Buradasınız Əsas » Rəylər » Hüseyn Cəbrayıloğlu Dənizlinin ikinci Pifaqor olacağını düşünür
  • Bookmark and Share

Hüseyn Cəbrayıloğlu Dənizlinin ikinci Pifaqor olacağını düşünür 

Huseyn-C.

«O vaxt Redniki daşlayanlar, «onun kimi Avropada bir vaqon məşqçi var» deyənlər, indi Redniksevər olub, onun təbliğatı ilə məşğuldular»

Onunla ad günündə – 38 yaşının tamamında görüşdük. «Xəzər Lənkəran»ın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu ilə nədən danışmadıq ki… Özümü və müsahibimi tərifləmək istəmirəm, amma xəbərdalıq edirəm, oxumasaz, çox şey itirəcəksiz.

«Bu postda olduğum müddətdə dostumu məktubsuz qoyacam»

– Salam.

– Salam.

– Necəsiz?

– Bir az yorğunluq var…

– Bu gün işiniz cox olub deyəsən…

– Məni yoran telefon zəngləridi.

– Müsahibəyə hazırsızmı?

– Əlbəttə, amma bəri başdan deyim, istədiyinizi məndən ala bilməyəcəksiz.

– (gülümsəyirəm) Jurnalist Hüseyn Cəbrayıloğlunun bugünkü mövqeyi özünü qane edirmi?

– Mövqe olaraq bəlkə də kənardan fərqli görünür. Amma mən jurnalist olanda da elə tənqid etmişəm ki, tənqidim Lənkəran rəhbərliyi səviyyəsində qəbul olunub. Yazdığım problemlərin yarıdan çoxu həll edilib. Amma əlbəttə ki, hazırda klub rəsmisi olduğum üçün istənilən halda klubun mövqeyi baxımından çıxış etməyə məcburam. Yəni şəxsi fikrimi yox, klubun mövqeyini ifadə edirəm. Eyni zamanda mövqeyimi də qorumağa çalışıram.

– Söz adamı olmaq asandı, mövqe adamı?

– Söz adamı olmaq daha asandı. İndi özümü müəyyən çərçivədə hiss edirəm. Lənkəran futbol şəhəri baxımından başqa bir aləmdi. Jurnalist olduğum zamandan diqqət mərkəzində olmuşam. İndi dostlarımla çay içəndə, hansısa məclisdə olanda oturuşuma, danışığıma fikir verməyə məcburam. İnsanların mənim haqqımda fərqli düşünməsini heç istəməmişəm, bundan qorunmuşam.

– Hüseyn Cəbrayıloğlu nə vaxtsa «dost»una məktub yazacaqmı?

– «Dostuma məktub»un bu qədər seviləcəyini gözləmirdim. Üstəlik, nəzərə alın ki, ortada Etibar Cəbrayıloğlunun çəki baxımından ölçüyəgəlməz ağırlıqda «Yasamaldan məktublar»ından sonra bu səpgidə nəsə yazmaq çox məsuliyyətli idi. Düşündüm, özümə inandım və yazdım. Məncə, bu postda olduğum müddətdə «dost»umu məktubsuz qoyacam. Gələcəkdə ola bilər…

– Etibar Cəbrayıloğlundan söhbət düşmüşkən, qardaşınız jurnalistlikdən bu posta keçidinizə necə münasibət bildirdi? Aranızda mübahisələriniz olubmu?

– Etibar bəy müasir Azərbaycan mətbuatının Mirzə Cəlilidi. Onun şirinliyində köşə yazan ikinci yazar tanımıram. Onun qardaşı olmaq da ikinci məsuliyyətdi. Aramızda mübahisələrimiz olmayıb. Biz demokratik ailədə böyümüşük. Buna görə də böyük qardaşla kiçik qardaşın mövqeyi üst-üstə düşməyə bilər (gülür). Mənə bu vəzifə təklif olunanda birinci onunla məsləhətləşdim. Etibar bəy “Xəzər-Lənkəran”ı dəlicəsinə sevən ziyalıdı. Düşündü ki, bu postda kluba xeyir verə bilərəm və kömək üçün razılıq verməliyəm. Onun və digər ziyalı azarkeşlərimizin, dostlarımın razılığını alıb getdim. Etibar bəy mənə inanır və bilir ki, heç vaxt onun, ailəmizin adına yaraşmayan addım atmaram.

