LFT: "Xəzər" adı necə yaranıb?

Bundan sonra Lənkəran Futbolunun Tarixindən bəhs edən yazılarımızın hamısında, qısaldılmış şəkildə LFT  kimi qeyd edəcəyik. Qoy oxucular da bu üç hərfi bu ardıcıllıqla gördükdə söhbətin nədən getdiyindən xəbərdar olsunlar və bu ardıcıllıqla yazılmış bu üç hərf futbol tariximizin simvoluna çevrilsin!
Yəqin ki, elə bir cənublu azarkeş tapılmaz ki, “Xəzər” adının necə yaranması haqqında maraqlanmasın və ya düşünməsin.
Elə bizim üçün də maraqlı, həm də araşdırmağa borclu olduğumuz məsələ idi. -Bu gün on minlərlə insan “Xəzər” deyə hayqırdığı ad görəsən necə yaranıb?
Kitabımızın daha dolğun və ən əsas dəqiq məlumatlarla zəngin olması üçün bizə hər bir  köməyi göstərən şərəfli veteranlarımız Əlisahib Heydərov və Vaqif Əliyevə ünvanlandırdığımız bu sualı belə cavablandırdılar:

“-1968-ci ildə start götürəcək yeni formatdakı çempionat başlamaq üzrə idi. İndiki Mərkəzi Univermağın yanında və Şadlıq evinin yerində rayon idman komitəsinin taxta binası yerləşirdi. Oyunçuların bir çoxu ilə ora yığışdıq. Firudin Məmmədov, Rafiq Səmədov, Fərman İsmayılov, Xanağa Məmmədovun iştirakı dəqiqliyi ilə xatirimızdədir. Rayon idman komitəsinin binasında keçrilən yığıncaqda sədr Rüstəm Tağıyev çıxış edib dedi ki, “Məhsul” adı ilə Azərbaycan çempionatında 5-6 rayon komandası çıxış edir. Komandamıza yeni bir ad fikirləşib tapmaq lazımdır. Bu vaxt qapıçımız Rafiq Səmədov ayağa durub dedi ki, Xəzər dənizinin sahilində yaşayırıq, elə komandamızın adı da “Xəzər” olsun. Rüstəm Tağıyev bu adı bəyəndi və komanda üzvləri də qapıçımız Rafiq Səmədovun təklifini razılıqla qəbul etdilər (Hətta Səmədov sonra komandanın emblemini də hazırlayır). Sonda belə fikir də səsləndi: -“Doğurdan da «Xəzər» Lənkəran sözü əzəmətli səslənir .” “

Maraqlıdır ki, komandanın ilk futbol köynəyi ağ rəngdə olur. Sonralar ağ-mavi, ağ -yaşıl, siyah rənglərə də yer verilir.
Zəruri qeyd: Deyilənlərə görə, ”Leninçi” qəzetinin redaktoru olmuş şair,  Şəkər Aslanın da “Məhsul” adının dəyişdirlməsində rolu olub. Belə hadisə həqiqətən də olub, amma redaktor bu işə qarışanda artıq komandanın daxili iclasında yeni ad qoyulubmuş.
Mənbə: “Cənub Bolgəsində Futbolun Inkişaf Tarixi” kitabı.
Kitabın müəllifləri: Sakin Məmmədzadə, Hüseyn Cəbrayıloğlu.