"İşləməkdən qorxmuruq, təki "Xəzər Lənkəran" qayıtsın"

“Cənub futbolu : resurslar,imkanlar və reallıqlar” layihəsinin icrası davam etdirilir. Bu dəfə iki dönəm “Xəzər-Lənkəran”ın baş məşqçisi olmuş və kluba ilk çempionluğunu qazandırmış Ağasəlim Mircavadovla həmsöhbət olmaq qərarına gəldik.
 
– Ağasəlim müəllim, cənub futbolu Azərbaycan futbolu üçün nə deməkdi?
– Cənub futbolu Azərbaycan üçün çox vacibdi. Orada futbola başqa cür yanaşırlar. Hər kəs futbolla yaşayır. Cənubda futbol yeni yaranmayıb. Sovet vaxtında – 70-ci illərdə ikinci liqada “Xəzər Lənkəran” klubu var idi. Ölkənin bir çox tanınmış futbolçuları orada çıxış edib. Oyunlar zamanı orada həmişə anşlaq olurdu. Cənubda futbol təkcə Lənkəranda deyildi, Masallıda da, Cəlilabadda da futbol olub.
 
– “Xəzər Lənkəran”da çalışana qədər cənub futbolu ilə bağlılığınız olub?
– Xeyr, olmayıb. Sadəcə milli komandada çalışanda İrana getməmişdən qabaq ora təlim-məşq toplanışında olmuşuq, yoxlama oyunları da keçirmişik. Başqa heç bir formada bağlılığım olmayıb.
 
– “Xəzər Lənkəran”dan necə təklif aldınız? “Neftçi”dən ora getdiniz…
– Yox, “Neftçi”dən keçməmişəm. “Neftçi” ilə müqaviləm bitmişdi. Klubdan müqavilənin artırılmayacağı mənə bildirilmişdi. 3-4 gün işsiz qaldım. Elə oldu ki, “Xəzər Lənkəran”dan təklif gəldi. Görüşdük, söhbətləşdik, razılaşdıq. Lənkəranda çalışmaq üçün hər cür şərait var idi.
 
– Lənkəranda ilk dönəminizdə işləriniz yaxşı getdi. Hətta komandanın yeganə çempionluğu da sizin adınızla bağlıdı. Sizdən sonrakı məşqçilərə eyni şərait yaradılsa da, çempion ola bilmədilər…
– Məndən sonrakı məşqçilərdə büdcə yaxşı idi. Bizim dönəmimizdə pis deyildi, normal idi. Həmin büdcə ilə çempion olmaq mümkün idi. Klubla çalışmağın ən önəmli məqamı məşqçinin şərtləridi. Klub rəhbərliyi mənə dəstək idi. Həmin rəhbər şəxslər indi də ordadılar. Onlar mənim bütün istəklərimi yerinə yetirdilər, komandaya məşq etmək üçün, toplanışlara getmək üçün, transferlər etmək üçün şərait yaratdılar. Həmin vaxt klubdakı hər kəs – rəhbərlikdən tutmuş sürücüsünə, xidmətçisinə kimi hamı çempion olmaq istəyirdi. Biz də bunun üçün çalışdıq.
– Siz iki dönəm bu klubda çalışdız. Amma ikinci dönəm uğurlu alınmadı…
– Bilirsiz necə idi, mən ora gedəndə bəzi futbolçuların klubla müqaviləsi var idi. Mən onlardan istifadə etməyə məcbur idim. Məşqçilər üçün bu məqam çox önəmlidi. Biz məşqçilərin nəticə qazanması üçünsə, mütləq əlimizin altında istədiyimiz futbolçular olmalı idi. Bu da bir qismətdi, belə olmalı imiş.
 
– Bu layihə ilə bağlı əvvəlki müsahibədə Orxan Sadıqlı bildirdi ki, ilk dəfə sizin dönəminizdə əsas komandaya yüksəlib. Üzücü məqam odur ki, “Xəzər Lənkəran” kimi iddialı klub Azərbaycan futboluna az sayda futbolçu verə bildi.
– Bu fikirlə razı deyiləm. Azərbaycanın ən yaxşı akademiyalarından biri elə “Qəbələ”dədi. Orada əsas komandada klubun neçə yetirməsi oynayır? Bəzən belə şeylər olur. Bunlar qaçılmazdır. Cənubda həmişə futbol və futbolçular olub. Mən orada işə başlayanda akademiyada çalışan məşqçilərin lisenziyaları yox idi. Yaxın şəxslərin köməyi ilə onlar oxudular və “C” kateqoriyasını aldılar. Savad futbol üçün vacib məqamlardandı. Hər bir məşqçinin savadı olmalıdı. İkinci dəfə ora qayıdan həmin məşqçilər orda idi. Sadəcə 2-3-ü əlavə oxumuşdu. Savad olmayan yerdə iş görmək çətin idi.
Cənub bölgəsi futbolu sevirdi. Orada potensial var idi. Bunun üçün səbrlə iş görmək lazım idi. Mən çalışdım ki, akademiyanı böyüdüm. Uşaqların qalması, məşq etməsi üçün yerləri artırım. Amma bəzi problemlər vardı ki, buna imkan vermirdi.
 
– Cənub zonasında təkcə “Xəzər Lənkəran” olmayıb. Masallıda, digər bölgələrdə klublar olub. Amma indi heç birinci divizionda da bu klublar yoxdu. Bu problemləri necə həll etmək lazımdı?
– İlk öncə maliyyə olmalıdı. Maliyyə ilə bağlı problem olmasa, qalan hər şey düzələr. Hər bölgənin bir klubu olar. Mən inanıram ki, cənubda futbol yenidən dirçələcək, hər şey əvvəlki kimi olacaq.
– “Xəzər Lənkəran”ın fəaliyyətini bərpa edəcəyi barədə xəbərlər yayılıb…
– Mən də oxumuşam. Ya qismət!
 
– Təklif olsa, üçüncü dəfə bu kluba qayıdarsız?
– Bilirsiz, biz həmişə işləməyə hazır olan adamlarıq. İşləməkdən qorxmuruq. Təki “Xəzər Lənkəran” qayıtsın. Kömək lazım olsa, heç vaxt çəkinmərəm. Bu sadəcə söhbətdi, real bir şey olsa, bu barədə ətraflı danışmaq olardı.
“Xəzər Lənkəran”ın qayıtması təkcə cənub futbolu üçün yox, ölkə üçün vacibdi. Bilirsiz ki, ölkə futbolunun əsas hədəfi 2020-ci ildə keçiriləcək Avropa Çempionatının final mərhələsinə vəsiqə qazanmaqdı. Məqsədimizə çatmaq üçün daha çox klubun olması, daha çox futbolçunun yetişməsi lazımdı. Bütün bunlar hamısı bir-birinə zəncirvari bağlıdı.
 
Heybət Məmmədov
Mənbə: “Sportarena.az”