«…Bu yazını gündə beş dəfə oxuyur, hər dəfə də gözümün yaşını saxlaya bilmirəm»

– Deyirlər yarımçıq məşqçilik gödək yorğan kimidi. Başına çəkirsən, ayağın açıq qalır, ayağına çəkirsən başın. Bu mənada Con Toşakı yarımçıq məşqçi hesab etmək olar?

– Offf, sən nə gözəl suallar verirsən. Sənə afərin! Con Toşak “Xəzər Lənkəran»ı birinci diviziona düşürsəydi belə, onun haqqında fikrim dəyişməzdi. Toşakın ölkəmizə gəlməsi mənə görə «Real»ın formasında «Odlar yurdu Azərbaycan» reklamının yazılmasından da üstündü. Amma məşqçilikdə belə hallar olur. Conda alınmadı və insafən də özünün səhvləri çox oldu. O, bizim futbolçulara «Real»ın futbolçularına baxırmış kimi baxdı və sonda anladı ki, səhv düşünüb. Üstəlik, klub rəhbərliyi ona yaratdığı şəraiti heç bir çalışdırıcıya yaratmamışdı. Yarımçıq məsələsinə gəlincə, Naxçıvanda superkuboku qazanıb gəldikdən dörd gün sonra “Qarabağ”la oyunda uduzduqda, stadiondan gələn «istefa» səslərini eşitdikdə, anladım ki, lənkəranlı azarkeşlər sadəcə Toşakı sevmir və sevmək istəmir. Başqa səbəblər də var idi ki, bunlar birbaşa Toşakın səhvləri idi. Bunları vaxtı gələndə deyəcəm.

– Azarkeşlərin Rednik sevgisi hələ də qalır?

– Rednik gedəndə mən bir yazı yazmışdım – «Rednik niyə getdi?». Ramiz adlı dostum həmişə mənə deyirdi ki, Qarabağda döyüşçü dostlarımı itirəndə nə qədər ağlamaq istəsəm də, ağlaya bilməmişdim, amma sənin bu yazını gündə beş dəfə oxuyur, hər dəfə də gözümün yaşını saxlaya bilmirəm. O yazıda da qeyd etmişdim ki, bundan sonra adına, karyerasına görə Lənkərana kim gəlsə belə, bu camiənin Rednik sevgisi qarşısında əziləcək. Belə də oldu. Bir şeyi də qeyd edim, o vaxt Redniki daşlayanlar, «onun kimi Avropada bir vaqon məşqçi var» deyənlər, indi Redniksevər olub, onun təbliğatı ilə məşğuldular. Amma o zaman mətbuatın Rednik qiyamı da onun istefasının səbəblərindən biri idi.

– «Xəzər Lənkəran» həmişə diqqətimi həm də onunla çəkib ki, bəzi məşqçilər bu komandaya ikinci dəfə qayıdıblar. Burda azarkeş amilinin rolu da danılmazdı…

– Bu yaxınlarda vitse-prezidentimiz Tuyqun Nadirov Naxçıvan zəfərindən sonra belə bir ifadə işlətdi ki, “Xəzər Lənkəran” ölkə futbolunun lokomotividi. Bəziləri bu sözə rişxənd etsə də, bu, onların sadəcə bu ifadəyə yox, onu Nadirovun deməsinə yanaşması idi. Əslində, bəli, “Xəzər-Lənkəran” ölkə futbolunun lokomotividi və siz dediyiniz kimi, hər kəs bu lokomotivdə maşinist  olmaq istəyir. Hansı klubda bu qədər azarkeş var, hansı şəhərdə futbola bu qədər maraq var? Səmimi olaq, “Xəzər Lənkəran” ölkə futbolunda olmasa, çempionat nəyə bənzəyər?

«Hər oyundan sonra rəhbərliyin çəkdiyi iztirabı görəndə dəhşətə gəlirəm ki…»

– Bəs “Xəzər Lənkəran”da nə çatmır? Təkcə bacarıqlı məşqçimi?

