev sahibi də onlara ya konfet, ya yumurta, ya da pul verir.

Novruz Özbəkistanda

Özbəkistanda Novruz süfrəsi üçün “nişala” hazırlayırlar. Nişala şəkərdən bişirilir – ağ şokolad kimi olur.

Şərh yazıya: Novruz Bayramınız Mübarək!

  1. Zəfər Lerikli

    Salam.Butun “Yeni gun” bayramini keçirdən xalqlarinin bayramini təbrik edirəm.
    ***
    Papaq atmaq. Qapıya atılan papağı boş qaytarmazlar.

    *
    Bax, bu lap uşaqliq gunlərimi yada salir.O vaxt belə idi.Bəs indi?.Realliği kaş indiki uşaqlar elə öz tanidiqlari məhəllədə axtaraydilar…
    ***
    …..Maraq uçun məhəllə uşaqlarini izləmək qərarina gəldim.Onlar təzə tikilən və hundurmərtəbəli binalara uz tuturlar.Muhafizəçiləri razi salib və bloka daxil olub və zəngin ailələrə papaq atmağa gedirlər..Qapi döyulur və papaq atilir.Vaxt keçir amma papaqdan əsər-əlamət yoxdur.Artiq məhəllə uşaqlari papaqlari uçun narahat olublar, papaqlar isə balkondan həyətə çoxdan atilib.Lakin bəzi papaqlardan da 1 manat çixir.Bu 1 manatin dəyəri bir şey olmasa da uşaqlarin sevinci milyonlara dəyər.Bəs muhafizəçi?.İndisə muhafizəçinin bayramini gəlin bir yerdə təbrik edək.Bayramin mubarək əziz binanin muhafizəçiləri!.

    Budurmu bayram?.-Kaş indiki uşaqlar bizim kasib kəndimizə papaq atasi olaydilar.Bu olardi əsl “NOVRUZ bayrami”.
    *****
    Bəli, Zəfər bəy, dəyərlərimiz aşınır və “şəhərləşmə” get-gedə onları yeyib dağıdır. Maraqlıdır ki, bu bir çox illər əvvəldə olduğu kimi, çoxmillətli şəhərdə yox, elə əsasını özümüzünkülər təşkil etdiyi məkan və zamanda baş verir. Allah adət-ənənələri qoruyan hər yerə bərəkət versin!

     

Şərh əlavə et


8 + iki =