– Belə desəm, ədalətsizlik etmiş olaram. Əlbəttə ki, son uğursuzluğa görə rəhbərlik də məsuliyyət daşıyır. Mən bu günə qədər bu komandada baş verənləri yazılarımla ortaya qoymuşam. Kluba da Toşakın dövründə gəlmişəm. Çox sevinirdim ki, rəhbərlik Toşakın işinə qarışmır, bütün səlahiyyəti ona verib. Belə olduğu üçün də uğuru daha çox istəyirdim. Amma heyf ki, alınmadı. Rəhbərliyin günahı idarəetmədə ola bilər, amma bu qədər pulu xərcləyən rəhbərlik istəməz ki, uğursuzluq olsun. Bu klub başlı-başına deyil ki, bu qədər pulu xərclədiyi halda, kiməsə hesabat verməsin. Hər oyundan sonra rəhbərliyin çəkdiyi iztirabı görəndə dəhşətə gəlirəm ki, niyə bizdə alınmasın. Bizdə həm də azarkeş tələbi var.

– Nədənsə, Toşakın gedişindən sonra ilk yadıma düşən başını “Qarabağ”da isladıb, cənubda qırxdıran Rasim Kara oldu. Biz nicat yolunu türkiyəli məşqçilərdə görürük. Sizcə, Mustafa Dənizli komandaya nəsə verə biləcək?

– Toşak mentalitet olaraq bizə çox yad idi. Bu, sadəcə onun təbiətindən irəli gələn bir şey idi. Məşqçi olub, “Xəzər-Lənkəran”da on nəfər onun adını cağıranda yüz metr qaçaraq onlara əl eləyib. Amma Toşak 90 minlik stadion görmüş adam idi. Onu belə şeylərlə təəccübləndirmək olmazdı. O, düşünürdü ki, futbolçu peşəkardı və beş gün istirahət versəm də, rejimi qoruyacaq. Amma o düşünmürdü ki, bizim futbolçular «Real»ın futbolçularının düşüncəsində deyillər. Mustafa Dənizliyə isə belə ab-hava yad deyil. O, türk futbolunun qazonu ot üzünə həsrət olan dönəmdən məşqçidi və bizim futbolumuz, mentalitetimiz ona yad deyil. Məncə, Dənizlini azarkeşlər də sevəcək və o, komandaya xeyir verəcək.

«O gecə gözlərimi tavana zilləyib, səhəri dirigözlü açmışam»

– Ümid edək ki, belə olacaq. Bir zamanlar “Xəzər Lənkəran”da çalışmış Cüneyt Biçər də Toşakı yekəxanalıqda qınayıb…

– Toşakı mən də yekəxana kimi təsəvvür edirdim. Amma belə deyildi, sadə, zadəgan biri idi. Türkiyənin 3-4-cü liqasında top qovan Biçər «Xəzər Lənkəran»a baş məşqçi keçən kimi daha yekəxana görünürdü.

– Rednik Adrian Pitin qurbanı oldu, bəs Toşak?

– Kimsə mənim Rednikə olan sevgimi azalda bilməz. Rednik komanda daxilində futbolçu qruplaşmasının qurbanı oldu. Amma onun özünün də xarakterində problemlər vardı. Bizdən sonra beş klub dəyişib. O vaxt da yazmışdım – o, bir gün qayıdacaq! Toşak öz səhvlərinin qurbanı oldu və ona heç kim «torba tikmədi».

– «Makkabi»yə 0:8 hesablı məğlubiyyət də Toşakın getməsinə «kömək» etdimi?

– O oyunu heç xatırlamaq istəmirəm. O gecə gözlərimi tavana zilləyib, səhəri dirigözlü açmışam. Mətbuat konfransından çıxanda istefa verməyi belə düşündüm. Amma 10 dəqiqə sonra klub prezidentinin vəziyyətini görəndə düşündüm ki, çıxıb getmək yox, bu vəziyyətdən toparlanıb çıxmaq lazımdı. Hamı həddən artıq pərişan və əsəbi idi. Açığı, onda komandanın fiziki hazırlığı yetərli deyildi. Rəhbərlik Covanni Melkiorreni komandaya dəvət etdi. Toşak israrla köməkçi-məşqçi istəmirdi. Onun işini görəndən sonra isə deyirdi ki, gərək onu bir az tez gətirəydik. «Makkabi»ylə oyundan öncə “Fənərbaxça” ilə qarşılaşma komandanın gücünü aldı. Klub rəsmisi kimi etiraf etmək istəməsəm də, daxilimdəki Hüseyn bunu diqtə edir.

«Güloğlan Cabbarovla Naxçıvanda tanış oldum, xeyli söhbətləşdik»

– Bir məşhur nağıl var e, iki dost meşəyə gedir, qarşılarına ayı çıxır. Dostlardan biri tez ağaca çıxır, o biri dost özünü ölülüyə vurur. Ayı da onu ölmüş bilir, gedir. Ağacdakı dost o birindən ayının ona nə dediyini soruşur… Bu məntiqlə yanaşsaq, kubokun finalında Toşak Saşa Stamenkoviçin qulağına nə deyirdi?

– Stamenkoviç o gün hər bir tərzdə meymunluq etdi. Toşakda çılğınlıq var, bəziləri deyir, gərək Toşak getməyəydi. Qardaşım, Toşak gedib Mahir Şükürov kimi şıllaq atmadı və ya yumruq atmadı ki, sadəcə etirazını bildirdi. Bu kimə əsas verir ki, ölkənin gözü qarşısında belə biabırçılıq olsun? Toşak nə deyib bilmirəm, amma Stamenkoviç onun səviyyəsində adam deyildi ki, onu anlayaydı. Həmin hadisələrin mərkəzində olan Güloğlan Cabbarovla Naxçıvanda tanış oldum, xeyli söhbətləşdik. O, Lənkəran camiəsindən üzr istəməyə hazır olduğunu bildirdi. Buna sevindim və düşünürəm ki, məndə səmimi insan obrazı yaratmış Cabbarov bunu etsə, düzgün addım atmış olar.

– Hüseyn bəy, hakim qərəzi, hakimlik haqda nə deyə bilərsiz?

– Hakim qərəzinə çox tuş gəlmişik. Bir həqiqəti desəm, yəqin ki, “Neftçi” rəhbərliyi məndən inciməz. Sanki ölkə futbolunda belə adət və ənənə var: «Neftçi»nin futbolçusuna kimsə qirmızı vərəqə verə bilməz, Flavinyoya toxunan xalq düşmənidi. Son zamanlar «Neftçi»nin oyunçularına qırmızı vərəqə verirlər deyə, bütün «Neftçi» rəhbərliyi ayaq üstdədi. Çünki belə şeyə adət etməyiblər. İndi görün “Xəzər-Lənkəran” bu vaxta qədər nə çəkib (gülür).

– Vaqif Sadıqov hər oyunda hesablanmış sarı vərəqələrdən danışıb…

– Ölkə futbolunun Elçin Məmmədovdan canı qurtardı. Hər oyuna 8 sarı vərəqə verirdi və belə çıxırdı ki, sarı vərəqələrdən sonra ona ya faiz, ya da medal verirlər. Sarı isə ümumiyyətlə gözəl rəngdi.

«Getdikcə idman mətbuatının hansı rəngdə olduğunu da müəyyənləşdirə bilməyəcəyik»

– İdman mətbuatı sizcə, hansı rəngdədi?

– Çox bərbad gündədi. Gənclərin yazısı, hadisələrə yanaşması, danışıq tərzi  elə səviyyədədi ki, getdikcə idman mətbuatının hansı rəngdə olduğunu da müəyyənləşdirə bilməyəcəyik. Çünki gənclərin məktəb keçməyə imkanları olmadığı üçün çayxanalara üz tutur, yazılarından da çayxana iyi gəlir, çayxanalara xas jarqon ifadələr işlədirlər. Bir-iki fakt deyim… Tutaq ki, “Xəzər Lənkəran” bu gün Bakıda oyuna çıxacaq, jurnalist zəng vurub soruşur ki, Hüseyn bəy, komanda Lənkərandadı, ya Bakıda? Yazılara diqqət verirəm, hamı hadisənin görünən və asan tərəfini yazır. Son zamanlar Rüstəm Əfsərlinin yazılarına heyran qalıram, mükəmməldi!

– Cənub futbolunun tarixiylə bağlı kitabın müəllifisiz. Bu kitab haqqında nə deyə bilərsiz?

– O kitabın yazılması mənim üçün qürur və vətəndaş olaraq vicdan rahatlığı idi. Sakin Məmmədzadənin təşəbbüsünü həyata keçirəndə çox qorxurdum ki, alınmaz, amma bacardım. Mən qapı-qapı gəzib Lənkəran futbolunun 40-cı illərinin yeganə sağ qalan üzvünü – Camal Kələntərlini tapdım, onun qızıl qədər dəyərli xatirələrini qələmə aldım. İndi o, həyatda yoxdu. Amma o kitab cənub futbolunun tarixinə bir töhfədi. Bu, vaxtında atılmış addım idi və cənub futbolu haqqında ilkin təsəvvür yaratmağı bacardıq.

– Devid Bekhem «Mənim komandam» adlı kitab yazıb. Bizim futbolçulardan da kimsə kitab yaza bilər?

– Bizdə dərsə getməyən, oxumayan uşağı ya futbola, ya da maşın ustası olmağa göndərirlər. Ona görə də dindirməyə savadlı usta, futbolçu tapmırıq. Məncə, bu, gələcəkdə öz həllini tapacaq. İndi düşüncə tərzi daha yaxşı inkişaf edir.

«Oyun vaxtı çəkdiyim siqaretlərin sayını da itirirəm»

– İspan futbolçular deyir ki, əmək çəkməklə oynamaq həmqafiyədi, bizimkilər deyir ki, bütün vəznlərdə yaza bilirik…

– Hardasa…

– Bəkə də şablon sualdı, futbol sizin üçün nədi?

– Şablon deyil, futbol mənim nəfəsim, həyat tərzimdi. Kimsə deyəndə ki, futbola baxmıram, mənə qəribə gəlir. Elə bilirəm, onların nə ürəyi, nə də başqa daxili orqanları var. Sadəcə quru bir varlıqlardı.

– Məncə, futbolu sevənlər bir az da romantikdi…

– Sevinirəm ki, övladlarım da mənim uşaqlığımı yaşayır və futbolu sevirlər. Demək, ürəkləri böyük olacaq (gülür).

– Hüseyn bəy üçün futbol ağıllı qadındı, ya gözəl qadın?

– Gözəl qadındı, qələbə qazananda, sevinəndə o qadına əlin çatır, qələbə olmayanda bütün gözəl qadınlara həsrətlə baxdığın kimi baxıb gedirsən.

– Yaşınızın üstünə yaş gəldikcə nə kimi hisslər keçirirsiz?

– Hər ad günümdə çox kövrək oluram və daha çox qocalıram stressdən. Çox kövrək biriyəm. Yolda ayaqqabısı yırtıq bir kişi görsəm, ona atam gözüylə baxıram. Kluba gələndən həyəcanım da çoxalıb. Əvvəllər siqareti nadir hallarda çəkirdim, indi oyun vaxtı çəkdiyim siqaretlərin sayını da itirirəm. Çünki azarkeşlərimizin, klubumuzun sevinməsini çox istəyirəm.

– Sizə Alen Karrın «Siqareti tərgitməyin qaydaları» kitabını hədiyyə edəcəm, bəlkə tərgitdiz.

– Sağ olun, amma inanmıram tərgidim.

– Bir yaxşı söz var: deyir siqaret çəkənlərə hörmət etmək lazımdı, çünki onlar bizdən az yaşayacaq…

– Gülməli, amma təsəlli verəcək fikirdi.

– Təsəlliylə heç aram yoxdu. Salam Sarvanın bu misralarını oxumusuz yəqin: Gəl, sənə təsəlli verim, darıxma, düzəlməyəcək.

– Gənc yazarlardan Tərlan Əbilovu daha çox oxuyuram.

– Bəlkə bir misra deyəsiz…

– Qapın da yox döyüləsi, özün çağır. Özün çıx de, de, gələn var, ay ev yiyəsi!

«Məni «Everton»un çalışdırıcısı Roberto Martinesə bənzədirdi»

– Ela! Ay yaşın üstünə yaş qoyan illər, hara qaçırsınız məndən xəbərsiz? İllər Hüseyn Cəbrayıloğlundan nələri ala bildi?

– İllərin nələri aldığı haqda düşünmürəm. Çünki çox gözəl ailəm, vətənini sevən, təhsilinə diqqət yetirən övladlarım var. Nəhayət, 38 ildən sonra kirayələrdən qurtulub, şəxsi ev ala bildim. Yeri gəlmişkən, qardaşım Etibar da bu sevinci yaşadı. Bizim üçün əqidə, vicdan həmişə önəmli olub, ona görə kirayələrdə çox qalmağa məcbur olmuşuq. Gənclik illərimin çoxu Murovda kecib. Gənclik nədi, bilmədim.

– Hüseyn bəy, Toşak sizi Roberto deyə çağırırdı…

– Gəldiyi ilk gündən məni belə adlandırırdı. Məni «Everton»un çalışdırıcısı Roberto Martinesə bənzədirdi. Komandada zarafatı ən çox mənimlə edirdi. Getdiyinə üzülsəm də, amma düz elədi. Ömrü boyu bu, yaddaşımda qalacaq. İndi komandada legionerlər də məni belə çağırır.

– Hərəmizin ayağında bir top, qapıya vurmağa çalışırıq. Tora düşəni də olur, düşməyəni də. Hərdən hakim penalti nöqtəsini göstərir – bax, bu şansdı. Həyatda hansı şanslarınız olub?

– Ailədə irsi olaraq hamımızın jurnalistlik qabiliyyətimiz olub. Jurnalist olmaq istəmişəm və buna da nail olmuşam. Yəqin ki, bu elə ən böyük şansımdı. Hə, bir də ailə həyatı…

– Demək, arzularınızın qadını elə uşaqlarınızın anasıdı…

– Orta məktəbdə bir yerdə oxumuşuq. Və 10 ildən sonra «hə» cavabı almışam. Arzularıma çatmaq üçün mübarizə aparmağı sevirəm.

– Hüseyn bəy, sonuncu sualım riyaziyyatdan olacaq. Sizcə, «Xəzər-Lənkəran»a Pifaqor teoremini tətbiq etmək olarmı və belədə cavab necə olar?

– Planimetriyada düzbucaqlı üçbucaqda tərəflər arasındakı münasibətləri nəzərə alsaq, ortada həmin üçbucağın arasındakı tərəflərin birləşib zirvəyə dırmanmasına maneələr olduğunu görərik. Demək ikinci bir Pifaqor lazımdı ki, teoremin tamamlanmasına da yardımçı olsun. Bu, bəlkə də Mustafa Dənizlidi.

– Yaxşı cavabdı. Hüseyn bəy, səmimi müsahibə üçün təşəkkür edirəm.

– Siz sağ olun, açığı, suallarınıza heyran qaldım. Çox sevinirəm ki, indiyə qədər müsahibə alanlardan qaçmışam. Seçimimdə yanılmadım.

MƏNBƏ: “Komanda” qəzeti

3 Şərh yazıya: Hüseyn Cəbrayıloğlu Dənizlinin ikinci Pifaqor olacağını düşünür

  1. van persi

    ela yazi

     
  2. van persi

    gelin idmanxeber.com saytinda xezerin fan klublarina ses verek

     
  3. Qabil

    Axşamınız xeyir, Mirhafiz müəllim! Olduqca geniş, səmimi, verilən sualları peşəkarlıqla cavablandirilan müsahibədir. Hüseynin geniş müsahibəsində həm səmimiyyətinə, həm də etiraflarına görə mən yenidən illər öncəki əsl Hüseyn Cəbrayıloğlunu gğrdüm. Hüseyni həmişə belə görmək istəyirəm.
    *****
    Sizin də axşamınız xeyir Qabil bəy! Biz də Hüseyn bəyin səmimiyyətini dəyərləndiririk.

     

Şərh əlavə et


9 + = on